Azərbaycanın iqtisadi qüdrəti daha da artır

 

Qlobal maliyyə böhranının təsirlərini minimum həddə endirməyi bacaran Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların son hesabat və araşdırmalarında yenə də iqtisadi göstəricilərinə görə liderliyi özündə saxlayır. Məhz elə həmin təşkilatlar tərəfindən bu, Azərbaycanın düzgün iqtisadi siyasəti, enerji sahəsində əldə etdiyi uğurlar, insan kapitalının yaradılması istiqamətində atılan məqsədyönlü addımlar və bu qəbildən olan digər amillərlə izah edilir.

 

MDB-də sənaye artımı yalnız Azərbaycanda müşahidə olunur

 

Azərbaycan iqtisadiyyatının çoxşaxəliliyi, qeyri-neft sektorunun canlanması bundan sonra da ölkəmizdə dinamik iqtisadi inkişaf tempinin qorunub saxlanacağına inam yaradır. Bunu beynəlxalq təşkilatlar da təsdiqləyir. O da xüsusi vurğulanır ki, istər qlobal böhranın öz təsirlərini daha qabarıq şəkildə hiss etdirdiyi ötən ilin ikinci yarısı, istərsə də cari ilin ilk rübündə Azərbaycanda iqtisadi artımın dünyanın bir çox dövlətlərindən fərqli olaraq müsbət və yüksək göstəricilərlə qeydə alınması qarşıdakı dövr ərzində də ölkəmizdə inkişaf tempinin qorunub saxlanacağından xəbər verir. Bununla bağlı Prezident İlham Əliyev bildirir: "Bu ilin, bütün dünya üçün böhranlı ilin ilk rübündə iqtisadi inkişaf 4,3 faiz, qeyri-neft sektorunun artımı isə 13,7 faiz təşkil etmişdir. Biz buna məhz neft siyasətinin uğurlu icrası nəticəsində, neftdən əldə edilmiş gəlirlərin səmərəli şəkildə digər sektorlara investisiya kimi qoyuluşu nəticəsində nail ola bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır və əminəm ki, bütün son illər ərzində əldə edilmiş iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir".

Qlobal böhran şəraitində MDB məkanında iqtisadiyyatın elə sahələri mövcuddur ki, burada artım yalnız Azərbaycanda qeydə alınmaqdadır. Belə sahələrdən biri də sənaye istehsalıdır. Cari ilin yanvar-aprel aylarının göstəricilərinə əsasən, MDB-də sənaye istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə yalnız Azərbaycanda artan xətt üzrə inkişaf edib. Digər MDB ölkələrində bu sahədə nəzərəçarpacaq dərəcədə tənəzzül yaşanıb. Bunu MDB Statistika Komitəsinin son məlumatlarından da aydın görmək mümkündür. Hesabat dövrü ərzində Azərbaycanda sənaye istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faizlik artım qeydə alındığı halda, Ukrayna kimi iqtisadiyyatı sənaye məhsullarına əsaslanan ölkədə bu göstərici 31,9 faiz geriləmə ilə müşahidə olunur. Moldovada sənaye istehsalında azalma səviyyəsi isə 25,7 faizdir.

MDB ölkələri arasında sənaye istehsalının azalma tempinə görə, 15,6 faizlik göstərici ilə Qırğızıstan üçüncü, 14,9 faizlik göstəricilə Rusiya dördüncü yeri tuturlar. Digər MDB ölkələrində də vəziyyət ürəkaçan deyil. Belə ki, cari ilin ilk rübündə Tacikistanda sənaye istehsalında 11,9 faiz, Ermənistanda 11,1 faiz, Qazaxıstanda 4,8 faiz, Belarusda 3,6 faiz geriləmə qeydə alınıb.

Hesabat dövrü ərzində ümumilikdə MDB ölkələrində ümumi daxili məhsul (ÜDM) istehsalında orta hesabla 9 faizlik azalma müşahidə olunub. Halbuki, cari ilin ilk rübündə Azərbaycanda bu sahədə də müsbət göstəricilər qeydə alınıb. Ölkəmizdə həmin dövrdə ümumi daxili məhsul istehsalında 4,3 faiz artım olub.

