İslam İnkişaf Bankı Qrupu Müdirlər Şurasının illik toplantısında Azərbaycana maraq böyük idi

 

Bu il iyun ayının 2-3-də Türkmənistanın paytaxtı Aşqabadda İslam İnkişaf Bankı (İİB) Qrupu Müdirlər Şurasının illik 34-cü iclası keçirildi. İclasda Azərbaycanı iqtisadi inkişaf naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edirdi. Xatırladaq ki, Azərbaycan 1992-ci ilin iyul ayından İİB-nin üzvüdür.

Əvvəlcə İİB, onun fəaliyyət və strukturları barədə. Bank 1973-cü il dekabrın 18-də İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin maliyyə nazirlərinin 1-ci konfransında təsis olunub. Rəsmi fəaliyyətə isə 1975-ci il dekabrın 20-də başlayıb. İİB-nin yaradılmasında əsas məqsəd üzv ölkələrin və bütün dünyadakı müsəlman icmalarının şəriət prinsipləri əsasında sosial-iqtisadi inkişafına dəstək verməkdir. Bu məqsədlə bank üzv ölkələrdə həm dövlət, həm də özəl sektor üzrə səmərəli layihələri maliyyələşdirir. İİB həmçinin iqtisadi və sosial infrastruktur layihələrə investisiya qoyur, üzv ölkələrə texniki yardım edir, xüsusən, istehsal sahəsində xarici ticarətin inkişafına maliyyə dəstəyi verir. Bunlardan əlavə, bank qeyri-üzv ölkələrdəki müsəlman icmalarına kömək göstərir, xüsusi yaradılmış fondlar vasitəsi ilə islam iqtisadiyyatının və bank işinin şəriət qanunları ilə idarə olunması üçün tədqiqatlar aparır.

İKT-nin üzvü olan bütün ölkələr İİB-nin üzvü ola bilər. Hazırda 56 ölkə bankın üzvüdür. Onlar 4 (Afrika, Asiya, Avropa və Cənubi Amerika) qitəni əhatə edir. İİB-yə üzv olmaq istəyən ölkə hər bir nominalı 10.000 islam dinarı olan ən azı 250 səhmə imza atmalıdır. Məlumat üçün bildirək ki, islam dinarı İİB-nin hesablaşma vahididir və 1 islam dinarı təxminən 1,5 ABŞ dollarına bərabərdir. Hazırda ödənilmiş kapitala görə, 8 ölkə - Səudiyyə Ərəbistanı, Küveyt, Liviya, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Qətər bankın əsas sərmayədarlarıdır.

İİB yalnız sosial-iqtisadi inkişafa dəstək vermək üçün yaradıldığından üzv ölkələrin siyasi işlərinə qarışmır və heç bir siyasi qərar qəbul etmir. Habelə, bank İKT-nin ixtisaslaşmış orqanı sayılsa da, özünün müstəqil idarəetmə orqanına malikdir. Bununla belə, İİB İslam Konfransı Təşkilatı komitələrinin bütün iclas və görüşlərində iştirak edir. Amma bank iqtisadi təşkilat olduğundan onun İKT-nin iqtisadi və ticarət əməkdaşlığı üzrə daimi komissiyası ilə daha sıx əməkdaşlığı var.

Bəs, bank necə idarə olunur? Bu sualın cavabı sadədir - kollegial. Hər bir üzv ölkə bankın İdarə Heyətində müdir və müdir müavini qismində təmsil edilir. Hər bir iştirakçı 500 əsas və hər imzalanmış səhmə görə əlavə 1 səsə malikdir. Bütün qərarlar səsvermə yolu ilə Müdirlər Şurası tərəfindən qəbul olunur. Müdirlər Şurası bankın hər ötən ilki fəaliyyətinə qiymət vermək üçün ildə bir dəfə toplaşır. İllik toplantıda şura özünün sədrini seçir. O, növbəti toplantının keçiriləcəyi ölkənin nümayəndəsi olur və şuraya həmin toplantı keçirilənəcən sədrlik edir. Yeri gəlmişkən qeyd edək ki, İİB Müdirlər Şurasının 35-ci toplantısı gələn ilin iyununda Bakıda keçiriləcəyindən Aşqabad toplantısında şuranın sədri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev təyin olundu. Bu mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi qərarını toplantı iştirakçıları Azərbaycanın sosial-iqtisadi inkişaf cəhətdən son illər sürətli inkişafı, bu sahədə regionda, eləcə də Şərqi Avropada lider dövlətə çevrilməsi, həmçinin İslam İnkişaf Bankı ilə əməkdaşlığa önəm verməsi ilə əlaqələndirdilər.

