Orduya ictimai nəzarəti həyata keçirmək məqsədi ilə hərbi hissələrdə görüşlər keçirilir

 

Milli Məclisin, Müdafiə Nazirliyinin Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə orduya ictimai nəzarəti həyata keçirmək məqsədi ilə Qərb bölgəsində yeləşən hərbi hissələrdə görüşlər keçirilmişdir.

Milli Məclisin deputatları Fazil Mustafa, Fəzail İbrahimli, Rəfael Cəbrayılov, İkram İsrafil, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu İnsan Hüquqları Cəmiyyəti Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlının iştirakı ilə əvvəlcə Şəmkirdəki, sonra isə Gədəbəy rayonunun Şınıx bölgəsindəki hərbi hissələrdə görüşlər keçirilmişdir.

Qonaqlar əsgərlərlə görüşüb onların problemləri ilə maraqlanmışlar. Günorta naharını səngərdə əsgərlərlə birlikdə edən nümayəndə heyətinin üzvləri yeməyin keyfiyyətindən razı qaldıqlarını bildirmişlər. Sonra bölgəyə nəzarət etmək üçün burada quraşdırılmış elektron monitorda bütün əraziyə baxış keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-12 iyun.-S.3