IV. Gəncə-Qazax iqtisadi rayonu
Prezident
İlham Əliyevin 2004-cü il fevralın 11-də təsdiq
etdiyi "Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci
illər)" uğurla icra olunaraq ölkəmizin bütün
bölgələrinin simasını kökündən dəyişdi.
Bu proqramda qarşıya
qoyulmuş məqsədlərin reallaşması, nəzərdə
tutulmuş bütün vəzifələrin vaxtında və
uğurla yerinə yetirilməsi nəticəsində iqtisadi
rayonlar tarazlı inkişaf mərhələsinə qədəm
qoydu. Yeni müəssisələrin və iş yerlərinin
yaradılması ilə əhalinin məşğulluq səviyyəsi
artırıldı, yoxsulluq əhəmiyyətli dərəcədə
azaldı, ölkədə kommunal xidmət və sosial
infrastruktur təminatı gücləndirildi, sahibkarlıq
mühiti daha da yaxşılaşdırıldı. Beləliklə,
ölkənin dinamik sosial-iqtisadi tərəqqisi təmin
edildi.
Bütün bu uğurların
davamlı və daha əzəmətli olmasını təmin
etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev
aprelin 14-də regionların sosial-iqtisadi inkişafına dair
II Dövlət Proqramını təsdiq edib. 2009-2013-cü
illəri əhatə edəcək proqramda I Dövlət
Proqramının davamı olaraq bölgələrin daha
genişmiqyaslı tərəqqisi, əhalinin rifahının
yüksəldilməsi və digər bu kimi həyata
keçiriləcək mühüm tədbirlər öz əksini
tapıb. 10 iqtisadi rayon üzrə I Dövlət
Proqramının həyata keçirildiyi mərhələdə
görülən işlərlə yanaşı, II Dövlət
Proqramının icrasında nəzərdə tutulan layihələri
diqqətə çatdırırıq.
Gəncə-Qazax iqtisadi rayonu Gəncə
və Naftalan şəhərlərini, Ağstafa, Daşkəsən,
Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir
və Tovuz rayonlarını əhatə edir. Regionların
sosial-iqtisadi inkişafına dair Birinci Dövlət
Proqramında bu iqtisadi rayonun payına düşən 90 tədbir
uğurla reallaşdırılıb.
İqtisadi rayonda yeni
yaradılmış müəssisələrə misal olaraq
Ağstafada "Saloğlu", "Karvan-el" müəssisələrini
və tikiş fabrikini, Şəmkirdə "AtaSənaye"nin
quşçuluq fabrikini, Gəncədə "Gəncə-Şərab-2"
Səhmdar Cəmiyyətini, "Jardin Royal" şokolad
fabrikini, bərpa edilərək yenidən istifadəyə
verilən "Gəncə Sənaye Cihaz" müəssisəsini,
Goranboyda lambrin, kanalizasiya boruları və onların
aksessuarlarını istehsal edən "Oplas" MMC-ni,
Daşkəsən rayonunda "Daşkəsən
Filizsaflaşdırma" ASC-ni, Qazaxda Bentonit emalı zavodunu,
Samuxda "Az-Rus Dostluq" ASC-ni və sair müəssisələri
göstərmək olar.
Gəncə-Qazax iqtisadi rayonunda nəqliyyat-yol
infrastrukturunun da yenidən qurulması və müasir
standartlara uyğunlaşdırılması ilə
bağlı genişmiqyaslı işlər
görülmüşdür. Müasir standartlara uyğun
qurulan Gəncə Beynəlxalq Hava Limanı, Şəmkir-Qazax
və Gəncə-Daşkəsən-Xoşbulaq avtomobil
yolları istifadəyə verilmişdir.
İdman və səhiyyə
obyektlərinin tikintisinə də böyük diqqət
yetirilmişdir. Qazaxda müalicə diaqnostika mərkəzi və
olimpiya idman kompleksi, Gəncədə müalicə diaqnostika
mərkəzi, üzgüçülük hovuzu, Gədəbəydə
idman kompleksi, Goranboyda və Şəmkirdə stadionlar istifadəyə
verilmşdir. Şəmkirdə olimpiya idman kompleksinin tikintisi
başa çatdırılmışdır.
