Heydər Əliyev epoxası
Qırx il bundan əvvəl, 1969-cu ilin iyulunda Sovet Azərbaycanında
yeni dövrün başlanğıcı olacaq bir hadisə
baş verdi: Azərbaycan partiya təşkilatına yeni rəhbər
təyin edildi. Televiziya, radio
və qəzetlər Heydər Əlirza oğlu Əliyevin
MK-nın birinci katibi olması haqqında xəbəri
yaymağa başladılar. Respublikanın yeni rəhbəri
dövlət təhlükəsizliyi orqanlarında işlədiyindən
sıravi vətəndaşlar onu nisbətən az
tanıyırdılar. Amma yeni rəhbərin təyinatından
bir ay sonra 1969-cu il avqust plenumundakı nitqi onu bütün cəmiyyətə
tanıtdı. Bu nitq ölkədəki vəziyyəti çəhrayı
rəngdə təsvir etməyə vərdişli olan kommunist
ənənələrinə uyğun gəlmirdi.
Heydər Əliyev respublikanın
iqtisadi, siyasi, mədəni həyatındakı kəskin
sosial problemləri açıq şəkildə ortaya qoyub tənqid
etdi. Bu, dövrünə görə çox sərt bir tənqid
idi və cəmiyyətin bütün təbəqələrində
əks-səda verdi. Sadə insanlar həqiqəti bilməyi və
eşitməyi xoşlayırlar. Onlar Heydər Əliyevin
şəxsində ölkə rəhbərliyinə qeyri-adi
bir insanın gəldiyini anladılar. Həm də bu şəxsiyyəti
xoşlayıb sevdilər. İlk növbədə, həqiqətpərəstliyinə
görə, respublikanın tərəqqisi üçün
ürəkdən yandığına görə.
Heydər Əliyev
respublika rəhbəri vəzifəsində 13 ilə qədər
çalışdı. Bu illərin hər biri onun şəxsiyyətinin,
siyasi müdrikliyinin miqyasını xalqımız
üçün daha yaxşı aydınlaşdırdı.
Sonra ümummilli lider Moskvaya, Kremlə aparıldı, daha
yüksək bir vəzifəyə - SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və
Siyasi Büronun üzvü seçildi. SSRİ
dağılandan sonra vətənə qayıdıb 1993-cü
ilin iyununda xalqın arzu və tələbi ilə xilaskar kimi
yenidən hakimiyyətə gəldi, müstəqil Azərbaycan
dövlətini vətəndaş müharibəsindən
qorudu, müstəqilliyimizi möhkəmləndirdi və gələcək
nəsillərə miras qoydu. Ulu öndərin siyasi fəaliyyət
dövrünə nəzər salanda bunun xalqımızın
XX əsr taleyində bir epoxa təşkil etdiyini
görürük.
Azərbaycanın tarixdə
müdrik dövlət adamları çox olmuşdur.
Onların sırasında Heydər Əliyev ayrıca və
misilsiz mövqe tutur. Həmin mövqe tarixin bu böyük
şəxsiyyətin öhdəsinə qoyduğu
missiyanın, vəzifələrin mürəkkəbliyi ilə
bağlı idi: müstəqil Azərbaycan dövlətini
yaratmaq! Tariximizdə Heydər Əliyev epoxasının təyinatı
belə idi. Tale dahi insana Azərbaycanın müstəqilliyini
bərpa, sonra isə onu dönməz etmək vəzifəsi
ayırmışdı. Ulu öndər 50-ci illərin
ortalarından ömrünün sonuna qədər bu missiya ilə
məşğul oldu. Heydər Əliyevin bütün
ömrü həmin missiyaya doğru yoxuş, yüksəliş
yolu idi. Böyük rəhbər bu yoxuşu nəfəsini dərmədən
qalxmışdı, həm özünü, həm də
doğma xalqını, dövlətini bu missiya
üçün hazırlamışdı...
