Doğma elinin tarixini yaşadan "Kəlbəcər harayı"

 

Azərbaycan bu gün dünyada hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyatı, mədəniyyəti, zəhmətsevər və fədakar insanları olan demokratik, sivil və son dərəcə modern bir ölkə kimi tanınır. Şərqlə Qərbin, Şimalla Cənubun kəsişdiyi çox əlverişli strateji məkanda bərqərar olan Azərbaycanda demokratiya, mətbuat, televiziya və radio, bütövlükdə kütləvi informasiya vasitələri sürətlə inkişaf edir.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin dəstəyi və yaxından köməyi ilə ölkəmizdə dünya standartlarına cavab verən müstəqil media orqanları formalaşmışdır. Dördüncü hakimiyyət adlandırılan kütləvi informasiya vasitələrinin sərbəst inkişafı üçün hər cür şərait yaradılmış, söz azadlığının qarşısını alan süni maneələr aradan qaldırılmışdır. Hüquqi və etik normalara hörmət edən jurnalist araşdırmaları, faktların və fikirlərin sərbəst dərc edilməsi üçün qeyri-məhdud imkanlar yaradılmışdır.

Bu gün Azərbaycanın kütləvi informasiya vasitələri kəmiyyət və keyfiyyət göstəricilərinə görə MDB və Şərqi Avropa ölkələri arasında aparıcı yerlərdən birini tutur. Ölkədə 1830 kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Bunun yalnız 15 faizi hökumət strukturlarına aiddir. Qəzetlərin çoxu müxtəlif yönlü siyasi və ictimai təşkilatlara, özəl strukturlara və hüquqi şəxslərə məxsusdur.

Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və himayəsi ilə ölkəmizdə kütləvi informasiya vasitələrinin inkişafı üçün mütərəqqi və geniş qanunvericilik bazası yaradılmışdır. Bu istiqamətdə "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununu xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə söz və informasiya azadlığının təmin edilməsində ən mühüm addımlardan biri 2003-cü il mart ayının 15-də Azərbaycan jurnalistlərinin Mətbuat Şurasının yaradılması idi. "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvlərinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 may tarixli sərəncamı ilə Fondun Müşahidə Şurasının yaradılması da bu istiqamətdə atılan uğurlu addımlardandır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətbuata, kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi diqqət və qayğıdan bölgələrimizdə nəşr olunan mətbuat vasitələri, o cümlədən məcburi köçkün həyatı yaşayan Kəlbəcər rayonunda çıxan "Kəlbəcər harayı" qəzeti də xeyli faydalanmışdır.

Ölkə ictimaiyyəti, jurnalist təşkilatları, Kəlbəcər rayon fəalları, bu diyardan pərvazlanıb vətənin müxtəlif guşələrində yaşayıb-yaradan soydaşlarımız "Kəlbəcər harayı" rayon qəzetinin 75 illik yubileyini təntənə ilə qeyd etməyə hazırlaşırlar.

Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcər təkcə yeraltı və yerüstü sərvətləri ilə deyil, zəngin təbiəti, zəhmətsevər insanları, saz-söz ustaları ilə də geniş şöhrət qazanmışdır.

1996-cı il aprelin 1-də ümummilli lider Heydər Əliyev Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin üçüncü ildönümü ilə əlaqədar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə demişdi: "Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərdən biridir.

Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur.

Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir. Heç şübhəsiz, o gün gələcək ki, Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad olacaq və Kəlbəcərin vətəndaşları, sakinləri, bizim soydaşlarımız öz yerlərinə, yurdlarına qayıdacaqlar.

Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilməlidir, respublikamızın ərazi bütövlüyü bərpa olunmalı və müstəqil dövlət kimi Azərbaycan bütün ərazisinin sahibi olmalıdır, bütün ərazisinə, öz sərhədlərinə tam nəzarət etmək hüququna nail olmalıdır. Bu, qarşımızda duran ən böyük, eyni zamanda deyə bilərəm ki, ən çətin vəzifədir.
Kəlbəcər Azərbaycanın çox dəyərli bir guşəsidir. Həm təbiətinə, dağlarına, meşələrinə, çaylarına görə, bulaqlarına, qayalarına görə, həm orada olan çox qiymətli yeraltı sulara, mərmər yataqlarına, qızıl yataqlarına, başqa əlvan metalların yataqlarına görə çox qiymətli bir yerdir. Dağ rayonu kimi Kəlbəcərin inkişafı üçün xüsusi qərarlar qəbul olunmuşdu və bunların həyata keçirilməsindən Kəlbəcərin əhalisi, hesab edirəm, çox bəhrələnmişdir".

1934-cü ilin yazında ucqar dağ rayonu olan Kəlbəcərin ictimai-siyasi həyatında önəmli rol oynayan, gənc nəslin təlim-tərbiyəsində mühüm vasitə olan, zəmanəsinin aynasına çevrilən rayon qəzeti "Qızıl maldar" adı ilə nəşrə başlamışdır.

Rayon qəzeti 75 illik şərəfli tarixində müxtəlif adlarla, 1934-1953-cü illərdə "Qızıl maldar", 1953-1961-ci illərdə "Yeni həyat uğrunda" adları ilə çap olunmuşdur. 1961-ci ildə rayon qəzetləri birləşdirildiyindən 1965-ci ilədək Bərdə rayonunda "Kommunizm yolu" adı altında fəaliyyətini davam etdirmişdir. 1965-ci ildə "Yenilik" adı ilə həyata təkrar vəsiqə alan rayon qəzeti 1993-cü ilin aprel ayına kimi həmin ad altında oxucularının görüşünə gəlmişdir.

Əlbəttə, zəmanəsinin güzgüsü olan "Yenilik" qəzeti o dövrdə rayonun ictimai-siyasi həyatında mühüm rol oynamış, rayon həyatının bütün sahələrini özündə əks etdirərək oxucularını daim maarifləndirmiş, məlumatlandırmış, əsl peşəkarların qələmindən çıxan məqalələri, oçerkləri, reportajları və tənqidi yazıları ilə geniş oxucu rəğbətini qazanmışdır.

Qəzet həm də rayonda ədəbi-bədii mühitin formalaşmasında, gənc istedadların aşkar edilib püxtələşməsində, onların yaradıcılığının təbliğində də önəmli işlər görmüşdür.

Yorulmaz tədqiqatçı-alim, istedadlı şair, fədakar pedaqoq Şamil Əsgərovun rəhbərliyi altında "Dəlidağ" ədəbi məclisinin fəaliyyəti qəzetin həyatında yaddaqalan parlaq səhifələrdəndir.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın dağ rayonlarının, o cümlədən Kəlbəcərin sosial-iqtisadi inkişafına göstərdiyi böyük qayğı və diqqətdən "Yenilik" rayon qəzeti də hərtərəfli bəhrələnmişdi. 1984-cü ildə Kəlbəcərdə ən müasir çap dəzgahları, linotip maşınları ilə təchiz edilmiş 2 mərtəbəli müasir tipli mətbəə tikilərək fəaliyyətə başladı. Bunun da nəticəsində qəzetin nəşri xeyli yaxşılaşdı, maddi-texniki təchizatı daha da möhkəmləndi.

Qəzetin yaradıcı heyəti də ali təhsilli jurnalist kadrlarla möhkəmləndirilmişdi. Amil Novruzov, Malik Zeynalov, Qəhrəman Nağıyev, Validə İsmayılova və digər gənc jurnalistlər məhz ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə "Yenilik" qəzetinə işləməyə göndərilmişdilər.

Yerli gənc istedadlardan Məmməd Aslan, Hidayət Elvüsal, Sücaət Əhmədov, Rahim Dünyamalıyev və onlarca digər yazarlarımız "Yenilik" qəzetində peşəkar kimi formalaşmışlar.

