Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatmaq imkanları tükənib

 

Biz istəyirik ki, bölgədə bütün ölkələr bir-biri ilə yaxşı əlaqədə olsunlar. Ancaq bunu etmək üçün başlıca şərt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Hesab edirəm ki, bunu artıq hamı bilməlidir və hamı, bütün dünya birliyi bu məsələnin həllinə çalışmalıdır. Bu, yeganə məsələdir ki, biz son beş il ərzində bunu həll edə bilməmişik. Bunun da səbəbi aydındır, çünki bu, təkcə bizdən asılı deyil. Eyni zamanda, ona görə ki, biz hələ sülh danışıqlarına ümidliyik, biz hələ bütün imkanlardan istifadə etmək istəyirik. Bizdə hələ ümidlər var ki, nəhayət, Ermənistan reallıqları, düşdüyü vəziyyəti dəqiq təhlil edərək düzgün nəticə çıxaracaqdır.

 

İlham Əliyev

 

Bütövlükdə Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyi, həyata keçirilən qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrini ciddi şəkildə təhdid edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqın milli mənafeyinə uyğun həlli 2009-cı ildə rəsmi Bakının xarici siyasətində prioritet məsələ olaraq qalır. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl diplomatik səyləri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda rəsmi Bakının siyasi-hüquqi və psixoloji üstünlüyünü təmin etməklə yanaşı, təbliğati baxımdan da son dərəcə əhəmiyyətli sayıla bilər.

Bu il münaqişənin həlli prosesində müəyyən canlanma müşahidə olunur. Münaqişə tərəfləri arasında aparılan birbaşa təmasların intensivləşməsi - həmsədrlərin iştirakı ilə istər xarici işlər nazirləri, istərsə də prezidentlər səviyyəsində keçirilən görüşlər nəticədən asılı olmayaraq prosesin "ölü nöqtə"dən çıxdığını deməyə ciddi əsas verir. Ötən ilin avqustunda Cənubi Qafqazda Rusiya-Gürcüstan hərbi qarşıdurması zəminində yaranmış böhranlı vəziyyətdən sonra dünya siyasətinə əsaslı təsir imkanları olan aparıcı dövlətlərin regionda dayanıqlı sabitliyi, sülh və təhlükəsizliyi təmin etmək cəhdləri əhəmiyyətli dərəcədə intensivləşib. Həmin lokal hərbi münaqişə fonunda bütün güc mərkəzlərinin mənafeyi ciddi təhdid altına düşdüyündən, bölgədə təhlükəsizliyə və sülhə potensial təhlükə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səylər əhəmiyyətli dərəcədə artıb.

Sankt-Peterburqda Azərbaycan və Ermənistanın dövlət başçılarının Rusiya Federasiyası Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilən növbəti görüşü danışıqlar prosesində pozitiv dönüşün yarandığını bir daha təsdiqləyir. Siyasi analitiklər bunu rəsmi Moskvanın münaqişənin həlli üçün səmimi siyasi iradə nümayiş etdirməsi kimi dəyərləndirir, Rusiyanın bölgədə nüfuzunu bərpa etməyə çalışdığını xüsusi qeyd edirlər. Hesab olunur ki, rəsmi Moskva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas təşəbbüsü öz üzərinə götürməklə regiona nüfuz imkanlarını qoruyub saxlamağa, reabilitasiya olunmağa çalışır. Yaranmış vəziyyətdə Rusiyanın "for-postu" olan Ermənistan da danışıqlar prosesindəki qeyri-konstruktiv mövqeyindən geri çəkilmək, müəyyən qaçılmaz reallıqları qəbul etmək məcburiyyətində qalıb.

Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə keçirilən Sankt-Peterburq görüşü isə özündə dərin psixoloji-siyasi çalarları ifadə edir. Məsələ bundadır ki, indiyə qədər münaqişənin "həll açarı"nın Rusiyanın əlində olması ilə bağlı mülahizələr kifayət qədər real əsaslara söykənib. Hər halda, Rusiyanın "for-postu" Ermənistana təsir göstərmək imkanı daha real görünür. Rəsmi Moskva bu addımı atmaqla həm bölgəyə nüfuz imkanlarını genişləndirə, həm də Azərbaycanla enerji sahəsindəki əməkdaşlığını daha da dərinləşdirə bilər. Rusiyanın Azərbaycanın təbii qazını alması üçün rəsmi Bakı ilə apardığı danışıqların bu prosesə pozitiv təsiri heç də istisna deyil. Münaqişənin beynəlxalq hüquq normalarına uyğun həlli, Azərbaycanın ərazi bütövlüyünün tanınması həm də Ermənistanın təcrid vəziyyətindən çıxmasına, regional əməkdaşlıq layihələrində iştirakına "yaşıl işıq" yandırar.

