Xalqa layiqli xidmət məramı
Bəşər tarixi
göstərir ki, milli dövlətçiliyini itirmək və
dünya xəritəsindən tamamilə silinmək təhlükəsi
ilə üz-üzə qalmış xalqlar taleyüklü
sınaq anında məsuliyyəti öz çiyinlərinə
götürmüş qətiyyətli liderlərinin müdrikliyi,
fenomenal idarəçilik keyfiyyətləri sayəsində
mövcudluqlarını qorumuş, çətinliklərə
sinə gərmişlər. Xüsusi rəhbərlik keyfiyyətlərinə
malik belə şəxsiyyətlər sosial-iqtisadi,
ictimai-siyasi və mənəvi-mədəni kataklizmlər
dövründə xalqa düzgün yol göstərən
xilaskar missiyasında çıxış etmiş, həm də
ümummilli liderlik zirvəsinə yüksəlmişlər.
Böyük liderlər
üçün səciyyəvi cəhətlərdən biri
də siyasi intuisiya və uzaqgörənlik, hadisələrin
gedişinə təsir göstərmək və ya onu
qabaqlamaq bacarığıdır. Bu elə vacib keyfiyyətdir
ki, təkcə bütöv bir millətə deyil, hətta
kiçik partiyaya, qrupa rəhbərlik edən şəxs də
siyasi proseslərin gedişini fəhmlə duymalı, gözlənilən
uğur və uğursuzluqları əvvəlcədən
hesablamağı bacarmalıdır. Tarixən bir çox
nüfuzlu liderlərin siyasətdə qarşıya qoyduğu
məqsədlərə yetişərək uğur
qazanması, rəhbərlik etdiyi xalqı böyük fəlakət
və faciələrdən hifz etməsi məhz iti fəhm və
uzaqgörənliyin nəticəsi olmuşdur. Bu
reallığa nəzərən qətiyyətlə demək
olar ki, ümummilli lider Heydər Əliyev də məhz belə
uzaqgörən, siyasi proseslərin inkişaf
trayektoriyasını əvvəlcədən duyan,
çoxgedişli kombinasiyalar qurmağı bacaran, hadisələrə
pozitiv təsir göstərən şəxsiyyət kimi
xalqının qəlbində yaşayır, onun nurlu xatirəsi
daim dərin ehtiramla anılır.
Əminliklə deyə
bilərik ki, ümummilli lider Heydər Əliyevin hələ
sağlığında əfsanəvi, xarizmatik liderə
çevrilməsində onun həyatı üçün
heç bir riskdən çəkinməməsi,
sözünü məqamında deməyi bacarması, milli
ideallar uğrunda mübarizədə yüksək qətiyyət
göstərməsi kimi xarakterik xüsusiyyətləri
mühüm rol oynamışdır. Məhz bunun sayəsində
ulu öndər, harada olursa-olsun, hadisələrin
fövqünə qalxıb, idarəçilik qabiliyyətini
reallaşdıra bilmiş, lider imicini qorumuşdur. Liderlik onun
xarakterindən, dünyagörüşündən, yaradıcılıq
enerjisindən, qurub-yaratmaq həvəsindən
mayalanmışdır. Böyük siyasətdə
qarşıya qoyduğu məqsədlərin əksəriyyətinə
yetişərək uğur qazanması, rəhbərlik etdiyi
xalqı dəhşətli fəlakət və faciələrdən
hifz etməsi isə dahi strateq Heydər Əliyevin iti fəhminin,
müdrikliyinin və uzaqgörənliyinin nəticəsi
olmuşdur.
Siyasi lider daim öz cəsarəti,
çevik və rasional qərarları, ən çətin
situasiyalardan optimal çıxış yolu tapmaq məharəti
ilə seçilən parlaq şəxsiyyətdir. O, yalnız
enerjisi, natiqlik məharəti ilə deyil, həm də
çevrəsində olan insanların tələbat və
ehtiyaclarını ifadə etmək bacarığı ilə
fərqlənir, cəmiyyətdə ayrı-seçkiliyə
yol vermir, hər zaman haqqa, ədalətə tapınır. Zamanın
nəbzini tutmağı, hadisələrə real qiymət verməyi,
siyasi potensialını düzgün dəyərləndirməyi
bacaran lider cəmiyyətdəki prosesləri düzgün
istiqamətləndirməyə nail olur, milli inkişafın əsasına
çevrilən cəlbedici proqram və konsepsiyaların
müəllifinə çevrilir.
