Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu gənclər siyasəti yeni inkişaf mərhələsinə qədəm qoyub

 

Gənclərin cəmiyyətin bütün sahələrində fəallığının artırılması ölkəmizin etibarlı gələcəyinin tam təminatı və dövlətçilik ənənələrinin gücləndirilməsi üçün başlıca şərtlərdəndir. Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin sürətli inkişafına təkan verib, gənclərin məşğulluğunu, sosial müdafiəsinin təmin olunmasını stimullaşdırıb. Belə bir şəraitdə gənclər hərəkatı kimi meydana çıxmış, sonra isə yeni formatda fəaliyyətə başlamış təşkilatlardan biri - "İRƏLİ" İctimai Birliyinin sədri Ceyhun Osmanlı qəzetimizin əməkdaşı ilə söhbətində ölkəmizdə gənclər siyasətinin əsas istiqamətlərindən, uğurlardan danışdı:

- Bu gün Azərbaycanda müxtəlif gənclər hərəkatı, ictimai birliklər mövcuddur. Həmin təşkilatların fəaliyyətlərini necə qiymətləndirirsiniz?

- Ulu öndər Heydər Əliyevin banisi olduğu və cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti özünün keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. Əgər 1994-cü ildən son vaxtlara qədər ölkəmizdə müstəqil gənclər siyasətinin təşəkkülü prosesi gedirdisə, bu proses son illərdə inkişaf mərhələsinə keçmişdir. 10 il bundan öncə gənclər təşkilatlarımız bəzi Avropa institutları ilə geniş əməkdaşlığa can atsalar da, buna qarşı tərəfdən lazımi münasibət göstərilmirdi. Amma 2003-cü ildən etibarən Azərbaycan nəinki özünü dünya birliyində güclü dövlət kimi təsbit etdi, gənclər siyasəti kontekstində də avanqard ölkəyə çevrildi. Bu, gənclər siyasətinin yeni mərhələsinin başlanğıcı idi. Son illər respublikamız beynəlxalq tədbirlərin məkanına, qlobal layihələrin təşəbbüskarına çevrilmişdir. Həyata keçirilən genişmiqyaslı proqramlar ölkəmizi nəinki dünyaya tanıtdı, eyni zamanda, Azərbaycanı Avropa gənclər siyasətinin lokomotivi kimi təsbit etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevin gərgin əməyinin bəhrəsidir.

Bir neçə gün öncə respublikamıza səfər etmiş Avropa Şurasının Avropa Gənclər Fondunun prezidenti Jan Klod Lazaro bildirdi ki, Azərbaycan Avropa məkanında gənclər siyasətinə görə ən fəal ölkədir. Avropa Gənclər Fonduna təqdim olunan layihələrin, gənclər təşkilatlarına müraciətlərin sayına görə respublikamız qitə dövlətləri arasında birinci yeri tutur. Ölkəmiz bu məsələdə zirvəyə yüksəlmək üçün bütün mərhələləri uğurla keçib. Gənclər təşkilatlarının Avropa Gənclər Fonduna təqdim olunan layihələrinin böyük qismi Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.

Gənclərimiz dövlətin onlara qayğısını və diqqətini aydın şəkildə hiss edirlər. Bu səbəbdən də Avropa miqyasında təşəbbüskarlıq və fəallıq göstərirlər. Gənclərimizin cəmiyyətdə özünü təsdiq etməsi, ictimai-siyasi həyatda yaxından iştirakı, gənc nəslin hərtərəfli inkişafı dövlət siyasətinin uğurlarındandır.

- Gənclər təşkilatlarının fəaliyyəti gözlənilən nəticəni verirmi?

