Dövlət Proqramının icrası bölgələrin
hərtərəfli yüksəlişini
təmin edib
Dünyanı
bürümüş maliyyə və iqtisadi böhran,
düzdür, Azərbaycana da təsir etmişdir, amma minimum dərəcədə.
Baxmayaraq ki, dünya iqtisadiyyatı tənəzzülə
uğrayır, birinci rübdə qeyri-neft sektorumuz,
iqtisadiyyatın bu sektoru 13,7 faiz artmışdır. Yəni
bu, məhz ölkədə aparılan
düşünülmüş iqtisadi islahatlar nəticəsində
mümkün olmuşdur. Biz enerji təhlükəsizliyimizi təmin
edə bilmişik. Ərzaq təhlükəsizliyimizi təmin
edə bilmişik və beləliklə, ölkənin
dayanıqlı, uzunmüddətli inkişafı
üçün bütün əsaslar yaradılıbdır.
Bu
gün yeni sənaye sahəsinin işə düşməsi,
sadəcə olaraq, bu vaxta qədər görülmüş
işlərin nəticəsində mümkün olmuşdur. Beləliklə,
Azərbaycanda həm yeni istehsal sahəsi işə
başlayır, yeni iş yerləri açılır,
yüzlərlə, minlərlə iş yerləri
açılacaqdır, həm də regionların, xüsusilə
qərb regionunun inkişafı üçün gözəl
imkanlar yaradılacaqdır.
İlham
ƏLİYEV
Ulu öndər Heydər
Əliyevin müəyyən etdiyi yolla inamla irəliləyən
ölkəmizin ildən-ilə inkişafı, qüdrətli
və dünya birliyində öz yeri olan dövlətə
çevrilməsi artıq beynəlxalq ictimaiyyət tərəfindən
də təsdiq olunur. Uğurla icra olunan dövlət
proqramlarının nəticəsidir ki, bu gün Azərbaycanın
dörd bir yerində iqtisadiyyatın bir vaxtlar hətta əlçatmaz
görünən tərəfləri sürətlə
inkişaf edir, dünya standartlarına uyğun müasir
infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə
paralellik təşkil edərək vətəndaşların
sosial rifahının yüksəlməsinə əhəmiyyətli
dərəcədə təsir göstərir. Sosial-iqtisadi
dirçəliş dövrü keçirən Azərbaycan həm
də sürətlə dünya iqtisadiyyatına uğurla
inteqrasiya olunur.
2003-cü ildə cənab
İlham Əliyevin xalqın etimadını qazanaraq ölkə
Prezidenti seçildikdən sonra qarşıya qoyduğu məqsədlərdən
biri ölkədə aparılan islahatlar nəticəsində
Azərbaycan iqtisadiyyatında qazanılan uğurları daha da
artırmaq, o cümlədən regionların inkişafına
nail olmaq, bütün regionları sosial-iqtisadi baxımdan yüksək
səviyyədə inkişaf etdirmək və bu sahədəki
problemləri yoluna qoymaq, eləcə də əhalinin güzəranını
yaxşılaşdırmaq idi. Çünki iqtisadiyyatın
regional baxımdan inkişafının zəifliyi
sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətə mənfi
təsir göstərir, əhalinin iş dalınca ölkə
paytaxtına axınını sürətləndirirdi. Bunun
qarşısını almaq üçün isə regionlarda
mövcud potensialdan istifadənin səmərəsini
artırmaq, yeni iş yerlərinin açılmasını, sənayenin
ayrı-ayrı sahələrinin, aqrar sektorun
inkişafını, kənd təsərrüfatı məhsullarının
emalının genişləndirilməsini təmin etmək və
digər tədbirləri həyata keçirtmək lazım
idi. Bu məqsədlə dövlət başçısı
"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramını (2004-2008-ci illər)"
təsdiq etdi.
Regionların
sosial-iqtisadi inkişafına dair birinci Dövlət
Proqramının uğurlu icrası ölkəmizin
sosial-iqtisadi inkişafında yeni mərhələnin
başlanğıcını qoyaraq, bölgələrin
tarazlı inkişafını dövlət siyasətinin
prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı.
Zamanın nəbzini düzgun tutmaqla, mövcud iqtisadi
potensialdan və resurslardan səmərəli istifadə etməklə
ölkə iqtisadiyyatınn keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasına nail olan Prezident İlham Əliyev
bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını,
arzularını reallaşdırdı.
