Sabirabad abad olur
Dünyada iqtisadi böhranın
ciddi xarakter aldığı bir zamanda Azərbaycanda
genişmiqyaslı layihələrin həyata keçirilməsi
uğurla davam edir. İndi ölkəmizin regional tarazlıq
inkişafı keyfiyyətcə yeni mərhələyə qədəm
qoyur. Sosial-iqtisadi inkişafı davam etdirmək, infrastruktur və
kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
davamlı yüksəlişinə nail olmaq üçün
dövlət başçısı bu il aprelin 14-də
imzaladığı fərmanla "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nı təsdiq
etmişdir. Ölkənin növbəti 5 ildə sosial-iqtisadi
tərəqqisinin sürətləndirilməsini təmin edəcək
bu mühüm dövlət sənədi əvvəlki analoji
proqramdan daha əhatəli, daha məzmunludur.
Proqramda Sabirabad rayonunda da sənaye və kənd təsərrüfatı istehsalının genişləndirilməsi, yolların təmiri, elektrik enerjisi, istilik, qaz, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması, suvarma-drenaj şəbəkələrinin bərpası, səhiyyə, mədəniyyət, idman və təhsil müəssisələrinin inşası öz əksini tapmışdır.
Yeri gəlmişkən qeyd edək ki, Sabirabadın yerli büdcəsinin gəlir və xərcləri ilbəil artır. Əgər 2008-ci ildə rayon üzrə gəlirlər və xərclər smetası 16 milyon 412 min manat olmuşdursa, bu il həmin rəqəm 22 milyon 751 min manata qədər yüksəlmişdir. Bu, ötən ildəkindən 6 milyon 339 min manat və ya 38,6 faiz çoxdur. Artım ilk növbədə əhalinin aztəminatlı hissəsinin-pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının və bu qismdən olan digər təbəqələrin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəldilir. Ümumiyyətlə, mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, pensiya sisteminin beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə uyğunlaşdırılması əhalidə razılıq doğurur. Məlumat üçün bildirək ki, hazırda Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin qeydiyyatında olan pensiyaçıların sayı 19,7 min nəfərdən çoxdur. Təkcə ötən il onlara 21 milyon 392 min manat pensiya və müavinət verilmişdir. Yoxsulluğun aradan qaldırılması, aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən vacib tədbirlərdən biri də ünvanlı sosial yardımlardır. Cari ilin birinci rübündə 249 ailəyə (1090 nəfərə) ünvanlı sosial yardım təyin edilmişdir. Həmin dövr ərzində onlara 601 min manat məbləğində vəsait verilmişdir.
Sahibkarlığın inkişafı üçün mövcud münbit şərait sabirabadlı iş adamlarına fəaliyyətlərini daha da genişləndirməyə zəmin yaradır. Özəl sektorda istehsal sahələri genişlənir. Yeni müəssisələrin yaradılması məhsul istehsalı ilə yanaşı, əlavə iş yerlərinin açılmasına imkan verir. Cari ildə rayonda sənaye, tikinti, kənd təsərrüfatı və digər sahələrdə 20 müəssisə yaradılmış, 189 yeni iş yeri açılmışdır ki, bunun da 144-ü daimidir.
Ötən il olduğu kimi, cari ildə də kənd yerlərində yeni poçt binalarının tikintisi aparılacaq. Artıq Həsənalı, Narlıq, Nizami, Şəhriyar kəndlərində yeni poçt binalarının tikintisi üçün torpaq sahələri ayrılmış və yaxın günlərdə tikinti işlərinə başlanılacaq. Rayon Poçtamtının inzibati binasında isə əsaslı təmir işlərinə başlanılmışdır. Bu il poçt şöbələrində kiçik bank-maliyyə xidmətlərinin göstərilməsi də nəzərdə tutulur.
Əhalinin elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq üçünsə rayon mərkəzində, habelə Suqovuşan, Qalaqayın və Balakənd kəndlərində köhnə elektrik dirəkləri dəyişdirilir, kabelləşmə işləri aparılır. Eyni zamanda, köhnə sayğaclar "smart" tipli kart sayğacları ilə əvəz olunur.
Təbii qazla təchizata gəldikdə isə qeyd edək ki, artıq qaz abonentlərinin sayı 4485-ə çatmışdır. Bununla belə, şəhərin qazsız küçələrinə yeni xətlərin çəkilişi davam edir.