Bu, ağılagəlməz dərəcədə
çətin vəzifə idi. XX əsrin
sonlarında dünya böyük dövlətlər
arasında bölünmüşdü. Müstəqil dövlətlərin
yaranması şansı sıfıra bərabər
sayılırdı. Bolşeviklər üçün
insanın, xalqların azadlığı anlayışı
yox idi. Əksinə, insanlar, xalqlar uydurulmuş utopiyaların
rellaşdırılmasına vasitə
sayılırdı. Bu rejim öz qəddarlığı ilə
dəfələrlə bəşəriyyəti heyrətdə
qoymuşdu. Ona görə də sovetlər
imperiyasının dağılması heç kəsin
ağlına sığmırdı. Belə ağır şəraitdə
də Heydər Əliyev Vətənin müstəqilliyinin
real tarixi vəzifə olduğuna inanırdı. Müdrik rəhbərin
inamı Vətəninin müstəqillik yoluna
çıxmasında misilsiz rol oynadı, xalqı həmin
yola hazırladı.
Heydər Əliyevin fəaliyyəti
və yüksəlişi Naxçıvandan başladı. Bu
qədim şəhər balaca və bağlı sərhəd
ərazisi idi. Gələcəyin dahisi çoxuşaqlı
ailədə böyüyürdü. İntizam və zəhmətkeşlik
bu ailənin əsas xüsusiyyətləri idi. Təhsilə
başlayan kimi Heydər Əliyevin gələcək
uğurlarının əsası qoyuldu. Gözəl xətti,
misilsiz yaddaşı vardı. Uşaqlıqda onu ən
çox maraqlandıran ədəbiyyat və tarix idi.
Hüseyn Cavidi, Səməd Vurğunu sevə-sevə oxuyurdu.
"Komsomol" poemasını əzbər bilirdi. Məktəbdə
dram dərnəyində iştirak edirdi. Sinifdən-sinfə
keçdikcə tarix dərslərini daha səylə öyrənirdi:
qədim dövlətlər, xalqlar, müharibələr,
böyük imperiyaların yaranması və süqutu. Tarixdə
hər şey vardı.
Vəzifə pillələrində
yüksəldikcə, xalqın tarixini daha yaxından öyrəndikcə
müdrik insan doğma Vətəninin varlığını
daha yaxşı görür və dərk edirdi. Azərbaycan xalqı
böyük və qüdrətli bir xalqdır. Amma ətrafdakı
yoxsulluq, insanların millət və azadlıq
sözünü dilinə gətirməkdən qorxması ona
ağır təsir edirdi. Bakıda işləməyə
başlayanda bu dahi şəxsiyyət xalqımız
qarşısında necə böyük və çətin vəzifələrin
durduğunu anladı.
Çalışdığı
təhlükəsizlik orqanlarında bütün rəhbər
vəzifələrdə qeyri-millətlərin nümayəndələri
idi. Yerli kadrlara yuxarıdan aşağı baxırdılar.
Torpağımızın üstündə ağa qüruru ilə
yeriyirdilər. Xüsusilə ermənilər bu orqanda at
oynadır, azərbaycanlıların yüksəlişinin
qarşısını alır, ən zəif və iradəsiz
adamları irəli çəkirdilər.
Bütün dövlət orqanlarında, təsərrüfat sahələrində də vəziyyət təxminən eyni idi. Bakı partiya təşkilatının, prokurorluq və milis orqanlarının bütün aparıcı vəzifələrində ermənilər oturmuşdular. Hətta elm və tarix problemləri müzakirə olunanda da Moskva ancaq onların rəyi ilə hesablaşırdı. Bütün gəlirli sahələrdə, eləcə də ictimai işlərdə xalqın sərvətlərinə nəzarət edilən noqtələrdə ermənilər oturmuşdular. 1920-ci ilin 27 aprelindən sonra bu hal yazılmamış qanun kimi davam edirdi. Əslində isə yerli kadrlara Moskvada inam yox idi.