Bu gün siyasi
baxışlarından asılı olmayaraq mütləq əksəriyyət
etiraf edir ki, ötən əsrin ortalarında - 1969-cu ilin 14
iyulunda ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə irəli çəkilməsi xalqı milli
müstəqilliyə doğru aparan işıqlı yolun
başlanğıcına çevrilmişdir. Haqq-ədalət
uğrunda mücadiləni özünün həyat kredosuna
çevirmiş ulu öndər hələ sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə hər bir fərdin maraq və
mənafeyini üstün tutmaqla, ədalətli və qanunpərəst
rəhbər olduğunu təsdiqləmişdir. Dərin zəkası,
lider xarizması, milli ideallara sıx
bağlılığı, unikal idarəçilik məharəti,
zəngin mənəviyyatı ilə hər zaman
xalqının önündə olmuş ulu öndər
hakimiyyət sükanının arxasına keçdiyi ilk
gündən qanunsuzluğa, ədalətsizliyə və
nihilizmə qarşı apardığı prinsipial mübarizə
ilə nüfuz qazanmışdır. Ölkə rəhbəri
cəmiyyətdə hökm sürən neqativ halların ilk
növbədə kadr problemi ilə bağlı olduğunu
müdrikliklə müəyyənləşdirmiş, bu sahədə
ciddi dönüşün yaradılması vacibliyini önə
çəkmişdir.
Ümummilli liderin Azərbaycanda
rəhbərliyə gəlişi eyni zamanda cəmiyyətdə
hüquqi münasibətlər sisteminin xarakterində pozitiv dəyişikliklərə
səbəb olmuş, cəmiyyətdə hüquqi təfəkkürün,
düşüncə tərzinin, hüquqi mədəniyyətin,
ümumilikdə, hüquq elminin inkişafının keyfiyyətcə
yeni mərhələsi başlanmışdır. Həmin illərdə
respublika rəhbərliyi səviyyəsində keçirilən
müxtəlif tədbirlər də məhz bu məqsədlərin
real həyatda tətbiqinə yönəltmişdir. Azərbaycan
KP MK-nın 1970-ci il dekabrın 4-də qəbul etdiyi "Zəhmətkeşlərin
hüquqi tərbiyəsini yaxşılaşdırmaq tədbirləri
haqqında" qərarı da məhz Heydər Əliyevin təşəbbüsü,
ideya müəllifliyi və səyləri ilə
hazırlanaraq qəbul olunmuşdur. Bu qərarda orta və ali
ixtisas məktəblərində hüququn əsaslarının
tədrisi və öyrənilməsi işini
yaxşılaşdırmaq, hüquqi biliklərin təbliğini
gücləndirmək, qanunvericiliyin ən aktual məsələlərinin
gənc nəslə öyrədilməsinə və izah
olunmasına, hüquq qaydalarının möhkəmləndirilməsinə
və dövlət mülkiyyətinin qorunmasına yönəldilən
kütləvi-siyasi tədbirlərin keçirilməsi sahəsində
tədbirlər planı işləyib hazırlamaq tələbi
irəli sürülürdü. Məzmunundan da
göründüyü kimi, ulu öndər Heydər Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə qəbul
olunmuş bu qərar həmin dövrün sosial eybəcərliklərinə,
acı ictimai-mənəvi gerçəkliklərinə,
ozamankı partiya-sovet-təsərrüfat elitasının
volyuntarizminə və özbaşınalığına,
hüquqi nihilizm və inzibati-amirlik sisteminin digər tipik təzahür
formalarına qarşı kəskin etiraz və
ağıllı müqavimət demək idi.
Ulu öndər
respublikaya birinci rəhbərliyi dövründə daha
çox yüksək mənəvi-əxlaqi keyfiyyətləri,
intellektuallığı, yüksək bilik səviyəsi ilə
fərqlənən gənclərə üstünlük
vermiş, onları dövlət idarəçiliyinə irəli
çəkmişdir. Heydər Əliyevin rəhbərliyinə
qədərki dövrdə
hüquqşünaslığın, belə demək
mümkünsə, "irsən ötürülməsi cəhdləri"
geniş vüsət almışdı. Yüksək vəzifəli
məmurlar, xüsusən də, hüquq-mühafizə
sistemində çalışan şəxslər
övladlarını ozamankı Azərbaycan Dövlət
Universitetinin hüquq fakültəsində yerləşdirmək
üçün ən müxtəlif vasitələrə əl
atırdılar. Nəticədə imkansız, lakin savadlı
və qabiliyyətli gənclərin, fəhlə-kəndli
övladlarının hüquqları kobud şəkildə
pozulur, onların hüquq təhsili almaq istəyi arzu olaraq
qalırdı. Ulu öndər qəbul etdiyi qətiyyətli qərarla
belə halların qarşısını almış,
haqqı, ədaləti bərpa etmiş, hüquqşünas
kadrların seçilməsində millilik və peşəkarlıqla
yanaşı, ədalətlilik, təmizlik,
düzgünlük kimi vacib meyarları əsas
götürmüşdür. Həmin illərdə
yaranmış demokratik və şəffaf mühit nəticəsində
istəyinə qovuşmuş yüzlərlə zəhmətkeş
azərbaycanlı övladı - respublikamızın
hazırkı adlı-sanlı hüquqşünasları ulu
öndərin bu addımını daim böyük rəğbət
və ehtiramla xatırlayırlar.
