AzərTAc Azərbaycan həqiqətlərinin dünyaya
yayılmasında mühüm rol oynayır
"Şərq-Qərb" nəşriyyatında "Qloballaşan dünyada informasiya hamı üçün" kitabı çapdan çıxmışdır. Azərbaycan, ingilis və rus dillərində çap olunmuş yeni nəşrdə 2008-ci il sentyabrın 1-dən 4-dək Bakıda keçirilmiş Asiya və Sakit okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) İcraiyyə Komitəsinin 30-cu iclasının materialları, tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunmasına dair reportaj, ayrı-ayrı agentliklərin rəhbərlərinin səfər təəssüratları əksini tapmışdır.
Kitabın ön sözündə deyilir ki, bu iclasın AzərTAc-ın təklifi ilə Bakıda keçirilməsi beynəlxalq aləmə hərtərəfli inteqrasiya yolu seçmiş Azərbaycan Respublikasının ictimai həyatında mühüm hadisələrdən biri olmuşdur. Çünki ilk dəfə idi ki, 21 ölkənin milli informasiya agentliklərinin rəhbərləri və yüksək vəzifəli təmsilçiləri, o cümlədən OANA-nın hazırkı prezidenti, İndoneziyanın Antara agentliyinin baş icraçı direktoru Əhməd Muxlis Yusuf Azərbaycanın paytaxtına gəlmişdi. Eyni zamanda, Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Avstriyanın APA agentliyinin baş icraçı direktoru Volfqanq Vislozil, Bolqarıstanın BTA agentliyinin baş direktoru, Fransanın Frans-Press agentliyinin departament rəhbəri, habelə İordaniyanın PETRA agentliyinin nümayəndəsi Bakıda olmuşlar.
Azərbaycan həqiqətlərini
dünyada geniş yaymağı fəaliyyətinin əsas
istiqaməti kimi müəyyənləşdirən AzərTAc
beynəlxalq əlaqələrinin genişləndirilməsinə
xüsusi əhəmiyyət verir.
Azərbaycan Prezidenti İlham Əliyevin
iclas iştirakçılarına ünvanladığı məktubda
belə mötəbər tədbirin Bakıda təşkilinin
əhəmiyyəti yüksək qiymətləndirilmişdir.
Kitabın növbəti səhifələrində
tədbir iştirakçılarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə
qəbul olunması, bu görüş zamanı
informasiyanın müasir dövrdə rolu, dünya informasiya məkanında
baş verən proseslər, insanlara dəqiq, düzgün,
obyektiv informasiyanın çatdırılması
üçün agentliklərin fəaliyyətinin
düzgün qurulmasının istiqamətləri, ölkəmiz
haqqında doğru, hər bir riyakarlıqdan uzaq məlumatların
yayılması barədə aparılan fikir mübadiləsi,
dövlətimizin başçısı tərəfindən
verilən tövsiyələr öz əksini
tapmışdır.
OANA İcraiyyə Komitəsinin
Bakıda keçirilən iclasına həsr olunmuş məqalədə
isə ölkəmizin baş informasiya agentliyinin beynəlxalq
informasiya məkanında mövqeyini möhkəmləndirməsi,
həm ayrı-ayrı dövlətlərin informasiya agentlikləri,
həm də beynəlxalq informasiya təşkilatları ilə
qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq
münasibətlərinin qurulması istiqamətində son illər
atılan addımlar barədə geniş məlumat verilir.
