Vergi Məcəlləsinə
əlavələr və
dəyişikliklər ediləcəkdir
İyunun 10-da Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilmişdir. Komitənin sədri Ziyad Səmədzadə bildirmişdir ki, Azərbaycanın dinamik inkişafı, dünyada və ölkəmizdə baş verən dəyişikliklər bəzi qanunlara əlavələr və dəyişikliklər edilməsi zərurətini yaratmışdır. Bu dəyişikliklər həm iqtisadi inkişafa, həm də vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Sonra vergilər nazirinin müavini Natiq Əmirov gündəlikdəki birinci məsələ - "Azərbaycan Respublikası Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi barədə ətraflı məlumat vermişdir. O bildirmişdir ki, vergi qanunvericiliyinin təkmilləşdirilməsi çərçivəsində qanunvericiliyin iqtisadi inkişafın tələblərinə, habelə beynəlxalq normalara uyğunlaşdırılması, vergi sisteminin təkmilləşdirilməsi baxımından Vergi Məcəlləsinə əlavələrin və dəyişikliklərin edilməsi mühüm əhəmiyyət kəsb edir. Müzakirəyə təqdim olunan əlavələr və dəyişikliklər əsasən dörd istiqaməti əhatə edir. Məcəlləyə təklif olunan 46 əlavə və dəyişikliklərdən 19-u vergi ödəyicilərinin hüquqlarının artırılmasına və mənafelərinin qorunmasına, 16-sı vergi inzibatçılığının müasirləşdirilməsinə, 7-si vergi nəzarətinin təkmilləşdirilməsinə xidmət edir, 4-ü isə redaktə xarakterlidir.
Vergi ödəyicilərinin hüquqlarının artırılması və mənafelərinin qorunması məqsədilə Məcəlləyə təklif olunan dəyişikliklər əsasən vergi yükünün aşağı salınmasını, hüquqi şəxslər və fərdi sahibkarlar arasında vergi yükünün bərabərləşdirilməsini ehtiva edir.
Nazir müavini qeyd etmişdir ki, son illər əhalinin sosial müdafiəsinin gücləndirilməsi və maddi təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Bununla yanaşı, iqtisadiyyatın bir sıra sahələrində real əməkhaqlarının düzgün rəsmiləşdirilməsi bu sahədə inzibati tədbirləri gücləndirməklə yanaşı, stimullaşdırıcı addımların atılmasını zəruri etmişdir. Bu məqsədlə Məcəllənin 101-ci maddəsinə dəyişikliklər olunmaqla fiziki şəxslərin gəlir vergisinin maksimum dərəcəsinin 35 faizdən 30 faizə endirilməsi nəzərdə tutulmuşdur. Bunun nəticəsində fiziki şəxslərin 2 min manatdan çox gəlirlərindən vergi 30 faiz dərəcə ilə tutulacaqdır ki, bu da əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əməkhaqlarının leqallaşmasına şərait yaradacaqdır.
Hüquqi şəxslər və fərdi sahibkarlar arasında vergi yükünün bərabərləşdirilməsi məqsədilə Vergi Məcəlləsinin 101-ci maddəsinə yeni bənd əlavə olunur. Bu əlavəyə əsasən, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin vergiyə cəlb edilən gəlirlərindən 20 faiz dərəcə ilə vergi tutulacaqdır.
Bundan başqa, mənfəət vergisinin dərəcəsi 22 faizdən 20 faizə endiriləcəkdir.
Sonra "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə olunmuşdur.
Maliyyə naziri Samir Şərifov demişdir ki, dəyişikliklərin əsas mahiyyəti ehtiyat fondlarının yaradılması, dövlət büdcəsinin tərtibatı və uçot dərəcələri ilə bağlıdır.
İclasda "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" məsələyə də baxılmışdır. Mərkəzi Bankın idarə heyətinin sədri Elman Rüstəmov layihəni şərh etmişdir. O demişdir ki, qanuna təklif olunan dəyişikliyə əsasən bank sisteminin sabitliyinin təmin edilməsi, bank kreditorlarının və əmanətçilərinin maraqlarının qorunması məqsədilə Mərkəzi Bank özünün müəyyən etdiyi qayda və şərtlər daxilində banklara kreditlər, o cümlədən subordinasiya kreditləri verə bilər.
Qanuna təklif olunan əlavədə isə bildirilir ki, Mərkəzi Bank sosial-iqtisadi əhəmiyyətli layihələrin maliyyələşdirilməsi, habelə iqtisadiyyatın real sektoruna maliyyə dəstəyinin təmin edilməsi məqsədilə dövlət zəmanəti əsasında banklara kreditlər verə bilər. Belə kreditlərin forma, qayda və şərtlərini Mərkəzi Bankın idarə heyəti müəyyən edir.
Müzakirələr zamanı deputatlar hər üç qanun layihəsi ilə bağlı rəy və təkliflərini bildirmişlər. Sonda qanun layihələri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.
AzərTAc
Azərbaycan.-2009.-11 iyun.-S.4.