Ümummilli lider Heydər
Əliyev çox sonralar - 2000-ci ildə Milli Mətbuat
Günü ilə əlaqədar jurnalistlərlə söhbətində
bu barədə deyirdi: "Vaxtilə mən ali məktəblərə
tələbə qəbulunda rüşvətxorluğa
qarşı mübarizə aparırdım. Məsələn,
1970-ci illərdə nəyi gördüm? Bizim dövlət
universitetinin hüquq fakültəsi var. O vaxt həmin
fakültətəyə hər il 50 nəfər qəbul
olunurdu. Mən bir dəfə baxıb gördüm ki, bu
hüquq fakültəsinə qəbul olunanların təqribən
95 faizi prokurorun, məhkəmə sədrinin, nazirin oğludur
və sairə. Yaxşı, belə çıxır ki,
atası prokuror, sonra da oğlu, nəvəsi prokuror olacaq. Bəs
başqa ailələrdən olan istedadlı gənclər necə
olsun? Bəzilərinin heç atası yoxdur, bəs, o,
hüquq fakültəsinə necə daxil olsun? O vaxt, o
cümlədən tarix və şərqşünaslıq
fakültələri çox modda idi. Mən vəzifədə
olan şəxslərin, xüsusən, hüquq-mühafizə
orqanlarında - milisdə, prokurorluqda və sairə -
çalışan şəxslərin uşaqlarının bu
fakültələrə qəbul olunmasını qadağan
etdim. Bu, cəmiyyətdə çox böyük əhval-ruhiyyə
yaratdı. İndi mən prokurorluqda, polisdə
çalışan bəzi işçilərlə
görüşürəm. Onlar deyirlər ki, "Bilirsiniz,
biz o vaxt Sizin sayənizdə hüquq fakültəsinə
daxil ola bildik. Yoxsa bu fakültəyə girə bilməzdik,
çünki biz kənddən gəlmişdik, kasıb adam
idik, nə rüşvət verməyə pulumuz, nə də
himayədarlıq etməyə adamımız var idi".
"Qoy, ədalət
zəfər çalsın!" devizini rəhbər tutan
ümummilli lider ötən əsrin 70-80-ci illərində
xalqın təbii hüquqlarının əzmkar və cəfakeş
müdafiəçisinə çevrilməklə, milli ruh,
iradə və özünüdərk meyillərinin ictimai
şüurda möhkəmlənməsinə nail olmuşdur. Milli
düşüncə sahibi olduqlarına görə təqib
edilən Azərbaycan yazıçı və şairlərini
- Bəxtiyar Vahabzadəni, Xəlil Rza Ulutürkü,
Anarı, Əkrəm Əylislini, məşhur
tarixçi-alim Ziya Bünyadovu və digər ziyalıları
ən çətin məqamlarda müdafiə etməsi ulu
öndərin hələ keçmiş sovetlər
dövründə insan hüquqlarına hörmətindən,
yüksək demokratizmə söykənən idarəçiliyindən
xəbər verirdi. Bir sıra müttəfiq
respublikalardan fərqli olaraq həmin illərdə Azərbaycanda
nəinki dissident yazarlar olmamış, əksinə,
tanınmış ziyalı və şairlər xalqda
özünüdərk hissinə ciddi impulslar verən əsərlər
yazmış, ulu öndərin milliliyi, xalqına
bağlılığı onları həbs olunaraq zindana
atılmaq təhlükəsindən hifz etmişdir.
Milli-mənəvi
irs və dəyərlərə bağlı olmuş Heydər
Əliyev həmin illərdə rus dilinin zorla ittifaq
xalqlarına qəbul etdirilməsi cəhdləri ilə
barışmamış, fürsət düşdükcə,
ana dilinin təbliğinə və yayılmasına geniş
diqqət yetirmişdir. Hələ 1969-cu ilin 1 noyabrında
ozamankı Azərbaycan Dövlət Universitetinin 50 illik
yubileyinə həsr olunmuş tədbirdə bütün qəlibləri,
ideoloji-siyasi sədləri aşaraq ana dilimizdə səlist
çıxış edən Heydər Əliyev milli təfəkkür
və iradənin daşıyıcısı, əzmkar
müdafiəçisi olduğunu nümayiş
etdirmiş, xalqın özünəməxsusluğunun ifadəsinə
çevrilmiş dövlətçilik rəmzlərinə və
atributlarına həssas münasibətini ortaya qoymuşdur. Ulu öndər həmin dövrdə rəsmi nitqlərinin
böyük əksəriyyətini Azərbaycan dilində edir,
bunu bütün rəhbər vəzifəlilərdən də
qətiyyətlə tələb edirdi. 1978-ci ildə Azərbaycan
SSR-nin konstitusiya layihəsi qəbul edilərkən, ulu öndərin
Azərbaycan dilinin bu ali sənəddə dövlət
dili kimi təsbitlənməsi və qorunub saxlanması sahəsində
nümayiş etdirdiyi prinsipialığı da bunu bir daha təsdiqləyir.