Birinci Dövlət
Proqramı çərçivəsində görülən
işlərin təhlili göstərir ki, onun icra edildiyi 5 ilə
yaxın müddətdə iqtisadiyyatın neftdən
asılılığının aradan qaldırılması,
qeyri-neft sektorunun inkişaf etdirilməsi və
bütövlükdə regionların tarazlı
inkişafının təmin olunması istiqamətində son
dərəcə mühüm işlər görülüb. Prezident
İlham Əliyev tərəfindən regionların
sosial-iqtisadi inkişafına göstərilən bu
qayğı birinci Dövlət Proqramının uğurlu
icrasının həlledici amili olub, qeyri-neft sektorunun
davamlı inkişafına, yeni iş yerlərinin və müəssisələrin
yaradılmasına, regionlarda kommunal xidmət və sosial
infrastruktur təminatının, sahibkarlıq mühitinin daha
da yaxşılaşdırılmasına təkan verib. Bütün
şəhər və rayonlarda yeni istehsal və xidmət sahələri
açılıb. Təqdirəlayiq haldır ki, yeni istifadəyə
verilən istehsal müəssisələrinin böyük qismi
özəl sektorun payına düşüb. Bu, bölgələrdə
sahibkarlığın inkişaf etdirilməsi məqsədilə
həyata keçirilən tədbirlərin səmərəliliyindən
xəbər verir.
Azərbaycanın
sosial-iqtisadi inkişafını şərtləndirən əsas
amillərdən biri təbii neft gəlirlərinin
düzgün təyinat üzrə istifadəsidir. Məlumdur
ki, dünyada neft ölkəsi olaraq tanınan dövlətlərin
əksəriyyəti "qara qızıl"ın gətirdiyi
üstünlüklərdən lazımınca faydalana bilməyiblər.
Bəzi dövlətlərin praktikasından ölkənin
taleyinin yalnız neft gəlirlərinin ümidinə
buraxılmasının doğurduğu arzuolunmaz fəsadlar bəllidir.
Ölkəmizdə isə iqtisadi sosial-sferada son bir neçə
ildə qazanılan nailiyyətlər göstərir ki, neft gəlirlərindən
istifadədə düzgün metodlar tətbiq olunur. Azərbaycan
hakimiyyətinin yeritdiyi iqtisadi siyasət xəttinin
kökündə iqtisadiyyatın məhz neftdən
asılılığının azaldılması dayanır. Bunun
əyani göstəricisi kimi isə regionların sosial-iqtisadi
inkişafına dair birinci və hazırda uğurla icra edilən
ikinci dövlət proqramlarının iqtisadiyyatımıza
verdiyi yeni nəfəsi misal gətirmək olar. Neftdən
asılı olmayan güclü iqtisadiyyatın qurulmasına
doğru atılan addımları Azərbaycanın
bütün rayonlarının timsalında görmək
mümkündür. Elə bir rayon göstərmək
mümkün deyil ki, orada son bir neçə ildə onlarla
müəssisə fəaliyyətə başlamasın. Təbii
ki, bu inkişafın sürətləndirilməsini təmin
edən infrasturukturun - modul tipli elektrik stansiyalarının
tikilməsi, hava limanlarının yenidən qurulması,
avtomobil yollarının çəkilməsi, o cümlədən
abadlıq-quruculuq işlərinin aparılması diqqətdən
kənarda qalmır.
Ölkəmizdə
uğurla həyata keçirilən regional inkişaf siyasətinin
davamlılığını təmin etmək məqsədilə
Prezident İlham Əliyev Regionların sosial-iqtisadi
inkişafına dair ikinci Dövlət Proqramını təsdiq
edib. Bu proqramda əvvəlki sənədə salınmayan bir
çox məsələlər, hər bir kəndin
ayrılıqda inkişafı məsələsi öz əksini
tapmışdır.
Son illərdə Azərbaycanın
digər bölgələri kimi, qərb zonası da sürətli
inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Gəncə
şəhərinə, Göygöl, Şəmkir və Gədəbəy
rayonlarına səfəri bir daha göstərdi ki, ölkəmizdə
neftdən asılı olmayan güclü iqtisadiyyatın formalaşdırılması
prosesi uğurla həyata keçirilməkdədir. Xatırladaq
ki, Prezident İlham Əliyev indiyədək bir neçə dəfə
ölkəmizin qərb rayonlarında səfərdə olub.