Beləliklə, hazırda Ş.Mustafayevin sədrlik etdiyi Müdirlər Şurası bankın siyasi xəttini formalaşdıran ali orqandır. Şura bankın üzvlüyünə, nizamnamə kapitalına, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığa, İİB-nin prezidentinin və rəhbərlərinin seçilməsi, habelə mükafatlandırılmasına aid məsələləri həll edir. Bunlarla yanaşı, şura bankın ümumi əməliyyatlarını aparmaq üçün İcraçı Direktorlar Şurasına səlahiyyət verir. Söz düşmüşkən bildirək ki, hazırda İcraçı Direktorlar Şurası 15 üzvdən ibarətdir. Onların 8-i təyin olunur, 7-si isə seçilir. Təyin olunan 8 üzv ən çox səhm paketinə malik ölkədir və onların hər biri şurada 1 icraçı direktorla təmsil edilir. Digər üzv ölkələrdən olan müdirlər isə 7 icraçı direktoru seçirlər. Bankın prezidenti İcraçı Direktorlar Şurasının sədridir. Direktorlar 3 illiyə seçilir və təkrar seçilmək hüququna malikdirlər. Bütün qərarları səs çoxluğu ilə qəbul edən şura bankın ümumi fəaliyyətinə cavabdehdir. İİB-nin prezidenti isə rəhbər kimi bankın gündəlik fəaliyyətinə məsuliyyət daşıyır. Hazırda 4 regional (Rabat, Kuala-Lumpur, Almatı və Dakar) ofisi olan İslam İnkişaf Bankının prezidenti doktor Əhməd Məhəmməd Əlidir. Bankın rəsmi dili ərəb dilidir. Bundan savayı, ingilis və fransız dillərindən də istifadə edilir.

Əsas əməliyyat fəaliyyəti müsəlman ölkələrində və icmalarında yoxsulluğun azaldılması yolu ilə hərtərəfli sosial-iqtisadi inkişafı stimullaşdırmaq, o cümlədən özəl, bank və maliyyə sektorlarına dəstək verməkdən ibarət olan İİB 1976-2008-ci illər ərzində 6103 əməliyyata 40,9 milyard islam dinarı (56,9 milyard ABŞ dolları) vəsait qoyub. Təkcə ötən il İİB 399 əməliyyat üçün 3,5 milyard islam dinarı (5,7 milyard ABŞ dolları) vəsait təsdiq etmişdi. Bu vəsaitlər layihələrin həyata keçirildiyi ölkələrdə ən müxtəlif sahələrin - kənd təsərrüfatı və aqrar-sənaye kompleksinin, eləcə də kommunal, səhiyyə, təhsilin dirçəldilməsinə və inkişafına sərf olunub. Üzvlərinin əksəriyyətinin inkişaf edən ölkələr olduğu nəzərə alınsa, bu layihələrin reallaşmasının həm maddi, həm mənəvi dəyəri daha çox başa düşülər.

Fəaliyyətə başladığı 35 il ərzində böyük inkişaf yolu keçmiş (bank 1 hüquqi şəxsi təmsil edən maliyyə təşkilatından bu gün özündə 5 hüquqi şəxsi - İslam İnkişaf Bankı, Tədqiqatlar və Treninqlər İslam İnstitutu, Sərmayələrin və İxrac Kreditlərinin Sığortalanması İslam Korporasiyası, Özəl Sektorun İnkişafı İslam Korporasiyası və Ticarətin Maliyyələşdirilməsi Beynəlxalq İslam Korporasiyasını birləşdirən qrupa çevrilib) İİB Azərbaycanla da sıx əməkdaşlıq edir. Ötən 17 il ərzində bankın maliyyə yardımı ilə ölkəmizdə bir sıra layihələr həyata keçirilib. Ümumilikdə 78 milyon dollarlıq (bunun 21 milyon dollarlığı hazırda reallaşan layihələrdir) bu layihələr ən müxtəlif sahələri, xüsusən, qeyri-neft sektorunu əhatə edir. Bu sıraya Ucar-Yevlax və Yevlax-Gəncə avtomobil yollarının və Mingəçevir SES-in yenidən qurulmasını, Vəlvələçay kanalının tikintisini və s.-ni aid etmək olar. Onu da qeyd edək ki, Azərbaycan İİB-nin ən etibarlı üzvlərindəndir və bank ölkəmizdə reallaşdırılan layihələrə maliyyə yardımları göstərməkdə heç bir tərəddüd etmir.

