Heydər Əliyev milli birliyimizin yaradıcısıdır

 

Gəncə şəhərində 15 iyun - Milli Qurtuluş gününə həsr edilmiş "Heydər Əliyev milli birliyimizin yaradıcısıdır" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının birgə təşəbbüsü ilə keçirilən tədbiri giriş sözü ilə şəhər icra hakimiyyəti başçısının müavini Rövşən Sadıqov açaraq, Milli Qurtuluş Gününün ölkəmizin tarixində mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs etmişdir.

R.Sadıqov yaddaşımıza əbədi həkk olunan 1993-cü ilin iyun hadisələrini, yaranmış ictimai-siyasi vəziyyəti ətraflı təhlil edərək bildirmişdir ki, həmin dövrdə dövlətçiliyimizin başı üzərini almış fəlakəti xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdan böyük şəxsiyyət Heydər Əliyev aradan qaldırmışdır. Xalqımız kəskin vətəndaş qarşıdurması, ölkənin ərazi bütövlüyünə təhlükə yaradan separatçı qüvvələrlə, dövlət və hakimiyyət böhranı ilə, dövlət çevrilişinə cəhdlərlə üzləşdiyi zaman öz həqiqi xilaskarına üz tutmuş və məhz dahi Heydər Əliyevin zəngin dühası və qüdrəti ilə müstəqil Azərbaycan siyasi, ictimai, iqtisadi, mədəni həyatın bütün sahələrində irəliləyişlərə nail olmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan demokratiyanın ardıcıllıqla bərqərar olduğu, insan hüquqlarının əzmlə qorunduğu, iqtisadi inkişafın ən yüksək səviyyəsi ilə lider mövqeyi qazanan bir ölkədir.

Konfransda YAP Gəncə şəhər təşkilatının sədri, texnika elmləri doktoru İsrafil İsmayılov "15 iyun - Azərbaycanın Milli Qurtuluşu Cənubi Qafqazda sülhün, sabitliyin təmin olunmasında Heydər Əliyev mərhələsinin başlanğıcıdır" mövzusunda çıxış etmişdir. O bildirmişdir ki, zəmanəmizin gercəkliklərini, çağdaş dünyada və regionda baş verən hadisələri, tarixi reallıqları düzgün qiymətləndirən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Qafqazda sülhyaratma prosesinə ciddi təkan verildi. Onun həyata keçirdiyi qlobal tədbirlər sayəsində sülh və əmin-amanlığın təmin edilməsi yolunda "Ümumi Qafqaz evi" ideyasının təməli qoyuldu. Görkəmli dövlət xadimi Heydər Əliyev dünyanın çox mühüm geostrateji, tarixi-mədəni və etnoqrafik areallarından biri olan Qafqazda sülhün ən davamlı və qətiyyətli təşəbbüskarı kimi tarixə düşmüşdür.

Dahi Heydər Əliyev tərəfindən Azərbaycanda sülhün, sabitliyin və əmin-amanlığın təmin edilməsi, bütövlükdə Qafqazda sülh prosesinə öz müsbət təsirini göstərmişdir. Heydər Əliyevin təşəbbüsü ilə reallaşdırılan neft müqavilələri, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri Qafqazda təhlükəsizliyin, sülhün, sabitliyin təminatında mühüm rol oynamışdır.

Azərbaycan ilə qardaş Türkiyə və Gürcüstanın münasibətlərinin strateji müttəfiqlik səviyyəsində qurulması, dövlətlərimiz arasında sosial-iqtisadi, mədəni, hərbi sahədə əməkdaşlığa dair imzalanmız saziş və müqavilələr dostluğun və ənənəvi əməkdaşlığın möhkəmlənməsinə səbəb olmuşdur. Ulu öndərin Avropanı Asiya ilə birləşdirən Böyük İpək yolunun bərpası sahəsində TRASEKA proqramının hazırlanması və reallaşmasında misilsiz xidmətləri danılmazdır.

Ulu öndərin dövlətçilik ənənələri müstəqil dövlətimizin Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin balanslaşdırılmış, tarazlı xarici siyasəti qonşu ölkələrlə sülh və əməkdaşlığa, başqa dövlətin daxili işinə qarışmamaq, dostluq və əməkdaşlıq prinsiplərinə söykəndiyi üçün böyük uğurlar əldə etməyə imkan verir. 2008-ci il prezident seçkilərindən sonra dövlət başçımızın xarici səfərləri və xarici ölkə başçılarının Azərbaycana səfərləri Avropanın enerji təhlükəsizliyinin təminatında dövlətimizin artan rolunu göstərir. Nabukko beynəlxalq qaz layihəsinin reallaşmasına böyük ümidlər bəslənilir. Azərbaycan Qafqazda ən önəmli lider ölkə səviyyəsindən Avropada nüfuzlu ölkələr sırasına çıxır. Bu, dövlətimizin, Prezidentimizin ən möhtəşəm uğurlarındandır.

Elmi-praktiki konfransda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosenti Nizami Əlizadə "15 iyun - Milli Qurtuluş Günü Azərbaycanın Heydər Əliyev dühası ilə başlanan qalibiyyət yoludur", ADAU-nun baş müəllimi Məleykə Əlizadə "Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurət idi", Gəncə Dövlət Universitetinin baş müəllimi Mübariz Əliyev "1993-cü il iyun. Gəncə hadisələri və ölkədə vətəndaş qarşıdurmasının kəskinləşməsi", dosent Pərvin Kərimzadə "15 iyun - Milli Qurtuluş Günü müstəqil Azərbaycanın dövlətçilik tarixində yeni mərhələdir", baş müəllim Cavid Bağırzadə "Heydər Əliyev milli birlik və vətəndaş həmrəyliyinin yaradıcısıdır", baş müəllim Hüseyn Bəxtiyarov "15 iyun - Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində siyasi əhəmiyyəti" mövzularında çıxış edərək, elmi təhlillərə söykənən faktlar və fikirlər söyləmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 iyun.- S. 3.