Heydər Əliyev və insan hüquqları

 

Böyük dövlət xadimi, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi möhtəşəm islahatlar sırasında insan hüquqları sahəsi mühüm yer tutur. Totalitar sistemin iflasından sonra, bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da bir müddət hüquqi boşluq yarandı. Bu isə ölkədə hüquqi nihilizmə, qanunsuzluğa və məsuliyyətsizliyə yol açdı.

Məsələnin ciddiliyini və tarixi məsuliyyəti, xalqın təkidli tələbini nəzərə alan Heydər Əliyev Azərbaycanı xilas etmək üçün yenidən siyasət meydanına qədəm basdı. O vaxt bu tarixi addıma hətta xalqımızın xaricdəki düşmənləri də xüsusi qiymət verdilər: onlar açıq-aşkar bəyan edirdilər ki, nə qədər Azərbaycanda Heydər Əliyev var, antiazərbaycan cəbhələrin bu xalqın üzərində qələbəsi mümkünsüzdür. Əlbəttə, daxili irtica da bu mətin şəxsiyyətin əleyhinə baş qaldırmışdı. Lakin bütün bunlara sinə gərən siyasi mogikan vətənin xilası, mütərəqqi islahatların və demokratik dünyəvi dövlət quruculuğu yolu üzərindəki maneələri qətiyyətlə dəf etdi, addım-addım irəliləyən ölkəni yeni siyasi perspektivə - müstəqil respublikanın geniş üfüqlərinə çıxardı.

Xalqımızın haqlı olaraq Qurtuluş Günü kimi dəyərləndirdiyi 1993-cü ilin 15 iyununa qədər ölkəmizdəki ictimai-siyasi vəziyyətə qısa nəzər salsaq, burada üç dağıdıcı qüvvənin - xarici düşmənlərin müdaxiləsinin, daxili irtica qüvvələrinin və antikonstitusion proseslərin baş qaldırdığını görürük.

Xalqımızın taleyində sovet imperiyasının çökməsi ilə ortaya çıxmış gözəl şansı - yeni müstəqil hüquqi dövlət quruculuğunu ən ciddi təhdid edən qüvvə bunlardan məhz üçüncüsü - ölkədə qanunsuzluq mühitinin formalaşması idi. Heydər Əliyevin rəhbərliyi ilə hələ keçmiş sovet dönəmində yaradılmış və qüvvəyə minmiş Konstitusiyanın əsas müddəaları əhəmiyyətini itirmiş, lakin yenisi isə hələ yaradılmamışdı. Dövlətin və xalqın siyasi varlığı isə yalnız hüquqi təməl üzərində yaşaya bilər.

SSRİ-nin süqutu ilə meydanı bürüyən siyasi dəllallar üçün əsas məqsəd vətən və millət pərdəsi altında yalnız şəxsi fayda, ucuz şöhrət və mənsəbdən ibarət idi. Odur ki, istər xarici, istərsə də daxili düşmən qüvvələr ölkəni ümumi xaosa, o cümlədən hüquqi vakuuma sürükləmişdilər. Respublikamızda bütün bunların qarşısını ala biləcək yeganə qüvvə Heydər Əliyev idi.

Azərbaycanda böyük siyasətə yenidən dönüşünə məhz Naxçıvandan, daha yaxından tanıdığı insanların içərisindən başlayan Heydər Əliyev qısa vaxt ərzində bu bölgədən start götürən milli dövlət quruculuğu xəttini çox keçmədən regional müstəvidən ümummilli yüksəkliyə qaldırdı.

