Azərbaycanın birinci xanımına
həsr olunmuş musiqi əsəri diskə yazılmışdır
Ötən il Niaqarada keçirilən beynəlxalq musiqi festivalı çərçivəsində təşkil olunmuş Azərbaycan muğamı günlərində səslənmiş musiqi Kanadanın Azərbaycan diasporu nümayəndələrinin təşəbbüsü ilə diskə yazılmışdır. Diskə soydaşımız, bəstəkar və dirijor İsmayıl Hacıyevin əsəri də daxil edilmişdir.
Konsertdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş "Dünyanın qızılgülü" muğam-simfonik misteriyası müəllifin - Şostakoviç, Qarayev, Marvinski məktəbinin istedadlı nümayəndəsi, Azərbaycan musiqi sənətini xaricdə fəal təbliğ edən İ.Hacıyevin rəhbərliyi ilə "İpək yolu" kamera orkestrinin ifasında uğurla səslənmişdir.
Niaqara beynəlxalq musiqi festivalı rəhbərliyinin Heydər Əliyev Fondu ilə birlikdə Kanadada təşkil etdiyi Azərbaycan muğamı günləri Şərq və Qərb musiqisinin yaxınlaşmasına kömək etmiş, Şimali Amerika qitəsinin mədəni həyatında əlamətdar hadisəyə çevrilmişdir. Azərbaycan xalqının zəngin mədəni irsinin təbliğində, ölkəmizdə dünya səviyyəli gənc musiqiçilər nəslinin yetişdirilməsində misilsiz xidmətlərinə görə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Niaqara beynəlxalq musiqi festivalının "Dünyanın qızılgülü" diplomuna layiq görülmüşdür. Bu mükafat Yer üzündə sülh naminə dünya mədəniyyətlərinin yaxınlaşması və inteqrasiyası missiyasını həyata keçirən insanlara verilir.
Təsadüfi deyildir ki, Kanadada yaşayan həmvətənimiz İsmayıl Hacıyev yeni əsərlərdən birini "Dünyanın qızılgülü" adlandırmış və onu diskə yazdırmışdır.
AzərTAc
Azərbaycan.-2009.-10 iyun.-S.2.