Maltada Azərbaycanın milli bayramı münasibətilə rəsmi
qəbul təşkil
edilmişdir
İyunun 9-da Azərbaycanın
İtaliyada, eyni zamanda Malta və San-Marinodakı səfirliyi tərəfindən
28 May - Respublika Günü ilə əlaqədar, ilk dəfə
olaraq, Malta Respublikasında rəsmi qəbul təşkil
edilmişdir.
Qəbulda Malta
Respublikasının Prezidenti Corc Abela, nazirlər, parlament
üzvləri, digər dövlət qurumlarının, biznes
dairələrinin, elm mərkəzlərinin və yerli mətbuatın
nümayəndələri, diplomatik korpusun təmsilçiləri
iştirak etmişlər.
Mərasimi giriş
sözü ilə açan Azərbaycanın Maltadakı səfiri
Emil Kərimov Şərqdə ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyətinin yaranma tarixindən, mövcud olduğu
qısa müddət ərzində fəaliyyətindən
danışmış və ölkəmizin 71 il sonra yenidən
müstəqilliyini bərpa edərək bu gün inamla və
sürətlə inkişaf etdiyini qeyd etmişdir.
Səfir Azərbaycan ərazisinin
20 faizinin Ermənistan tərəfindən işğal
edildiyini və 1 milyondan çox azərbaycanlının
qaçqın və məcburi köçkün kimi öz
torpaqlarından ayrı düşdüyünü
xatırlatmış, buna baxmayaraq əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş və
Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik
siyasət nəticəsində ölkəmizin hazırda Cənubi
Qafqazın lider dövlətinə çevrildiyini qeyd
etmişdir.
Səfir E.Kərimov Azərbaycan
ilə Malta arasında əlaqələrin daha da inkişaf
etdirilməsi üçün böyük potensialın
mövcudluğunu vurğulamış, bundan sonra da iki ölkə
arasında dostluq və əməkdaşlığın dərinləşəcəyinə
əmin olduğunu bildirmişdir.
Malta dövlətinin
başçısı Corc Abela mərasimdə
çıxış etmiş və milli bayram - Respublika
Günü münasibətilə Azərbaycan xalqına və
dövlətimizin başçısına ən xoş
arzularını ifadə etmişdir.
Prezident Azərbaycanın
ən qədim tarixə və çox zəngin mədəniyyətə
malik olduğunu söyləmiş, Azərbaycanın dünya ədəbiyyatı
və incəsənətinə böyük töhfələr
bəxş etdiyini vurğulamışdır. Bu xüsusda o,
Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin əsərlərinin
dünya mədəni irsinin incilərindən olduğunu
söyləmişdir.
Malta dövlətinin
başçısı qeyd etmişdir ki, müxtəlif
imperiyalar tərəfindən işğala məruz
qalmasına baxmayaraq, Azərbaycan xalqının müstəqillik
və dövlətçiliyin qorunması üçün qətiyyətinə
valeh olmamaq mümkün deyildir.
Sonra Prezident ilk dəfə
olaraq Maltada Azərbaycanın milli bayramı - Respublika
Gününün qeyd edilməsinin ikitərəfli əlaqələrin
daha da inkişaf etməsinə töhfə verəcəyinə
ümid etdiyini bildirmiş və bir daha hər iki dost xalqa
sülh və əmin-amanlıq arzulamışdır.
Çıxışlardan
sonra Azərbaycan və Maltanın dövlət himnləri səsləndirilmişdir.
Qəbulda Azərbaycanla
bağlı videofilm nümayiş etdirilmiş və səsləndirilmiş
milli musiqimiz qonaqların xüsusi marağına səbəb
olmuşdur.
Qonaqlara Azərbaycan mətbəxinin
nümunələri və ölkəmiz haqqında kitab və
suvenirlər də təqdim edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 12 iyun.- S. 3.