Belə bir mühüm tarixi mərhələdə AXC-nin II qurultayının bəzi nümayəndələri Naxçıvan MR-in statusunun, onun dövlət strukturlarının və rəhbərliyinin dəyişdirilməsinə yönəlmiş təxribatçılıq fəaliyyətinə start verdilər. AXC Naxçıvan şöbəsinin rəhbərliyi altında 1992-ci il oktyabrın 24-də muxtar respublikada dövlət çevrilişinə cəhd edildi. Naxçıvanın gələcəyi sual altına qoyuldu. Əlbəttə, belə bir mürəkkəb tarixi məqamda uzaqgörən bir siyasətçi kimi Heydər Əliyev bircə addım da geriyə çəkilə bilməzdi. Əks-təqdirdə, nəinki yalnız naxçıvanlıların siyasi varlığı silinər, hətta bütün ölkənin hələ əvvəli Atatürk tərəfindən Leninlə razılaşma əsasında əldə edilmiş 11 kilometrlik (əvvəl 14 km olub) "ümid xətti" - dünyaya beynəlxalq çıxışı qapana bilərdi. Bu isə Qars və Moskva müqavilələri ilə təsbit olunmuş çox mühüm beynəlxalq status idi. Xarici düşmən qüvvələr ölkəmizin daxilindəki irticanın əli ilə məhz bu üstünlüyü aradan qaldırmağa çalışırdılar: muxtariyyətin ləğvinə və rəhbərliyin devrilməsinə cəhdlər də bu məqsədə xidmət edirdi. Lakin Heydər Əliyev xalqın dəstəyi ilə bu qüvvələri mətanətlə tarixin arxivinə yolladı. Bu gün ölkəmizdə özünün nəhəng maliyyə potensialı ilə dünya böhranına qarşı Böyük Neft Strategiyasının da təməlində məhz Naxçıvan MR Ali Məclisinin 1992-ci il oktyabrın 25-də keçirilmiş növbədənkənar sessiyasının qərarları durur desək, səhv etmərik. Çünki həmin gün nə şəxsən Heydər Əliyevin, nə də ki, Naxçıvan camaatının taleyi həll olunurdu, əsas hədəf Azərbaycanda yeni konstitusiyalı gələcəyin - siyasi müstəqilliyin, hüququn və demokratiyanın perspektivlərinin qorunub saxlanması idi. Heydər Əliyev buna qətiyyətlə nail oldu.

Ölkədə yaradıcı, işgüzar parlamentin seçilib, konstruktiv fəaliyyət üçün zəmin məhz 1995-ci il noyabrın 12-də qəbul edilmiş yeni - ilk müstəqil milli Konstitusiyamızın təsbiti ilə başlayır.

Heydər Əliyev üçün ölkədə insan hüquq və azadlıqlarının müdafiəsindən önəmli sahə yox idi. Bu onun fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Elə ona görə də 1937-1938-ci illərin "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Qanunun (1996-cı il) qəbul edilməsi, habelə ötən əsrin 40-cı və 50-ci illərində öz ata-baba yurdundan məcburi köçürülmüş qərbi azərbaycanlıların tarixi fəlakətinə və 1990-cı ilin 20 Yanvar qətliamına siyasi qiymət verilməsi ümummilli liderimizin insan hüquqları ilə bağlı məsələlərə xüsusi münasibətinin ifadəsidir.

1995-ci ildə ümumxalq müzakirəsi və referendumu nəticəsində legitimləşmiş Heydər Əliyevin şah əsəri - ilk milli Konstitusiya ölkədə hüquqi sistemin özülünü, onun normativ əsaslarını, azad ədalət məhkəmələrinin status və fəaliyyət prinsiplərini müəyyənləşdirdi. Məhz bu hüquqi baza üzərində Azərbaycan vətəndaşına öz hüquq və azadlıqlarını qorumaq üçün hər cür imkanlar yaradıldı, hətta onun Avropa İnsan Hüquqları Məhkəməsinə - Strasburqa müraciət etmək və öz problemini beynəlxalq insidentə çevirə bilmək şansı tanındı. Qərb hüquq sisteminə sürətlə inteqrasiya olunan Azərbaycan milli ədliyyəsi anqlosaks ədalət mühakiməsinin presedentlər təcrübəsini özünün fəaliyyəti ilə uzlaşdırma mərhələsinə qədəm qoyub. Presedentlərin german hüquq sistemi ilə ziddiyyətlərinin aradan qaldırılması prosesi gedir. Burada da Heydər Əliyevin humanizm baxışları, insan hüquq və azadlıqlarına böyük önəm verən hüquqi irsi başlıca rol oynayır.

