Milli Məclisin növbədənkənar sessiyası işinə başladı

 

İyunun 9-da Milli Məclisin növbədənkənar sessiyası öz işinə başladı. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.

İclasın gündəliyinə çıxarılan qanun layihələrinin müzakirəsinə keçməzdən əvvəl deputatlar cari məsələlərə dair fikirlərini bildirdilər. İlk söz alan deputat Siyavuş Novruzov bu il bələdiyyələrə keçiriləcək seçkilərlə əlaqədar müəyyən məsələlərlə bağlı bir sıra normativ aktlara, o cümlədən Seçki Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsini məqsədəuyğun saydı. Deputat Məlahət İbrahimqızı isə Ermənistanın yeni atom elektirk stansiyası inşa etməyə hazırlaşması ilə bağlı informasiyaların yayıldığını diqqətə çatdıraraq bunun qarşısının alınması üçün Milli Məclisin beynəlxalq təşkilatlara müraciətinin qəbul olunmasını vacib bildi.

Spiker Oqtay Əsədov kasıb ölkə olan Ermənistanın atom elektrik stansiyası inşa etməyə hazırlaşmasının real görünmədiyini bildirdi.

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov isə ordu ilə bağlı səslənən fikirlərə münasibət bildirdi. Onun sözlərinə görə, hərbi hissədə heç bir şübhəli zəhərlənmədən söhbət gedə bilməz və bu məsələni şişirtməyə ehtiyac yoxdur.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Azay Quliyev "Könüllü fəaliyyət haqqında" qanun layihəsi barədə məlumat verdi. Bildirdi ki, qanun layihəsi ikinci oxunuşda müzakirə olunan zaman deputatların səsləndirdiyi dəyərli təklif və iradlar nəzərə alınıb. Bu qanunun qəbulunda məqsəd hüquqi və fiziki şəxslərin əvəzi ödənilməyən ictimai faydalı fəaliyyəti sahəsində yaranan münasibətləri tənzimləməkdir. Könüllü fəaliyyət isə Azərbaycan qanunvericiliyi ilə qadağan edilməyən işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyətdir.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq edildi.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərinin və Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Layihədə Babək rayonunun Qaraçuq, Qaraxanbəyli və Tumbul kənd inzibati ərazi dairələri və onların əhatə etdiyi Bulqan, Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Tumbul kəndlərinin Naxçıvan şəhərinin inzibati ərazisinə daxil edilməsi təklif olunurdu. Deputatlardan İsmayıl Hacıyev, İsa Həbibbəyli, Siyavuş Novruzov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov həmin kəndlərin Naxçıvan şəhərinin inzibati ərazisinə daxil edilməsini təqdir edərək bunun adı çəkilən yaşayış məskənlərinin daha da inkişafına təkan verəcəyini qeyd etdilər.

Qanun layihəsi təsdiq olundu.

Arif Rəhimzadə "Bələdiyyələrin statusu haqqında" qanuna əlavə edilməsinə dair məsələ barədə də məlumat verdi. O bildirdi ki, Milli Məclisdə iki ildən çoxdur ki, ərazi vahidlərinin dövlət reyestri yaradılmışdır. Həmin reyestrdə Azərbaycanda bütün ərazi vahidlərinin və inzibati ərazi dairələrinin siyahısı aparılır. "Bələdiyyələrin statusu haqqında" qanuna nəzərdə tutulan əlavədə isə ölkəmizdəki bütün bələdiyyələrin Milli Məclis tərəfindən aparılan bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara müvafiq şəhadətnamə verilməsi təklif olunur.

Qanun layihəsi səsə qoyularaq qəbul olundu.

İclasda "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun və "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 24 mart tarixli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə" qanun layihəsi də təsdiq olundu.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədr müavini Çingiz Əsədullayev "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsini müzakirəyə təqdim etdi. Bu qanunun qəbulunda məqsəd ölkəmizdə əhalinin və sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, onların maliyyə resurslarına olan ehtiyaclarının ödənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsidir.

Deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Musa Quliyev, Eldar Quliyev, Xanhüseyn Kazımlı təkliflərini və eləcə də layihənin birinci oxunuşun tələblərinə cavab verdiyini bildirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.

İclasın sonunda "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" qanun layihəsi müzakirə olundu. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirdi ki, mövcud qanunvericilikdə torpaqların dövlət ehtiyacları üçün alınması nəzərdə tutulsa da, dövlət ehtiyaclarının konkret nədən ibarət olması bunun üçün kompensasiyanın verilməsi qaydası əks etdirilməyib. Bu da bir çox hallarda torpaq mülkiyyətçiləri ilə dövlət ehtiyacları üçün torpaq alan müvafiq icra hakimiyyəti orqanları, idarə və təşkilatlar arasında narazılıqlara, məhkəmə çəkişmələrinə səbəb olur. Bu qanun qəbul edildikdən sonra torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyanın müəyyən edilməsi, ödənilməsi və digər məsələləri tənzimləyəcəkdir.

Müzakirələr zamanı deputatlardan Elton Məmmədov, Musa Quliyev, Eldar Quliyev, Rafael Cəbrayılov, Əli Məsimli bir sıra təkliflərlə çıxış edərək qanun layihəsinin konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verdiyini bildirdilər. Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edildi.

 

 

Azərbaycan.-2009.-10 iyun.-S.2.