Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı icması İctimai Birliyi idarə heyətinin iclası keçirilmişdir

 

İyunun 12-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı icması İctimai Birliyinin qurultayında seçilmiş idarə heyətinin iclası keçirilmişdir.

İdarə heyətinin sədri icmanın rəhbəri Bayram Səfərov qurultayın ictimaiyyət arasında geniş əks-səda doğurduğunu vurğulamış, iclasın gündəliyi barədə məlumat vermişdir.

İdarə heyətinin üzvləri arasında vəzifə bölgüsü aparılmış, onların daxil olduğu Elm, təhsil və mədəniyyət, İcmadaxili məsələlər, Beynəlxalq əlaqələr, İnformasiya və ictimaiyyətlə əlaqələr, Hüquqi təminat və insan hüquqları bölmələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, əlaqələndirmə şurasının strukturu təsdiq edilmişdir.

Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev, akademik Cəlal Allahverdiyev, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Milli Məclisin deputatları Elman Məmmədov, Havva Məmmədova və başqaları çıxış etmiş, idarə heyətinin fəaliyyəti barədə rəy və təkliflərini bildirmişlər.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev çıxış etmişdir.

Qurultayı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində atılan vacib addım adlandıran Ramiz Mehdiyev demişdir ki, icmanın yenidən formalaşması böyük əhəmiyyət kəsb edir. İcmanın qurultayında görkəmli, təkcə Qarabağda yox, həm də bütün Azərbaycanda yaxşı tanınan, sayılan nüfuzlu şəxslər iştirak edirdilər. Bu şəxslərin qüvvəsindən, sözünün sanbalından səmərəli istifadə olunmalıdır. İdarə heyəti iki istiqamətdə fəaliyyət göstərməlidir: həm ölkə daxilində iş aparmalı, həm də beynəlxalq qurumlarla, onların nümayəndələri ilə əlaqələri genişləndirməlidir.

Akademik R.Mehdiyev vurğulamışdır ki, icmanın fəaliyyəti canlandırılmalı, Qarabağ əhalisi arasında maarifləndirmə işlərinin səviyyəsi yüksəldilməlidir. Əlbəttə, bu sahədə icmanın saytı, mətbu orqanı xüsusi rol oynayacaq, onların vasitəsilə Azərbaycanın mövqeyi dünyaya çatdırılacaqdır. Tərtib olunmuş tədbirlər planı dönmədən həyata keçirilməlidir. Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyəti məqsədyönlü xarakter almalıdır.

R.Mehdiyev beynəlxalq görüşlərin vacibliyini diqqətə çatdırmış, ermənilərin Azərbaycan, azərbaycanlılar barədə yaratdıqları təsəvvürü bu görüşlərin köməyi ilə dağıtmağı tövsiyə etmişdir.

Prezident Administrasiyasının rəhbəri əmin olduğunu bildirmişdir ki, idarə heyəti qarşıya qoyulmuş vəzifələri uğurla yerinə yetirəcəkdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edərək idarə heyətinin fəaliyyətinin səmərəsinı artırmaq barədə tövsiyələrini vermişlər.

Məlumat verilmişdir ki, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması İctimai Birliyi üçün inzibati bina ayrılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 2.