Dünyanın ən böyük və nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT ekspertləri cari il üçün dünya, o cümlədən bir sıra MDB ölkələrinin iqtisadiyyatı ilə bağlı nikbin proqnozlar səsləndirmirlər. BMT-nin "Dünya iqtisadi şəraiti və 2009-cu il üçün perspektivlər" adlı yeni məruzəsində bildirilir ki, cari ildə dünya üzrə ümumi daxili məhsulun məcmu həcminin 2,6 faiz azalacağı gözlənilir. İnkişaf etmiş ölkələrdə baş verən iqtisadi geriləmə həm inkişafda olan ölkələrin, həm də ümumilikdə dünya iqtisadiyyatına mənfi təsir göstərəcək. İnkişaf etmiş ölkələrdə iqtisadi geriləmə 3,9 faiz, yəni dünya üzrə ümumi göstəricidən daha yüksək olacağı proqnozlaşdırılır.

Şərqi Avropa və MDB ölkələri kimi keçid dövrü yaşayan dövlətlər üzrə ÜDM-in azalma proqnozu daha böyükdür, bu 5,1 faiz təşkil edir. Lakin BMT ekspertlərinin fikrincə, MDB regionunda təbii sərvətlərlə zəngin olan ölkələr böhrana qarşı müxtəlif və faydalı tədbirlər həyata keçirib ki, buna da neftin qiymətləri yüksək səviyyədə olduğu dövrdə yığılmış ehtiyatlar imkan yaradıb. Nəticədə, bu ölkələrə böhranın təsiri daha az olub. Belə ölkələr sırasında yer alanlardan biri də məhz Azərbaycandır və görülən tədbirlər nəticəsində ölkəmizdə ÜDM-nin digər MDB ölkələrilə müqayisədə nəzərəçarpacaq dərəcədə artan xətt üzrə inkişaf edəcəyi gözlənilir. Bu o deməkdir ki, ÜDM-nin azalmasına dair verilən proqnozların Azərbaycana heç bir aidiyyəti olmayacaq. Halbuki, BMT-nin hesabatına əsasən, MDB-nin digər ölkələri dəstək üçün Beynəlxalq Valyuta Fonduna müraciət etməyə məcbur olub. O cümlədən, Belarus, Ermənistan, Qırğızıstan və Ukrayna BVF ilə müvafiq sazişlər imzalayıb.

BMT-nin ekspertləri iqtisadiyyatın geriləməsi nəticəsində bir sıra ölkələrdə sosial və hətta siyasi vəziyyətin pisləşməsi ehtimalının olduğunu vurğulayırlar. BMT-nin hesabatında yaxın iki il ərzində 50 milyon nəfərin iş yerini itirəcəyi qeyd olunur və hətta iqtisadiyyatın bərpasının 2010-cu ildə deyil, daha gec başlayacağı təqdirdə, bu rəqəmin iki dəfə arta biləcəyi istisna edilmir. Hazırda bu sahədə MDB ölkələri arasında ən pis vəziyyətin Ermənistanda qeydə alındığı da diqqətdən yayınmır. Belə ki, Ermənistanda iqtisadi vəziyyətin pisləşməsi nəticəsində ölkədə işsizlər ordusunun əmək qabiliyyətli insanların az qala 70 faizini təşkil etdiyi, bunun isə siyasi vəziyyətin də gərginləşməsinə təsir göstərməsi etiraf olunur.

 

Beynəlxalq Valyuta Fondunun Azərbaycanla bağlı proqnozları yenə müsbətdir

 

Daha bir nüfuzlu dünya maliyyə institutlarından olan Beynəlxalq Valyuta Fondu da qlobal iqtisadi böhranla bağlı nikbin proqnozlar vermir. Lakin Fondun ekspertləri əvvəlki kimi böhranın Azərbaycana təsirinin ciddi xarakter daşımayacağını bildirirlər. Ümumiyyətlə, Beynəlxalq Valyuta Fondu dünya iqtisadi böhranının bundan sonra daha da dərinləşəcəyini proqnozlaşdırır. Fond mütəxəssislərinin fikrincə, böhran bu il səngiməyəcək, əksinə onun təsirləri bəzi ölkələrdə, o cümlədən də MDB məkanında güclənəcək və yoxsul ölkələrdə özünü daha çox büruzə verəcək.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, ötən ilin sonunda olduğu kimi bu il də ümumi daxili məhsulun artım səviyyəsi xeyli azalacaq. Dünyanın bir çox ölkələrində isə ümumiyyətlə heç bir artım gözlənilmir. Fondun ekspertləri belə nəticəyə gəlib ki, bundan sonra böhran dünyanın yoxsul təbəqəsinə daha çox təsir göstərəcək.

