NATO Azərbaycanın ərazi bütövlüyünü
birmənalı dəstəkləyir
Prezident İlham Əliyevin
Belçika Krallığına işgüzar səfərinin
yekunları respublikamızın Avropa İttifaqı ilə
yanaşı, qloballaşan dünyanın siyasi-hüquqi
düzəninin müəyyənləşməsində
mühüm rol oynayan Şimali Atlantika Alyansı ilə
qarşılıqlı faydalı münasibətlərinin
yüksələn xətlə inkişaf etdiyini və
bütövlükdə regionun təhlükəsizliyi
baxımından ciddi amilə çevrildiyini göstərir. Səfər
çərçivəsində NATO rəhbərliyi ilə
keçirilən müxtəlif səviyyəli
görüşlər, aparılan müzakirələr ölkəmizin
Avropa təhlükəsizlik strukturlarına sürətlə
inteqrasiya etdiyini və hərbi-texniki əməkdaşlıq
sahəsində mühüm nailiyyətlər
qazandığını bir daha aşkara çıxarır.
Dövlət
başçısı İlham Əliyevin Brüsseldə təşkilatın
rəhbərliyi ilə görüşlərdə də
xüsusi vurğuladığı kimi, 2009-cu ilin mayında Azərbaycanla
NATO arasındakı hərbi-siyasi əməkdaşlığın
15-ci ildönümü tamam olur. Dövlət
müstəqilliyini qazandıqdan sonra çoxqütblü
inkişaf modelləri sırasından Qərb dəyərlərini
seçən Azərbaycan hərbi-siyasi təhlükəsizliyinə
təminatı gücləndirmək, beynəlxalq birliyin
tamhüquqlu subyektinə çevrilmək üçün
aparıcı beynəlxalq təşkilatlarla, o cümlədən
NATO ilə əməkdaşlığa mühüm önəm
verdi. Xalqın istəyilə Azərbaycanda yenidən
hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev
Şimali Atlantika Alyansı ilə hərbi-siyasi əlaqələrin
dərinləşdirilməsini
balanslaşdırılmış xarici siyasət
doktrinasının prioritet istiqamətlərindən biri kimi
müəyyənləşdirərək bu istiqamətdə
praktik addımların atılmasını təmin etdi.
Alyansın beynəlxalq
münasibətlər sistemində yerini və rolunu nəzərə
alan ulu öndər respublikanın NATO-nun "Sülh naminə
tərəfdaşlıq" (SNT) proqramına qoşulması
barədə qətiyyətli qərar verərək,
1994-cü il mayın 4-də Brüsseldə təşkilatın
çərçivə sazişini imzaladı. Bununla da Azərbaycan MDB məkanında
Ukrayna, Moldova və Gürcüstandan sonra bu proqrama qoşulan
dördüncü respublika oldu. Balanslaşdırılmış
xarici siyasət kursuna üstünlük verən Azərbaycanın
NATO ilə əməkdaşlığa meyillənməsi
region dövlətlərinin ciddi siyasi
qısqanclığı ilə qarşılanmadı. NATO-ya
üzv dövlətlərin 1994-cü il yanvarın 10-11-də
keçirilmiş Brüssel Sammitinin yekun bəyanatında isə
ilk dəfə olaraq Cənubi Qafqazdakı
vəziyyətə dair rəsmi münasibət əksini
tapmışdı. Birgə bəyanatın 21-ci bəndində
təşkilatın regiondakı münaqişələr və
mürəkkəb vəziyyətlə bağlı
narahatlığı ifadə olunur, sülhün, təhlükəsizliyin
başlıca şərti kimi dövlətlərin ərazi
bütövlüyü prinsipi önə çəkilirdi.
Azərbaycan-NATO münasibətləri
son 15 ildə qarşılıqlı maraqlar əsasında,
uğurla inkişaf etdirilir. Rəsmi Bakı alyansla münasibətlərini
regionun geosiyasi özəlliklərini nəzərə almaqla
inkişaf etdirmək, regionda sülh və təhlükəsizliyin
qorunması üçün hərbi-siyasi sahədə birgə
proqramlar həyata keçirmək niyyətini açıq
bildirir. "SNT" proqramı çərçivəsində
əməkdaşlıq ölkəmizə NATO hərbi
strukturları ilə birgə təlimlər keçirmək,
hərbi kadrların hazırlanmasında blokun təcrübəsindən
bəhrələnmək və s. imkanlar yaratmışdır.
Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə,
regionun mühüm enerji layihələrinin təhlükəsiz
gerçəkləşdirilməsinə də əsaslı təminat
kimi nəzərdən keçirilir.
NATO standartlarına cavab verən
peşəkar ordu quruculuğunu ardıcıl surətdə həyata
keçirən Azərbaycan 1997-ci ildən alyansın
Planlaşdırma və Analiz Prosesi Proqramında (PARP) da
yaxından iştirak edir. Bu proqrama əsasən, ölkənin
müdafiə sistemində əsaslı islahatlar
aparılmış, Azərbaycan Silahlı Qüvvələrinin
maddi-texniki təchizatının və döyüş qabiliyyətinin
NATO standartlarına uyğunlaşdırılması istiqamətində
zəruri tədbirlər həyata keçirilmişdir.
