Qələmini süngüyə dəyişən jurnalist
Azərbaycanın ilk
Milli Qəhrəmanlarından olan Kazımağa Möhsün
oğlu Kərimov Qubadlı rayonunun Sarıyataq kəndində
ziyalı ailəsində anadan olmuşdur. Atası
Möhsün müəllimin ən ümdə arzusu
uşaqlarını düzgün tərbiyələndirmək,
onları xalqına, milllətinə layiqli övladlar kimi
böyütmək idi. Çətin də olsa, ata
övladlarının təhsili ilə bağlı
arzularına çatmış, onların hər birinin istədikləri
peşənin arxasınca getməsi üçün lazımi
şərait yaratmışdır.
Ailənin yeddinci
övladı olan Kazımağa digər qardaşları kimi,
orta məktəbi doğulub boya-başa
çatdığı Qubadlıda bitirdikdən sonra ali təhsil
almaq qərarına gəlir və bu arzu onu Bakı Dövlət
Universitetinin jurnalistika fakultəsinə gətirir. Kazımağa
beş il müddətində təhsil aldığı
universitetin bütün ictimai işlərində fəal
iştirak edir və dövri mətbuatda öz qələmini
sınayırdı. Universiteti bitirdikdən sonra
Kazımağa peşəsinin arxasınca gedərək bir
müddət "Azərbaycan məktəbi" jurnalında,
sonra isə "Azərbaycan müəllimi" qəzetində
çalışmışdır. Sevdiyi peşəsində
püxtələşən Kazımağanın həmin
zamanlar ağlına belə gəlməzdi ki, nə vaxtsa qələmini
silahla əvəz edəcək. Çünki Kazımağa
son dərəcə peşəsinə bağlı bir insan
idi. Görünür, bu da Kazımağa taleyinə
yazılmış bir qismət, bir alın yazısı
imiş.
1988-ci ildə doğma Vətəninin
üzərini qara buludlar aldığı bir zamanda
haqsızlıqla, ədalətsizliklə barışmayan
Kazımağa da Azərbaycan övladı olaraq bu
torpaqların müdafiəsinə qalxmağı özünə
borc bildi. Evini, ailəsini və uca tutduğu peşəsini
arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Kazımağanın
döyüş yolu yalnız doğulub boya-başa
çatdığı doğma Qubadlıdan deyil, Goranboydan və
digər yerlərdən də keçdi. Goranboy rayonunda yaradılan
könüllü özünümüdafiə
batalyonlarından birinə komandir müavini təyin olunan
Kazımağa baş leytenant rütbəsi altında doğma
torpaqlarımızın müdafiəsinə qalxdı.
Kazımağada Vətənə,
torpağa olan məhəbbət təsadüfi deyildi. Çünki
o, hələ XIX əsrin ikinci yarısında Sankt-Peterburq
şəhərində Ali Hərbi məktəb bitirmiş və
1918-1920-ci illərdə Ermənistan-Azərbaycan müharibəsi
zamanı doğma torpaqlarının müdafiəsinə
qalxmış Zəngəzur mahalının
tanınmış bəylərindən olan İsmayıl bəyin
nəvəsi idi.
Kazımağa
döyüşə atıldığı ilk gündən
bir çox hərbi əməliyyatda iştirak etmişdir. Goranboy
rayonunun Gülüstan, Qaraçinar, Manas, Şəfəq,
Tapqaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə
rəhbərlik edən komandan üçün bu
döyüşlər bir sınaq idi və Kazımağa bu
sınaqdan alnıaçıq çıxmışdır. Bununla
kifayətlənməyən Kazımağa komandanlıq etdiyi
batalyonu növbəti əməliyyata hazırlayır. Bu əməliyyat
planı düşmən tapdağı altında olan
keçmiş Şaumyankənd rayonunun azad olunması idi və
həm də bu, onun üçün sonuncu əməliyyat
oldu. Əməliyyat zamanı Kazımağa Kərimov
ağır yaralanır. Komandirin ağır
yaralanmasını görən əsgər və zabitlərdə
ruh düşgünlüyünün yarandığını
hiss edən Kazımağa yenidən döyüşü davam
etdirmək əmri verir. Həmin tarix Şaumyankənd rayonunun
azad olunması günü kimi Azərbaycan tarixinə həkk
edilib.
Kazımağa əməliyyat
bitdikdən sonra Bakı şəhərində yerləşən
Hərbi Hospitala çatdırılır. Ayağından
yaralanan Kazımağa doğmalarının onun
ayağını itirəcəyindən qorxduqlarını
hiss edərək əllərini göyə qaldıraraq
"yaxşı ki, yazan əlim var" deyir. Lakin
Kazımağanın bir ayağını itirəcəyi
qorxusu ilə yaşayanların ağıllarına belə gəlməzd
ki, onu bütünlüklə itirəcəklər. Çünki
heç kim "dağ boyda" bir insanın ayağından
aldığı yara ilə dünyasını dəyişəcəyini
güman etmirdi. Ancaq amansız ölüm Kazımağanı
sevənlərə onsuz neçə yaşayacaqlarını
da öyrətdi. Kazımağa 15 iyun 1992-ci ildə,
ömrünün 41-ci baharında şəhidlik zirvəsinə
ucaldı.
Ölümündən
bir həftə sonra o, Azərbaycanın Milli Qəhrəmanı
fəxri adını aldı. Bu ada layiq görülən
Kazımağa döyüşən ilk jurnalist idi ki, belə
bir fəxri ada layiq görülmüşdü.
...Son dəfə
Bakı şəhərində tələbə
yoldaşları və eyni zamanda, qələm dostları ilə
görüşən Kazımağa onlara yaxın zamanlarda
Qarabağ müharibəsində dönüşün təməlinin
məhz Goranboy cəbhəsində qoyulacağını
söyləmiş və inşallah, düşmən
tapdağı altında olan bütün torpaqlarımız
azad olunduqdan sonra qələmi yenə əlinə alaraq həmkarları
ilə çiyin-çiyinə
çalışacağına söz vermişdi. Lakin əcəl
buna imkan vermədi...
Bu gün
Kazımağanın doğmalarının təsəllisi onun
yeganə övladı olan Rəşadın böyüyərək
ailə sahibi olması və o ocaqda baba Kazımağanın
adının nəvə Kazımağanın
daşımasıdır.
Zəkurə QULİYEVA
Azərbaycan.- 2009.- 12 iyun.- S. 7.