Milli Məclisin
deputatı, "Azərbaycan" qəzetinin Baş redaktoru, əməkdar
jurnalist Bəxtiyar Sadıqovun "Ömrün söz
yadigarı" adlı növbəti kitabı yenicə
çapdan çıxmışdır. Bu kitab Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin əbədiyaşar
xatirəsinə ithaf olunmuşdur.
"Ömrün söz
yadigarı"nı vərəqlədikcə
yazıçı-publisist Bəxtiyar Sadıqovun
yaradıcılığının ümumi ruhu, mövzu dairəsi,
insan qəlbini oxşayan yazı üslubu ilə bir daha
yaxından tanış olur, müəllifin qələmindən
çıxan sözün rəvanlığını,
şirinliyini duyursan. Dörd fəsildən ibarət
kitabın birinci fəsli "Tarixi yaradanlar və
yaşadanlar" adlanır. Müəllif bu fəsildə
ümummilli lider Heydər Əliyevin və onun layiqli
davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin
dövlət və xalq qarşısındakı misilsiz xidmətlərindən,
həyata keçirdikləri islahatlardan söz
açmışdır. Burada "Milyonların taleyi həyatında
əks olunan insan", "Ən böyük azərbaycanlı",
"Böyük qurucu", "Niyə məhz Heydər Əliyev
gəlməliydi", "Hər bir Azərbaycan vətəndaşının
Prezidenti" publisistik yazılarda və digər məqalələrdə
Heydər Əliyev siyasi kursunun Azərbaycan dövləti və
xalqı üçün vacibliyini şərtləndirən
siyasi, iqtisadi və mənəvi-psixoloji amillər əsaslandırılmış,
ümummilli liderin çoxşaxəli vətənpərvər
fəaliyyətindən söz açılmışdır.
"Ziyalı
sözü, vətəndaş mövqeyi" adlanan ikinci fəsildə
Bəxtiyar Sadıqovun ən müxtəlif ictimai-siyasi proseslərlə
bağlı məqalələri, eyni zamanda, müxtəlif
problemlərlə əlaqədar yazıları diqqəti
çəkir. "Müstəqil dövlət quruculuğu
prosesini tarixin yaddaşına olduğu kimi yazaq",
"Müstəqil Azərbaycanın inkişaf yolu",
"Müasir dövrdə Azərbaycanın inkişaf
strategiyası", "Köhnə müxalifət cəmiyyəti
və gəncləri hara sürükləmək istəyir?!",
"Türk dünyasına qarşı səlib
yürüşünün növbəti mərhələsi",
"İşıqlı yollar, qaranlıq səkilər"
və digər məqalələrdə Bəxtiyar Sadıqov
yüksək peşəkarlıqla milli dövlət
quruculuğunun elmi-fəlsəfi, nəzəri əsaslarına
toxunur, görkəmli filosof, akademik Ramiz Mehdiyevin əsərləri
ilə bağlı düşüncələrini
bölüşür. Müəllif, eyni zamanda, cəmiyyəti
narahat edən sosial problemlərə toxunur, şəhər təsərrüfatı
ilə bağlı tənqidi fikir və mülahizələrini
oxucuların diqqətinə çatdırır.
Kitabın
üçüncü fəsli "Qarabağa gedən
yol" adlanır. Ağdamdan deputat seçilmiş bir
ziyalı kimi dəfələrlə cəbhə bölgəsində
olaraq əsgərlərlə görüşən Bəxtiyar
Sadıqovun bu fəsildə toplanmış "Cəbhədən
cəbhəyə", "Heç kəs və heç nə
unudulmamalıdır", "Azərbaycan əsgəri. Onu
güclü və qüdrətli edən nədir?",
"Qaçqın və məcburi köçkünlərin
güzəranının yaxşılaşdırılması
dövlətin başlıca
qayğılarındandır", "Azərbaycan həqiqəti
və erməni yalanı", "Məqbul və şərəfli
sülhə gedən yolu kim göstərəcək?" və
s. məqalələrində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı düşüncələri, dövlətin bu sahədə
yeritdiyi siyasətə münasibəti geniş yer
almışdır. Bu yazıların hər birində
qaçqın və məcburi köçkünlərin
tezliklə doğma yurdlarına qayıdacaqlarına, Azərbaycan
torpaqlarının işğaldan azad ediləcəyinə
böyük inam ifadə olunmuşdur.
Nəhayət, "Mətbuat
və milli dəyərlər" adlanan dördüncü fəsildə
milli jurnalistikamızın saflaşması, təsadüfi
şəxslərdən təmizlənməsi, jurnalist
adının uca tutulması, "reket
jurnalistikası"nın ictimai qınaq və məzəmmət
yolu ilə aradan qaldırılması kimi məsələlər
yer almışdır. "Azərbaycan" qəzetinin
Baş redaktoru, Mətbuat Şurası İdarə heyətinin
üzvü kimi "reket jurnalistika"ya qarşı
apardığı prinsipial və barışmaz mübarizə
B.Sadıqovun yaradıcılığına da sirayət
etmişdir. "Dilimizə qayıdış", "Müqəddəslik",
"Milli mətbuat və milli mənafe", "Xalqa xidmət
edən jurnalistika", "Oxucu axtarışında",
"Məsuliyyətsiz sözün sərhədsiz
azadlığı", "ANS-in divanı", "Əsl
muğam dərsi", "Şoular vasitəsilə qurulan
biznes" və digər məqalələrdə mətbuatımızın,
jurnalistikamızın üzləşdiyi problemlərdən,
eyni zamanda, yazılı və elektron mediada milli-mənəvi
dəyərlərimizə, milli düşüncəmizə
vurulan zərbədən ürək ağrısı ilə,
vətəndaş təəssübkeşliyi ilə söz
açılmışdır.
Əməkdar jurnalist Bəxtiyar
Sadıqovun "Ömrün söz yadigarı" adlı
yeni kitabı onun yaradıcılığının
özünəməxsusluğunu, publisistik təsir
gücünü bir daha nümayiş etdirir. Kitabın ön
sözündə "Müdrik o kəsdir ki, dediyi söz
eşidilib. O kəslər xoşbəxtdirlər ki, dedikləri
söz yadigara çevrilib" deyən müəllif bu mənada
siyasi publisistikanın ən uğurlu nümunələrini
yarada, geniş oxucu auditoriyası qazana bilmişdir. Ruhu
yazı-pozu ilə yoğrulan, qəlbi yazıb-yaratmaq eşqi
ilə döyünən, ən əsası, faydalı nəsə
yazmaqdan mənəvi zövq alan insan üçün
sözünə verilən yüksək dəyərdən
üstün mükafat ola bilməz.
"Oskar"
Poliqrafiya-Nəşriyyat Mərkəzində nəfis tərtibatda
işıq üzü görmüş kitabın redaktoru
filologiya elmləri namizədi Afət Sadıqova,
buraxılışa məsul İxtiyar Hüseynlidir.
AzərTAc
Azərbaycan.- 2009.- 12 iyun.- S. 5.