Bu vəziyyəti sındırmaq və dəyişmək üçün, ilk növbədə, siyasi hakimiyyət və nüfuz qazanmaq lazım idi. 1956-cı ildə stalinizm ifşa ediləndən sonra Heydər Əliyev siyasi yüksəliş planlarını ardıcıl surətdə həyata keçirməyə başladı.
Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siyasətindən professional səviyyədə baş çıxarması nəticəsində Heydər Əliyev Azərbaycanın dövlət təhlükəsizliyi sistemində ən böyük nüfuz sahibinə çevrildi. Hətta Moskvada da bu müdrik insanın rəyini diqqətlə dinləyir, peşəkar kimi məsləhətləşirdilər. Lakin Heydər Əliyev öz nüfuzundan, ilk növbədə, bir məqsədlə - xalqa sədaqətli, yetkin azərbaycanlı kadrları irəli çəkmək üçün istifadə edirdi. Elə bir məqam gəlib çıxdı ki, ermənilər Heydər Əliyevin nüfuzu qarşısında geri çəkildilər. Xalqın böyük oğlu əvvəlcə təhlükəsizlik orqanında ikinci, sonra isə birinci şəxs oldu.
Bundan sonra ulu öndərin Azərbaycanda real rəhbərlik dövrü başlayır. Respublikada xalq üçün hər hansı bir işi görmək, ilk növbədə, dövlət təhlükəsizliyi orqanlarında gərəkli adamları vəzifələrə irəli çəkmək və bu orqanı neytrallaşdırmaq lazım idi. O zamanlar bu orqanın nüfuzu yüksək idi, Moskvadakı partiya rəhbərliyi bu şəxsiyyətin rəyinə böyük əhəmiyyət verirdi.
Siyasi yüksəliş illərində Heydər Əliyevin başlıca keyfiyyəti - parlaq dövlətçilik bacarığı özünü qabarıq göstərdi. Ulu öndər siyasi planlarını çılpaq, volyuntarist əmrlər şəklində deyil, gündəlik və yorulmaz təşkilatçılıq yolu ilə həyata keçirirdi. Ətrafdakı insanlar, cəmiyyət bunu çox vaxt hadisələrin təbii axarı kimi qəbul edirdilər. Əslində isə böyük öndərin hər bir kadr dəyişikliyinin uzaqgörən məqsədləri var idi. Həmişə milli dövlətçilik planları ilə bağlı idi.
Ulu öndərin digər rəhbərlik xüsusiyyəti uzaqgörənliyində, siyasi və iradi ardıcıllığında özünü göstərirdi. Böyük planlar qurmaq ümummilli liderimizin siyasi rəhbərliyinin mühüm cizgisi idi. Amma kənardan onun bu xüsusiyyəti də demək olar ki, sezilmirdi. Səbəb isə o idi ki, ulu öndərin siyasi qərarları və gedişləri neçə illər sonraya yönəlirdi. Ona görə Heydər Əliyevin qəbul etdiyi qərarların mənası ancaq beş-yeddi il keçdikdən sonra sezilə bilərdi. Həm də hamı tərəfindən yox, onun Azərbaycanda yeritdiyi milliləşdirmə siyasətini duyanlar tərəfindən.
1969-cu ildə Heydər Əliyev artıq dövlət təhlükəsizliyi orqanlarını milliləşdirmək vəzifəsini yerinə yetirmişdi. Həmin ildə Azərbaycanın rəhbərliyini yeniləşdirmək ideyası ortaya çıxanda Heydər Əliyevin Moskvadakı tərəfdarları onun namizədliyini irəli sürdülər. 1969-cu ilin iyulunda öndər bu vəzifəyə seçildi. Beləliklə, xalqın müdrik oğlu Azərbaycan Respublikasının güclü iqtisadiyyatının yaradılması mərhələsinə keçə bildi. O zamanlar ölkədəki inzibati, iqtisadi və siyasi hakimiyyətin hamısı birinci katibin nəzarətində olurdu.