Bu fikir bankın Müdirlər Şurasının Aşqabad toplantısı çərçivəsində Azərbaycan nümayəndə heyətinin başçısı, iqtisadi inkişaf naziri Şahin Mustafayevin İİB-nin prezidenti doktor Əhməd Məhəmməd Əli ilə görüşündə bir daha vurğulandı. Görüşdə qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindən olduğunu deyən Ş.Mustafayev Bakıda reallaşdırılan "Bərk məişət tullantılarının emalı zavodunun tikintisi" layihəsinə İslam İnkişaf Bankının 100 milyon avro ayırması prosesinin sürətləndirilməsinin vacibliyini qeyd etdi. Buna cavab olaraq doktor Əhməd Məhəmməd Əli sözügedən layihəyə vəsaitin ayrılması üçün lazımi tədbirlərin görüləcəyini söylədi və eyni zamanda, bankın Azərbaycan hökumətinin təklif etdiyi digər layihələrin də maliyyələşdirilməsində iştiraka hazır olduğunu dedi. Bu amilin özü bir daha sübut edir ki, Azərbaycan iqtisadiyyatının xüsusən, son illər sürətlə inkişafı və bunun nəticəsində yaranmış maliyyə imkanları ölkəmizi investisiya yatırmaq baxımından cəlbedici etməklə yanaşı, onu daha etibarlı tərəfdaşa çevirib.

Bu yerdə maraqlı bir məqama da diqqət çəkmək yerinə düşər. Qeyd etdiyimiz kimi, hazırda 56 ölkə İİB-nin üzvüdür və bu ölkələrin əksəriyyətinin (xüsusən, Afrika və bir sıra Asiya ölkələri) iqtisadiyyatı zəif inkişaf edib, əhalisinin maddi durumu aşağıdır, sosial infrastrukturları yox dərəcəsindədir. Odur ki, Aşqabad toplantısı çərçivəsində keçirilən müxtəlif iclas, simpozium və toplantılarda həmin ölkələrin nümayəndələri bankdan daha çox maliyyə yardımı almağa cəhd göstərirdilər. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Türkiyə, Qazaxıstan, Azərbaycan kimi ölkələrsə belə tədbirlər zamanı, necə deyərlər, "imkanlı" görünürdü. Əksinə, toplantıya dəvət almış investorlar özləri bu ölkələrə maraq göstərir, müxtəlif layihələrin həyata keçirilməsində iştirak etmək istədiklərini bildirirdilər.

Bunu toplantının açılışı ərəfəsində tədbir çərçivəsində keçirilən investisiya konfransında da aydın görmək mümkün idi. Konfransın Azərbaycanla bağlı hissəsində İİB-nin prezidenti Əhməd Məhəmməd Əli, banka üzv ölkələrin nümayəndələri və iş adamları iştirak edirdilər. Konfransda çıxış edən Azərbaycan nümayəndə heyətinin başçısı Ş.Mustafayev Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan iqtisadiyyatında qazanılan uğurlardan, sosial sahədə görülən tədbirlərdən, ölkədə mövcud olan əlverişli biznes mühitindən, bütün sahələrdə həyata keçirilən layihələrdən konkret rəqəmlərlə söhbət açdı. Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərindən, beynəlxalq maliyyə institutları, o cümlədən İİB ilə əməkdaşlıqdan danışan Ş.Mustafayev onu da konfrans iştirakçılarının nəzərinə çatdırdı ki, Dünya Bankının ən iri maliyyə qurumlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının dünya ölkələrində biznes mühitinə dair hazırladığı son "Duing Business-2009" hesabatında Azərbaycan "islahatçı ölkə" elan edilib. İşgüzar mühitin əlverişliyi baxımından ötən il dünya üzrə 97-ci yerdə olmuş ölkəmizin bu il 33-cü yerə yüksəldiyini və bunun hesabatın tərtib edildiyi vaxtdan rekord sıçrayış olduğunu deyən Ş.Mustafayev Azərbaycan iqtisadiyyatının qlobal maliyyə böhranından da bacarıqla qorunduğunu söylədi. Təkcə cari ilin 4 ayının nəticələrinə görə, ölkəmizdə ÜDM istehsalı 4,5, qeyri-neft sektorunda istehsal isə 8 faizdən çox artıb.

