Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

 

Almaniya Federatıv Respublikasının (AFR) Bundestaqı bu ölkənin parlamenti tarixində ilk dəfə olaraq "Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsi" qətnaməsini qəbul edib.

AFR-ın ali orqanının qətnaməsində bildirilir ki, Bundestaq bu sənədin qəbul edilməsi ilə Cənubi Qafqazın hər üc dövlətinin ərazi bütövlüyünü tanıyır və regiondakı münaqişələrin həllini ölkələrin suverenliyi və ərazi bütövlüyü prinsipləri əsasında dəstəkləyir. Bundestaqın qəbul etdiyi sənəddə beynəlxalq hüququn münaqişələrin həlli məsələsində dövlətlərin razılığı olmadan sərhədlərin dəyişdirilməsinin yolverilməzliyinə dair əsas prinsipi üstün tutulur: "Bütün dövlətlər Azərbaycanın, Gürcüstanın və Ermənistanın ATƏT-in Paris Xartiyası ilə müəyyən edilmiş öz tərəfdaşlarını və müttəfiqlərini azad seçmək hüququnu tanımalıdır. ATƏT Xartiyasının prinsipləri ərazi bütövlüyü və suverenlik hüquqlarının təmin edilməsinə əsaslanır. Bu prinsiplər Cənubi Qafqazda, eləcə də Avropanın digər regionlarında münaqişələrin həlli ucun bütün səylərin əsasını təşkil edir".

Bundestaq Almaniya hökumətini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) qəbul etdiyi qətnamələrin, eləcə də Avropa Şurasının, ATƏT-in qərar və qətnamələrinin tələblərinin yerinə yetirməsi üçün səylərini səfərbər etməyə çağırır. AFR-ın ali qanunverici orqanı, eyni zamanda, hökumətdən Cənubi Qafqazdakı münaqişələrin həlli məqsədilə göstərilən səylər çərçivəsində bütün qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması ilə bağlı fəallığı artırmağı tələb edir.

Xatırladaq ki, qətnamə ilə bağlı kecirilmiş birinci parlament dinləmələrində də Bundestaqda təmsil olunan fraksiyaların üzvləri birmənalı olaraq Azərbaycan ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunmasını qəti şəkildə pisləyib. Xristian Demokrat və Xristian Sosialist İttifaqları, Azad Demokratlar, Sosial Demokratlar, Solçular və Yaşıllar fraksiyaları işğalçı Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərindən geri çəkilməsinin və Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar. Dinləmələrdə respublikamızın işğal olunmuş ərazilərində etnik təmizləmə aparılaraq əhalinin öz yurd-yuvalarından qovulması pislənilib, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılmasının zəruriliyi qeyd olunub.

Qətnamə ikinci parlament dinləmələrində yekdilliklə qəbul olunub. Sənəddə münaqişələrin mövcud olduğu Cənubi Qafqaz regionundakı vəziyyətin beynəlxalq birliyin və Avropanın diqqətini cəlb etməsi, həll olunmamış münaqişələrin növbəti silahlı qarşıdurmalara səbəb ola biləcəyi, bunun da həm region, həm də digər dövlətlər, o cümlədən Avropa üçün arzuolunmaz nəticələrə gətirib cıxara biləcəyi əks etdirilib. Sənəddə regional münaqişələrlə yanaşı, Cənubi Qafqazda sabitliyin gücləndirilməsi, demokratiyanın inkişafı, infrastrukturun bərpası, enerji sahəsində əməkdaşlıq, viza rejiminin sadələşdirilməsi və digər məsələlər də yer alıb.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 1.