İnsan hüquqlarının və azadlıqlarının təminatının yaradılması istiqamətində Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və Milli Məclisdə qəbul edilmiş qanunvericilik aktları - "Vətəndaşlıq haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Sərbəst toplaşmaq azadlığı haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Qaçqınlar və məcburi köçkünlərin statusu haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında" və digər qanunlar ölkəmizdə sabitliyin və qanunçuluğun rəmzidir. Dahi rəhbər hər an, hər şəraitdə qanunun aliliyini qoruyub saxlamağa çağırırdı: "Qanun hamı üçün qanundur. Həm adi vətəndaş üçün, həm hakimiyyət məmuru üçün, həm dövlət məmuru üçün, həm də şəhid ailəsi üçün". Bu gün respublikamızın hər bir vətəndaşı milli Konstitusiyamızın 127-ci maddəsinə görə tam hüquqi müdafiə təminatına malikdir: heç bir şəxs tərəfindən bilavasitə, yaxud dolayı yolla məhkəmə icraatına məhdudiyyət qoyulmur, qanunazidd təsir və müdaxilələr edilməsinə yol verilmir. Çünki keçmiş totalitar rejimlərdə olduğu kimi, hakimlərin siyasi və s. təcrübəsi artıq xalqımızın tarixi taleyində - minlərlə ziyalımızın 37-ci il repressiyalarında, siyasi təqiblərində və qırmızı terrorun bütün təzahürlərində özünün qara üzünü ifşa etmişdir. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi dövlət quruculuğunun əsas xətlərindən biri də məhz məhkəmələrin, hakimlərin müstəqilliyinə nail olunması idi. Dahi rəhbər çox gözəl bilirdi ki, məhkəmələrin müstəqilliyinə qarşı yönəlmiş hər hansı bir hərəkət yalnız ədliyyəyə, ədalətə və mühakimə prosesinə deyil, öncə vətəndaşların Konstitusiya ilə qorunan hüquq və azadlıqlarına qarşıdır. Məhz ona görə də ölkədə insan hüquqları və azadlıqlarının müdafiəsi onun fəaliyyətinin başlıca qayəsi, məğzi və hədəfi idi. Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1996-cı ildə qəbul edilmiş "Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında" Qanun tarixin acı dərslərini yada salmaq və bir daha onun təkrarlanmasına yol verməmək üçün böyük önəm və məna kəsb edir.

İnsana ali baxışın, yüksək dəyər verilməsinin daha bir parlaq örnəyi 1998-ci il fevralın 10-da bütün Şərq xalqlarının tarixində ilk dəfə olaraq məhz Azərbaycanda - Prezident Heydər Əliyevin imzası ilə ölüm cəzasının ləğv edilməsi oldu.

Heydər Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin mühüm bir istiqaməti də söz və mətbuat azadlığı ilə bağlıdır. O öz şəxsi həyat təcrübəsindən və tarixdən çox gözəl bilirdi ki, insanların öz fikrini maneəsiz, senzurasız başqalarına çatdırmaq məqsədilə apardığı mübarizə istər hüquqi, istərsə də mənəvi baxımdan nə qədər çətin və mürəkkəb bir prosesdir.

Qısa bir vaxtda KİV haqqında qanunvericiliyin hüquqi bazası yaradıldı, söz və mətbuat azadlığı, jurnalistin informasiya almaq və onu yaymaq hüququ, mətbuatda böhtan, diffamasiya, şərəf və ləyaqətin qorunması, təhqirin yolverilməzliyi, dövlət sirlərinin mühafizəsi, milli təhlükəsizlik problemləri, jurnalistlərin öz informasiya mənbələrini müdafiə hüququ, KİV-in dövlət orqanları ilə münasibətləri, lisenziya və senzuranın ləğvi və digər məsələlər öz hüquqi həllini tapdı. Bununla da, Azərbaycan bir çox başqa xalqların - Qərbin yüzilliklər ərzində keçdiyi yolu qısa zaman kəsiyində qət etdi.

Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişinin ikinci mərhələsi onun barəsində uzun illər qara piarla ictimai rəyi çaşdırmağa can atanlara tutarlı cavab oldu: bu, demokratik cəmiyyətə doğru milli inkişaf yolunun prioritetliyinin hüquqi təsbiti və tarixi həllidir. Məhz onun sayəsində ölkədə ictimai demokratiya institutları, o cümlədən kütləvi informasiya vasitələri önəmli rol aldılar. Qeyd edək ki, Azərbaycanın milli mətbuatı hələ özünün ilk yaranış dövründən 1990-cı illərin əvvəllərinədək sərt senzura rejimində fəaliyyət göstərmişdir.