2009-2013-cü illər üçün təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Sabirabad şəhərinin su təchizatının və kanalizasiya sisteminin yenidənqurulması öz əksini tapmışdır. Söz düşmüşkən, indiyəcən rayonun 12 kəndində modul tipli sudurulducu qurğu quraşdırılmışdır. Hazırda Cavad, Türkədi və Narlıqda da belə qurğuların tikintisi aparılır. Gələcəkdə daha 23 kəndin əhalisi bu cür qurğulardan istifadə etmək imkanı qazanacaq.
Prezidentin "Azərbaycan Respublikası regionlarının, o cümlədən Əli Bayramlı şəhəri, Hacıqabul, Kürdəmir, Saatlı, Sabirabad, Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" 14 oktyabr 2005-ci il tarixli sərəncamında Araz çayı üzərində tikintisi yarımçıq qalmış asma körpünün tikintisinin başa çatdırılması öz əksini tapmışdır. Bu sərəncamdan sonra körpünün tikintisi bərpa edilmiş və yaxın zamanlarda onun istifadəyə verilməsi gözlənilir. Eyni zamanda, rayon mərkəzindən həmin körpüyə avtomobil yolunun çəkilməsi nəzərdə tutulmuşdur. Bu da Araz çayının sol sahilində yaşayan kənd əhalisinin rayon mərkəzinə gediş-gəlişini xeyli asanlaşdıracaq. Ümumiyyətlə, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində uğurlar çoxdur. Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabad rayonundan keçən hissəsində, Sabirabad-Həşimxanlı-Şirvan avtomobil yolunda təmir işləri görülmüşdür. Cari ildə isə Şirvan-Qaratəpə-Sabirabad magistral yolunda əsaslı təmir işlərinin aparılması nəzərdə tutulur. Üstəlik, kəndlərarası yollarda çınqıl döşənməklə təmir işləri aparılır.
Rayonun təhsil sisteminin maddi-texniki bazası da ildən-ilə möhkəmlənir. Təhsil şöbəsi üçün inşa edilən yeni inzibati bina müasir tələblərə cavab verir. Bala Həşimxanlı kəndində 480 şagirdlik orta məktəb binasının tikintisi davam etdirilir və yeni tədris ilində şagirdlər bu möhtəşəm binada təhsillərini davam etdirəcəklər. Digər məktəblərdə isə əsaslı və cari təmir işləri aparılır.
Bunlardan əlavə, rayon mərkəzindəki "Muğan" istirahət parkında yenidənqurma işlərinə başlanılmış və park yaxın zamanda istifadəyə veriləcək. Parkda 2 yeni fəvvarə, müasir işıqlandırma sistemləri quraşdırılır və yaşıllıq zolaqları salınır. Heydər Əliyev adına Mədəniyyət Sarayında aparılan əsaslı təmir işləri də tezliklə başa çatdırılacaq.
Əlil və şəhid ailələri həmişə dövlətin diqqət mərkəzindədir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə şəhərdə 24 və 16 mənzilli yaşayış binaları tikilmişdir. 16 mənzilli daha bir yaşayış binası isə mayın 7-də istifadəyə verilmişdir.
Rayon
iqtisadiyyatının əsasını kənd təsərrüfatı
təşkil edir. Dövlət tərəfindən kəndlilərə
edilən güzəştlər taxıl əkininə
marağı artırmışdır. Bunun nəticəsidir
ki, 2009-cu ilin məhsulu üçün 30 min 930 hektar sahədə
taxıl səpini aparılmışdır. Bunun 23 min 786
hektarı buğda, 7 min 144 hektarı arpadır. Əkinçilərin
gübrə və pestisidlərə olan tələbatını
ödəmək məqsədilə rayonun Qaratəpə kəndində
2,4 hektar sahədə tutumu 12 min ton olan 2 anbarın tikintisi
aparılır. Burada
qonşu rayonlara da xidmət göstəriləcək.
Kənd təsərrüfatı
məhsullarının istehsalında torpaqların suvarma suyu ilə
təminatı mühüm əhəmiyyət kəsb edir.
Rayonda bu sahədə olan problemlərin həlli istiqamətində
zəruri tədbirlər görülür. Qaratəpə kəndində
Dünya Bankının vəsaiti hesabına 857 min manat dəyərində
"Suvarma-paylayıcı sisteminin və onun idarə
olunmasının təkmilləşdirilməsi layihəsi"
həyata keçirilmişdir. Hazırda belə layihələr
rayonun Cavad, Qaragüney, Nizami ərazi vahidliklərində də
reallaşdırılır. Layihələrin ümumi dəyəri
3 milyon manatdan çoxdur.
Lazım Quliyev
Azərbaycan.-2009.-9 iyun.-S.6.