YAP Qadınlar Şurası ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 40- ildönümünə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir

 

İyunun 11-də Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurası ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 40-cı ildönümünə və 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirmişdir.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyulmuşdur.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə bayram münasibətilə iştirakçıları təbrik edən partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva 40 il öncə Azərbaycan tarixində dönüş anının baş verdiyini, ulu öndər Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyini xatırlatmışdır. Yeni rəhbərin Mərkəzi Komitənin avqust plenumundakı çıxışını xüsusi vurğulayan natiq qeyd etmişdir ki, bu nitq öz tənqidi ruhu ilə Heydər Əliyevi bütün cəmiyyətə tanıtdı. Xalqımız Heydər Əliyevin şəxsində ölkə rəhbərliyinə qeyri-adi bir şəxsiyyətin gəldiyini anladı. Mövcud sosialist sisteminin məhdudiyyətlərinə baxmayaraq, sovet Azərbaycanında 13 il hakimiyyətdə olan Heydər Əliyev respublikamızı geridə qalmış kənd təsərrüfatı ölkəsindən qabaqcıllar sırasına çıxardı. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar nəticəsində xalqımızın rifah halı yaxşılaşdı, bütün sahələrdə - elm, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə görünməmiş inkişafa nail olundu. Ümummilli liderimiz talenin onun üçün nəzərdə tutduğu vəzifənin - Azərbaycan dövlətinin müstəqilliyini hazırlamaq və həyata keçirmək missiyasının öhdəsindən layiqincə gəldi. Qarşıya çıxan çətinliklərə, problemlərə baxmayaraq, milli dövlətçiliyimizin formalaşması üçün ilkin zəmini məhz sovet hakimiyyəti illərində hazırladı. Dəmir iradəsi, yorulmazlığı, qeyri-adi müdrikliyi, dövlət siyasətindən peşəkar səviyyədə baş çıxarması nəticəsində Heydər Əliyev yalnız keçmiş SSRİ məkanında deyil, beynəlxalq miqyasda tanınmış siyasi xadimə çevrildi. Bu nüfuz, hörmət və mənsub olduğu xalqın sevgisi nəticəsində lider səviyyəsinə qalxan Heydər Əliyev müstəqilliyin ilk illərində də Azərbaycanı xaosdan, qardaş qırğınından, dövlətçiliyin tamamilə itirilməsindən xilas etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər, nəinki bütün bunların qarşısını aldı, eyni zamanda Azərbaycanın gələcək inkişaf strategiyasını işləyib hazırladı. Məhz həmin strategiyanın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan sürətlə inkişaf edir və regionun lider dövlətinə çevrilmişdir.

Tədbirdə çıxış edənlər - Milli Məclisin deputatları Elmira Axundova, Gülər Əhmədova və Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova və başqaları vurğulamışlar ki, hakimiyyətə qayıtdıqdan sonra həyata keçirdiyi islahatlar, yeritdiyi siyasət nəticəsində Azərbaycanı bütün dünyaya tanıdan ümummilli lider Heydər Əliyev xalqımızın öz seçimində yanılmadığını sübut etdi. Sevindirici haldır ki, dahi öndərin əsasını qoyduğu ideyalar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir, Azərbaycan xalqı onun rəhbərliyi altında xoşbəxt gələcəyə doğru qətiyyətlə addımlayır.

Tədbir Pedaqoji Kollecin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya ilə başa çatmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 iyun.- S. 3.