YAP Yasamal Rayon Gənclər Birliyinin III hesabat-seçki konfransı keçirilmişdir

 

İyunun 11-də Milli Qurtuluş Günü ərəfəsində Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyası (YAP) Yasamal Rayon Gənclər Birliyinin (GB) III hesabat-seçki konfransı keçirilmişdir.

YAP idarə heyətinin üzvü, Milli Məclisin deputatı, BDU-nun rektoru, akademik Abel Məhərrəmov vurğulamışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Respublikamızda elmi və ədəbi-mədəni potensialın yaradılması ulu öndərin uzaqgörən siyasətinin nəticəsidir.

YAP Yasamal rayon təşkilatının sədri Fikrət İsmayılov dövlət gənclər siyasəti sahəsində görülən işlər barədə məlumat vermişdir. Qeyd etmişdir ki, ölkəmizdə gənclərə göstərilən hərtərəfli qayğı onların siyasi mövqelərinin düzgün formalaşmasında mühüm rol oynayır.

YAP Yasamal Rayon Gənclər Birliyinin sədri Bəxtiyar Nəbiyev hesabat məruzəsində bildirmişdir ki, GB-nin II hesabat konfransında üzvlərinin sayı 1100 olduğu halda, bu gün 10102 nəfərdir. Bunlardan 867 nəfəri təhsil sistemində, 42 nəfəri elmi müəssisələrdə, 1236 nəfəri səhiyyə sahəsində, 2417 nəfəri isə digər idarə və müəssisələrdə çalışır, 5104 nəfəri isə tələbədir. 10 102 nəfərdən 3993 nəfəri qadındır. Hesabat dövründə Yasamal rayon GB-nin sıralarına 9002 gənc qəbul olunmuşdur. Hazırda partiyaya kütləvi axın davam edir.

Məruzə ətrafında çıxışlar dinlənilmişdir.

Tədbirdə idarə heyətinin yeni tərkibi seçilmişdir. Bəxtiyar Nəbiyev yenidən YAP Yasamal rayon GB-nin sədri seçilmişdir.

Sonda Azərbaycan Prezidenti İlham Əliyevə və respublika gənclərinə müraciət qəbul olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 iyun.- S. 3.