Çoxsaylı
faktlar göstərir ki, ulu öndər Heydər Əliyev millətinin
gələcəyini düşünən böyük lider
olaraq bütün şüurlu həyatını canından
artıq sevdiyi Azərbaycanın tərəqqisinə,
inkişafına həsr etmişdir. Tarixin ən sərt
dolanbaclarından, çətin sınaqlarından keçməklə
əxz etdiyi milli dövlətçilik ənənələrini
məhz Heydər Əliyevin rəhbərliyi altında vahid
sistem halına salaraq özünütəsdiq imkanı
qazanmış xalqımız eyni zamanda, davamlı milli
inkişaf yolunu müəyyənləşdirmişdir. Bu fenomen şəxsiyyət ən çətin və
mürəkkəb siyasi situasiyalarda nümayiş etdirdiyi qətiyyət,
iradə və prinsipiallıqla çağdaş tariximizin
şanlı səhifələrini yazmış, xilaskarlıq
missiyasını üzərinə
götürmüşdür. Ötən əsrin 70-80-ci illərindən
respublikada milli müstəqilliyə etibarlı zəmin yaradan
sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual
mühit formalaşdıran ulu öndər Heydər Əliyev
məhz bu möhkəm bünövrə üzərində
azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına
qovuşmasını təmin etmişdir.
Hər bir dövlətin
mövcudluq tarixində çətin, milli müstəqilliyini
itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar
olmuşdur. Fəqət, ən ekstremal siyasi
şəraitdə millətin iradəsini və niyyətlərini,
dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin
həmrəyliyini və konsensusunu birləşdirməyə
qadir şəxsiyyətin sayəsində bu dövlətlər
tab gətirərək öz varlığını davam
etdirmiş, millətlər isə dirçəlmişdir.
1991-ci ilin 18 oktyabrından 1993-cü ilin iyun
ayınadək cərəyan edən xaotik və gərgin
proseslər təsdiqlədi ki, yalnız dəmir iradəyə,
fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi
dünyagörüşunə malik xarizmatik lider Azərbaycanın
dövlət müstəqilliyini qorumaq və yaşatmaq
kimi ağır missiyanın öhdəsindən gələ
bilər.
1991-1993-cü illərdə
respublikamızda cərəyan edən mürəkkəb
proseslər - siyasi böhranın, anarxiya mühitinin dərinləşməsi,
xalqın canı, qanı bahasına əldə etdiyi dövlətçiliyin
itirilməsi təhlükəsinin yaranması bu
reallığı bir daha təsdiqlədi ki, yalnız
böyük dəstəyə
malik liderlər xalqlarının müstəqilliyinə
etibarlı təminat yarada, onu qoruyub saxlaya bilərlər. Ulu öndər Heydər Əliyev belə nüfuzlu
şəxsiyyət olaraq özünün parlaq zəkası
ilə Azərbaycanı olduqca mürəkkəb zamanın
dalğaları arasından salamat çıxarıb ona həm
bölgədə, həm də dünyada layiqli yer
qazandırmışdır. Böhranlı
bir dövrdə - 1993-cü ilin iyununda xalqın
çağırışına cavab verərək hakimiyyət
sükanına keçən ümummilli lider
respublikamızı üzləşdiyi bir çox faciələrdən
qurtarmış, müdrik və uzaqgörən
addımları ilə onu davamlı, sabit inkişaf yoluna
çıxarmışdır. Heydər Əliyevin Ali
Sovetin sədri seçildiyi günün - 15 iyun tarixinin
Qurtuluş salnaməsi kimi qeyd olunması da tarixi proseslərin
obyektiv məntiqindən irəli gəlmişdir.
Ulu öndərin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışından sonra irəli
sürdüyü dövlətçilik konsepsiyası mahiyyət
etibarilə Azərbaycanın tarixi ənənələrini və
müasir Avropa dəyərlərini birləşdirən yeni
inkişaf modeli kimi özünü doğrultmuşdur.
