Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin Azərbaycana marağı artıb

 

Dünya ticarət məhsullarının 90 faizindən çox hissəsi dəniz nəqliyyatı vasitəsilə daşınır və bu daşımalar həyata keçirilərkən təhlükəsizliyin təmin olunması ümdə məsələlərdən biridir. Elə buna görə də dəniz nəqliyyatı sahəsində beynəlxalq vahid standartların müəyyən edilməsi, eləcə də qəbul olunmuş normativlərə riayət edilməsinə nəzarət edən effektiv mexanizmin yaradılması zərurəti nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının strukturuna daxil olan Beynəlxalq Dəniz Təşkilatı yaradılmışdır.

Beynəlxalq Dəniz Təşkilatının yaradılması ilə dəniz nəqliyyatı sahəsində beynəlxalq standartların yaradılması, onların inkişaf etdirilməsi, bu standartların dəniz dövlətləri tərəfindən qəbul edilməsi və universal qaydada yerinə yetirilməsi istiqamətində beynəlxalq dəniz nəqliyyatı sahəsində canlanma meydana gəldi. Beynəlxalq Dəniz Təşkilatı qarşıya qoyulmuş məqsədlərə nail olunması üçün effektiv fəaliyyət göstərən təşkilata çevrildi. Təşkilat tərəfindən dənizçiliyin hər bir sahəsinə dair çoxlu sayda konvensiya və məcəllələr, eləcə də müxtəlif reqlamentlər və təlimatlar hazırlanaraq qəbul edilmişdir. Bu sənədlər 168 üzv dövlətin iştirak etdiyi komitə və altkomitələrin sessiyaları, habelə Beynəlxalq Dəniz Təşkilatının assambleyaları kimi tədbirlərdə müzakirə edilərək qəbul olunur.

Belə tədbirlərdən biri də 25 may-6 iyun 2009-cu ildə London şəhərində keçirilən Beynəlxalq Dəniz Təşkilatının Dəniz Təhlükəsizliyi Komitəsinin 86-cı sessiyası idi. Həmin sessiyada Azərbaycan Respublikasını rəhbərlik etdiyim və aparıcı mütəxəssislərdən ibarət nümayəndə heyəti təmsil edirdi. Sessiyanın gündəliyində dənizdə təhlükəsizliyin artırılması üzrə tədbirlər, dəniz quldurluğunun qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər, yeni gəmilərin inşa edilməsinə dair standartlar, dənizdə həyata keçirilən xilasetmə və axtarış fəaliyyətinin təkmilləşdirilməsi, Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlər tərəfindən dövlət nəzarətinin həyata keçirilməsi vəziyyəti və təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət mexanizminin gücləndirilməsi metodları ilə əlaqədar məsələlərin müzakirə edilməsi nəzərdə tutulmuşdu.

Sessiya zamanı Somali sahillərində ticarət gəmilərini dəniz quldurlarının basqınlarından mühafizə etmək məqsədilə həyata keçirilən tədbirlər barədə təqdimat dinlənilmiş, dəniz quldurlarının gəmiləri ələ keçirmək üçün əl atdıqları müxtəlif vasitələr haqqında danışılmış və son zamanlar dəniz quldurlarına mərdliklə müqavimət göstərmiş gəmi heyətləri barədə tədbir iştirakçılarına məlumat verilmişdir.

Dəniz quldurluğu ilə bağlı məsələlərə Dəniz Təhlükəsizliyi Komitəsinin 86-cı sessiyasında geniş yer ayrılmasına səbəb son dövrlərdə dəniz quldurluğu hallarının artması və daha geniş miqyas alması, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsinə baxmayaraq, bu problemin tamamilə aradan qaldırılmasına nail olunmaması idi.

Sessiyada keçirilmiş digər müzakirələr zamanı üzv dövlətlərin dəniz nəqliyyatı sahəsində mövcud beynəlxalq konvensiyaların tələblərinə riayət etmələri vəziyyəti, yeni inşa olunan gəmilərə tətbiq edilməli standartlar, təsnifat cəmiyyətlərinin fəaliyyətlərinə nəzarət edilməsi ilə bağlı məsələlər müzakirə edildi və bunlarla bağlı altkomitələrin və işçi qruplarının məruzələri dinlənildi. İclasda beynəlxalq konvensiyaların tələblərinə əməl olunması vəziyyətinin müəyyən edilməsi məqsədilə Beynəlxalq Dəniz Təşkilatının ekspert qrupu tərəfindən audit yoxlaması keçmiş üzv dövlətlərin, habelə yoxlamaların keçirilməsi planlaşdırılan dövlətlərin siyahısı nümayəndə heyətlərinə təqdim olundu.

Dinləmələrdə Azərbaycan Respublikasının qoşulmuş olduğu konvensiyaların tələblərinə tam əməl edilməsi, xüsusilə də bu sahənin daim dövlət nəzarətində saxlanılması nümayəndə heyətlərinin nəzərinə çatdırıldı.

Bununla yanaşı, görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi siyasət nəticəsində respublikanın bütün sahələri üzrə dinamik inkişafı, o cümlədən Azərbaycanda dəniz nəqliyyatı sahəsində görülmüş işlər, dövlət başçısının bu sahəyə göstərdiyi xüsusi diqqət və qayğı, həyata keçiriləcək tədbirlər, habelə Beynəlxalq Dəniz Təşkilatı ilə Azərbaycan Respublikası hökuməti arasında əməkdaşlıq barədə Beynəlxalq Dəniz Təşkilatına, eləcə də üzv dövlətlərə geniş məlumat verildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir başqa nəzarəti altında dəniz nəqliyyatı sahəsində keçirilmiş tədbirlər Beynəlxalq Dəniz Təşkilatına üzv dövlətlərin diqqətinin ölkəmizə yönəlməsinə səbəb olmuşdur. Bunun nəticəsi kimi biz dənizçilər dövlət başçısının etimadını doğrultmaq və Azərbaycanın dəniz nəqliyyatı sahəsində qabaqcıl dövlətlərdən birinə çevrilməsi məqsədilə əlimizdən gələni əsirgəməyəcəyik.

 

 

Qüdrət Qurbanov,

Azərbaycan

Respublikasının Dövlət Dəniz

Administrasiyasının rəisi

 

Azərbaycan.-2009.-10 iyun.-S.5.