Regional mərkəzlərin yaradılması bölgələrin
inkişafında həlledici şərtlərdən ola bilər
Düzgün şəhərlər
sisteminin yaranması hər bir ölkə daxilində məhsuldar
qüvvələrin səmərəli ərazi inkişaf nisbətinin
təmin edilməsində müstəsnalıq kəsb edir.
Öz mürəkkəbliyi və çoxcəhətliyi ilə
seçilən bu sistem əsasən inkişaf etmiş ölkələrin
sosial-iqtisadi və mədəni həyatında insan
yaşayışı üçün zəruri tarazlıq
mühitini yaradır. Məlumdur ki, çağdaş zəmanəmizdə
maddi istehsal sahələrinin, xüsusən sənayenin, nəqliyyatın,
tikintinin, xidmət və əsas mədəni-sosial sferanın
tərkib hissəsində mühüm yer tutan və yerli şəraitə
münasib müxtəlif şəhərlər inkişaf edir.
Bu da ümumi qarşılıqlı əlaqələr zəminində
cəmiyyətin inkişafı və bütün əsas həyat
tələblərinə uyğun olaraq onların hər biri
üçün müəyyən edilmiş funksiyaların
yerinə yetirilməsini təmin edir. Bu halda iqtisadiyyatın və
mədəni xidmətin bütün mühüm sahələrinin,
paytaxt şəhərində əhalinin həddən artıq
sıxlığının yaranmasının
qarşısı alınır və bununla da onun ölkə
daxilində məqsədəuyğun tarazlı məskunlaşması
təmin olunur.
Sovetlər birliyi zamanında Azərbaycanda
həyatın bütün sahələrində olduğu kimi,
şəhərlərin inkişafında da ən parlaq səhifələrdən
biri keçən əsrin 70-80-ci illərində ulu öndər
Heydər Əliyevin respublikaya rəhbərliyi dövrü
olmuşdur. Ümummilli lider həmin dövrdə müəyyən
etdiyi strategiyaya uyğun olaraq respublikanı hərtərəfli
yüksəliş yoluna çıxarmışdır. Azərbaycanın
sosial-iqtisadi tərəqqisinin XIX əsrin ortalarından
başlanan inkişafında ilk dəfə olaraq iqtisadi həyatın
bütün tərəflərini əhatə edən kompleks
artımın əsası qoyulmuşdur. Bu dolğun
inkişafın mühüm tərkib hissəsi olan məhsuldar
qüvvələrin yerli şəraitə və imkanlara
müvafiq olaraq regionlarda tarazlı inkişaf səviyyəsinin
təmin edilməsi də ön plana çəkilmiş,
respublikanın ümumi yüksəliş məcrasında
şəhərlərin inkişafında böyük
dönüş yaranmışdır. Hər şeydən əvvəl
onların sayı keçən əsrin 60-cı illərinin əvvəlinə
nisbətən 1,4 dəfə artaraq 1985-ci ildə 65-ə
çatmışdır. Sovetlər birliyindən sonrakı
illərdə isə respublikanın idarəolunmasının səriştəsiz
rəhbərlərin əlinə keçməsi nəticəsində
ölkə iqtisadiyyatı xeyli zəifləsə də, əvvəlki
vüsətli yüksəlişin təsiri altında şəhərlərin
sayı 69-a qalxmışdır. Bu dövrdə əhalinin
sayı 5-50 min arasında olan şəhərlərin əhalisi
1962-ci ildəki 14 mindən 1991-ci ildə 24 minə qədər
artmışdır.
Bakı da daxil olmaqla, əhalinin
xeyli sıx cəmləşdiyi Abşeron iqtisadi rayonunun
hüdudlarından kənarda yerləşən başqa ərazilərdə
məhəlli mədəni-iqtisadi mərkəzlər (əyalət
paytaxtları) rolunu oynayan şəhərlərin
formalaşması xeyli sürətlənmişdi. Artıq bu
rayonlarda 1991-ci ildə bir böyük (Gəncə şəhəri)
və əhalinin sayı 50 mindən 100 min nəfərə qədər
olan 5 orta şəhər (Mingəçevir, Naxçıvan,
Şəki, Əli Bayramlı (indiki Şirvan), Xankəndi
mövcud idi. Bu şəhərlər müvafiq iqtisadi
rayonların hərtərəfli inkişafına güclü
təkan verməklə bərabər, onlarda baş verən
yüksək təbii artım nəticəsində
çoxalan əhalinin əsasən ərazinin özündə
məskunlaşmasına əlverişli şərait
yaranmışdı.