İctimai-siyasi sabitliyi və sosial-iqtisadi inkişafı bu
modelin əsas dayağına çevirən Heydər Əliyev
cəmiyyətdə dayanıqlı milli birliyə nail olmaq
üçün hər şeydən öncə, insan
hüquq və azadlıqlarının maksimum təminatı məsələsinə
xüsusi diqqət yetirmişdir. Ulu öndər
özünəməxsus müdrikliklə bəyan etmişdir
ki, siyasi sabitlik yaratmadan yeni idarəetmə sisteminə
keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və
demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq
mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli
dövlətçiliyin prioritet inkişaf istiqamətlərini
müəyyənləşdirərkən xalqın milli mentalitetinin
səciyyəvi cəhətlərini də nəzərə
almışdır.
Ulu öndər Heydər
Əliyev özünün zəngin iqtisadi bilik və təcrübəsi
əsasında Azərbaycanın yeni dövr üçün
iqtisadi inkişaf prioritetlərini müəyyənləşdirmiş,
bu sahədə mövcud problemlərin həlli
yollarını elmi-nəzəri və praktiki əsasda
göstərmişdir. Ümummilli lider mərkəzi planlaşdırma və
bölgü prinsiplərinin hakim olduğu ictimai-iqtisadi
formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modelini
özünəməxsus entuiziazmla irəli sürmüş,
onun həyata keçirilməsinə
çalışmışdır. Demokratik
inkişaf yolu ilə irəliləyən Azərbaycanda da bazar
iqtisadiyyatı prinsipləri - xüsusi mülkiyyətçilik,
azad sahibkarlıq fəaliyyəti, özəlləşdirmə,
qeyri-neft sektorunun, sənayenin inkişafı və sosial
infrastrukturun yeniləşdirilməsi prioritet
seçilmişdir. İqtisadi sahədə həyata
keçirilən islahatların əsasında bazar
iqtisadiyyatının formalaşdırılması yolu ilə
ümimi daxil məhsul istehsalını artırmaq, qeyri-neft
sektorunun sürətli inkişafını təmin etmək məqsədi
dayanmışdır.
Azərbaycanın
yeni neft strategiyasının hazırlanaraq həyata
keçirilməsi də ümummilli lider Heydər Əliyevin
Azərbaycan dövlətçiliyi qarşısındakı ən
böyük xidmətlərindən biridir. 1994-cü ilin 20
sentyabrında "Əsrin müqaviləsi"nin
imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti
bügünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha
qabarıq görünür. Ölkəmizə son 10 ildə
böyük uğurlar gətirən neft strategiyasının əsas
mahiyyəti respublikanın malik olduğu təbii sərvətlərdən
Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə
istifadə etməyə əsaslanır. Bu
strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla
yanaşı, milli təhlükəsizlik maraqlarının təmin
olunmasına yönəlmişdir. Ulu öndər
Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft
strategiyası təkcə dövlətin iqtisadi maraqlarının
realizə olunmasına deyil, paralel olaraq dövlət müstəqilliyinin
möhkəmləndirilməsinə yönəlik siyasi xəttin
yürüdülməsinə, buna uyğun əlverişli
situasiyanın formalaşdırılmasına xidmət
edir.
Ümummilli lider hüquqi dövlət
və vətəndaş cəmiyyəti quruculuğu məsələsini
də daim diqqət mərkəzində saxlayaraq bu istiqamətdə
mühüm islahatlar həyata keçirmişdir. Heydər Əliyev böyük siyasət ustadı
olaraq hər bir fərdin maraq və mənafelərini təmin
etmədən, ədalət meyarını qorumadan
güclü dövlət yaratmağın mümkünsüzlüyünü
nitqlərində hər zaman vurğulamış, vətəndaşlara
göstərilən hüquqi yardımın səviyyəsinin
müntəzəm surətdə artırılmasının əsas
təşəbbüskarı kimi çıxış
etmişdir. Ulu öndərin rəhbərliyi
altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş müstəqil Azərbaycan
Respublikasının Konstitusiyası dövlətimizin tarixində
hakimiyyət bölgüsü prinsipinin, demokratik-hüquqi və
dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının,
insan hüquq və azadlıqlarının qeyd-şərtsiz
təmin olunmasının bünövrəsini qoymuşdur. Azərbaycan
demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə
olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət
bölgüsünü özünün gələcək
inkişaf yolu kimi seçmişdir. Demokratik tələblərə
tamamilə cavab verən bu ali sənəd müstəqil Azərbaycanın
ilk Konstitusiyası kimi tarixilik qazanmışdır.
