Əhaliyə göstərilən səhiyyə xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsi üçün tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında

 

Son illər ərzində əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi məqsədi ilə səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində bir sıra əhəmiyyətli tədbirlər həyata keçirilmiş, əksər tibb müəssisələri beynəlxalq standartlar səviyyəsində təmir edilmiş, müasir avadanlıqlarla təchiz olunmuşdur.

Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının maddi-texniki bazasının gücləndirilməsi, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin bazasında yaradılan Uşaq Kardiocərrahiyyə Mərkəzinin fəaliyyətə başlaması, Respublika Klinik Uroloji Xəstəxanasında böyrəkköçürmə əməliyyatlarının bərpası məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli xəstəxanasının təmirinin başa çatdırılması avadanlıqlarla təchiz edilməsi üçün 5,0 (beş) milyon manat, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində təmir işlərinin tamamlanması texnoloji proseslərin müasirləşdirilməsi üçün 5,0 (beş) milyon manat, Respublika Klinik Uroloji Xəstəxanasının təmirinin başa çatdırılması avadanlıqlarla təchiz edilməsi üçün 2,0 (iki) milyon manat olmaqla, cəmi 12 (on iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə ayrılmasını təmin etsin.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyun 2009-cu il

 

Azərbaycan.-2009.-12 iyun.-S.1.