Yeni regional inkişaf proqramı sosial problemlərin həllinə geniş imkanlar açır

 

Tarixi təcrübə göstərir ki, ictimai-iqtisadi formasiya dəyişkənliyini yaşamış bütün postsosialist dövlətlərində ictimaiyyətin baş verən köklü dəyişikliklərə mənəvi-psixoloji baxımdan adaptasiyası özünü ciddi problem kimi göstərir. Uzun illər mərkəzləşdirilmiş iqtisadiyyat şəraitində maddi yaşayışını təmin edən vətəndaşların müəyyən qisminin keçid dövrünün gerçəkliklərinə, habelə bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşması bir qədər çətin və mürəkkəb olur. Bu baxımdan, keçmiş SSRİ respublikalarında, o cümlədən Azərbaycanda vətəndaşların sosial problemlərinin xüsusi diqqət mərkəzində saxlanılması son dərəcə vacibdir.

Müstəqil Azərbaycanın elmi əsaslara söykənən davamlı və sabit inkişaf strategiyası son illərdə insan və şəxsiyyət amilinin yüksəlişinə xidmət edən islahatları keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Bir çox inkişaf etmiş dövlətlərdən fərqli olaraq respublikamızda sosial məsələlərin xüsusi aktuallıq kəsb etməsi ölkənin son 15 ildə üstünlük verdiyi milli inkişaf modelinin mahiyyətindən irəli gəlir... Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının 1966-cı il tarixli "İqtisadi, sosial və mədəni hüquqlar haqqında Pakt"ına, "Mülki və siyasi hüquqlar haqqında Pakt"ına, habelə Avropa Şurasının 1961-ci il tarixli Avropa Sosial Xartiyasına qoşulmuş müstəqil dövlət kimi xalqının sosial və mədəni inkişafını özünün başlıca vəzifəsi hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır - ölkədə yaşayan hər bir insanın dövlət qarşısında onun maddi rifah halının yaxşılaşdırılması tələbini aktuallaşdırmaq hüququ tanınır.

2008-ci ildə dövlət büdcəsindən sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu, 2007-ci illə müqayisədə 38,4 faiz və ya 642 milyon manat çox olmuşdur. Dövlət büdcəsinin cari xərclərində sosialyönümlü tədbirlər üzrə xərclərin tərkib hissəsi olan sosial müdafiə və sosial təminat xərcləri 42,2 faiz, səhiyyə xərcləri 34,6 faiz, təhsil xərcləri 35,5 faiz, mədəniyyət, incəsənət, informasiya, idman xərcləri 47,1 faiz artmışdır. "Biz öz sosial siyasətimizi bundan sonra da uğurla davam etdirəcəyik. Bütün sosial proqramlar icra olunur. 2008-ci ildə minimum əməkhaqqı və minimum pensiyaların baza həddi 50 faiz artırılmışdır və indi Azərbaycanda orta aylıq əmək haqqı 335 dollar, orta aylıq pensiya 120 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir. Ancaq əlbəttə ki, növbəti illərdə bizim iqtisadiyyatımız artdıqca, bütün sosial məsələlər daha da uğurla icra olunacaqdır. Ünvanlı sosial yardım proqramı uğurla icra edilir və 2009-cu ildə davam etdirilməlidir. Amma bütövlükdə demək istəyirəm ki, 2009-cu ildə bütün sosial proqramlar yüksək səviyyədə icra edilməlidir və əminəm ki, belə də olacaqdır" - deyən dövlət başçısı İlham Əliyev həyata keçirilən tədbirlər nəticəsində yoxsulluğun səviyyəsinin 2003-cü ildəki 44,7 faizdən 13,2 faizə eməsini də ciddi uğurlardan biri kimi dəyərləndirir.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)"nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin yüksəlməsində mühüm rol oynamışdır. Ötən beş ildə ümumi daxili məhsulun real həcmi 2,6 dəfə artaraq 38 milyard manata çatmış, ÜDM-in adambaşına düşən nominal həcmi 5 dəfə artaraq 4440 manat təşkil etmişdir. Qeyri-neft sektoru 1,8 dəfə artmış, 2008-ci ilin yekunlarına görə ÜDM-də qeyri-dövlət sektorunun payı 84,5 faiz təşkil etmişdir.

Bölgələrin inkişafına xidmət edən bu və digər dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində əhalinin, xüsusən də regionlarda yaşayan əhalinin məşğulluq səviyyəsi yüksəlmiş, 27 min 500 yeni müəssisə yaradılmış, 770 minə yaxın yeni iş yeri açılmışdır. Bir sıra inkişaf etmiş dövlətlərdə qlobal maliyyə böhranı ilə bağlı işsizlərin sayının artmasına rəğmən, Azərbaycanda 2008-ci ildə 120 min yeni iş yerinin açılması ölkənin uğurlu iqtisadi siyasətinin nəticəsidir.