Müəyyən dövr ərzində jurnalistlərin sərbəst informasiya fəaliyyəti xeyli məhdudlaşdırıldı, senzura idarəsinin fəaliyyəti daha da sərtləşdirildi. Yalnız Heydər Əliyevin respublika rəhbərliyinə təkrar qayıdışı ilə 200 illik qara ənənəyə əbədi son qoyuldu: 1996-cı il noyabrın 14-də "Dövlət sirri haqqında" Qanunun qəbulu ilə senzura tətbiqi hüquqi əsasını itirdi, 1998-ci il aprelin 6-da isə senzuranın ləğvi tam reallığa çevrildi.

1999-cu il dekabrın 7-də qəbul edilmiş "KİV haqqında" qanun, habelə "Televiziya və radio fəaliyyəti haqqında" (25 iyun 2002-ci il), "İctimai yayım haqqında" (2004-cü il), "İnformasiya əldə etmək haqqında" (2005-ci il), "Reklam haqqında" və "Telekommunikasiya haqqında" qanunlar, Mülki Məcəllənin 23-cü maddəsi (şərəf, ləyaqət və işgüzar nüfuzun mülki-hüquqi müdafiəsi), Cinayət Məcəlləsinin 147-ci (böhtan), 148-ci (təhqir), 163-cü (jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma), 202-ci (məlumatları qanunsuz yolla əldə etmə və yayma), 242-ci (pornoqrafik materialları yayma), 283-cü (milli, irqi, sosial, dini nifrət və düşmənçilik salınması), 323-cü (dövlət başçısının şərəf və ləyaqətini ləkələmə və ya alçaltma), 324-cü (dövlət bayrağı və gerbi barədə təhqiredici hərəkətlər) və s. maddələr media hüququ ilə bağlı sosial davranışı yönəldən, məcburi yürüdülən qaydaları müəyyənləşdirir.

KİV-lə bağlı hüquqi təminatın başlıca mənbəyi isə, heç şübhəsiz, Azərbaycan Respublikasının Konstitusiyasıdır. Burada KİV-in fəaliyyətini tənzimləyən əsas prinsiplər, dövlət və vətəndaş münasibətlərini nizama salan müddəalar, habelə hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı; kütləvi informasiya azadlığı; mətbuatda senzuranın qadağan olunması; irqi, milli, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilməməsinə dair təminatlar öz hüquqi əksini tapmışdır.

Azərbaycan milli mətbuatının 130 illiyi ilə bağlı 2005-ci il iyulun 21-də keçirilən tədbirdəki çıxışında Prezident İlham Əliyev ölkəmizin söz və mətbuat azadlığı sahəsində yürüdülən Heydər Əliyev siyasətini belə dəyərləndirib: "Mən ümid edirəm ki, gələcəkdə milli mətbuatımız daha da inkişaf edəcək, dövlət, hökumət tərəfindən lazımi tədbirlər görüləcək. Heydər Əliyev mətbuata daim böyük diqqətlə yanaşırdı. Mətbuatın maddi-texniki bazasının möhkəmlənməsinə, ümumiyyətlə, mətbuata onun qayğısı həmişə hiss olunurdu. Mən çalışıram ki, öz tərəfimdən bunu davam etdirim. İndi nə dərəcədə müvəffəq olmuşam, bunu demək mənim üçün çətindir. Amma istəyirəm biləsiniz ki, heç bir fərq qoymadan, mənim mətbuata münasibətim çox müsbətdir. İstər iqtidar mətbuatı olsun, istər müxalifət mətbuatı, istərsə də müstəqil mətbuat olsun, bu bizim mətbuatımızdır. Bu Azərbaycanın demokratik inkişafına çox böyük töhfədir" .

Göründüyü kimi, maddi hüquq dövlətin əsaslarından biri olaraq, ölkəmizdə söz, fikir, mətbuat sahəsində təmin olunmuş hüquq və azadlıqlar demokratik Qərb standartlarına tamamilə uyğundur. Bu, əlbəttə, siyasi müstəqilliyimizin qısa təcrübəsi müddətində əldə edilmiş böyük uğurlardır. Bu geniş hüquq və azadlıqların əldə edilməsi məhz Heydər Əliyevin siyasi iradəsi, qanunvericilik təşəbbüskarlığı, hüquq yaradıcılığı ilə bağlıdır.