MDB məkanında isə böhrandan daha çox zərər görəcək ölkələr sırasına Rusiya, Gürcüstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistan daxil edilir. Hesabat müəlliflərinin fikrincə, MDB ölkələri arasında Azərbaycanda böhranın təsirləri o qədər də böyük deyil. Fond rəsmiləri bunu Azərbaycanın maliyyə bazarında ehtiyatlı mövqe tutması ilə əlaqələndirir.

Beynəlxalq Valyuta Fondu onu da bildirir ki, Rusiya, Gürcüstan, Qırğızıstan, Tacikistan, Qazaxıstan və Ermənistanda milli valyutaların dəyərdən düşməsi hələ davam edəcək. Çünki həmin ölkələrin xaricdən cəlb etdiyi kreditlərin həcmi artır və kreditlərin qaytarılma imkanları getdikcə məhdudlaşır. Azərbaycan isə milli valyutasını möhkəmləndirib və bu, böhrandan müdafiə olunmaq üçün əlavə imkanlar yaradıb.

Ümumiyyətlə, qarşıdakı dövr ərzində də Azərbaycan manatının devalvasiya təhlükəsilə üzləşməyəcəyi proqnozlaşdırılır.

Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə, hazırda MDB məkanında ən çox borclanma Qazaxıstanda müşahidə olunur. Kifayət qədər inkişaf etmiş bu ölkənin indi 40 milyard dollar borcu var. Azərbaycanın strateji valyuta ehtiyatlarının böyük həcmdə olması isə onun elə də böyük olmayan xarici borclarla bağlı heç bir problem yaşamamasını göstərir.

Hesabatın sonunda Fondun ekspertləri xəbərdarlıq edir ki, hər bir ölkə yerli iqtisadi şəraitə uyğun qərarlar qəbul etməlidir. Qeyd olunur ki, onlar iqtisadi fəaliyyətlərində daha ehtiyatlı davranmalı, dəyişikliklər zamanı yoxlanılmış və dəqiq hesablanmış vasitələrdən istifadə etməlidir.

Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəsi Koba Qvenetadze isə gələn il Azərbaycanın dövlət büdcəsində profisitin müşahidə olunacağını bildirir. Onun sözlərinə görə, hazırda dünya bazarlarında neftin qiymətinin artması müşahidə olunur: "Əgər neftin qiymətinin artması il boyu davam edərsə, Azərbaycanın dövlət büdcəsində 2009-cu ildə kəsir müşahidə olmayacaq, 2010-cu ildəki profisitin isə proqnozlardan daha artıq olacağı gözlənilir".

Dünyanın aparıcı iqtisadi mərkəzlərinin hesablamalarına görə, ilin sonuna kimi neftin 1 barelinin qiyməti minimal olaraq 85 dollara çatacaq. Azərbaycanın dövlət büdcəsində neftin 1 barelinin qiymətinin 70 dollardan götürüldüyü və cari il üçün "qara qızıl"ın qiymətinin orta hesabla elə bu qiymətə uyğun olacağı nəzərə alınarsa, onda bu il büdcə proqnozlarının özünü tam doğruldacağı şübhə yaratmır. Bu isə qlobal iqtisadi böhranın cari ildə Azərbaycana təsirlərinin bir qədər də minimallaşması deməkdir.

Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı nümayəndəsi Koba Qvenetadze isə qeyd edir ki, ümumiyyətlə, böhran dövründə neft-qaz ixrac edən ölkələr bu məhsuldan əldə olunan gəlirlərə görə elə də zərər çəkmir: "Bu ölkələr kifayət qədər maliyyə ehtiyatı toplayıb və toplanan vəsaitlər fiskal stimul kimi istifadə oluna bilər".

 

Tikinti sektoru yenidən canlanır

 

Belə bir vaxtda isə Azərbaycan iqtisadiyyatında dinamik inkişaf tempinin daha da artacağı gözlənilir. Xüsusən də iyunun 1-dən ipoteka kreditləşməsinin bərpa edilməsindən sonra tikinti sektorunda yenidən canlanma yaranacağı gözlənilir. Tikinti sektorunda və ona bağlı olan sahələrdə təxminən 500 minə qədər insanın çalışdığı nəzərə alınarsa, ipoteka kreditləşməsinin bərpasının ölkəmiz üçün nə qədər mühüm əhəmiyyətə malik olduğunu şərh etməyə ehtiyac qalmır. İqtisadçı ekspertlər belə hesab edirlər ki, ipotekanın yenidən tətbiqi həm də investorların ipoteka kağızlarına marağının artması və mənzil bazarındakı aktivliyin bərpa olunması üçün də ciddi əsasdır. Bazara 55 milyon manat həcmində ipoteka istiqrazlarının çıxarılması isə daha geniş sayda insanların ipoteka kreditləşməsindən faydalana biləcəyini göstərir. Əlbəttə ki, bütün bunlar son nəticədə iqtisadiyyatın inkişafında özünəməxsus rol oynayır.