- Azərbaycan dünyada əhalinin yaş qrupuna görə gənclərin üstünlük təşkil etdiyi ölkələrdəndir. Gənclər əhalinin böyük qismini təşkil etdiyindən onların təşkilatlarının da sayı kifayət qədərdir. Ölkəmizin bütün sahələrində aparılan islahatlarda gənc nəslin rolu danılmazdır. 300 milyon insanın izlədiyi "Eurovizion" yarışmasında Azərbaycanın 3-cü yer tutması da gənclər siyasətinin uğurlarındandır. Hüquq, təhsil, ekologiya, mədəniyyət, incəsənət, informasiya texnologiyaları üzrə əldə edilən nailiyyətlər dövlət gənclər siyasətinin nəticəsidir. Dövlət qayğısının ən böyük təcəssümü 2007-ci ilin "Gənclər ili" elan olunması idi.

Biz ölkəmizdə səmərəli fəaliyyət göstərən gənclər təşkilatlarının sayının artmasına tərəfdarıq. Ona görə ki, belə təşkilatlara ehtiyac, gənclərimizə qayğı və diqqət durmadan artır, alternativ dəstək mənbələri yaranır. Əgər həmin təşkilatlar 2008-ci ilədək Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşirdisə, indi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da onlara dəstək verir. Şurada gənclərin fəaliyyəti üzrə müxtəlif istiqamətlər mövcuddur və həmin qurumlar bunları reallaşdırmaq üçün dövlətdən maliyyə yardımı alırlar. Qeyri-hökumət təşkilatlarının fəaliyyəti genişləndiyindən korporativ əməkdaşlıq imkanları artıb. Təkcə dövlət deyil, biznes strukturları, bələdiyyələr və digər qurumlar QHT-lərlə əməkdaşlıq edirlər.

- Maarifçilik, hüquqi sahələr üzrə fəaliyyət göstərən təşkilatların işi nə dərəcədə səmərəlidir?

- Bu məsələdə təşkilatların, onların hər bir üzvünün üzərinə böyük vəzifələr düşür.

Maarifçilik, hüquq sahələri üzrə fəaliyyət göstərən ictimai birliklər cəmiyyətdəki ayrı-ayrı mənfi tendensiyaların aradan qaldırılmasında mühüm rol oynayırlar. Yeri gəlmişkən qeyd edim ki, hazırda QHT-lər şəbəkəsində ən böyük boşluq sosioloji sorğu təşkilatlarının çatışmazlığından ibarətdir. Ölkə üzrə yalnız zəif fəaliyyət göstərən 2-3 belə ictimai birlik var. Bu təşkilatlar əhali arasında sorğu aparmalıdır ki, maarifçilik, hüquqi sahələrdə fəaliyyətlərindəki mühüm məqamları müəyyənləşdirə bilsinlər.

- Ümumiyyətlə, bu gün Azərbaycan gənclərinin və gənclər təşkilatlarının əsas problemləri nədən ibarətdir?

- Mən bunu Azərbaycan gənclərinin və gənclər təşkilatlarının problemləri yox, çətinlikləri kimi səciyyələndirərdim. İlk öncə qeyd edim ki, çətinliklər bir sıra hallarda üst-üstə düşür. Gənclərimiz ölkədə konkret, aydın təhsil konsepsiyasının olmasını istəyirlər. Biz Bolonya prosesinə qoşulmaqla öz seçimimizi etmişik. Ortaya belə sual çıxır - bu, niyə kütləvi şəkildə tətbiq edilmir? Bu gün ayrı-ayrı sahələr üzrə peşəkarlara, gənc menecerlərə ciddi ehtiyac hiss olunur. Problem gənclər təşkilatlarının və gənclərin birgə səyləri ilə həll olunmalıdır.