 Qəzetin geniş oxucu auditoriyası qazanmasında Zimistan Həsənov, Kifayət Umudqızı, Qənifə Səmədova, Zahid Muxtarov, Məhəmməd Nərimanoğlu, Həbib Əhmədov, Əli Qurbanov, Əli Abbasov və digər yaradıcı insanların əməyi az olmamışdır.

1987-1989-cu illərdə "Yenilik" qəzetində SSRİ Jurnalistlər İttifaqının 7 nəfər üzvü çalışmışdır. Hazırda qəzetin əməkdaşlarının 5 nəfəri Azərbaycan Jurnalistlər Birliyinin, 7 nəfəri respublika Mətbuat Şurasının üzvləridir.

Rayon qəzetinin formalaşmasında, ölkədə geniş şöhrət qazanmasında o vaxt qəzetə rəhbərlik etmiş yaradıcı şəxsiyyətlərdən Məhəmmədəli İsmayılov, Əziz Bayramov, Kərəm Əhmədov, Şamil Əsgərov, Qənbər Qurbanov, Zal Cabbarlı, Əli Mirzəyev, Sədnik Paşayev, Bəhmən Məmmədov, Əli Qurbanov və Zimistan Həsənovun xidmətləri danılmazdır. Onlar müxtəlif illərdə rayon qəzetinə rəhbərlik edərək qəzetin işıq üzü görməsində, yaşayıb xalqımıza xidmət göstərməsində fədakarlıqla çalışmışlar.

Dağlıq Qarabağda erməni separatizmi baş qaldıranda, erməni millətçilərinin Azərbaycana torpaq iddiası ilə başlanan təcavüzünə qarşı mübarizəyə qalxanların ön cərgəsində gedənlərdən biri də "Yenilik" rayon qəzeti idi.

1988-1993-cü illərdə Ermənistan və Dağlıq Qarabağ erməniləri tərəfindən blokadaya alınmış Kəlbəcərin amansız və olduqca qəddar düşmənlərə qarşı 5 il apardığı savaşda "Yenilik" rayon qəzeti çox mühüm və layiqli işlər gördü. Qəzet əməkdaşlarının, xüsusilə Zimistan Həsənov, Zahid Muxtar, Qənifə Səmədova, Köçəri Orucoğlu, Vidadi Məmmədov və digərləri Milli Ordunun əsgərləri ilə çiyin-çiyinə səngərlərdə azğın düşmənə qarşı qələmləri ilə vuruşmuşdular. Əyinlərinə hərbi libas geyinən qəzet əməkdaşları döyüş bölgələrindən reportajlar dərc etdirir, fotoşəkillər çəkirdilər.

Amma Ermənistanın hərbi təcavüzü və Azərbaycanın ovaxtkı rəhbərliyinin xalqa zidd siyasəti nəticəsində Kəlbəcər kimi alınmaz qala biabırcasına Ermənistan silahlı qüvvələrinə təslim edildi.

Kəlbəcərə vurulan zərbənin, əhaliyə dəyən maddi və mənəvi ziyanın qədəri saysız-hesabsız idi. Ən çox ziyan isə təhsilə, mədəniyyətə, səhiyyəyə, mənəviyyatımıza dəymişdi. 65 min nəfərədək kəlbəcərli zorla öz ata-baba yurdundan qovularaq didərgin salınmışdı. Ölkənin müxtəlif şəhər və rayonlarında müvəqqəti sığınacaq tapmış kəlbəcərlilərə o vaxt hay verən yox idi, əhali çaş-baş qalmışdı. Bir yandan da ölkə vətəndaş müharibəsinə sürüklənirdi. Azərbaycan parçalanır, azərbaycanlılar isə cismən məhv olmaq təhlükəsi ilə üzbəüz qalmışdılar. Hər şeyini itirmiş, məcburi köçkün vəziyyətində olan kəlbəcərlilərin çoxsaylı mənzil-məişət və digər sosial problemləri ilə maraqlanan yox idi.