2004-cü ilin iyun
ayında Qazax, Tovuz, Şəmkir rayonlarına və Gəncə
şəhərinə, 2005-ci ilin mayında Gəncə və
Goranboya, 2005-ci ilin oktyabrında Gəncə və Qazaxa,
2006-cı ilin oktyabrında Gəncə, Daşkəsən, Gədəbəy
və Şəmkirə, 2007-ci ilin mayında Qazax, Tovuz və
Gəncəyə, 2008-ci ilin martında Gəncə, Naftalan,
Samux və Göygölə, həmin ilin sentyabrında Qazax,
Ağstafa, Tovuz və Gəncəyə səfərlər edən
Prezident İlham Əliyev Dövlət Proqramı çərçivəsində
görülən işlərlə tanış olub, bir
sıra müəssisələrin
açılışında, təməlqoyma mərasimlərində
iştirak edib. Dövlət başçısının hər
səfəri regionun həyatında mühüm yeniliklərlə
yadda qalıb, sakinlərin xatirəsində silinməz xoş
izlər buraxıb. Gəncə Beynəlxalq Hava
Limanının, Şəmkir-Qazax və Gəncə-Daşkəsən-Xoşbulaq
avtomobil yollarının dünya standartlarına uyğun səviyyədə
tamamilə yenidən qurulması Azərbaycan Prezidenti İlham
Əliyevin bölgənin inkişafına göstərdiyi
yüksək diqqət və qayğının nəticəsidir.
Öz növbəsində, qərb bölgəsi də
ümumi inkişaf strategiyasına uyğun olaraq ölkənin
sosial-iqtisadi tərəqqisinə töhfələrini verməkdədir.
Son illərdə Ağstafada "Saloğlu", "Karvan-el"
kimi yeni müəssisələr və tikiş fabriki işə
başlamışdır. Bu sırada Şəmkirdə
"AtaSənaye"nin quşçuluq fabrikini, Gəncədə
"Gəncə-Şərab-2" Səhmdar Cəmiyyətini,
"Jardin Royal" şokolad fabrikini, bərpa edilərək
yenidən istifadəyə verilən "Gəncə Sənaye
Cihaz" müəssisəsini, Goranboyda lambrin, icməli su,
kanalizasiya boruları və onların aksesuarlarını
istehsal edən "Oplas" MMC-ni, Daşkəsən rayonunda
"Daşkəsən Filizsaflaşdırma" ASC-ni, Qazaxda
Bentonit emalı zavodunu, Samuxda "Az-Rus Dostluq" ASC-ni və
sair müəssisələri də göstərmək olar.
Respublikanın qərb
zonasında idman və səhiyyənin inkişafı da diqqət
mərkəzindədir. Son bir neçə ildə Qazaxda
Müalicə Diaqnostika Mərkəzi və Olimpiya İdman
Kompleksi, Gəncədə Müalicə Diaqnostika Mərkəzi,
üzgüçülük hovuzu, Gədəbəydə
idman kompleksi, Goranboyda və Şəmkirdə stadionlar istifadəyə
verilib.
Prezident İlham Əliyevin
qərb zonasına son səfəri Gəncədə şəhər
polis idarəsinin yeni inzibati binasının, Daxili
Qoşunların "N" hərbi hissəsində zabit
yataqxanasının istifadəyə verilməsi, Göygöl
rayonunda mədəniyyət və istirahət parkının,
mərkəzi rayon xəstəxanasının, Şəmkirdə
Olimpiya İdman Kompleksinin açılışı, Şəmkir
çayı üzərində inşa ediləcək dəryaçanın,
Gədəbəydə Aşıq musiqi məktəbinin təməlinin
qoyulması, qızıl-mis emalı zavodunun fəaliyyətə
başlaması ilə əlamətdar oldu. Dövlət
başçısı Gəncədə "Ramada Plaza"
mehmanxanasının tikintisi, Nizami Gəncəvinin abidəsində
aparılan yenidənqurma işləri ilə də
tanış oldu. Bütün bunlar göstərir ki,
iqtisadi-sosial tərəqqi ilə yanaşı, dövlət orqanlarında
iş şəraitinin, hərbçilərin
yaşayış səviyyəsinin
yaxşılaşdırılması, yeni infrastruktur obyektlərinin
inşası və milli-mənəvi dəyərlərimizə
diqqətin artırılması ölkəmizin kompleks
inkişafının tərkib hissələridir.
Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş
inkişaf strategiyasını layiqincə davam etdirən Azərbaycan
Prezidenti cənab İlham Əliyev böyük əzmkarlıqla
bütün bölgələrin davamlı yüksəliş
yoluna çıxmasına nail olmuşdur. Bununla yanaşı,
dövlət başçısının Azərbaycanın
yeni dövr üçün iqtisadi siyasət prioritetləri
son 5 il yarım ərzində regionların sürətli
inkişafını təmin etmişdir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2009.- 13 iyun.- S. 1.