Azərbaycanın dinamik tərəqqisi ölkəmizdə bütün sahələrin inkişafına, problemlərin həllinə rəvac verib. Gənclərimizin üzləşdiyi problemlər həll edilib. Buna səbəb əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətidir. Ölkə başçısının 2005-ci ilin avqustunda təsdiq etdiyi "Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)" dövlət gənclər siyasətinin ən mühüm tərkib hissəsidir. Bu gün həmin proqram əsasında gənclərin məşğulluğunun təmin edilməsi, onların sosial müdafiəsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi və digər istiqamətlərdə kompleks tədbirlər görülür. Prezident İlham Əliyev tərəfindən bu siyasətlərin hər biri - insan kapitalının inkişafı, 5 mindən çox gəncin xaricə təhsilə göndərilməsi proqramı layiqincə həyata keçirilir.

- Bir faktı da etiraf etmək lazımdır ki, gənclərin bir qismi narazılıqlarını təhsil sahəsindəki müəyyən neqativ məqamlarla, bəzi ali məktəblərdə cərəyan edən xoşagəlməz hallarla əlaqələndirirlər. Bu iddialar nə dərəcədə əsaslıdır? Bu tipli narazılıqların qarşısını almaq üçün çıxış yolunu nədə görürsünüz?

- Cəmiyyətdə təhsilə münasibətdə razılıq və narazılıqlar mövcud ola bilər. Bu, təbiidir. Əgər narazılıq mövcuddursa, deməli, çatışmazlıq var. Ümumiyyətlə, təhsildə islahatların aparılması zəruridir. Problemlər yalnız bir şəxslə, qrupla əlaqədar deyil. Bu, cəmiyyətin problemidir. Həm orta, həm də ali təhsil ocaqlarında çalışan müəllimlərin sayı normadan artıqdır. Bolonya prosesinə uğurla qoşulmaq üçün kadrlara üstünlük verməliyik. Mövcud tələblərə cavab verməyən təhsil işçilərinin bir qismi müvafiq yaş həddini keçib. Müəllimlərin seçilməsi üçün uğurlu bir yol tapılmalıdır.

Təhsildə menecerlərə ehtiyac var. Gənclərin məşğulluğu artdıqca, onların üzərinə ciddi, məsul vəzifələr düşür. Ölkəmizdə xeyli əcnəbi kadr neft, təhsil, səhiyyə və digər sahələrdə çalışır. Bunun səbəbi odur ki, kadr potensialı yetərincə deyil. Mütəxəssislərimiz kifayət qədər olsa, tələbat ödənilər. Təhsilin gələcək 5-10 il üçün planlaşdırılması həyata keçirilməlidir ki, yaxın illərdə ayrı-ayrı istehsal sahələrində yaranacaq ehtiyaclar təmin edilsin. Hazırda ölkəmizdə yeni neft-kimya kompleksi formalaşdırılır, turizmə, kənd təsərrüfatına sərmayələr qoyulur.

Amma bəzi ali məktəblər bu istiqamətdə kadr hazırlığını lazımınca həyata keçirmirlər.

- Ölkədə gənclər təşkilatlarının, QHT-lərin bolluğu yaranmışdır. Azərbaycanda "İRƏLİ" İctimai Birliyinin yeri və mövqeyi nədən ibarətdir? Gənclər sizin təşkilatınızda hansı amal ətrafında birləşiblər və öz potensiallarını necə realizə edirlər?

- Prezident İlham Əliyevin gənclərə daimi diqqət və qayğısı təzahürü kimi ölkədə bir sıra təşkilatlar - hərəkatlar, ictimai birliklər yaradıldı. Gənclər təşkilatlarına dövlət səviyyəsində kifayət qədər böyük dəstək, onların fəaliyyəti üçün əlverişli şərait var. Son 3 ildə fəaliyyətimiz "İRƏLİ" Gənclər Hərəkatı ilə yadda qalmışdı. Hərəkatın fəaliyyət dairəsi yalnız paytaxtı deyil, respublikamızın bütün regionlarını əhatə etmiş, dövlət orqanları, beynəlxalq qurumlar, donor təşkilatları, kommersiya strukturları ilə korporativ əlaqələr genişlənmişdir. Hesab etdik ki, daha böyük təşkilatla geniş auditoriyaya töhfə verə bilərik. 2008-ci ilin dekabrında fəaliyyətimizi ictimai birlik çərçivəsində davam etdirməyə başladıq. İctimai birliyin təşkilatlanma mərhələsi artıq başa çatıb. Təşkilatımız fəaliyyətinin yeni mərhələsinə qədəm qoyub. İndi fəaliyyətimiz daha sistemli şəkildə davam edir. Məqsədimiz effektiv menecment fəaliyyətinə, insan kapitalı siyasətinin uğurla həyata keçirilməsinə nail olmaqdır.