Böyük rəhbərin strateji ustalığını onun nitqləri və sözləri ilə real siyasi qərarları arasındakı mövqedə görmək olardı. Çıxışlarında ulu öndər alovlu bir beynəlmiləlçi kimi danışır və düşmənlərinin, erməni daşnakların istifadə edəcəyi arqumentləri onların əlindən alırdı. Əməldə isə bütün qərarlar Azərbaycan Respublikasının hər bir sahəsində yüksəldilməsinə yönəlmişdi. Bu xətt əvvəlcə milli ruhlu kadrların aparıcı vəzifələrdə yerləşdirilməsində, ikincisi, erməni millətindən olan şəxslərin mühüm və çoxgəlirli iqtisadi postlardan uzaqlaşdırılmasında öz əksini tapırdı.
Azərbaycanı müstəqillik idealına tərəf aparmaq üçün Heydər Əliyevin qarşısında o zaman iki əsas vəzifə dururdu: birincisi, Azərbaycanın iqtisadiyyatını inkişaf etdirib müstəqil ölkə kimi yaşaya biləcək bir səviyyəyə qaldırmaq idi. Ona görə 1969-1982-ci illəri müstəqilliyin iqtisadi əsaslarını yaratmaq mərhələsi adlandırmaq olar. İkinci vəzifə isə Azərbaycan Sovet Respublikasının bütün hüceyrələrində yuva salmış erməni hökmranlığını hiss olunmadan dağıtmaq. Bu mürəkkəb vəzifələri Heydər Əliyev cəmi on üç il ərzində həyata keçirdi.
1969-1982-ci illərdəki sürətli iqtisadi quruculuq xalqımızın azadlığa və müstəqilliyə qovuşması yolunda köklü əhəmiyyət daşıyırdı. Güclü iqtisadiyyatı olmayan xalq və onun dövləti xarici düşmənlərin müqavimətinə tab gətirə bilməzdi. Üzaqgörən bir siyasətçi kimi ulu öndər Azərbaycanın müstəqilliyinə hansı beynəlxalq qüvvələrin və dairələrin müqavimət göstərəcəyini yaxşı bilirdi. Bu amillər iyirmi üç ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin taleyi timsalında çox yaxşı məlum idi. 1918-1920-ci illərdə də ermənilər xarici qüvvələrin və dövlətlərin aləti kimi çıxış edərək gənc respublikada talanlar törətmiş, sərhəd müharibəsini alovlandırmağa nail olmuşdular.
Ötən əsrin 70-ci illərində gedən iqtisadi tərəqqinin, onlarca yeni zavod və fabriklərin tikintisinin bir əhəmiyyəti də Bakı şəhərinin böyüməsi və onun əhalisinin tərkibində azərbaycanlıların tam əksəriyyət təşkil edə bilməsi idi. Yeni tikilən sənaye müəssisələrinə və zavodlara lazım olan işçi qüvvəsi paytaxta kənd rayonlarından gəlir və Bakının milli bir şəhərə çevrilməsi problemini həll edirdi. Rəhbər bunu bilir və vəziyyəti tənzimləyirdi.
Ulu öndər hesab edirdi ki, Azərbaycanın müstəqilliyi üçün müəyyən hərbi potensial vacibdir. Ona görə Moskvanın milli hərbi kadrlara inamsızlıq siyasətinin əksinə olaraq azərbaycanlıların hərbi peşələrə kütləvi şəkildə getməsi, zabit kimi yetişməsi üçün müxtəlif tədbirlər görürdü. Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması bunlardan biri idi. Həmin məktəbdə onuncu sinfi bitirən gənclər ölkənin hərbi ali təhsil ocaqlarına qəbul olunurdu. Heydər Əliyev azərbaycanlı gənclər üçün bu məktəblərdə hər il müəyyən sayda müsabiqəsiz yerlər alırdı.