Nəşrdə OANA-nın
prezidenti, Antara agentliyinin baş icraçı direktoru doktor Əhməd
Muxlis Yusufun, EANA prezidenti, APA-nın icraçı direktoru
Volfqanq Vislozilin, Azərbaycan Prezidenti Administrasiyasının
Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanovun, İTAR-TASS-ın baş direktorunun
birinci müavini Mixail Qusmanın, KYODO agentliyinin Beynəlxalq əlaqələr
departamentinin icraçı direktoru Masaru Savanişinin, Anadolu
agentliyi İdarə Heyətinin sədri və baş direktoru
Hilmi Benginin, OANA Katibliyinin sədri - Antaranın baş
direktorunun müavini Əhməd Hüseyninin, SİNXUA
agentliyinin Xarici əlaqələr departamenti baş direktorunun
köməkçisi Liu Yanqın, İRNA agentliyinin beynəlxalq
əlaqələr üzrə direktoru Mortəza Geranqədrin,
KUNA agentliyinin Beynəlxalq əlaqələr departamentinin
direktoru İsam əl-Ruvayenin, YONHAP agentliyinin İnformasiya
biznesi departamentinin baş direktoru Kim Çanq-Hoeinin, BERNAMA agentliyinin
baş redaktoru Soo Heonqun, VNA agentliyinin Dünya xəbərləri
departamentinin direktoru Nquyen Anh Tuanın, SANA agentliyinin Moskva
bürosunun direktoru Fəhd Kamnakeçin, PETRA agentliyinin
baş müxbiri Mövlüd Abdulla Riqaybatının, WAM
agentliyinin İnformasiya texnologiyaları departamentinin müdiri Əhməd
Nəcibin, "KABAR" agentliyinin direktoru Narın
Ayıpın, KAZİNFORM agentliyinin prezidenti Dauren Diyarovun,
MONTSAME agentliyinin baş direktoru Tuqalxuuqiyn Baasansurenin
çıxışlarında informasiya agentlikləri
arasında gələcək əməkdaşlığın
istiqamətləri barədə rəy və təkliflər səslənmiş,
tədbirin yüksək səviyyəli təşkilinə
görə minnətdarlıq ifadə olunmuşdur.
Kitabda OANA İcraiyyə Komitəsinin
iclası çərçivəsində təşkil
olunmuş "Mədəniyyət", "Təbiət"
və "İdman" nominasiyaları üzrə
fotomüsabiqənin yekunları və qaliblərin
mükafatlandırılması, tədbir
iştirakçılarının Səngəçal
terminalı və İçərişəhərlə
tanışlığı, Heydər Əliyev Fondunda və
Milli Azərbaycan Tarixi Muzeyində olmaları barədə məlumatlar
da yer almışdır.
AzərTAc ilə Monqolustanın
MONTSAME agentliyi arasında protokolun və Koreya
Respublikasının YONHAP agentliyi arasında əməkdaşlıq
və informasiya mübadiləsi haqqında müqavilənin
imzalanması mərasimləri haqqında da məlumatların əksini
tapdığı kitabda mötəbər beynəlxalq tədbirin
iştirakçıları ilə AzərTAc-ın müxbirlərinin
müsahibələrinə, Bakıda keçirilmiş iclasdan
sonra vətənlərinə qayıdan qonaqların Azərbaycan
və tədbirin təşkili haqqında fikir və rəylərinin
əks olunduğu məqalələrə geniş yer
verilmişdir. İstər müsahibələrdə, istərsə
də məqalələrdə dünyanın müxtəlif
informasiya agentliklərinin görkəmli mütəxəssisləri
OANA İcraiyyə Komitəsinin 30-cu iclasının yüksək
səviyyəli təşkilini, Bakıda olduqları dövrdə
xalqımızın hədsiz qonaqpərvərliyinin, Azərbaycanın
sürətli inkişafının şahidi olduqlarını
qeyd edirlər.
Kitabda beynəlxalq forumun
keçirildiyi dövrdə bu barədə dünyanın
müxtəlif KİV-də verilmiş məlumatlar da əksini
tapmışdır.
Çoxlu rəngli fotoşəkillərin
verildiyi kitab yüksək poliqrafik keyfiyyəti və nəfis
tərtibatı ilə diqqəti cəlb edir.
Azərbaycan.-2009.-10 iyun.-S.5.