Xatırlatmaq lazımdır ki, hələ ötən ilin payızında Moskvada keçirilən görüş çərçivəsində Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin son 14 ildə ilk dəfə birgə bəyannamə imzalamaları danışıqlar prosesini intensivləşdirmək, problemi həll etmək üçün siyasi iradə nümayişi kimi yadda qalmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə imzalanmış bəyannamədə münaqişənin beynəlxalq hüququn prinsipləri və normaları, bu çərçivələrdə qəbul olunmuş qərarlar və sənədlər əsasında siyasi yolla həlli, Cənubi Qafqazda vəziyyətin sağlamlaşması, regionda sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi, iqtisadi inkişaf və hərtərəfli əməkdaşlıq üçün əlverişli şərait yaradılması məsələləri əksini tapmışdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin siyasi yolla həllinin əsas prinsiplərinin işlənib hazırlanması məqsədilə 2007-ci il noyabrın 29-da Madriddə tərəflərlə keçirilmiş görüşü və sonrakı diskussiyalar nəzərə alınmaqla həmsədrlərin vasitəçilik səylərinin davam etdirilməsinin böyük əhəmiyyətə malik olması da bəyannamə ilə təsdiqlənmişdir.

Tərəflər Moskva görüşündə razılaşmışlar ki, münaqişənin sülh yolu ilə həllinə nail olunmasının bütün aspektləri və mərhələləri hüquqi öhdəliklər yaradan beynəlxalq təminatlarla müşayiət edilməlidir. Bəyannamə ilə Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla həllinin razılaşdırılması üzərində işi davam etdirmək barədə razılığa gəlmiş, xarici işlər nazirlərinə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə qarşılıqlı əlaqədə danışıqlar prosesində gələcək addımları fəallaşdırmağı tapşırmışlar. Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin münaqişənin həlli ilə bağlı imzaladıqları rəsmi sənəddə məsələnin yalnız və yalnız beynəlxalq hüquq norma və prinsipləri əsasında həllinin vacibliyi önə çəkilmişdir.

Bu prinsiplərin Ermənistanın deyil, məhz Azərbaycanın maraqlarına daha çox cavab verdiyini xüsusi vurğulamağa isə ehtiyac yoxdur. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normalar, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı təsdiq edir. Beynəlxalq hüququn normaları, eləcə də dövlətlərin ərazi bütövlüyü və toxunulmazlığı prinsipi Ermənistan tərəfindən kobudcasına pozulmuşdur. Bu prinsipin məzmunu "...beynəlxalq münasibətlərdə iştirak edən dövlətlərin hər birinin ərazi bütövlüyünə qarşılıqlı olaraq hörmət etməsini, buna uyğun olaraq, onların hər hansı iştirakçı dövlətin ərazi bütövlüyünə, siyasi istiqlaliyyətinə və ya birliyinə qarşı heç bir hərəkət etməməsini nəzərdə tutur".

Sankt-Peterburq görüşünün də məhz Madrid prinsipləri əsasında aparılması deməyə əsas verir ki, danışıqlar məhz münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həlli formulu çərçivəsində aparılır. Görüşdən sonra mətbuat üçün açıqlamada Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşün konstruktiv ruhda keçdiyini, tərəflərin irəliləməkdə davam etdiklərini bəyan ediblər. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun sözlərinə görə, bu görüş əvvəlki görüşlərdən fərqlənmişdir: "Əvvəlkilərdən fərqli olaraq görüş başqa tərzdə keçirilmişdir. Əlbəttə, irəliləyiş olduğunu deyə bilmərik - deyilənlərlə tam razıyam ki, görüşdə müəyyən irəliləyiş olmuşdur. Lakin prinsipcə böyük anlaşma, bir-birinin mövqelərinin daha çox dərk edilməsi və ən başlıcası, irəliləyiş, bu məsələnin həll olunmasının vacibliyi barədə razılıq var və bu qərar çox sevindiricidir".

ATƏT-in Minsk qrupu səviyyəsində aparılan danışıqların xaotik məcradan çıxarılaraq konkret həll formatına salınması da rəsmi Bakının mühüm siyasi üstünlüyü kimi qiymətləndirilməlidir. Əgər rəsmi Yerevan əvvəllər qondarma "DQR"-in ya müstəqil olması, ya da Ermənistana birləşdirilməsi" kimi cəfəng iddia ilə çıxış edirdisə, son illərdə ciddi diplomatik təpkilər qarşısında münaqişənin mərhələli həlli ilə bağlı müzakirələrə qatılmağa məcbur olmuşdur. Eyni zamanda, təcavüzkarlıq siyasətini uzun müddət davam etdirə bilməyəcəyini yaxşı anlayan Ermənistan son aylarda danışıqlar prosesində müəyyən konstruktivlik görüntüsü nümayiş etdirir. Ermənistan prezidenti Serj Sarkisyan indiyə qədərki çıxışlarında münaqişənin "qarşılıqlı güzəştlər çərçivəsində" həlli vacibliyini bir neçə dəfə önə çəkib. Məsələ həm də bundadır ki, münaqişənin həllinin uzanmasına görə ən böyük zərbə məhz Ermənistana dəyir. Faktiki olaraq problemin həllini tapmaması Ermənistan iqtisadiyyatında tormozlayıcı amilə çevrilib. Azərbaycan Türkiyə və Gürcüstanla müxtəlif iqtisadi layihələr həyata keçirməklə Ermənistanı faktiki olaraq üç strateji müttəfiqin əhatəsində - təcrid vəziyyətində yaşamaq gerçəkliyi ilə üz-üzə qoyub. Təcavüzkarlıq siyasətindən əl çəkməyən Ermənistan, əslində, özü-özünü Cənubi Qafqazda gerçəkləşən bütün strateji layihələrdən kənarda saxlayıb.