Heydər Əliyev
dövlətçilik irsinin əsas istiqamətlərindən
biri də dövlətin milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təmin olunması sahəsində
kompleks tədbirlərin görülməsidir. Ölkənin hərbi
qüvvələrinin yaradılması dövlətçiliyin
əsas atributu və qarantı hesab olunsa da, təəssüf ki,
SSRİ dağıldıqdan sonra Azərbaycanda hakimiyyəti ələ
keçirməyə müvəffəq olmuş qüvvələrin
səbatsız siyasəti nəticəsində bu amil dövlətçilik
üçün təminata deyil, təhlükəyə
çevrilmişdi. Ordu quruculuğunda və
ölkənin milli təhlükəsizlik sisteminin
formalaşdırılmasında yol verilən kobud səhvlər
son nəticədə ölkədə qanunsuz hərbi birləşmələrin
timsalında vətəndaş müharibəsinin subyektlərinin
meydana çıxmasına səbəb olmuşdu. Ordunun
siyasiləşməsi, dövlətçilik prinsiplərinə
əsasən deyil, şəxsi siyasi maraqlara nəzərən
formalaşdırılması sonda Azərbaycanın müstəqilliyi
üçün ciddi təhlükə mənbəyi idi. Ulu öndər Heydər Əliyev xalqın təkidli
tələbi ilə hakimiyyətə gəldikdən sonra bu
tendensiyaya qarşı ciddi mübarizə aparmış,
dövlətin milli təhlükəsizliyinin və ərazi
bütövlüyünün təminatçısı
funksiyasını yerinə yetirən sabit və güclü
silahlı qüvvələrin yaradılmasına nail
olmuşdur.
Ümummilli lider hakimiyyətdə
olduğu müddətdə Azərbaycan cəmiyyətinin
vahidliyini, bütövlüyünün təmin
olunmasını özünün strateji vəzifəsi
saymışdır. Ulu öndər cəmiyyətin vahidliyini
təmin edərək, onun müxtəlif istiqamətlər -
sosial bərabərsizlik, regional faktor, dini və milli mənsubiyyət
amili baxımından parçalanmasına imkan verməmişdir.
Bu, Azərbaycan dövlətçiliyinin yaşaması,
inkişaf etməsi baxımından ən düzgün
seçim idi və ötən illərin reallıqları da
bunu təsdiqləmişdir. Heydər Əliyev
şəxsiyyəti bütün sistem və ölçülərin,
ictimailəşmiş qəliblərin fövqündə
dayansa da, bu ucalıq onun böyük dövlət xadimi,
görkəmli ictimai-siyasi xadim və bunlardan da əvvəl -
Böyük Azərbaycanlı olması faktını qətiyyən
istisna etmir. "Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr
etmişəm və bu gun də fəxr edirəm ki, mən azərbaycanlıyam"
- deyən böyük strateq azərbaycanlılara xas gözəl
nə varsa, onların hamısını öz parlaq
simasında bir araya gətirmişdir. Şəxsiyyətinin
böyüklüyü və miqyası kimi daha iri ölkələrə rəhbərlik etmək
imkanında olan Heydər Əliyev Azərbaycan adlı qədim
diyarı az qala, qarış-qarış gəzərək, rəhbər
kimi onun hər bölgəsinə silinməz izlər
salmış, sağlığında xalq üçün
gördüyü nəhəng işlərlə
özü-özünü əbədiləşdirmişdir.
Ümummilli lider Heydər Əliyev hələ 70-80-ci illərdə respublikada formalaşdırmış zəngin elmi-intellektual potensiala istinad edərək özünün təkmil təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini xüsusi diqqət mərkəzində saxlamışdır. Bu böyük şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri eyni zamanda, ciddi təmələ əsaslanmaqla həyata keçirdiyi fəal maarifçilik siyasətində parlaq surətdə təcəssümünü tapır. Ulu öndər Heydər Əliyev Azərbaycan təhsilinin milli əsaslar üzərində çağdaş dünya təhsil sisteminə inteqrasiyasını başlıca vəzifə kimi aktuallaşdırmış, elm-təhsil sahəsində mütərəqqi islahatları ardıcıllıqla həyata keçirmişdir. Böyük strateq milli təhsil sistemində islahatların təkamül yolu ilə aparılması tərəfdarı kimi çıxış etmiş, bu mövzuda ictimai müzakirələrin açılmasına nail olmuşdur. "Təhsil sistemi elə bir sistemdir ki, burada heç bir inqilabi dəyişiklik ola bilməz. Ümumiyyətlə, bizim həyatımızın bütün sahələrində dəyişikliklər təkamül xarakteri, tədrici dəyişikliklər xarakteri daşıyır... Təhsil Qanunu elə bir qanundur ki, təhsil islahatları elə islahatlardır ki, iqtisadiyyatdan, maliyyədən, başqa sahələrdən fərqli olaraq, bunda bütün cəmiyyətin iştirakı lazımdır" - deyən ulu öndər Heydər Əliyev bu məsələyə böyük həssaslıqla yanaşdığını göstərmişdir.