Eyni zamanda, qısa bir vaxtda SSRİ müdafiə sənayesinin Azərbaycanda on bir böyük zavodu tikildi. Bu zavodlar bir tərəfdən hərbi sənaye ocaqları olaraq müstəqqillik dövrü üçün hava və su kimi vacib idi. Digər tərəfdən, bu zavodlarda keçmiş sovetlərin ən müasir və qabaqcıl texnologiyaları tətbiq olunurdu. Həmin texnologiyalar Azərbaycan Respublikasının sənaye istehsalında elm tutumlu məhsulların həcmini qat-qat artırırdı. İndi həmin zavodların hamısı Müdafiə Sənayesi Nazirliyinin tərkibinə daxildir. Bu zavodlar da Azərbaycanın hərbi kadr potensialının mənbələrindən biri idi.
Ulu öndərin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksi də bir necə dəfə artdı və Vətənin nəinki ərzaq müstəqilliyi təmin olundu, üstəlik, daxili məhsulun yarısından da artıq çəkisi olan bir sahəyə çevrildi. Kənd rayonlarında yüzlərlə zavod və fabiriklər tikildi. Kənddə əhalinin əksəriyyəti dövlətdən əməkhaqqı almağa başladı. Maddi yüksəliş vətənimizdə həm də mənəvi yüksəlişə, Azərbaycan milli şüurunun yeni bir səviyyəsinin gerçəkləşməsinə səbəb oldu. Məhz bu şüur səviyyəsi 1988-1992-ci illərdə Qarabağ torpaqları uğrunda xalq hərəkatının mənəvi əsasını təşkil edirdi.
Xalqın mənəvi tərəqqisinə, milli şüurun artmasına ulu öndər xüsusi əhəmiyyət verir və bu sahədə inqilabi yeniliklər həyata keçirirdi. Ötən əsrin 70-ci illərində Nizami, Nəsimi, Səməd Vurğun kimi klassiklərimizin dövlət səviyyəsində həyata keçirilən yubileyləri gənc nəslin vətənpərvərlik tərbiyəsində, onun azadlıq hərəkatı üçün hazırlanmasında misilsiz rol oynayırdı.
Heydər Əliyevin Vətən qarşısında ən böyük xidmətləri həm də ədəbiyyat, mədəniyyət və təhsillə, bu sahələrin xalqın milli ideallarını daha tam ifadə edə bilməsi məqsədləri ilə bağlı idi. Məhz Heydər Əliyevin dövründə yaradıcılıq ittifaqlarında milli ruh hökmran oldu. İstedad sahiblərinə, yazıçı-şair, bəstəkar və rəssamlara öndər özü şəxsən xüsusi qayğı göstərir, cəmiyyətdə onların nüfuzunun artmasına çalışırdı. Heydər Əliyevin dövründə Azərbaycan təhsilində köklü dəyişikliklər baş verdi. Məktəb tikintisi görünməmiş vüsət aldı. Yeni ali məktəblər təşkil olundu. Keçmiş SSRİ-nin müxtəlif ali məktəblərinə göndərilən minlərlə istedadlı gənc ölkəyə qayıdıb onun kadr və intellektual potensialını qat-qat artırdı. Təhsili idarə edən kadrlar arasında milli ruhlu insanlar irəli çəkildilər.
Sadalanan uğurların hamısı Heydər Əliyevin yorulmaz təşkilatçılıq işinin nəticəsi idi. Sənaye və tikinti sahəsində dəyişikliklər üçün ümumittifaq büdcəsindən vəsaitləri şəxsən ulu öndər özü alır, bu iş üçün şəxsi nüfuzundan istifadə edir və alınan vəsaitlərin tam şəkildə xərclənməsinə lazım gələn bütün tədbirləri görürdü. Heydər Əliyev yorulmaq bilmədən Vətənin gələcəyi naminə çalışırdı. Heydər Əliyev həmişə deyirdi: "Azərbaycan xalqı böyük xalqdır". Onun bu yığcam cümləsində hamımızın fəxr etdiyi həqiqət həm sübut, həm təsdiq, həm də milli qürur hissiyyatlarının təntənəsi idi.
