Avropa Şurasında KİV layihələrinin dəyərləndirilməsi və planlaşdırılması üzrə görüş keçirilmişdir

 

Azərbaycanın Avropa Şurası yanındakı daimi nümayəndəliyindən bildirmişlər ki, iyunun 9-10-da Strasburqda Avropa Şurasının (AŞ) Cənubi Qafqazda həyata keçirdiyi kütləvi informasiya vasitələri (KİV) üzrə layihələrin dəyərləndirilməsi və planlaşdırılması ilə bağlı görüş keçirilmişdir.

Görüşdə hər üç Cənubi Qafqaz ölkəsinin hökumət, KİV və bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak etmişlər. Tədbirdə Azərbaycanı Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və digər şəxslər təmsil etmişlər.

Yığıncaqda Cənubi Qafqaz ölkələrində AŞ-ın gerçəkləşdirdiyi layihələrin səmərəliliyi və nəticələri, eləcə də hər üç ölkədə KİV sahəsində istər qanunvericilikdə, istərsə də təcrübədə baş vermiş dəyişikliklər müzakirə olunmuşdur.

Azərbaycanla bağlı müzakirə mövzularından biri böhtan və təhqir kimi əməllərin cinayət təqibinə məruz qalmaması imkanları olmuşdur. Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bu iki əməlin cinayətsizləşdirilməsi üçün 3 vacib şərtin olduğunu qeyd etmişdir: jurnalistlərin peşəkarlığının yüksədilməsi, müstəqil KİV-in genişləndirilməsi və maliyyə imkanlarının artırılması, əhalinin böhtan və təhqirə daha səbirli yanaşması. Ə.Həsənov KİV-in inkişafına Dövlət Dəstəyi Fondundan da söhbət açmış, fondun 9 nəfərdən ibarət Müşahidə Şurasının KİV-lərə qrant ayrılması məsələsinə (dövlət qəzetlərindən başqa) baxdığını, bunun üçün dövlət büdcəsindən artıq təqribən 1,5 milyon dollar vəsait ayrıldığını diqqətə çatdırmışdır. O bildirmişdir ki, bu fond KİV-lərin dövlətdən asılı olmasını deyil, onların maliyyə müstəqilliyini təmin etmək məqsədini daşıyır. Əslində belə bir fondun yaradılması KİV-lərin özünün sosial sifarişidir.

Görüşdə istər AŞ ekspertləri, istərsə də Gürcüstan və Ermənistan nümayəndələri adıçəkilən fondla bağlı müəyyən suallar vermişlər. Onların sualları əsasən fondun fəaliyyətinin şəffaflığı və mətbuat orqanlarını asılı vəziyyətə sala bilmək ehtimalı ilə bağlı olmuşdur. Ə.Həsənov fondun Müşahidə Şurasına üzvlərin seçilməsində KİV nümayəndələrinin iştirak etdiyini, fonddan qrantların ayrılması zamanı hər hansı KİV-in bu və digər siyasi xətti seçməsinin tələb edilmədiyini diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycan nümayəndə heyəti KİV-in inkişafına Dövlət Dəstəyi Fonduna gələcəkdə AŞ və yaxud Avropa Komissiyasının da müəyyən maliyyə yardımı ayırması və onun fəaliyyəti ilə bağlı monitorinq keçirməsi arzusunu ifadə etmişdir.

 

 

Əsgər Əliyev,

AzərTAc-ın xüsusi müxbiri

 

Paris

 

Azərbaycan.-2009.-12 iyun.-S.3.