Prezident İlham Əliyev
2004-cü ilin iyun ayında Qazax, Tovuz, Şəmkir
rayonlarına və Gəncə şəhərinə, 2005-ci
ilin mayında Gəncə və Goranboya, 2005-ci ilin
oktyabrında Gəncə və Qazaxa, 2006-cı ilin
oktyabrında Gəncə, Daşkəsən, Gədəbəy
və Şəmkirə, 2007-ci ilin mayında Qazax, Tovuz və
Gəncəyə, 2008-ci ilin martında Gəncə, Naftalan,
Samux və Göygölə, həmin ilin sentyabrında Qazax,
Ağstafa, Tovuz və Gəncəyə səfərləri
zamanı görülən işlərlə tanış olub,
bir sıra müəssisələrin
açılışında, təməlqoyma mərasimlərində
iştirak edibdir.
İkinci Dövlət
Proqramında Gəncə-Qazax iqtisadi rayonunda əsas diqqət
sənaye istehsalı sahələrinin genişləndirilməsinə,
ölkə əhəmiyyətli avtomobil yollarının əsaslı
təmirinə, yenidən qurulmasına və tikintisinə,
heyvandarlıq, quşçuluq, taxılçılıq,
üzümçülük və digər kənd təsərrüfatı
sahələrinin inkişafına, toplam gücü 20 MVt olan
kiçik su elektrik stansiyalarının tikintisinə, məskunlaşmanın,
təbiətdən istifadənin və məhsuldar qüvvələrin
ərazi təşkilinin regional planlaşdırma sxeminin
işlənməsinə yönəldilmişdir.
Ölkənin ikinci, iqtisadi rayonun
isə ən böyük şəhəri olan Gəncədə
maşınqayırma, metallurgiya, cihazqayırma, yüngül
və yeyinti sənaye sahələrinin inkişafı, kənd
təsərrüfatı üzrə elmi-tədqiqat
institutlarının maddi-texniki bazalarının möhkəmləndirilməsi,
şəhər ərazisində yeni avtomobil körpülərinin
inşası, şəhərdaxili və məhəllədaxili
yolların və mövcud körpülərin əsaslı təmiri,
yaşayış ərazilərinin elektrik şəbəkələrinin
yenidən qurulması, səhiyyə müəssisələrinin
mövcud qazanxanalarının modernləşdirilməsi, məhəllədaxili
və binadaxili istilik sistemlərinin bərpası, qaz təminatının
yaxşılaşdırılması və yeni
yaşayış massivlərinin qazlaşdırılması,
müasir rabitə şəbəkəsinin yaradılması,
su təchizatının və kanalizasiya sisteminin yenidən
qurulması nəzərdə tutulur. 2009-2013-cü illərdə
Gəncəçay çayının sahilboyunun və məcrasının
yenidən qurulması işlərinin davam etdirilməsi, şəhərdə
yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar
üçün ixtisaslaşdırılmış müəssisələrin
yaradılması, səhiyyə, mədəniyyət, idman və
təhsil müəssisələrinin inşası və yenidənqurulması
nəzərdə tutulmuşdur.
Naftalan şəhərində
elektrik şəbəkələri, su təchizatı və
kanalizasiya sistemi yenidən qurulacaq, məktəblər və
yaşayış binaları üçün yeni
qazanxanaların tikintisi, məhəllədaxili və binadaxili
istilik sistemləri bərpa ediləcəkdir. Şəhərdə
səhiyyə-kurort müəssisələrinin təmiri də
diqqət mərkəzində olacaqdır.
Ağstafa, Daşkəsən, Gədəbəy,
Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz
rayonlarında sənaye istehsalının genişləndirilməsi,
bitkiçilik, taxılçılıq, tərəvəzçilik,
üzümçülük, şərabçılıq,
arıçılıq, kartofçuluq və heyvandarlıq
sahələrinin inkişafı, kənd təsərrüfatı
məhsulları istehsalçılarının müvafiq kənd
təsərrüfatı texnikalarına olan tələbatının
ödənilməsi, rayon mərkəzlərinin küçələrinə,
yerli əhəmiyyətli avtomobil yollarına asfalt
örtüyünün salınması, yeni
yarımstansiyaların inşası, elektrik şəbəkələrinin
yenidən qurulması, elektrik verilişi xətlərinin
özünüdaşıyan izolyasiyalı naqillərlə əvəz
olunması, kəndlərin su, qaz təchizatının, rabitə
xidmətlərinin yaxşılaşdırılması,
meliorasiya və irriqasiya, ekologiya və təbii sərvətlərdən
istifadə tədbirlərinin həyata keçirilməsi, səhiyyə,
mədəniyyət, idman və təhsil müəssisələrinin
inşası və yenidənqurulması nəzərdə
tutulur.
Rəşad Cəfərli
Azərbaycan.-2009.-11 iyun.-S.3.