Parisdə AŞ PA-nın Monitorinq Komitəsinin iclası keçirilmişdir
Parisdə Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin iclası keçirilmişdir. Azərbaycan parlament nümayəndə heyətinin də iştirak etdiyi toplantıda Avropada insan hüquqlarının vəziyyəti, ictimai-siyasi proseslər və digər məsələlər müzakirə olunmuşdur.
AŞ PA-nın Monitorinq Komitəsinin bu iclasında müzakirəyə çıxarılan və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən əsas məsələ üzv ölkələrin üzərinə götürdüyü öhdəliklə bağlı olmuşdur. Azərbaycan AŞ PA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıbəylinin sözlərinə görə, Azərbaycan üzrə həmməruzəçi Andres Herkelin ölkəmizlə bağlı təqdim etdiyi sənəd məlumat xarakteri daşımışdır.
Ermənistanın Avropa Şurası qarşısında vəzifə və öhdəliklərinin müzakirəsi zamanı isə yenidən ikili yanaşma nümayiş etdirilmişdir. Məsələyə münasibət bildirən nümayəndə heyətimizin üzvləri bu cür ədalətsiz meyarların aradan qaldırılması üçün qurum rəhbərliyinə müraciət etmişdir.
Müraciətdə deyilir: "AŞ-yə üzv ölkələrə yanaşmada belə prinsiplərin tətbiqi Avropa Şurasının ən azı müəyyən dairəsinin qərəzli mövqeyindən xəbər verir".
Azərbaycan tərəfinin iradına cavab olaraq Ermənistan üzrə həmməruzəçi bildirmişdir ki, bəli, Ermənistanda tutulan insanları siyasi məhbus da adlandırmaq olardı. Sadəcə olaraq, biz daha diplomatik tonla Ermənistan rəhbərliyinə müraciət edirik. Məqsədimiz isə onları ciddi addımlar atmağa, siyasi iradə nümayiş etdirməyə dəvət etməkdən ibarətdir".
G.Hacıbəyli onu da bildirmişdir ki, Ermənistanın Avropa Şurası qarşısındakı öhdəliklərinin icrası məsələsi qurumun iyun sessiyasında yenidən müzakirə olunacaq.
Monitorinq komitəsinin toplantısında "Avropada insan hüquqlarının vəziyyəti"nə dair məruzə də təqdim edilmişdir. Üzv ölkələrdə insan hüquqlarına dair qiymətləndirmənin əks olunduğu sənədlə bağlı çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvləri bir çox hallarda bu məsələyə yanaşmada fərqli meyarların tətbiq olduğunu diqqətə çatdırmışlar. Milli Məclisin deputatlarının fikirlərini digər ölkələrin nümayəndələri də dəstəkləmişlər.
"Avropada insan hüquqlarının vəziyyəti"nə dair məruzə qurumun iyun sessiyasında da müzakirəyə çıxarılacaq.
AzərTAc
Azərbaycan.-2009.-10 iyun.-S.2.