Alyansın bir sıra üzv
dövlətlərinin, xüsusilə ABŞ-ın Azərbaycana
hərbi yardımlarının həcminin ildən-ilə
artması da uğurlu əməkdaşlığın bariz
nümunəsinə çevrilmişdir. Azərbaycan NATO-ya
yeni dəvət almış ölkələrin modern ordu
quruculuğu sahəsindəki addımlarını yaxından
izləyir və bunun praktiki cəhətdən tətbiqinə
çalışır. Milli ordu tədricən təşkilatın
əsas götürdüyü standartları mənimsəyir
və mütərəqqi meyarlardan maksimum dərəcədə
bəhrələnir. NATO standartlarına cavab verən peşəkar
ordu quruculuğunu sistemli və ardıcıl şəkildə
davam etdirən Azərbaycan alyansın müxtəlif bölgələrdə
həyata keçirdiyi sülhyaratma missiyasına da töhfəsini
verməyə çalışır. Azərbaycan
Ordusunun əsgər və zabit heyətinin NATO sülhməramlılarının
tərkibində Kosovoda, Əfqanıstanda və İraqda
keçirilən sülhməramlı əməliyyatlarda
iştirak hüququ qazanması respublikamızın beynəlxalq
nüfuzunun güclənməsi baxımından son dərəcə
əhəmiyyətlidir. Bu o deməkdir ki, təşkilat
münaqişə ocaqlarının söndürülməsində,
mübahisələrin çözülməsində, qlobal
planda dünyada sülh və sabitliyin təminatında Azərbaycanın
potensialını, coğrafi-siyasi mövqeyini yüksək
qiymətləndirir.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2004-cü ilin aprelində və
2006-cı ilin noyabrında Brüsselə səfərləri və
NATO Baş mənzil-qərargahında keçirdiyi
görüşlər respublikamızın alyansla münasibətlərini
keyfiyyətcə yeni mərhələyə
qaldırmışdır. Sonuncu səfər zamanı cənab
İlham Əliyevin Azərbaycan adından "Fərdi əməkdaşlıq
üzrə əməliyyat planı"nı NATO rəhbərliyinə
təqdim etməsi isə Azərbaycanla NATO arasında əməkdaşlığın
yeni mərhələsi kimi dəyərləndirilmişdir.
Buna adekvat olaraq alyans rəhbərliyinin son 5 ildə Azərbaycana
diqqəti artırmaq, ölkəmizə hərbi-texniki
yardımları genişləndirmək istəyi qabarıq
sezilir. Azərbaycanın beynəlxalq əməkdaşlığında
NATO-nun yeri və rolu getdikcə güclənir və bu, ikitərəfli
əməkdaşlığın yüksələn xətlə
inkişafında təsdiqini tapır. Xəzərin
enerji resurslarının dinc şəraitdə mənimsənilməsi,
habelə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin,
habelə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin təhlükəsizliyinin
qorunması baxımından Azərbaycan-NATO əməkdaşlığının
mühüm əhəmiyyəti vardır.
Azərbaycan
Prezidenti İlham Əliyevin Belçika Krallığına
bir müddət əvvəl gerçəkləşən
işgüzar səfəri isə mövcud əməkdaşlığın
qarşılıqlı maraqlar əsasında inkişaf
etdirilməsi üçün böyük potensialın
mövcudluğunu önə çıxarmışdır. Dövlət
başçısının NATO-nun mənzil qərargahında
təşkilatın Baş katibi Yaap de Hoop Sxefferlə
görüşündə ikitərəfli münasibətlərin
mövcud durumu və gələcək perspektivləri ətrafında
geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra Prezident İlham Əliyev Şimali
Atlantika Şurasında NATO üzvü olan dövlətlərin
Şuradakı daimi nümayəndələri və səfirləri
qarşısında çıxış etmiş, müzakirələr
aparmışdır. Prezident İlham Əliyev və NATO-nun
Baş katibi Yaap de Hoop Sxeffer keçirdikləri birgə mətbuat
konfransında bir sıra məsələlərə
aydınlıq gətirmişlər. NATO Baş katibi Azərbaycanı
təşkilatın dəyərli tərəfdaşı kimi
dəyərləndirmiş, ikitərəfli münasibətlərin
inkişafından razılığını ifadə
etmişdir. "Artıq on beş ildir ki, "Sülh naminə
tərəfdaşlıq" Proqramı, 2005-ci ildən etibarən
isə "Fərdi tərəfdaşlığın əməliyyat
planı" çərçivəsində
çalışırıq. Təbii ki, Azərbaycan nəinki
regionda, o cümlədən onun hüdudlarından kənarda
mühüm iştirakçıdır. Azərbaycan enerji təhlükəsizliyi
baxımından çox vacib bir ölkədir və NATO-nun
çox dəyərli tərəfdaşıdır. Biz həmin
tərəfdaşlığı genişləndiririk. Mən Əfqanıstanda
İSAF əməliyyatları çərçivəsində
Azərbaycanın verdiyi vacib töhfəsinə görə
Prezident Əliyevə minnətdarlığımı bildirmək
istəyirəm. Biz bu işləri davam etdiririk
və gələcəkdə də bu əsaslarla işləyəcəyik"
- deyən Yaap de Hoop Sxeffer Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində həllini
tapacağına ümidvar olduğunu demişdir.