Belə bir çətin vaxtda soydaşlarımızın harayına səs verən yenə də yeni adla işıq üzü görən "Kəlbəcər harayı" qəzeti oldu. Əsl peşəkar və mətbuat fədaisi olan Zimistan Həsənov redaksiyanın pərən-pərən düşmüş əməkdaşlarını ətrafına yığaraq qəzetin yenidən fəaliyyət göstərməsi üçün döymədiyi qapı qalmadı. Məhz onun inadkarlığı, işgüzarlığı hesabına və əlbəttə, Kəlbəcərə ürəkdən bağlı olan ziyalıların dəstəyi ilə rayon qəzeti yaşadı, ictimai-siyasi həyatda öz layiqli yerini tuta bildi. "Kəlbəcər harayı" rayon qəzetində hazırda 21 nəfər çalışır.

Rayon rəhbərliyinin hərtərəfli köməyi ilə qəzet indi respublika mətbuatı içərisində sayılıb-seçilən nəşrlərdən biri sayılır. Redaksiyaya minik maşını, 2 dəst kompüter və digər inventar-avadanlıqlar verilmiş, onun normal fəaliyyəti üçün lazımi iş şəraiti yaradılmışdır.

İndi rayon qəzeti 3000 nüsxə ilə ayda 4 dəfə nəşr olunur. Qəzetin kollektivinə bu çətin və şərəfli işlərdə rayon ziyalılarından Qənbər Şəmşiroğlu, Qurban Sadıqov, Xəqani və Musa Kazımov qardaşları və digər vətənpərvər ziyalılarımız yaxından kömək edirlər.

Qəzetin sadiq oxucuları da öz dəstəklərini əsirgəmirlər. "Kəlbəcər harayı" qəzetinin 75 illik yubileyi onun yaradıcı heyətinin, rayon ictimaiyyətinin həyatında çox mühüm siyasi hadisədir. Qəzet fədakar yaradıcı insanların yorulmaz fəaliyyəti nəticəsində bu gün yaşayır, sabah da yaşayacaqdır.

İndi qəzetin yaradıcı kollektivi üzərinə çox mühüm tarixi missiya götürmüşdür. Məcburi köçkün həyatının çətinliklərini, insanların ağır vəziyyətini, ağrı-acılarını, ürək sızıltılarını, düşüncələrini qəzet öz səhifələrində vaxtaşırı dərc etməklə bir növ tarix yazır, olub-keçənləri yaddaşlara həkk etdirir.

Qəzetin yaradıcı heyəti kəlbəcərli söz ustalarının itib-batmış şeirlərinin axtarışında, kitab şəklində çapa hazırlanmasında, təbliğində, onların yubiley tədbirlərinin hazırlanıb keçirilməsində də çox fəal iştirak edir. Bəhmən Vətənoğlunun, Şücaətin, Ənvər Rzanın, Əli Qurbanovun, Seyid Əlinin, şair Nəbinin və onlarca digər yazarların yaddaşlarda qalmış yüzlərlə şeiri və digər yazıları ilk dəfə məhz "Kəlbəcər harayı" qəzetində işıq üzü görmüşdür.

"Heydər Əliyev Fondu"nun təntənəli açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanın gələcək perspektivləri bizə imkan verəcək ki, istədiyimizə nail olaq. Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, işğal edilmiş torpaqlar geri qaytarılacaqdır. Başqa cür də ola bilməz. Bu bizim siyasətimizin əsas istiqamətlərindən biridir."

Bəli, bu, dövlət siyasətinin əsas istiqamətlərindəndir. Ümidvaram və ürəkdən inanıram ki, müasir dünyamızın nüfuzlu dövlət xadimi cənab İlham Əliyevin hücum xarakterli sülh siyasəti yaxın vaxtlarda qalib gələcək, Qarabağımız və işğal olunmuş digər torpaqlarımız azad olunacaqdır. Bu qələbə müjdəsini oxucularına ilk çatdıranlardan biri də "Kəlbəcər harayı" qəzeti olacaqdır.

75 illik yubileyin mübarək, "Kəlbəcər harayı"!

 

 

Cavid QURBANOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 12 iyun.- S. 6.