Biz müstəqil dövlətdə yaşayırıq, ona görə gənc nəsil ana dilimizin bir vaxtlar yarıqadağalı bir status daşıdığını təsəvvür edə bilməz. Tələbə olduğum 60-cı illərdə rəsmi yığıncaqlarda ancaq rus dilində danışılırdı. Bu gün bunu təsəvvür etmək çətindir: üzərindən qadağa götürülən şeyləri insanlar təbii bir hal kimi qəbul edirlər. Lakin hazırda sərbəst işlənən ana dilimiz bir vaxtlar öz varlığını yaşatmaq üçün mübarizələr aparırdı.
Bu mübarizələrin tarixində Heydər Əliyevin xüsusi rolu var. Ümummilli lider ana dilimizin azadlığı uğrunda iki cəbhədə mübarizə aparırdı. Birinci cəbhə onun özünün ana dilində danışması idi. İkinci cəbhə isə qanunverici və rəsmi yollarla dilimizin statusunun artırılması xətti idi. Sovet vaxtı hakimiyyət kommunist partiyasında idi. Bu partiyanın dili isə rus dili idi. Onun dəhlizlərində belə bir nəfər də olsun ana dilində sənəd hazırlaya bilməzdi.
Belə şəraitdə Heydər Əliyev respublikanın birinci şəxsi oldu. Lakin respublikanın birinci şəxsi də tam azad və müstəqil deyildi. Bütün vəzifəli şəxslər kimi, respublika rəhbəri də Moskvaya tabe idi, hər gün Moskvadakı nəzarətçilərlə ünsiyyətdə olmalı idi. Belə çətin şəraitdə Heydər Əliyev Azərbaycan dilində nitqlər etməyə başladı. Əvvəllər bu nitqləri Azərbaycan rayonlarındakı partiya məclislərində, təsərrüfat yığıncaqlarında edirdi. Bunun üçün mühüm əsas da vardı: yerlərdəki kadrlar və sadə adamlar rus dilini pis bilirdi və ya heç bilmirdilər.
Rəhbərin ana dilində ilk nitqləri tarixi bir məna kəsb etdi. Ulu öndərin 1969-cu ildə hakimiyyətə gəlişi ilə həyata keçirilən milli kökə qayıdış prosesi, əslində, bu nitqlərin təsiri ilə başladı. Həm də ən mühümü odur ki, əyalətdə, xalq kütləsinin içində oldu. İnsanlar rəhbərin gözəl, ifadəli ana dilində etdiyi çıxışlarında, onun dövlətçilik məntiqində, Vətənimizi sürətlə qurub qüdrətli dövlətə çevirmək çağırışlarında müstəqil dövlətimizin doğma sədalarını eşitdilər.
Sonralar ulu öndər Bakıdakı məclislərdə də ana dilində danışmaq üçün fürsətlər tapdı. Yaradıcılıq ittifaqlarının, xüsusilə Yazıcılar İttifaqının məclislərində Azərbaycan dilində çıxışlar etməyə başladı. Ümummilli liderin rəsmi partiya tədbirlərindəki çıxışları ana dilimizin heç vaxt işlənməmiş siyasi üslubunu yaratmışdı. Bunun özü də tarixi bir xidmət idi. Yad dildə danışan dövlət milli ola bilməz. Ona görə Heydər Əliyevin nitqləri onun rəhbərlik etdiyi hakimiyyətə də doğmalıq hissləri yaradırdı. Yüzlərlə məmur, sadə insanlar anlayırdılar ki, böyük rəhbərin yorulmadan qurub yüksəltdiyi Azərbaycan iqtisadiyyatı özümüzündür və dövlətimiz üçündür. Bunu dərk edən, rəhbərə sidqlə inanan yüzlərlə məmur sonralar Azərbaycanın müstəqilliyini müdafiə etdi, bu müstəqilliyin memarının yaxın köməkçiləri və silahdaşları oldular.