Ölkəmizdə elmə, təhsilə, yüksək ixtisaslı kadrların hazırlanması məsələlərinə daim ciddiliklə yanaşmış ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də bu mütərəqqi ənənəyə sadiqlik nümayiş etdirmişdir. Ümummilli lider vaxtilə məzunu olduğu Bakı Dövlət Universitetini də unutmamış, ilk gündən bu ali təhsil müəssisəsinin üzləşdiyi problemlərin həllini diqqətdə saxlamışdır. Ulu öndərin dəfələrlə universitetə gəlişi bu böyük təhsil müəssisəsinə sanki yeni həyat vermiş, çətinliklərə rəğmən onu yeni dövrün tələbləri səviyyəsində kadr hazırlığına sövq etmişdir. Heydər Əliyev BDU-ya olan rəğbətini büruzə verməklə yanaşı, bu ali təhsil ocağının qarşısında bir sıra məsul vəzifələr müəyyənləşdirmişdir. BDU daim dünya şöhrətli məzununun xüsusi qayğısını hiss etmiş, onun qarşıya qoyduğu ali ideyalar universitetin tələbə və professor-müəllim heyətinin əsas fəaliyyət stimulvericisinə çevrilmişdir. Bakı Dövlət Universitetinin ən zəngin, məzmunlu tarixinin şərəfli səhifələri məhz Heydər Əliyevin böyük diqqət və qayğısı sayəsində yazılmışdır. Ən azı o səbəbdən ki, universitet təhsildə də, elmin inkişafında da, maddi bazanın möhkəmləndirilməsi, yeni ixtisasların açılması sahəsində də ən möhtəşəm nailiyyətlərini məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə qazanmışdır.
Ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyasını son illərdə uğurla reallaşdıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə, onun xalqına, dövlətinə necə bağlı lider olduğu bir daha təsdiqini tapır. Dövlət başçısı zaman etibarilə qısa, mahiyyətcə böyük 5 illik dövr ərzində yeni əsrin lideri kimi sübuta yetirdi ki, xalq öz taleyini ona etibar etməkdə qətiyyən yanılmamışdır. Dövlət başçısının idarəçilik keyfiyyətlərindən ən mühümü, şübhəsiz, uzun illər boyu zərrə-zərrə formalaşaraq sabitləşmiş milli dövlətçilik ənənələrinə sadiqlikdir. Cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində son illər əldə etdiyimiz uğurlar da elə bu amilə əsaslanır.
Siyasi illüziyalardan, populizmdən uzaq olması, problemlərə rasional mövqedən və real situasiyadan yanaşması, gerçəkliyi təhrif etməməsi, praqmatizmi cənab İlham Əliyevin yetkin və peşəkar siyasətçi portretini formalaşdırır. Bütün bu keyfiyyətləri dövlət başçısının malik olduğu yüksək qətiyyət, intellekt, enerji, potensial, işgüzarlıq, novatorluq və birləşdiricilik məziyyətləri tamamlayır. Milli maraqları və mənəvi dəyərləri ümumbəşəri ideallarla ahəngdar şəkildə uzlaşdırmaq bacarığı, intellektual səviyyə, universal bilik və akademik təhsil, dəmir məntiq və möhkəm iradə - bütün bunlar cənab İlham Əliyevin yetkin siyasi obrazını şərtləndirir.
Azərbaycanda ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevik və optimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmişdir. 2003-cü ilin postseçki mərhələsi nihilist, radikal və ziddiyyətli siyasiləşmə ilə müşayiət olunsa da, cənab İlham Əliyev siyasi iradə göstərərək bu neqativ meyillərin qarşısını əzmkarlıqla almış, ölkənin yenidən xaos və anarxiya mühitinə yuvarlanmasına yol verməmişdir. Seçki ərəfəsində və sonra respublikada ictimai-siyasi sabitlik, dövlətçilik əleyhinə yönəlmiş xarici və daxili təzahürlərin qətiyyətlə aradan qaldırılması dövlət başçısının xalqın dəstəyinə arxalanan, dövlətçiliyin müdafiəsi üçün zəruri keyfiyyətlərə malik lider olduğunu sübuta yetirmişdir.