Hökumətin sosial-liberalizm xəttinə üstünlük verdiyini Azərbaycan Prezidenti İlham Əliyevin 14 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" bir daha təsdiqləyir. Proqramda nəzərdə tutulan məsələlərin böyük bir qisminin sırf sosialyönümlü mahiyyət daşıması Azərbaycan hökumətinin sosial məsələlərə necə böyük həssaslıqla yanaşdığına daha bir sübutdur. Proqramın təhlili göstərir ki, əvvəlki illərdə olduğu kimi, növbəti beş ildə də ölkədə sosial siyasətin başlıca məqsədi əhalinin, o cümlədən regionlarda yaşayan vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılmasını təmin etməkdən ibarətdir. Əhalinin sosial müdafiəsi sahəsində aparılan tədbirlərin əsas istiqamətlərindən biri də aztəminatlı əhali qrupları üzrə sosial müavinətlərin artırılması, sosial müdafiəyə ehtiyacı olan şəxslərin sosial vəziyyətinin, həyat şəraitinin yaxşılaşdırılması və ümumilikdə ölkədə yoxsulluq səviyyəsinin azaldılmasından ibarət olacaqdır. Dövlət proqramında vətəndaşların sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin təmin olunması məqsədilə pensiya təminatı sistemini təkmilləşdirmək və onun səmərəliliyini artırmaq sahəsində tədbirlərin davam etdirilməsi də nəzərdə tutulmuşdur.

Sosial təminat sahəsində dövlət siyasətinin mühüm istiqamətlərindən biri sosial müavinətlərin ünvanlılığının təmin edilməsi, əlillərə, müharibə veteranlarına, gənc ailələrə, əhalinin ən aztəminatlı hissəsinə xüsusi diqqətin yetirilməsi ilə bağlıdır. Dövlət proqramında əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində aztəminatlı ailələrə ünvanlı sosial yardımın göstərilməsi üçün müvafiq tədbirlərin davam etdirilməsi, əhalinin, xüsusilə gənc ailələrin mənzilə olan ehtiyaclarının daha yaxşı ödənilməsi məqsədilə ipoteka kreditləşmə mexanizminin təkmilləşdirilməsi; Qarabağ əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması, ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsi, uşaq və ailə mərkəzlərinin, o cümlədən xüsusi istirahət müəssisələrinin və uşaqlar üçün ixtisaslaşmış xidmət müəssisələrinin yaradılması, əhalinin sağlamlığının yaxşılaşdırılması əhalinin sosial cəhətdən aztəminatlı təbəqələrinə tibbi yardımın göstərilməsi ilə bağlı tədbirlər sisteminin hazırlanması və həyata keçirilməsi; əhalinin reproduktiv sağlamlığının yaxşılaşdırılması və ailə planlaşdırılması xidmətinin inkişafı nəzərdə tutulur.

İşsizliyin aradan qaldırılması, əhalinin faydalı məşğulluğunun təmin edilməsi sosial problemlərin həlli baxımından az əhəmiyyət daşımır. Qarşıdakı illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə olunmaqla əhalinin səmərəli məşğulluğunu təmin etməkdir. Bu məqsədə nail olmaq üçün sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı üçün daha münbit şəraitin yaradılması, məşğulluğun səmərəli inkişafını təmin edən investisiya fəallığının dəstəklənməsi, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, qeyri-formal əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, əmək bazarında tələb və təklif arasında dinamik uyğunluğun gücləndirilməsinə yönəldilmiş infrastrukturun təkmilləşdirilməsi, kadr hazırlığı sisteminin, o cümlədən peşə hazırlığı və ixtisasartırma şəbəkələrinin fəaliyyətinin dinamik inkişaf edən əmək bazarının tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur.

Dövlət proqramında qeyd olunan istiqamətlərdə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" çərçivəsində nəzərdə tutulan məqsədlərə nail olunmasında, eləcə də əhalinin sosial rifahının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.

Ümumilikdə, dövlət proqramı çərçivəsində qarşıdakı beş ildə regionlarda sosial infrastrukturun bərpası, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Proqrama əsasən, regionlarda həyata keçiriləcək sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsi, aztəminatlı ailələrin həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasıdır.

 

 

S.Elmanoğlu

 

Azərbaycan.-2009.-11 iyun.-S.3.