Respublikamız ümummilli lider Heydər Əliyevin titanik fəaliyyəti sayəsində qısa müddətdə əsl sosial dövlətə çevrildi. Hətta ölkəmizin bir çox sahələrdə parametrləri ən inkişaf etmiş Qərb dövlətlərinin standartlarını belə üstələdi. Bunu 2005-ci il noyabrın 11-12-də Bakıda keçirilmiş "Hüquqi dövlətin qurulmasında Konstitusiyanın rolu" mövzusunda milli Konstitusiyamızın 10 illiyinə həsr olunmuş konfransda xarici qonaqlar açıq etiraf etdilər. Məsələn, Bremen Universitetinin professoru Rolf Knisper "Azərbaycan Konstitusiyasının iqtisadi və sosial əhəmiyyəti" mövzusunda çıxışında demişdir: "Azərbaycan Konstitusiyası dövlətin üzərinə vətəndaşların sosial müdafiəsini həyata keçirmək öhdəliyini qoyur (Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsi) və eyni zamanda öz vətəndaşlarını bu sosial müdafiəyə hüquqla təmin edir (Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsi), lakin dövlət məqsədlərini təyin edən müddəalarında Əsas Qanunun çərçivəsindən xeyli kənara çıxır". Həqiqətən, Azərbaycan Konstitusiyası milli dövlətimizin fəaliyyətinin ali məqsədi kimi vətəndaşlarımızın hüquq və azadlıqlarının təminatını elan edir. Birbaşa hüquqi qüvvə ilə bütün sosial hüquqları, yəni əmək azadlığı hüququ, fəaliyyətin və ixtisasın növünün azad seçimi hüququ, təhlükəsizlik və gigiyena tələblərinə cavab verən əmək şəraitləri hüququ, işsizlikdən müdafiə və istirahət hüququ müəyyənləşdirir. Konstitusiya əməkhaqqının və pensiyaların minimal həcmini, yaşla, xəstəlik və əlillik zamanı sosial təminatı (Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi), tibbi köməyin pulsuz təmin edilmiş minimal həcmini (AR Konstitusiyasının 41-ci maddəsi), pulsuz orta təhsil (AR Konstitusiyasının 42-ci maddəsi) üzrə təminat verir və dövlət məqsədi qismində insanın həyatı və sağlamlığı üçün münasib ətraf mühitin mühafizəsini (AR Konstitusiyasının 39-cu maddəsi) qoyur. Azərbaycan Konstitusiyasının mütləq qüvvəsi baxımından dövlət bütün bu məqsədlərin icrasına görə məsuliyyət daşıyır. Odur ki, hər hansı dövlət məmurunun, strukturun müvafiq məqsəddən yayınması birbaşa Konstitusiyanın pozulması demək olardı.

Hüquq və azadlıqların bu geniş sferasında qanunun aliliyinin təmin olunması sahəsində Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi çox mühüm rol oynayır. Məlum olduğu kimi, ümumi ədliyyə sistemindən kənar belə bir hüquq müdafiə təsisatının yaradılması da məhz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş milli Konstitusiyamızın sayəsində mümkün olmuşdur. Belə bir hüquqi zəmin üzərində 1997-ci ildə "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi haqqında" qanun qəbul edilmiş, 1998-ci il iyulun 14-dən etibarən həmin məhkəmə fəaliyyətə başlamışdır. Konstitusiya Məhkəməsi qanuni təyinatına uygun olaraq, Konstitusiyamızın aliliyinin təmin edilməsi uğrunda fəal çıxış edir - Konstitusiya nəzarət orqanı kimi vətəndaşların hüquq və azadlıqlarının müdafiəsində mühüm yer tutur. Bu məhkəmə həm norma nəzarəti, həm də Konstitusiyanın və qanunların rəsmi şərhi üzrə qəbul etdiyi qərarlarında konstitusionalizm ideyalarının inkişafına yol açır, Əsas Qanuna uyğun olmayan qanunları və digər normativ hüquqi aktları qanunvericilik sistemindən çıxarır, habelə onların konstitusiya hüquqi məzmununu şərh edir.

