İcma dünya azərbaycanlılarının daha güclü birləşməsini uğurlu təbliğat mexanizminin həyata keçirilməsini qarşısına məqsəd qoyub

 

Ötən həftə qurultayı keçirilmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətində yeni mərhələnin əsası qoyuldu. İndi bu təşkilatın yeni tərkibdə rəhbərliyi, dünya azərbaycanlılarının Dağlıq Qarabağ probleminin həlli ətrafında güclü birləşməsinə sövq edən nizamnaməsi var. İcma üzvləri nizamnaməyə əlavə və dəyişikliklər etməklə növbəti mərhələdə konkret vəzifələr müəyyənləşdirdilər. Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının həmtəsisçisi, Milli Məclisin deputatı Həvva Məmmədova bizimlə söhbətində qarşıdakı dövr üçün planlardan danışdı:

- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ötən müddət ərzində zəif fəaliyyət göstərirdi. İcmanın 65 minlik üzvü arasındakı əlaqələr lazımi səviyyədə deyildi, beynəlxalq miqyasda təbliğat yaxşı qurulmamışdı. Halbuki xarici əlaqələri genişləndirməklə əsaslı uğurlara nail olmaq, səmərəli işlər görmək mümkün idi. 1992-ci ildən indiyə qədər keçən müddət ərzində çox uğurlara nail ola bilərdik. Bir çox ölkələrdə icmanın yerli təşkilatlarını yaratmaq olardı. Müəyyən işlər görülsə də, təəssüf ki, bunları etməmişik. Hazırda dünyanın 18 ölkəsində Dağlıq Qarabağın erməni icmasının nümayəndəliyi fəaliyyət göstərir. Amma azərbaycanlı icması hələ də buna nail ola bilməyib. Biz təşkilatımızı xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş səfirliklərinə belə tanıtdıra bilməmişik. Beynəlxalq aləmin, ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların Xocalı, Ağdaban, Kərkicahan, Qaradağlı, Daşaltı faciələri haqda çox az məlumatı var.

- İcmanın fəaliyyətində əsaslı dönüş yaratmaq üçün növbəti mərhələdə hansı tədbirlər həyata keçirilməlidir?

- Qurultaydan sonrakı dövrdə qarşımızda çox ciddi vəzifələr durur. Vaxtilə Dağlıq Qarabağdan köçüb başqa ölkələrə getmiş həmvətənlərimizi tapıb onların icma ilə bağlı əlaqələndirilmiş fəaliyyətini qurmaq, yaşadıqları yerlərdə Azərbaycan həqiqətlərinin yayılması üçün kütləvi tədbirlər, konfranslar keçirmək lazımdır. Bəzi nüfuzlu ölkələrin parlamentlərinə soydaşlarımız vasitəsilə nüfuz etməliyik. İndi bütün bunlar üçün olduqca əlverişli şərait yaranıb. Düşünürəm ki, icmanın fəaliyyətinin yeni mərhələsində nöqsanlar aradan qaldırılacaq. İcma artıq yeni tərkibdə fəaliyyətə başlayıb. Nizamnaməyə edilmiş əlavə və dəyişikliklər icmanın fəaliyyətində əsaslı dönüşün yaradılmasına xidmət edəcək. Dağlıq Qarabağdan köçüb getmiş həmvətənlərimizi soraqlayıb tapacağıq. Onları ölkəmizə dəvət edib müzakirələr keçirməklə konfranslar təşkil edəcək, atacağımız addımları planlaşdıracağıq.

Uzaq Kanadada, ABŞ-da, Avropa dövlətlərində və digər ölkələrdəki həmvətənlərimiz Qarabağ, işğal altındakı torpaqlarımızın həsrətilə yaşayırlar. Biz bugünə kimi soydaşlarımızın icma ilə əlaqəsini qura bilməmişik. Hesab edirəm ki, ölkədən kənarda yaşayan soydaşlarımızın hər biri icmanın diqqətində olmalı, onlar ölkəmizə səfərə gələrkən burada təşkilatımızda olmalıdırlar. Eyni zamanda, həmvətənlərimizin fəaliyyətləri haqqında müxtəlif səviyyələrdə geniş məlumatlar yayılmalıdır. Təəssüf ki, hələ də ATƏT-in Minsk qrupunun fəaliyyətini haqq işimizin müdafiə edilməsinə yönəldə bilməmişik. Minsk qrupunu tənqid etməklə kifayətlənməməliyik. İcmanın fəaliyyətini dünyaya tanıtdırmaq üçün təşkilatın beynəlxalq qanunlara söykənən güclü iş mexanizmini yaratmalıyıq. Belə olan halda Minsk qrupu icma ilə danışıqlar aparmağa məhkum olacaq. Gələcəkdə xarici ölkələrə səfərlərimiz zamanı Azərbaycanın işğal olunmuş əraziləri haqqında daha dolğun məlumatlar verməli, fəaliyyətimizi Qarabağ həqiqətlərinin hər yerdə geniş yayılmasına yönəltməliyik. Dünya ictimaiyyətinin tanınmış siyasi xadimlərini, ayrı-ayrı ölkələrin hökumət və dövlət nümayəndələrini Azərbaycana dəvət edərək onlara əsl həqiqətləri çatdırmalı, yalançı erməni təbliğatına zərbə vurmalıyıq. İcma gələcək fəaliyyətində bu hədəflər istiqamətində fəaliyyət göstərəcək. Dağlıq Qarabağ münaqişəsində faciələrlə üzləşmiş insanların dünya ölkələrinə çatdırdıqları həqiqətlər kiminsə bizim haqqımızda danışmasından daha güclü effekt verəcək. Biz özümüz öz barəmizdə geniş informasiyalar verməklə başımıza gələn faciələrdən bəhs edəcək, həqiqətləri yayacağıq. Çünki icmanın üzvləri Kərkicahan, Daşaltı, Xocalı, Qaradağlı, Ağdaban və digər faciələrin canlı şahidləridirlər.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bütün üzvləri Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər. Dövlət başçısının Dağlıq Qarabağa və bu bölgədən olan məcburi köçkünlərə qayğısından qürur hissi duyuruq. Prezident İlham Əliyevin ölkəmizin işğal olunmuş ərazilərindən didərgin düşmüş məcburi köçkünlərə göstərdiyi xüsusi qayğı və diqqət gələcək fəaliyyətimizdə bizi daha da ruhlandıracaq. Bu gün Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətinin yeni formatda təşkil olunması, yüksək səviyyədə aparılan təşkilatlanma işi ölkə başçısının və Azərbaycan dövlətinin qayğısının təzahürüdür. Elə təkcə qurultayın keçirilməsinə 2 aydan çox vaxt ayrılmış, zəruri işlər görülmüşdü. Yüksək dövlət qayğısı şəraitində icmanın gələcək fəaliyyətində əsaslı dönüş yaranacaq, uğurlara nail olacağıq. Yüksək səviyyədə təşkilatlanan icma növbəti mərhələdə səmərəli işlər görəcək.

 

 

Anar Rasimoğlu

 

Azərbaycan.-2009.-10 iyun.-S.2.