Bundan əlavə, konfransda Azərbaycanda investisiya mühiti, Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ), eləcə də İİB və AİŞ-nin birgə təşkilatçılığı ilə yaradılmış "Xəzər" İnvestisiya Şirkətinin fəaliyyəti, inkişaf perspektivləri ilə bağlı təqdimatlar keçirildi və onlar iştirakçılar tərəfindən böyük maraqla qarşılandı.

Azərbaycana marağın artdığını ölkəmizin nümayəndə heyətinin başçısı Ş.Mustafayevin Özəl Sektorun İnkişafı İslam Korporasiyasının icraçı direktoru Xalid əl-Abudi ilə görüşündə də görmək mümkün idi. Görüşdə Ş.Mustafayev korporasiyanın Azərbaycanda həyata keçirdiyi layihələrdən danışdı və qeyd etdi ki, "Xəzər" İnvestisiya Şirkətinin Azərbaycanda fəaliyyətini genişləndirmək üçün real imkanlar var. O, həmçinin qəbul edilmiş dövlət proqramları çərçivəsində kənd təsərrüfatı məhsulları üçün anbarların, logistik mərkəzlərin, aqrofermaların yaradılmasında ölkəmizin maraqlı olduğunu diqqətə çatdırdı və bu layihələrdə korporasiyanı fəal iştiraka dəvət etdi. Xalid əl-Abudi isə sözügedən layihələrin təmsil etdiyi qurum tərəfindən maraqla qarşılandığını söylədi və gələcəkdə korporasiyanın Azərbaycanda informasiya texnologiyaları, maliyyə, o cümlədən lizinq və sığorta sahələrində layihələr həyata keçirəcəyini qeyd etdi.

Azərbaycan nümayəndə heyətinin başçısı səfər çərçivəsində bir sıra digər ölkələrin nümayəndələri ilə də görüşdü. Qarşılıqlı maraq doğuran məsələlərin müzakirə olunduğu görüşlərdə bir daha sübut edildi ki, bu gün ölkəmiz sərmayə qoymaq baxımından çox cəlbedicidir.

Əlbəttə, bütün bu konfrans və görüşlər əsas tədbir olan İslam İnkişaf Bankı Qrupu Müdirlər Şurasının 34-cü illik toplantısı çərçivəsində keçirilmişdir. Toplantının açılışı isə iyunun 2-də tədbirə ev sahibliyi edən Türkmənistanın Prezidenti Qurbanqulu Berdıməhəmmədovun iştirakı ilə oldu. Toplantının təntənəli açılışında bankın üzv ölkələrinin 56 maliyyə, iqtisadiyyat və planlaşdırma nazirləri, eləcə də toplantı çərçivəsində keçirilən müxtəlif tədbirlərə dəvət almış 700 nümayəndə iştirak edirdi. Onlardan əlavə, toplantıya regional və beynəlxalq maliyyə institutlarının, islam banklarının, milli maliyyə müəssisələrinin rəsmiləri də qatılmışdı.

Toplantıda Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov geniş çıxış etdi. Prezident islam dünyasının, o cümlədən Türkmənistanın İİB ilə əlaqələrindən, bankın maliyyə dəstəyi ilə onun başçılıq etdiyi ölkədə reallaşdırılan layihələrdən söz açdı və bu sahədə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin zəruriliyini vurğuladı. Türkmənistanın 1994-cü ildən İİB-nin üzvü olduğunu, ötən dövr ərzində ölkədə bankın maliyyə dəstəyi ilə səhiyyə, nəqliyyat, rabitə sahələrində mühüm layihələrin həyata keçirildiyini deyən Prezident nitqinin sonunda toplantını açıq elan etdi.