Bütün bunlar onu əyani surətdə əks etdirir ki, Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikasında insan hüquq və azadlıqları ali dəyər kimi qəbul edilir, Əsas Qanunun normalarında geniş təsbit olunur və bunların həyatda gerçəkləşməsi konstitusiya nəzarət orqanı səviyyəsində hüquqi müdafiəyə malikdir. Konstitusiya Məhkəməsi milli dövlətçiliyimizin inkişafında, vətəndaş cəmiyyətinin yaranmasında, insan hüquq və azadlıqlarının təmin edilməsində, habelə cəmiyyətdə məhkəmə sisteminə etimadın artırılmasında, qanunların implementasiyası və demokratik hüquq mədəniyyətinin inkişafında avanqard rol oynayır. 1998-ci ildən bu günə qədər Konstitusiya Məhkəməsinə daxil olmuş müraciətlər və sorğular üzrə 164 qərar və 27 qərardad qəbul edilmişdir. Bütövlükdə qəbul edilmiş qərarlardan 40,2 faizi Konstitusiya şikayətləri, 27,4 faizi Ali Məhkəmənin sorğusu üzrə, 9,1 faizi prokurorluğun sorğusu üzrə, 2,4 faizi Nazirlər Kabinetinin sorğusu üzrə, 5,5 faizi məhkəmə müraciətləri üzrə, 2,4 faizi Ombudsmanın sorğusu üzrə, 1,2 faizi Prezidentin sorğusu üzrə, 0,6 faizi Milli Məclisin sorğusu üzrə, 11 faizi isə seçkilərin nəticələrinin yoxlanılması üzrə qəbul edilmişdir. Göstəricilər əyani sübut edir ki, artıq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi milli dövlət orqanları sistemində öz layiqli yerini tutmuşdur. Unutmaq olmaz ki, Konstitusiya Məhkəməsinin qərarları qanun qüvvəsinə malikdir, ümumməcburi xarakter daşıyır. Konstitusiyaya uyğun olmayan qanunlar, digər normativ aktlar Konstitusiya Məhkəməsinin qərarı ilə ləğv edilir, məhkəmə aktları hüquqi qüvvəsini itirir, beynəlxalq müqavilələr isə imzalana, ratifikasiya edilə və qüvvəyə minə bilməz. Məhz buna görə də Konstitusiya və qanunların şərhinə dair Konstitusiya Məhkəməsinin qərarları konstitusiya hüququnun mühüm mənbələri hesab edilir.

"Konstitusiya Məhkəməsi haqqında" Qanuna əlavə və dəyişikliklər" üzrə 2003-cü il 23 dekabr tarixli Qanuna əsasən vətəndaşların pozulmuş hüquq və azadlıqlarının bərpası ilə bağlı birbaşa Konstitusiya Məhkəməsinə müraciət etməsi hüququnun həyata keçirilməsi mexanizmləri müəyyən edilmişdir.

Heydər Əliyevin hakimiyyətdə olduğu illər ərzində respublikamız Qərb hüquq məkanına uğurla inteqrasiya etmişdir. Vətəndaşın ümumi yurisdiksiya məhkəmələrinin qərarlarından konstitusiya şikayəti verə bilməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə Avropa İttifaqı hüququna münasibətdə öz mövqeyini müəyyənləşdirməsinə geniş imkanlar yaratmışdır. Odur ki, Avropa İttifaqı hüququnun tətbiqinin başlıca prinsiplərinin müdafiəsində əsas ağırlıq da məhz milli Konstitusiya Məhkəməmizin üzərinə düşür. Bu, önəmli məqamdır. Çünki respublikamız "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya", "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt", "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud insan ləyaqətini alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiya" və s. sənədlərə tərəfdar çıxaraq, beynəlxalq hüququn müddəalarının daxili qanunvericiliyə inkorporasiyasına görə öhdəlik götürmüşdür. Qərb hüquq məkanına inteqrasiya dövlətimizin əsas məqsədlərindən biri idi. Çünki ölkəmiz yalnız "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan neft kəməri, tarixi İpək Yolunun bərpası və digər qlobal fəaliyyətlər üzrə Qərbə iqtisadi inteqrasiya ilə kifayətlənə bilməzdi. Ulu öndərin Azərbaycanı Avropa hüquq modeli əsasında gələcək nəsillərə təhvil vermək arzusu daha böyük önəm daşıyırdı, çünki Avropa ölkələri öz gələcək inkişafının ümumi istiqamətlərini birmənalı şəkildə belə müəyyənləşdirmişlər - insan hüquqlarının prioriteti, həqiqi demokratik siyasi rejim və hüququn aliliyi.

