"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə bağlı "dəyirmi masa"

 

İyunun 9-da İqtisadi İnkişaf Nazirliyində (İİN) beynəlxalq maliyyə institutları və donor təşkilatlarının iştirakı ilə Azərbaycan Prezidentinin 2009-cu il 14 aprel tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təqdimatına həsr olunmuş "dəyirmi masa" keçirilmişdir.

Tədbirdə İİN ilə yanaşı, Avropa Komissiyasının, ATƏT-in, BMT-nin, ABŞ-ın USAİD-in, Almaniyanın GTZ, İsveçrənin SECO, Türkiyənin TİKA təşkilatlarının, Dünya, KfV və Asiya İnkişaf banklarının nümayəndələri iştirak etmişlər.

"Dəyirmi masa"nın məqsədi Azərbaycanda fəaliyyət göstərən beynəlxalq maliyyə institutları və donor təşkilatlarının yeni Dövlət Proqramı haqqında məlumatlandırılması və icrasında iştirak imkanlarının müzakirə edilməsi idi.

İİN-in şöbə müdiri Əsgər Ələkbərov bundan əvvəlki proqramın uğurla icra olunduğunu vurğulamış, yeni proqramın həyata keçirilməsində beynəlxalq maliyyə institutları və donor təşkilatlarının rolunun əhəmiyyətini qeyd etmişdir.

Nazirliyin şöbə müdiri Sahib Məmmədov yeni Dövlət Proqramı haqqında ətraflı məlumat vermişdir.

Beynəlxalq maliyyə təsisatları və donor təşkilatlarının nümayəndələri təmsil etdikləri qurumların dəstəyi ilə Azərbaycanda reallaşdırılan layihələr barədə məlumat vermiş, yenilərinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırmışlar.

Tədbirdə yeni Dövlət Proqramının icrasına beynəlxalq maliyyə təşkilatlarının və donorların dəstəyi ilə bağlı geniş fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-10 iyun.-S.6