Əsl liderlik, şübhəsiz, xalq kütlələrini milli məram və məqsədlər ətrafında birləşdirmək bacarığında ifadə olunur. Bu nöqteyi-nəzərdən Azərbaycan Prezidenti İlham Əliyevin liderlik xüsusiyyətləri onun ideyalarının inteqrativ-birləşdirici mahiyyətindən, ilk növbədə, hər bir vətəndaşın maraqlarına hesablanmasından irəli gəlir. Dövlət başçısının milli birlik və həmrəylik konsepsiyası dərin məzmun yükü ilə cəmiyyətin mənəvi bütövlüyündə və monolitliyində aparıcı amilə çevrilməkdən savayı, həm də ona xalqı öz ətrafında birləşdirmək, milli ideallar ətrafında səfərbər etmək imkanı vermişdir. Cənab İlham Əliyev səlahiyyətlərinin icrasına başladığı ilk gündən cəmiyyətin bütün siyasi qüvvələrinin, sosial qruplarının, dini-etnik konfessiyalarının birliyini təmin etmək istiqamətində ardıcıl siyasət yürüdür.
Dövlət başçısı İlham Əliyev daxildə möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa, effektiv sosial-iqtisadi islahatlara nail olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində hansısa uğurlu nəticələr əldə etməyin qeyri-mümkünlüyünü aksiom kimi önə çəkir. Ölkə Prezidentinin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantik coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Azərbaycan sülh və əməkdaşlıq paytaxtı kimi tanınmağa başlayır və belə bir müsbət imicin formalaşmasında cənab İlham Əliyevin təşəbbüsü ilə respublikamızda keçirilən beynəlxalq toplantıların əhəmiyyətini xüsusi vurğulamaq lazımdır.
Azərbaycan Prezidenti İlham Əliyev dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirir, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.
Dövlət başçısı İlham Əliyev son beş ildə ölkə həyatının bir çox strateji əhəmiyyətli sahələri kimi, təhsilə, elmə də xüsusi qayğı ilə yanaşmış, bu istiqamətlərdə yeni dövrün tələbləri ilə səsləşən islahatların həyata keçirilməsini təmin etmişdir. Azərbaycan Prezidentinin 4 may 2009-cu il tarixli "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı Azərbaycan elminin inkişafı və problemlərinin həlli baxımından fundamental əhəmiyyətli sənəddir.
Cənab İlham Əliyev elmlə yanaşı, ali təhsil sistemində islahatların aparılmasını, bu sistemin Bolonya prosesinə uyğunlaşdırılmasını, ümumiyyətlə, həmin sahədə qarşıda duran problemlərin həlli baxımından son illərdə bir sıra mühüm fərman və sərəncamlar imzalamışdır. Azərbaycan Prezidentinin "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" 22 may 2009-cu il tarixli sərəncamı ali təhsil sistemində islahatların keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilməsini təmin edəcəkdir.
Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq daim Bakı Dövlət Universitetinin davamlı inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır. Dövlət başçısının 24 aprel 2009-cu il tarixdə BDU-nun 90 illiyk yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalaması da məhz bunun bariz təcəssümüdür. Həmin sərəncam müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağı olan BDU-nun milli kadr hazırlığındakı müstəsna yeri və roluna verilən yüksək qiymətdir. Dövlət başçısının sərəncamında da vurğulandığı kimi, Azərbaycanın simasını müəyyən edən dövlət, elm və mədəniyyət xadimlərinin böyük bir qismi məhz Bakı Dövlət Universitetinin yetirmələridir. Xalqın milli sərvətinə çevrilən universitet bu gün dövlət idarəçiliyi, iqtisadiyyat, elm, təhsil və mədəniyyətin müxtəlif sahələrində uğurla çalışan çoxsaylı məzunları ilə müstəqil Azərbaycanın inkişafına töhfələrini əsirgəmir.
Azərbaycan tarixinin ən yaddaqalan siması olan Heydər Əliyevin qeyri-adi irsi isə olduqca zəngin və əhatəlidir. İllər keçdikcə artıq bəşəri sərvətə çevrilən bu irsin əhəmiyyətini daha çox dərk edir, sehrinə daha çox düşür, vətəni necə sevmək, xalqa necə xidmət etmək nümunəsi olan şəxsi həyatını və fəaliyyətini örnək kimi qəbul edirsən. Bakı Dövlət Universitetinin professor-müəllim heyəti və tələbələri ulu öndər Heydər Əliyevin bu ali təhsil ocağının layiqli yetirməsi, məzunu olması ilə daim qürur duyur, hər addımda onun dəyərli ideyalarına istinad edir, eyni zamanda, Heydər Əliyev siyasi kursunu inamla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın daha böyük uğurlar qazanacağına, daha qüdrətli ölkəyə çevriləcəyinə ürəkdən inanır.
Abel Məhərrəmov,
Bakı Dövlət Universitetinin
rektoru, akademik,
Milli Məclisin deputatı
Azərbaycan.-2009.-11 iyun.-S.2.