Əlbəttə, bu böyük dəyərlər Heydər Əliyevin xalqımızı və Vətənimizi Qorbaçovun "yenidənqurma" avantürası nəticəsində yaranmış xaosdan çıxarmasının, Azərbaycanı məhvolmadan xilas etməsinin başlıca mənəvi motivi olmuşdur. Bəzi üzdəniraqların qara piarlarına, qərəz və böhtanlarına baxmayaraq, müstəqil ölkəmiz özünün bütün parametrləri etibarilə dahi rəhbərimizin siyasi kursuna tamamilə sadiqdir və yaxın ətrafındakı avtoritar rejimlərin əhatəsində əsl demokratiya, azadlıq məkanı kimi yaşayır və inkişaf edir. Bu demokratik dövlət altı ilə yaxındır ki, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük bacarıqla idarə olunur. Ölkəmizdə fərdin, dövlətin və cəmiyyətin həyatının bütün sahələrinin ilk Milli Konstitusiyamızın - ulu öndərimizin şah əsərinin hüquqi tələblərinə uyğunlaşdırılması prosesi gedir. Bu isə Heydər Əliyev ideyalarının qarşısıalınmaz, əbədi xarakterindən irəli gəlir.

Respublikada hər bir vətəndaşın büdcədən maliyyələşən dövlət və hökumət strukturlarında çalışa bilməsi üçün bərabər hüquqi imkanların yaradılması istiqamətində son illər həyata keçirilən tədbirlər, xüsusilə qulluqçuların test imtahanları yolu ilə müəyyənləşdirilməsi demokratik dövlət idarəetməsinin bariz ifadəsidir. Korrupsiyaya qarşı mübarizə, elektron-hökumət proqramı çərçivəsində şəffaflaşdırma sahəsində əldə edilmiş nailiyyətlər, nəhayət, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Ombudsman institutunun geniş fəaliyyəti ölkədə konstitusiya mühitinin tam formalaşmasına, inkişafına əlavə imkanlar açıb. Bütün bu fəaliyyətlər keçmiş totalitar sistemdən çıxmış bir xalqın postkommunist məkanda azad demokratik bir cəmiyyətə, hüquqi dövlətçiliyə layiq olduğunu əyani sübut edir, milli maraqlarımızın qorunması sahəsində bütün beynəlxalq təsisatlarda tam bərabərhüquqlu iştirakımıza, təmsilçiliyimizə haqq qazandırır. Ərazimizin 20 faizinin işğalı, bir milyona qədər qaçqın və məcburi köçkünlərimizin olduğu bir vaxtda bu, bizim üçün çox vacib siyasi və tarixi amildir.

Bu gün Heydər Əliyevi daha çox Atatürklə, kansler Adenauerlə, Şarl de Qoll ilə müqayisə edirlər. Lakin ulu öndər müqayisəedilməz bir şəxsiyyət idi. O, beynəlxalq tədric şəraitində və geosiyasi güclərin təhdidləri altında yaşayan bir xalqı bütün dünya dövlətlərinin tanıyıb qəbul etməsinə nail oldu. Bütün bunlara böyük önəm verən respublikamızın Prezidenti, müdrik rəhbərin layiqli siyasi varisi İlham Əliyev haqlı olaraq xüsusi qeyd edir: "Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç kimdən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır". Əlbəttə, bu gün Prezidentin həyata keçirdiyi Heydər Əliyev siyasi kursu özünün dönməz xarakteri, perspektivləri və əbədiliyi ilə alternativsizdir. Çünki onun başlıca qayəsi İnsandır. Artıq heç bir kənar siyasi iradənin - gücün, imperiyanın, ideologiyanın təsiri ilə azərbaycanlının taleyi dar ağacına, sürgünlərə, repressiyalara sürüklənə bilməz. Bu xoşbəxtliyi, azad, firavan həyatı xalqımıza Heydər Əliyev dühası bəxş edib. Əsrlər, nəsillər dəyişəcək, həyat daha da irəliləyəcək, lakin ulu öndərimizin əzəmətli, gur, qətiyyətli səsi daim eşidiləcək, bu milləti, vətəni və insanlığı sevən hər kəsə müqəddəs nümunə olacaqdır: "Mən Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycan kimi vətənim olduğuna, Azərbaycanı təmsil etdiyimə görə özümü xoşbəxt saymışam".

 

 

Müsəddiq Məmmədov,

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsinin

İnsan hüquqları və ictimaiyyətlə

əlaqələr şöbəsinin müdiri

 

Azərbaycan.-2009.-10 iyun.-S.2.