Bakıda "Kaspian
Eyr Karqo Sammit 2009" üçüncü
zirvə görüşü
işə başlamışdır
İyunun 9-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanındakı "Holidey İnn" mehmanxanasında Amerika, Avropa və Asiyanın 30-dək ölkəsinin yükdaşımalar üzrə ixtisaslaşmış aviaşirkətlərinin "Kaspian Eyr Karqo Sammit 2009" üçüncü zirvə görüşü açılmışdır.
Hava Limanları və Aviadaşımalar üzrə Beynəlxalq Təşkilatın (TİASA) rəhbərliyi, Azərbaycanın "Silk Way" yük aviasiya və İsveçin "Euroavia İnternational" şirkətlərinin təşkilatçılığı ilə keçirilən sammitdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, ABŞ-ın "Dallas Vorld Karqo" şirkətinin icraçı direktoru Enrique Rivera, Fransanın "Airbus" şirkətinin icraçı direktoru Antuan Komte, Böyük Britaniyanın "Eurasian Karqo London" şirkətinin icraçı direktoru İgnazio Koraci, həmçinin Almaniya, Rusiya, Niderland, İsrail, Qazaxıstan, Çin, İtaliya, Danimarka və digər ölkələrdən nümayəndələr iştirak edirlər.
Tədbiri açan İsveçin "Euroavia İnternational" şirkətinin direktoru Lars Gunnar Komen dünya maliyyə-iqtisadi böhranının davam etdiyi bir vaxtda belə sammitin keçirilməsini yüksək qiymətləndirmiş, əmin olduğunu bildirmişdir ki, toplantı aviaşirkətlər arasında əməkdaşlığın inkişafına müsbət təsir göstərəcəkdir.
Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov dünyanın tanınmış aviaşirkətlərinin çoxsaylı nümayəndələrini növbəti dəfə Bakıda salamlamışdır. Qeyd olunmuşdur ki, dünya iqtisadi sisteminə fəal inteqrasiya edən Azərbaycanın həm də əlverişli coğrafi mövqeyi vardır. Azərbaycan iki qitənin - Avropa və Asiyanın qovuşuğunda, hava və dəniz, avtomobil və dəmiryollarının keçdiyi Transqafqaz nəqliyyat dəhlizinin mərkəzində yerləşir.
Azərbaycandan keçən, Avropa və Asiyanı birləşdirən Böyük İpək yolu ənənəsi hazırda geniş formatda davam etdirilir, daha çox region, ilk növbədə, bütün dünyanı bir-birinə yaxınlaşdıran aviasiya nəqliyyatı vasitəsilə qarşılıqlı surətdə iqtisadi əməkdaşlığa cəlb olunur. Bu zirvə toplantısının artıq üçüncü dəfə regionda yükdaşımaların mərkəzi olan Bakıda keçirilməsi də mühüm əhəmiyyətə malikdir. Azərbaycan hazırda Avropa Birliyinin Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizinin (TRASEKA) inkişafı proqramının fəal iştirakçısıdır.
A.Məmmədov vurğulamışdır ki, Azərbaycan Prezidenti İlham Əliyev regional əməkdaşlığa böyük əhəmiyyət verir. Sonuncu sammitin keçirildiyi vaxtdan bir qədər sonra böhranın başlanmasına baxmayaraq, Azərbaycan mülki aviasiyası, o cümlədən yük aviasiyası öz potensialını artırmaqda davam edir. Qeyd olunmuşdur ki, "Azərbaycan Hava Yolları" QSC özünün aviasiya parkını planlı şəkildə yeniləşdirir. Son illər ölkə daxilində və yaxın ölkələrə regional uçuşlar üçün nəzərdə tutulmuş 6 "ATR-72-500" və "ATR-42-500" Fransa təyyarəsi almışdır. 2 "Boeing-737-900" və 3 "Boeing-787-8" təyyarələri də alınmışdır və 2010-cu ildə ölkəmizə gətiriləcəkdir.
Bakı yük terminalının inkişafının 2-ci mərhələsində ayrıca perronu olan terminalın tikintisinin nəzərdə tutulduğunu diqqətə çatdıran A.Məmmədov bunun azad iqtisadi zona çərçivəsində həyata keçiriləcəyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, ən yaxın zamanlarda uçuşların coğrafiyasının Şimali Amerika qitəsinə qədər genişləndirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması nəzərdə tutulur.
A.Məmmədov demişdir ki, Azərbaycan aviaşirkətləri MDB, Avropa, Asiya və Amerikanın müxtəlif ölkələrində bir çox agentliklər ilə əməkdaşlıq edirlər. "Cargolux", "Lufthanza", "British Mediterranean", "Türkish Airlines", "Austrian Airlines" və zəngin ənənələrə, böyük təcrübəyə malik digər aviaşirkətlər Bakıda öz nümayəndəliklərini açmış və bizim aviaşirkətlərlə sıx əməkdaşlıq qurmuşdur.
Sonra görüşdə çıxış edən "Cargolux" şirkətinin direktoru Ulrix Oqirman, "Famder & Manging" şirkətinin direktoru Glenn Vicks, "Lufthanza" şirkətinin vitse-prezidenti Thilo Schmid və digər şirkətlərin təmsilçiləri iş təcrübələrini bölüşmüşlər. Regionda yükdaşımalarda Azərbaycanın getdikcə artan əhəmiyyətini vurğulamışlar.
Aviadaşımaların təşkili və planlaşdırılması məsələlərinin müzakirə edildiyi sammit iyunun 10-da başa çatacaqdır.
AzərTAc
Azərbaycan.-2009.-10 iyun.-S.6.