Azərbaycanda şahmatın inkişaf
etdirilməsi Dövlət
Proqramı təsdiq edilmişdir
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Dövlət Proqramının təsdiq edilməsi barədə Prezident İlham Əliyevin müvafiq sərəncamının əhəmiyyətini vurğulamış və bildirmişdir ki, dövlət tərəfindən göstərilən yüksək qayğı Azərbaycan şahmatçılarının beynəlxalq yarışlarda yeni qələbələr qazanmasına zəmin yaratmışdır. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan bəri keçən müddətdə şahmatçılarımız müxtəlif beynəlxalq yarışlarda, Dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edərək yüksək nəticələrə nail olmuş, 75, o cümlədən 25 qızıl medal qazanmışlar.
Azərbaycanda güclü şahmat məktəbi formalaşmışdır. Hazırda Azərbaycanda 22 beynəlxalq qrossmeyster, 15 beynəlxalq usta, 8 FİDE ustası və 8 beynəlxalq hakim vardır. FİDE-nin 2009-cu ilin aprelində elan etdiyi reytinq cədvəlində Azərbaycan 153 ölkə arasında 5-ci yeri tutmuşdur.
Nazir Azərbaycanda şahmat-qrossmeyster məktəbinin açılmasına çox böyük tələbat olduğunu söyləmişdir. Dünyada ən gənc yığma komanda Azərbaycan yığmasıdır. Azərbaycanda şahmat üzrə beynəlxalq turnir və Qran-pri turnirləri keçirilməsi ənənə halı almışdır və bu ona sübutdur ki, ölkəmizdə idmanın şahmat növü geniş inkişaf etmişdir. Son 3 il ərzində Gənclər və İdman Nazirliyi şahmatçıların müxtəlif dünya çempionatlarında, Qran-pri turnirlərində, təlim-məşq toplanışlarında iştirakına 500 min manata qədər vəsait ayırmışdır. Bundan sonra da şahmatçılara hər cür kömək göstəriləcəkdir.
Tədbirdə Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov çıxış edərək söyləmişdir ki, Dövlət Proqramının əsas məqsədi ölkədə şahmatın və infrastrukturun daha da inkişaf etdirilməsini, beynəlxalq səviyyəli şahmatçıların, məşqçilərin, hakimlərin və digər mütəxəssislərin hazırlanmasını təmin etməklə ölkənin bu sahə üzrə beynəlxalq miqyasda rolunun artırılmasından ibarətdir. Qarşıda duran məqsədlərdən biri də şahmatın ölkədə populyarlaşması, yığmamızın üzvlərinə daha əlverişli şərait yaratmaq, onun tərkibinə psixoloqların cəlb edilməsinə nail olmaqdır. Bunlar şahmatçılarımızın daha yüksək nəticələr əldə etmələrinə böyük kömək göstərəcəkdir.
Təhsil nazirinin müavini Elmar Qasımov demişdir ki, Azərbaycanın şahmat mərkəzinə çevrilməsi hamıya məlumdur. Hazırda respublikada fəaliyyət göstərən 65 uşaq-gənclər şahmat məktəbində 40 minə yaxın uşaq və yeniyetmə məşğul olur.
Yığma komandanın üzvlərindən beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov təkliflərini bildirmiş, şahmatçılarımız üçün birgə təlim-məşq toplanışlarının təşkil edilməsinə ehtiyac olduğunu söyləmişdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.
AzərTAc
Azərbaycan.-2009.-10 iyun.-S.6.