Toplantıda çıxış edən bank rəhbərlərinin dilindən belə bir fakt açıqlandı ki, ötən ilin sonuna İİB Qrupu tərəfindən təsdiqlənmiş 57 milyard ABŞ dolları həcmində ümumi maliyyələşdirmə olmuşdur. Bu məbləğ layihələrin maliyyələşdirilməsinə, texniki yardımların göstərilməsinə, İİB-yə üzv ölkələr arasında ticarətin inkişafına yönəldilmişdir. Vəsaitin 1,2 faizi isə banka üzv olmayan ölkələrdəki islam icmalarına təhsil və səhiyyə sahələri üzrə reallaşdırılan layihələri maliyyələşdirmək üçün qrant kimi verilmişdir.

İİB Qrupu Müdirlər Şurasının Aşqabad toplantısı çərçivəsində bankın rəhbərlər şurasının illik 34-cü, Sərmayələrin və İxrac Kreditlərinin Sığortası İslam Korporasiyasının (İCİEC) illik 16-cı və Özəl Sektorun İnkişafı İslam Korporasiyası Baş Məclisinin 9-cu iclasları keçirildi. Məlumat üçün bildirək ki, İİB Qrupu tərəfindən yaradılmış İCİEC və İCD iki müstəqil qurum olaraq banka üzv ölkələrdə investisiya qoyuluşunu və özəl sektoru inkişaf etdirməklə məşğuldur. Bundan əlavə, toplantı zamanı İnkişaf Naminə İslam Fondunun (İSFD) 2-ci iclası da baş tutdu. İSFD İİB Qrupu Müdirlər Şurasının 2007-ci ilin mayında Dakarda keçirilmiş illik toplantısında təsis olunub və keçən ildən fəaliyyətə başlayıb.

Aşqabad toplantısı çərçivəsində keçirilən və maraqla qarşılanan tədbirlərdən biri də illik 19-cu simpozium oldu. Simpoziumun maraqla qarşılanmasının səbəbi onun "Dünyanın böhrandan sonrakı vəziyyəti: regional təsirlər və İİB-yə üzv ölkələrin əlaqəli cavab tədbirləri" mövzusuna həsr edilməsi idi. Tanınmış və nüfuzlu ekspertlərin, Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, eləcə də digər iqtisadi və maliyyə qurumlarının nümayəndələrinin də qatıldığı simpoziumda İİB-yə üzv ölkələrdə qlobal böhrana qarşı görülmüş və görülməsi vacib sayılan tədbirlərdən danışıldı, fikir mübadiləsi aparıldı, səmərəli çıxış yolları tapmaq üçün mütəxəssislərin və ayrı-ayrı ölkələrin nümayəndələrinin fikirləri, çıxışları dinlənildi.

Simpoziumda Azərbaycan nümayəndə heyətinin üzvü, Maliyyə Nazirliyinin şöbə müdiri İlqar İsayev də çıxış etdi. İ.İsayev çıxışında dünya maliyyə böhranının Azərbaycana təsirindən və buna qarşı görülən tədbirlərdən danışdı. Qeyd etdi ki, Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən sosial-iqtisadi strategiya böhranın ölkəyə təsirini xeyli azaltmışdır. Azərbaycanda iqtisadiyyat yenə də inkişaf edir, qlobal layihələr həyata keçirilir, əhalinin gəlirləri artır, sosial vəziyyəti yaxşılaşır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu inkişafın sürətinə mane olduğunu deyən natiq problemin həllində İslam Konfransı Təşkilatı ölkələrinə Azərbaycana dəstək verdiklərinə görə nümayəndə heyəti adından minnətdarlığını bildirdi.

Toplantının yekun iclasında isə İİB Qrupu Müdirlər Şurasının 35-ci illik toplantısının 2010-cu il iyunun 23-24-də Bakıda keçiriləcəyi elan olundu və bununla, bankın Müdirlər Şurasına rəhbərlik Türkmənistandan Azərbaycana keçdi.

 

 

R.Məmmədov

 

Azərbaycan.-2009.-11 iyun.-S.5.