Bundan başqa qlobal böhranın ən çox zərər vurduğu sahələr sırasında yer alan bank sektorunun da inkişafının qorunub saxlanması üçün görülən tədbirlər müsbət nəticələrini verməkdədir. Ümumiyyətlə, ötən ildən başlayaraq uçot dərəcələrinin (təkrar maliyyələşdirmə dərəcələri) mərhələli şəkildə 15 faizdən 2 faizədək azaldılması bank sektorunun əlavə 1 milyard dollar həcmində likvidliyini təmin edib. Bu isə yerli banklara böhranın təsirinin daha da azaldılmasında mühüm rol oynayıb. Həmçinin yaranmış durum ölkədə kreditləşmə siyasətinin davam etdirilməsinə münbit şərait yaradıb. Ən əsası isə bir çox ölkələrdən fərqli olaraq Azərbaycan milli valyutasının devalvasiyaya uğramasının qarşısı müvəffəqiyyətlə alınıb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bununla bağlı qeyd edir ki, Azərbaycanda iqtisadi artım müşahidə olunur, milli valyutanın sabitliyi qorunub saxlanılır: "Cari ilin 4 ayı ərzində manatın ABŞ dollarına nisbətdə devalvasiyası cəmi 0,3 faiz təşkil edib. Bu zaman postsovet ölkələrinin əksəriyyətində milli valyutanın devalvasiya səviyyəsi 20-40 faiz təşkil edib".

2009-cu il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən qeyri-bank kredit təşkilatlarının (QBKT) isə ümumi aktivləri 224,69 milyon manat təşkil edib ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 3,7 faiz çoxdur. QBKT strukturunda kredit ittifaqlarının aktivləri 15,9 milyon manata çatıb ki, bu da 1,7 faiz artım deməkdir.

 

Azərbaycan investisiya yatıran ölkədir

 

İqtisadi artım tempini qoruyub saxlayan Azərbaycan cari il ərzində investisiya yatırımlarına görə də postsovet ölkələri arasında fərqlənəcək. Bu, istər daxildə, istərsə də xaricdə yatırılan investisiyalara aiddir. Bu sahədə əsas investor kimi isə yenə də Dövlət Neft Şirkəti çıxış edəcək. Şirkət 2009-cu ildə təkcə neft-qaz sektorunun inkişafına 1 milyard dollar yatıracaq. Dövlət Neft Şirkəti Türkiyədə neft emalı zavodu inşa edəcək. Zavodun əsas pay sahibi məhz ARDNŞ olacaq. "Petkim Holdinq"in prezidenti Kənan Yavuzun sözlərinə görə, artıq neft emalı zavodunun layihələndirilməsinə başlanılıb. İzmirdə gücü 10 milyon ton olacaq yeni zavodun tikintisinə ARDNŞ tərəfindən ilkin olaraq 4 milyard dollar vəsait ayrılacaq. Ümumilikdə isə, 2015-ci ilədək layihəyə minimum 5 milyard dollar vəsait qoyulacaq.

Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin inşasına sərmayə ayırmağı davam etdirəcək. Xatırladaq ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə tikinti işlərinin 2011-ci ildə başa çatdırılması nəzərdə tutulur. Elə həmin ildən bu nəqliyyat dəhlizinin istifadəyə veriləcəyi gözlənilir. Hökumət tərəfindən qeyri-neft sektorunun inkişafı üçün cari il ərzində də yatırılacaq investisiyaların həcmi 100 milyonlarla dollar təşkil edəcək.

Bütün bunlar fonunda 2009-cu ilin yekunları üzrə ölkəmizin strateji valyuta ehtiyatlarının bir qədər artacağı gözlənir. Xüsusən də dünya bazarlarında neftin qiymətinin yüksələn xətt üzrə inkişafı valyuta ehtiyatlarının həcmində cari il üçün də çox ciddi artım olacağından xəbər verir. Bu da öz növbəsində Azərbaycanın iqtisadi cəhətdən daha da qüdrətli dövlət kimi çıxış etməsinə səbəb olur. Bütün bunlar Azərbaycanın yenə də iqtisadi inkişafa görə regionda liderliyini qoruyub saxlayacağını və bu fonda dünyada nüfuzunun daha da artacağını göstərir.

 

 

R.İslamoğlu

 

Azərbaycan.-2009.-12 iyun.-S.1.