Güclü insan kapitalı siyasətinin formalaşdırılması və menecment fəaliyyətinin həyata keçirilməsi nəticəsində bir çox layihələri reallaşdırmışıq. "Milli diskussiyalar", "Gənc sahibkarları təkmilləşdirmə", "Məktəb parlamenti", "Siyasi akademiya" layihələrini, "Ana dilimizi sevək və qoruyaq" kampaniyasını, "Gənclərin təşəbbüsləri" festivalını gerçəkləşdirdik. Azərbaycanın müxtəlif regionlarında gənclərin, xüsusən müəllimlərin informasiya və kommunikasiya texnologiyaları sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması məqsədilə bu il "İnformasiya Texnologiyaları Akademiyası" maarifləndirici layihəsinə start vermişik. Layihənin məqsədi müəllimlərin, yeniyetmə və gənclərin kompüter və internet sahəsində maarifləndirilməsi, ilkin biliklərin formalaşdırılması və regionlar üzrə "İnformasiya Texnologiyaları qrupları"nın yaradılması yolu ilə 1 il ərzində təxminən 50 min insanın bu proqrama cəlb edilməsidir.

Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması məqsədilə internet vasitəsilə müəyyən işlər həyata keçiririk. 21 ali məktəbdə "Milli debat" proqramına start vermişik. Ən böyük layihələrdən biri ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş həftəlik proqram idi. "İRƏLİ" gələcəkdə də yeni layihələr, proqramlar həyata keçirəcək. Gənclərimizin bələdiyyə seçkilərində yaxından iştirakı, idman yarışlarında daha böyük uğurların əldə edilməsi məqsədilə yeni layihələrin həyata keçirilməsini planlaşdırırıq.

- Bu gün müxalifət partiyalarının süni formada tələbələri radikal əhval-ruhiyyədə destruktiv fəaliyyətə yönəldən fəaliyyətləri aydın sezilir. Çox məhdud sayda olsa da, bəzən tələbələr bu təxribatlara uyurlar. Sizcə, Azərbaycan gənclərinin belə avantüralara uymaması üçün hansı tədbirlər həyata keçirilməlidir?

- Ölkəmiz son 5 ildə sosial-iqtisadi inkişafın yeni mərhələsinə qədəm qoyub. Amma müxalifət düşərgəsində hələ də köhnə təfəkkür hakimdir. Bu düşərgəyə məxsus partiyaların konkret ideyaları, məqsədləri yoxdur. Həmin səbəbdən də onlar uğursuzluğa məhkumdurlar.

Tələbələr arasında müxalifət partiyalarına hər hansı kütləvi maraq mövcud deyil. Az sayda gənc ayrı-ayrı məsələlərə münasibətdə fərqli mövqe sərgiləyə bilər. Bu isə təcrübəsizlikdən, dünyagörüşünün azlığından irəli gəlir. Yalançı təbliğata uyanlar çox keçmədən müxalifətin məqsədlərini aydın dərk edir, bu yoldan çəkinirlər. Belə kampaniyalar isə müxalifəti daha da nüfuzdan salır. Düşünürəm ki, gənclərimizin avantüralara uymaması, onların bu yoldan çəkinməsi üçün hər birimizin üzərinə böyük vəzifələr düşür.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 12 iyun.- S. 5.