Yeni Azərbaycan Partiyasının regional müşavirəsi

 

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Yeni Azərbaycan Partiyasının bu ilin sonunda ölkəmizdə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı regional müşavirəsi olmuşdur.

Tədbirin iştirakçıları əvvəlcə şəhərin Heydər Əliyev xatirə parkında ümummilli liderin abidəsinin önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Yeni Azərbaycan Partiyasının cənub bölgəsinə daxil olan 7 rayon təşkilatının nümayəndələrinin iştirak etdikləri toplantıda YAP Lənkəran şəhər təşkilatının sədri İlqar Dadaşov, Masallı rayon təşkilatının sədri Əmanət Əzizov, Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Astara rayon təşkilatının sədri Natiq İbadov, Lerik rayon təşkilatının sədri Elxan Qənbərov, Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev və Biləsuvar rayon təşkilatının sədri Əjdər Niftiyev çıxış edərək bələdiyyə seçkilərinə hazırlıqla bağlı görülmüş işlər barədə məlumat vermiş, yerli özünüidarəetmə orqanlarına seçkilərdə partiya üzvlərinin fəallığını təmin etmək üçün qarşıda duran vəzifələri diqqətə çatdırmışlar.

Milli Məclisin deputatı Əhəd Abıyev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxışlarında 2008-ci ildə ölkəmizdə keçirilən prezident seçkilərində və 2009-cu il martın 18-də ümumxalq səsverməsində (referendumda) Yeni Azərbaycan Partiyası üzvlərinin xüsusi fəallıq nümayiş etdirdiklərini bildirmişlər. Natiqlər bələdiyyələrin birləşdirilməsi ilə bağlı Milli Məclisdə aparılan müzakirələrin əhali tərəfindən razılıqla qarşılandığını vurğulamış, qarşıdakı bələdiyyə seçkilərində də YAP üzvlərinin fəal iştirak edəcəklərinə əminlik ifadə etmişlər.

Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov müşavirədə çıxış edərək bu ilin dekabrında keçiriləcəyi nəzərdə tutulan bələdiyyə seçkilərinin azad, demokratik və şəffaf keçirilməsini, partiya üzvlərinin bu seçkilərdə fəallığını təmin etmək üçün qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.

Ölkəmizdə bələdiyyə institutunun yaradılmasının 10 illik təcrübəsinin bu sahədə islahatların aparılması zərurətini yaratdığını bildirən Ə.Əhmədov, 2004-cü ildə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə bələdiyyə üzvlərinin 60 faizini Yeni Azərbaycan Partiyası üzvlərinin təşkil etdiyini vurğulamış, qarşıdakı seçkilərdə bələdiyyə üzvlüyünə namizədliyə partiyanın ən layiqli üzvlərinin irəli sürülməsinin vacibliyini bildirmiş, tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik etmişdir.

Toplantıda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli və parlamentin deputatı Mirkazım Kazımov iştirak etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-11 iyun.-S.4.