Azərbaycan Prezidenti İlham Əliyev
də respublikamızın avrostrukturlara inteqrasiya prosesində
NATO-nun roluna yüksək önəm verdiyini, ikitərəfli
hərbi-siyasi əməkdaşlığın yüksələn
xətlə inkişaf etdiyini xüsusi
vurğulamışdır. Dövlət
başçısı ikitərəfli münasibətlərdə
müşahidə olunan dinamizmə görə NATO Baş
katibinə minnətdarlığını ifadə etməklə
yanaşı, Azərbaycanın bütün dünyada sülh
və təhlükəsizliyin təmini sahəsindəki tədbirlərə
töhfə vermək niyyətini bəyan etmişdir.
"İlk öncə, mən, cənab Baş katib, şəxsən
Sizə Azərbaycan-NATO münasibətlərinə verdiyiniz
töhfəyə görə minnətdarlığımı
bildirmək istəyirəm. Biz bir-birimizi uzun illərdir ki,
tanıyırıq. Sizin Baş katib kimi fəaliyyətiniz təşkilatı
daha da gücləndirmişdir. Eyni zamanda, apardığınız
iş Azərbaycan kimi ölkələri təşkilata daha
da yaxınlaşdırmış və bir çox tədbirlərdə
iştirakını mümkün etmişdir. Artıq öncə
qeyd etdiyim kimi, təkcə ötən il Azərbaycan təmsilçiləri
NATO-nun təşkil etdiyi 200-dən çox əməkdaşlıq
tədbirində iştirak etmişlər. Biz bu tərəfdaşlığı
yüksək dəyərləndiririk. Azərbaycan Əfqanıstanda
öz hərbçilərinin sayını iki dəfə
artırmaq üzrədir. Biz öz regionumuz və
bütün dünyada sülh, sabitlik və təhlükəsizlik
kimi ümumi işə və antiterror əməliyyatlarına
verdiyimiz töhfəni davam etdirəcəyik" - deyən cənab
İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı ərazi
bütövlüyü prinsipinə əsaslanan qəti
mövqeyinə görə NATO-ya minnətdarlığını
bildirmişdir.
Azərbaycan Prezidenti, həmçinin
bildirmişdir ki, regionda enerji təhlükəsizliyini təmin
etmədən ümumi təhlükəsizlikdən
danışmaq mümkün deyildir. Enerji təhlükəsizliyi
sahəsində əməkdaşlıq müasir dövrdə
dünya üçün daha əhəmiyyətli məsələyə
çevrilmişdir. Dövlət
başçısı əlavə etmişdir ki, yaxşı
resurslara, infrastruktura və coğrafi mövqeyə, o cümlədən
önəmli kommunikasiyalara, siyasi əlaqələrə və
qonşuluğa malik olan Azərbaycan gələcəkdə
daha mühüm rol oynamağı planlaşdırır.
"Bu günə qədər rolumuz regional hüdudlarla məhdudlaşırdı.
İndi isə, hesab edirəm ki, qlobal səviyyədə
qarşılıqlı əməkdaşlıq
üçün çox yaxşı imkanlar var. Boru kəmərlərimiz,
neft və qaz ehtiyatları regionun bugünkü sabitliyi və
təhlükəsizliyinə xidmət edir və gələcəkdə
qlobal enerji təhlükəsizliyinə töhfə verəcəkdir.
Buna görə bu məsələlər gündəliyimizdə
davamlı olaraq birinci yeri tutacaqdır".
Azərbaycan Prezidenti İlham Əliyevin
Brüsselə rəsmi səfərinin yekunları göstərir
ki, rəsmi Bakı NATO-ya üzv olmadan da təşkilatla
xüsusi əməkdaşlıq yolları arayır və
bununla bağlı niyyətini açıq ifadə edir.
NATO-Azərbaycan münasibətləri
qarşılıqlı maraqlar əsasında inkişaf edir və
bu əməkdaşlıq qlobal planda regionda sülh və
sabitliyin təminatına xidmət edir. Bir sözlə, Azərbaycan
regiondakı proseslərdə lider rolunu oynamaqla təşkilatın
ən etibarlı, sadiq müttəfiqinə
çevrilmişdir.
S.Elmanoğlu
Azərbaycan.-2009.-11 iyun.-S.1.