Keçid mərhələsindəki
çətinliklər, təbii ki, şəhərlərin
inkişafında mənfi əlamətlərlə
özünü qabarıq şəkildə büruzə verməyə
başladı. Digər tərəfdən, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi nəticəsində
respublikanın bir neçə şəhəri işğal
olundu və dağıdıldı, başqa şəhərlərin
də inkişaf nizamı pozuldu. Xoşbəxtlikdən Azərbaycan
cəmiyyəti müstəqillik illərində hərc-mərclik
və xaos mühitində çox az yaşadı. Qısa
müddət ərzində siyasi hakimiyyət yenidən
görkəmli dövlət xadimi, böyük vətənpərvər
və zəngin həyat təcrübəsi olan ümummilli
lider Heydər Əliyevə etibar edildi və ölkənin
bütün potensialı milli mənafelərin qorunması məqsədinə
yönəldildi. Ulu öndərin gərgin səyləri ilə
beynəlxalq əhəmiyyətli "Əsrin müqaviləsi"nin
imzalanması, bazar istehsal münasibətlərinin bərqərar
edilməsi, ölkənin hərtərəfli tərəqqisi
naminə milli sahibkarlığa geniş meydan verilməsi,
torpaq islahatları nəticəsində kənd təsərrüfatının
təşkilinin və inkişafının səmərəliyinin
daha da yüksəldilməsi şəhərlərin vaxtilə
əsası qoyulmuş təbii artımını davam etdirməyə
şərait yaratdı.
Əzəmətli neft
strategiyasının tərkib hissəsi olan çoxşaxəli
boru kəmərlərinin tikilib başa
çatdırılması hesabına respublikamız zəngin
karbohidrogen ehtiyatları ilə dünya bazarlarına daha
geniş miqyasda çıxdı. Qarşıda duran vəzifələrin
Prezident İlham Əliyev tərəfindən böyük
miqyasda və cəsarətlə davam etdirilməsi nəticəsində
şəhərlər sisteminin formalaşması daha məqsədyönlü
məcraya salındı. Cəmi 5 ildə əsasən
regionlarda 766 min yeni iş yerinin açılması,
bütün zəruri infrastruktur şəbəkəsinin
yaradılması həlledici əhəmiyyətə malik oldu.
Dövlət müstəqilliyinin əldə edilməsindən
sonra respublikada daha 3 yeni orta şəhər meydana gələrək
ümumi say 77-yə çatdı. Qabaqcıl dünya ölkələrinin
təcrübəsi göstərir ki, regionların
sosial-iqtisadi və mədəni inkişafında əhalinin
sayı 50 mindən başlayaraq 250-300 min nəfərə qədər
artan, hər cəhətdən əlverişli inkişaf şəraitinə
malik olan orta və böyük şəhərlər mütərəqqi
yeniliklər daşıyıcısı kimi ərazinin səmərəli
mənimsənilməsində, əhalinin düzgün yerləşdirilməsində,
onun məqsədəuyğun təbii artımının tənzimlənməsində
həlledici rol oynayır. Sürətli inkişafla əlaqədar
indi Azərbaycanda belə mərkəzlər formalaşır.
2008-ci ildə belə şəhərlərin sayı 8-ə
çatmışdı. Bundan başqa, hazırda əhalisi
35-40 min arasında olan və sürətlə böyüyən
digər 7 şəhər mövcuddur. Hərtərəfli
inkişafla əlaqədar onların daha geniş miqyasda həyata
keçirdikləri sosial-iqtisadi və mədəni
funksiyaları respublikanın paytaxtında əhalinin həddən
artıq sıxlığını xeyli azalda bilər və
bu, artıq özünü göstərməkdədir. Məsələn,
1960-cı illərin əvvəllərinə nisbətən
Bakının respublikanın şəhərlərində əhalinin
sayına görə xüsusi çəkisi 58-dən 48 faizə
qədər enmişdir. Həm də əlamətdardır ki,
son zamanlar Abşeronda əhali əsasən təbii artım
hesabına çoxalır.
Ümumiyyətlə, orta və
böyük şəhərlərin vahid ərazi daxilində
mövcudluğunun mahiyyəti və əhəmiyyəti nədən
ibarətdir?