Qondarma rejimlərin rəhbərləri cidd-cəhdlə sübuta yetirməyə çalışırlar ki, guya millətlərin öz müqəddəratını təyin etmək hüququ dövlətin ərazi bütövlüyündən daha öndədir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən, millətlərin öz müqəddəratını təyin etmək hüququnun bu cür bəsit şərhi ciddi qanuni maneələrə dirənir. Öz müqəddəratını təyin etmək prinsipi etnik qruplar üçün, hər şeydən əvvəl, daha geniş ictimai-siyasi prosesdə iştirak etmək hüququ deməkdir. Bu baxımdan separatizm etnik variantda mövcud sistemdən çıxma və ya müəyyən etnik-mədəni birlik üçün dövlətçiliyi rəsmiləşdirmək məqsədi daşıyır. Separatçılar üçün öz müqəddəratını təyin etmək prinsipi hər zaman ümumi dövlətdən qopma kimi destruktiv mahiyyət kəsb etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev 28 may Respublika Günü münasibətilə keçirilən mərasimdə Dağlıq Qarabağ ermənilərinin "öz müqəddəratını təyin etməsi" iddiasının tamamilə cəfəng və reallığa adekvat olmadığını bir daha önə çəkmişdir. Cənab İlham Əliyev bildirmişdir ki, milli özünütəyin - öz müqəddəratını təyinetmə prinsipi hər bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna hüququdur və Azərbaycan dövləti də bu hüquqa hörmətlə yanaşır. Lakin beynəlxalq normalara görə, müstəqil dövləti olmayan xalqlar müəyyən hüquqi çərçivədə öz müqəddəratını təyin etmək iddiası ilə çıxış edə bilərlər. Erməni xalqının isə müstəqil dövləti var və bu baxımdan, Dağlıq Qarabağdakı separatçı erməni rejiminin belə bir iddia ilə çıxış etməsinin hüquqi və siyasi əsasları yoxdur. "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim xarici siyasətimizin əsas istiqamətidir. Əfsuslar olsun ki, bütün səylərə baxmayaraq, biz məsələnin həllinə nail ola bilməmişik. Bunun tək səbəbi var - Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini süni şəkildə uzatmaq taktikası. Artıq heç kim üçün sirr deyildir ki, bu taktika Ermənistan tərəfindən istifadə olunur. Ancaq bu taktikanın axırı yoxdur. Məsələ ancaq beynəlxalq hüquq normaları əsasında öz həllini tapmalıdır. Azərbaycan öz prinsipial, ədalətli və beynəlxalq hüquq normalarına əsaslanmış mövqedən əl çəkməyəcəkdir. Biz geri bir addım atmayacağıq. Çünki dünya birliyi bizim mövqeyimizi dəstəkləyir, mötəbər beynəlxalq təşkilatların qərarları bizim tərəfimizdədir".

Şübhəsiz, bu gün dünya siyasəti emosiyalara deyil, konkret iqtisadi-siyasi əməkdaşlıq meyillərinə, sülh, əməkdaşlıq, sivilizasiyalararası dialoq, təhlükəsizliyin təmini, ortaq təmas nöqtələrinin tapılması kimi praqmatik meyarlar üzərində köklənib. Nə Türkiyə, nə Azərbaycan, nə də təcavüzkar Ermənistan bu proseslərdən kənarda qala bilər. Real, praqmatik yanaşma budur ki, istənilən qarşıdurmanın, gərginliyin, savaşın sonu əvvəl-axır masa arxasında əyləşib dialoq aparmaqla, nəhayətdə sülhlə yekunlaşır. Proseslərin gedişi göstərir ki, Ermənistanın rəhbərliyi də regiondakı proseslərdən kənarda qalmaqla, sülh təşəbbüslərindən davamlı şəkildə imtina etməklə heç bir uğur qazanmayacağını yaxşı dərk edir. İndi əsas məsələ danışıqların gələcək taleyi baxımından prinsipial siyasi iradə nümayişidir ki, hələlik təcavüzkar tərəf bunun üçün özündə cəsarət tapa bilmir.

 

 

Samir Elmanoğlu

 

Azərbaycan.-2009.-10 iyun.-S.1.