Heydər Əliyev ana dilinin dairəsini öz nümunəsi ilə gücləndirməklə yanaşı, rəsmi yolla statusunun qaldırılması sahəsində də misilsiz xidmətlər göstərmişdir. Mən onlardan ancaq birinin üzərində durmaq istəyirəm. O da 1978-ci il Azərbaycan SSR Konstitusiyası qəbul olunan zaman orada Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi idi. Həmin dövrdə təhlükəli bir nəzəriyyə ortaya atılmışdı: iddia olunurdu ki, guya sovet dövlətində yaşayan bütün insanlar vahid bir millətə - sovet xalqına çevriliblər. Bu, çox yanlış və milli dillərə, mədəniyyətlərə qarşı yönəlmiş nəzəriyyə idi. Belə vaxtda Heydər Əliyev Elmlər Akademiyasında böyük alimlərin iştirakı ilə Konstitusiya layihəsinin müzakirəsini təşkil etdi. Müdrik rəhbərin verdiyi qeyri-rəsmi istiqamət nəticəsində yığıncaq Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi göstərilməsi barədə təklif irəli sürdü. Milli ziyalı təbəqəsinin timsalı olan təklifi Moskva qulaqardına vura bilmədi.
Bundan sonra ana dilini inkişaf etdirmək, həmin dildə elmi və bədii yaradıcılığı genişləndirmək, kino, teatr quruculuğunda milli dilin tətbiqini gücləndirmək daha asan oldu. Kino kimi mühüm sahədə Moskva Bakıdan gələn ssenariləri belə rus dilində tələb edirdi. Ona görə kinostudiya əcnəbi millətindən olan qələm adamları ilə dolmuşdu. Bunu aradan qaldırmaq üçün ulu öndər oraya ana dilinə, xalqa bağlı olan kadrlar göndərdi. Məhz Heydər Əliyevin bilavasitə himayəsi ilə xalqımızın qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas mövzusu oldu. "Nəsimi", "Babək", "Dəli Kür" kimi filmlər gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı.
İnamla demək olar ki, Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlməsi ədəbiyyat və incəsənətimizdə milli cərəyanın yüksəlişinə səbəb oldu. Ulu öndər Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüseynov kimi milli zəminə bağlı və istedadlı sənətkarları daim himayə edirdi. Belə sənətkarlar isə ədəbiyyatın milli varlığımız, milli dəyərlərimizlə bağlılığı mövzularını uğurla işləyib inkişaf etdirirdilər.
Heydər Əliyevin irsi milli quruculuq strategiyasıdır, bu irsin aktual mənası ulu öndərin praqmatik bir dövlətçi olmasıdır. Ona görə istər siyasi təbliğatda, istər tədris və təhsildə, istərsə də elmi sahədə əsas diqqət bu cəhətlərə yönəlməlidir.
Bu gün respublikamızda Heydər Əliyev siyasəti davam edir. Rəhbərin siyasi varisi Prezident İlham Əliyev onun milli tərəqqi və quruculuq xəttinə sadiqdir. Ölkəmizdə misilsiz dəyişikliklər baş verir, paytaxtımız yeniləşir, arxitektura görkəmi tamam təzələnir. İnsanların rifahı, yeni iş yerlərinin açılması, iqtisadi layihələrin gerçəkləşdirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Prezidentimiz dünya maliyyə böhranının ölkəmizə daha az ziyan vurması üçün lazımi olan bütün tədbirləri görür, sadə, sıravi vətəndaşların bu böhrandan ziyan çəkməməsi naminə hər şeyi edir.
Heydər Əliyevin qırx il əvvəl Azərbaycanda hakimiyyətə gəlməsi həm də xalqın tarixində Milli Qurtuluş epoxasının başlanğıcı idi. Ulu öndərin 1993-cü ilin 15 iyunundakı qayıdışı isə xalqın həqiqi milli qurtuluşu idi. Ona görə də qədirbilən xalqımız bugünü öz sevimli bayramı kimi qeyd edir.
Nurlana Əliyeva,
YAP Qadınlar Şurasının
sədri,
filologiya elmləri doktoru, professor
Azərbaycan.-2009.-12 iyun.-S.2.