Məlumdur ki, dünyanın
qabaqcıl və sivil dövlətlərinin ayrı-ayrı
böyük və orta region şəhərlərinin təsiri
altında bütün ətraf yaşayış yerlərini əhatə
edən səmərəli məhəlli sosial-iqtisadi ərazi
sistemlərinin yaranması müasir inkişafın tələbidir.
Ölkənin ümumi tərəqqisinin əsasını təşkil
edən bu ərazi-təsərrüfat hissələri
istehsalın müxtəlif sahələrinin hərtərəfli
inkişafında, əhalinin ümumi səviyyəsinin
yüksəldilməsində və maddi rifahının
yaxşılaşdırılmasında, insanların müasir
ideyalarla maariflənməsində, onların
dünyagörüşünün genişlənməsində
əhəmiyyətli rol oynayır. Bütün qabaqcıl
dünya ölkələrinin həyatında baş verən
bu zəruri prosesi Azərbaycan da keçir. Ölkə ərazisinin
özünəməxsusluğu və onun səciyyəvi cəhətləri
formalaşan bu ərazi sistemlərinin respublika
üçün vacibliyini xüsusilə ortaya qoyur. Azərbaycan
kiçik əraziyə malik olsa da, onun bütün
regionları əhalinin məskunlaşması
üçün kifayət qədər əlverişli şəraitə
malikdir. Azərbaycan eyni zamanda əhalinin nisbətən
yüksək təbii artımı ilə səciyyələnən
ölkədir. Hələ keçən əsrin 80-ci illərinin
ortalarında respublika əhalisinin 6-6,5 milyon nəfərə
qədər olduğu bir dövrdə onun orta illik təbii
artımı 120-130 min, bəzi hallarda isə daha çox
olmuşdur. İndi müharibə şəraitində olan
ölkəmizdə əhalinin təbii artımı təxminən
ildə 100 min nəfərə bərabərdir. Ehtimal etmək
olar ki, respublikada hər 7-8 ildən bir təxminən əhali
1 milyon nəfərə qədər artacaq. Artan əhalinin hətta
bir hissəsinin daha münasib sosial-iqtisadi şəraitə
malik paytaxtda və Bakıətrafı qəsəbələrdə
məskunlaşması isə respublika üçün ciddi
problemlər yarada bilər. Bu baxımdan dövlət
investisiyası, eləcə də özəl şirkətlərin,
sahibkarların fəaliyyəti elə məqsədəuyğun
istiqamətə yönəldilməlidir ki, Bakı və
Abşeron iqtisadi rayonundakı həyat şəraiti başqa ərazilərdə
də yaransın və bu prosesin gedişi xeyli sürətləndirilsin.
Prezident İlham Əliyevin 11 fevral 2004-cü il tarixli Fərmanı
ilə təsdiq edilmiş regionların sosial-iqtisadi
inkişafı (2004-2008-ci illər) dövlət proqramı əsasında
son 5 ildə bu sahədə möhtəşəm tədbirlər
həyata keçirilmişdir. Ölkə üçün həlledici
işləri daha miqyaslı səviyyədə davam etdirməkdən
ötrü isə 2009-2013-cü illəri əhatə edən
yeni regional sosial-iqtisadi inkişaf proqramı qəbul
olunmuşdur. Bu proqramın əsas məqsədləri fərmanın
giriş hissəsində geniş şərh edilmişdir.
Regionların mövcud potensialından daha səmərəli
istifadə etməklə yerlərdə sənaye sahələrinin
və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, bu işdə
sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini
yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə
nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli
inkişaf etdirmək bu gün də dövlətin
qarşısında duran əsas vəzifələrdəndir.
Ona görə də ölkədə iqtisadiyyatın
diversifikasiyasına və onun dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və
kommunal xidmətlərin səviyyəsinin daha da
yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin
davamlı olaraq yüksəldilməsinə nail olmaq kimi əsas
məqsədlər yeni proqramda qarşıya qoyulmuşdur.
Təbii ki, regionların
sosial-iqtisadi inkişafına göstərilən bu
böyük qayğının şəhərlərin də
böyüməsinə təsiri əvvəlki illərə
nisbətən daha güclü olacaq və onlar, öz növbəsində,
genişlənən funksiyaları ilə regionlarda məhsuldar
qüvvələrin səmərəli ərazi nisbətlərinin
yaranmasına böyük təsir göstərəcək.
Regionlarda böyük və orta şəhərlər
timsalında (onları şərti olaraq regional mərkəzlər
adlandırmaq olar) ərazinin əsas mədəni-iqtisadi mərkəzi
kimi təyinatlarına uyğun olaraq istehsalın, xüsusən
sənayenin çoxşaxəli mühüm sahələri
yüksək səviyyədə inkişaf etdirilməlidir.
Bunun üçün respublika və ümumregion təyinatlı
müəssisələr yalnız həmin şəhərlərdə
cəmləşməlidir. Həmçinin burada əhalinin mənəvi
tələbatını ödəyən, insan həyatını
zənginləşdirən müəssisələr, yeni tələbatdan
irəli gələn elmi-tədqiqat institutları, habelə
ali məktəblər də olmalıdır. Ətraf şəhərlərdə
və başqa kiçik yaşayış məntəqələrində
isə bilavasitə yerli tələbata xidmət edən müəssisələr
yaradılmalıdır. Ancaq bu halda əhalinin əsasən
regionların özündə yaşamaq şəraiti yarana
bilər. Bu mərkəzlərin mühüm
üstünlüklərindən biri də ondan ibarətdir ki,
onlarda həm kişi, həm də qadınlar öz peşələrinə
və ixtisaslarına, eləcə də arzularına
münasib iş yerləri tapa və müasir inkişafın
bütün imkanlarından bəhrələnmək imkanı
qazanarlar. Çağdaş zəmanəmizdə nəqliyyat
vasitələrinin bolluğu və yollar şəbəkəsinin
şaxəli inkişafı imkan verir ki, region əhalisinin
müxtəlif təbəqələri bu mərkəzlərin
iş yerlərindən və xidmət sahələrindən
çətinlik çəkmədən istifadə etsin.
Böyük və orta şəhərlərin regionların
sosial-iqtisadi inkişafında müstəsna rolunu qiymətləndirən
ölkə başçısı İlham Əliyev 23 sentyabr
2008-ci ildə Gəncə ictimaiyyəti
qarşısındakı çıxışında
demişdir: "Artıq deyə bilərəm ki, Gəncə
regional müstəvidə öz yerini tutan bir şəhərdir.
Burada istənilən regional paytaxta xas olan bütün şərait
var. Bəlkə bəzi hallarda daha da yuxarı səviyyədədir".
Geniş tərəqqi yoluna qədəm
qoymuş bütün dövlətlər həmahəng
inkişafın zəruri tələbi kimi regionlarda məhsuldar
qüvvələrin tarazlı yüksəlişinə həmişə
xüsusi diqqət yetirmişlər. Müxtəlif ölkələr
bu problemin yerli şəraitə uyğun özünəməxsus
imkanlarından istifadə etmişlər. Hətta bir sıra
ölkələrdə kəskin şəkildə
özünü büruzə verən bu problemin inzibati qaydada
həllinə cəhd göstərmişlər. Lakin bu,
gözlənilən nəticəni verməmişdir. Məsələn,
hələ keçən əsrin 30-cu illərində Moskva
şəhərinin həddən artıq böyüməsinin
qarşısını almaq məqsədilə dövlətin
qərarı əsasında paytaxtdan 25 iri sənaye müəssisəsinin
çıxarılması planlaşdırılsa da, bu iş
baş tutmamış, əksinə, Moskva əhalisi artmaqda
davam etmişdir. Faktlar göstərir ki, dünyanın əksər
ölkələrində tamamilə düzgün olaraq ərazinin
müxtəlif hissələrində müxtəlif zəruri
infrastruktur və istehsal sahələrini genişləndirməklə
(indi Azərbaycanda olduğu kimi) onların sosial-iqtisadi və
mədəni inkişafının qarşısında duran vəzifələr
uğurla həll oluna bilər. Bu gün həmin ölkələrin
müxtəlif regionlarında inkişaf edən əyalət
paytaxtlarının təsiri altında müvafiq ərazi hissələrinin
ümumi həyat tərzinin səmərəli və həmahəng
yüksəlişi göz qabağındadır.
Tərəqqinin hazırkı
yüksək mərhələsində respublikanın əyalət
mərkəzləri sırasına Gəncədən başqa
Qazax, Yevlax, Mingəçevir, Ağdam, Xankəndi, Lənkəran,
İmişli, Salyan, Şirvan, Xaçmaz, Şamaxı və
Naxçıvan şəhərlərini aid etmək olar.
Böyük və orta şəhərlərin sürətli
artımı bütünlüklə respublikanın və onun
regionlarının heç zaman görünməmiş tərəqqisinin
ifadəsidir. Məlumdur ki, müxtəlif təbii sərvətlərlə
və başqa imkanlarla xeyli zəngin olan Azərbaycan uzun
müddət onlardan milli mənafelər naminə səmərəli
istifadə etmək üçün nə sərbəst hərəkət
etmək ixtiyarına, nə də lazımi maliyyə vəsaitlərinə
malik olmuşdur. Yalnız müstəqillik əldə etdikdən
sonra bu imkan qazanılmışdır. Özü də Azərbaycan
dövlət müstəqilliyinə nail olduqdan sonra ölkənin
tərəqqisi üçün heç zaman qısa vaxt ərzində
indiki qədər sərmayə qoymaq iqtidarında
olmamışdır. Məsələn, təkcə cənab
İlham Əliyevin Prezident olduğu birinci müddətdə
ölkə iqtisadiyyatına 44 milyard dollar sərmayə
qoyulmuşdur ki, bu da bütün müstəqillik
dövründə həmin məqsəd üçün sərf
olunan xərclərin 77 faizini təşkil edir. Bunun nəticəsidir
ki, son zamanlar neft amilinin güclü təsiri ilə (2008-ci
ildə 44,5 milyon ton neft, 22,8 milyard kubmetr qaz istehsal
edilmişdir) sosial-iqtisadi sahənin yüksək
inkişafı (bu müddət ərzində ümumi daxili məhsul
2,7 dəfə, bir o qədər də sənaye istehsalı
artmışdır), milli sahibkarlığın fəaliyyətinin
böyük miqyasda genişləndirilməsi (2007-ci ildə
ölkənin müxtəlif ərazi hissələrində 79
minə qədər hüquqi və 259 mindən çox fiziki
təsərrüfat subyekti fəaliyyət göstərir),
qeyri-neft sektorunun sürəti və onun sahə quruluşunun
xeyli şaxələnməsi (ÜDM-in həcmində son 15 ildə
qeyri-neft sektorunun xüsusi çəkisi 1,8 dəfə
artmışdır), əhalinin məşğulluq səviyyəsinin
yaxşılaşdırılması (vəd edilən 600 min əvəzinə
2003-2008-ci illərdə 766 min yeni iş yerinin
açılması), Azərbaycanda yoxsulluğun kəskin surətdə
azaldılması, insanların maddi rifah halının müntəzəm
artması ölkə daxilində əhalinin bərabər yerləşdirilməsi
meylini gücləndirmişdir. Bu da təbii olaraq böyük
və orta şəhərlərin tez bir zamanda formalaşma
imkanlarını artırır.
Nisbətən kiçik və
yığcam əraziyə malik Azərbaycanın hər yerində
insanların ümumi yaşayış və həyat fəaliyyəti
üçün münasib olan, respublika iqtisadiyyatının
tərkib hissəsini təşkil edən ayrı-ayrı
regionların sərvət və başqa imkanlarına əsaslanan
geniş tərkibli ərazi istehsal kompleksinin böyük və
orta şəhərlərin təsiri dairəsində təşəkkülü,
ölkə daxilində məhsuldar qüvvələrin məqsədəuyğun
yerləşməsi zamanın tələbidir. Bu gün
yüksək sürətlə inkişaf edən Azərbaycan
iqtisadi mühitində bu proses xeyli müvəffəqiyyətlə
aparılır. Artıq Bakı da daxil olmaqla, Abşeron
iqtisadi rayonunun hüdudlarından kənarda yerləşən
hər bir başqa iqtisadi rayonun özünəməxsus
istehsal inkişaf istiqaməti və sahə quruluşu
formalaşmış, aparıcı şəhərlərin
artım sürəti xeyli yüksəlmişdir.
Beləliklə, tam əminliklə
demək olar ki, dünyanın qabaqcıl ölkələrinə
xas olan sahmanlı və tarazlı sosial-iqtisadi ərazi
inkişaf mərhələsi tezliklə Azərbaycanda da
yaranacaq və müxtəlif rayonlardan paytaxta əhali
axını öz təbii məcrasına düşəcək.
Asəf Nadirov,
əməkdar elm xadimi, akademik
Azərbaycan.-2009.-10iyun.-S.4.