Bakıda "Müasir tədris texnologiyaları"
mövzusunda konfrans keçirilmişdir
İyunun 12-də
"Gülüstan" sarayında ölkə Prezidenti
İlham Əliyevin 2008-ci il 10 iyun tarixli Sərəncamı ilə
təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan
Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət
Proqramı" üzrə görülən işlərə
həsr olunmuş "Müasir tədris texnologiyaları"
mövzusunda konfrans keçirilmişdir.
Ayrı-ayrı dövlət
qurumları, QHT-lərin, ictimaiyyət nümayəndələrinin,
beynəlxalq təşkilatların təmsilçilərinin,
təhsil işçilərinin iştirak etdikləri konfransda
müvafiq Dövlət Proqramı çərçivəsində
ötən bir il ərzində həyata keçirilmiş tədbirlər,
qarşıda duran vəzifələr barədə ətraflı
məlumatlar verilmiş, filmlər nümayiş
etdirilmişdir.
Təhsil Nazirliyinin nəzdində
yaradılmış Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin əlaqələndirdiyi
müvafiq Dövlət Proqramı çərçivəsində
fəaliyyətlər "Ultra", "Azedunet", "Mədəd",
"Microsoft" və "İntel"in təhsil üzrə
proqramlarının tərəfdaşlığı ilə həyata
keçirilir.
Təhsil Nazirliyi nəzdində
Təhsil sisteminin informasiyalaşdırılması idarəsinin
rəisi Samir Məmmədov, "Ultra" şirkətinin
direktoru Tahir Mirkişili, Azərbaycan Təhsil Şəbəkəsinin
("Azedunet" şirkəti) direktoru Səməd Abasov,
"Mədəd" Humanitar İctimai Birliyinin direktoru Emil Məmmədov,
"Microsoft" şirkətinin "Təhsildə əməkdaşlıq"
layihəsi üzrə meneceri Emin Axundov, İntel-Ukrayna
Korporativ məsələlər üzrə menecer Tatyana Nanayeva
müxtəlif mövzularda təqdimatlar etmişlər.
Bildirilmişdir ki, qeyd
olunan Dövlət Proqramı çərçivəsində
ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətlər
həyata keçirilmişdir.
Yaradılan Azərbaycan
Təhsil Şəbəkəsinin əsas məqsədi
ölkənin bütün təhsil ocaqlarını vahid
yüksək sürətli internet şəbəkəsi
çərçivəsində birləşdirməkdən
ibarətdir. Layihə Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin yardımı ilə BMT İP-nin
"AzNET" layihəsinin bazasında yaradılmış və
"Azedunet" təşkilatı tərəfindən həyata
keçirilir.
Vahid təhsil şəbəkəsinin
mövcudluğu ölkə çərçivəsində təhsil
ocaqları arasında yüksək sürətli məlumat
mübadiləsini təmin etməyə imkan yaradacaqdır. Eyni
zamanda, təhlükəsizlik informasiya sistemlərinin fəal
istifadəsi ilə təhsil ocaqları ardıcıl surətdə
internetə çıxış ilə təmin olunacaqlar.
Təhsil Nazirliyi,
Bakı Şəhəri üzrə Təhsil İdarəsi və
paytaxtın 20 məktəbi "Elektron məktəb" layihəsi
çərçivəsində fiberoptik kabel vasitəsilə
Azərbaycan Təhsil Şəbəkəsinə
qoşulmuşdur, bununla da yüksək sürətli internetə
və Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinə
çıxış təmin olunacaqdır. Azərbaycan Təhsil
şəbəkəsinə ölkənin 200 təhsil
ocağının qoşulması prosesi artıq başa
çatmışdır.
Yaradılmış Məlumat
və Resurs Mərkəzi (DATA) ölkəmizin təhsil
sektorunun informasiyalaşdırılmasında mühüm yer
tutur.
Müasir
texnologiyaların tətbiqi ilə yaradılan Məlumat və
Resurs Mərkəzinin funksionallığı olduqca genişdir
və ən müasir texnoloji standartlara cavab verir. Azərbaycan
Təhsil Şəbəkəsində internetə
"giriş və çıxış nöqtəsi"
olmaqla yanaşı, mərkəz, həmçinin təhsilə
aid informasiya resurslarının toplanacağı yer
olacaqdır. Mərkəzdə xüsusi təhlükəsizlik
qəfəsi qurulmuş, bütün avadanlıqların 24
saat fasiləsiz çalışması üçün hər
cür texniki imkan yaradılmışdır.
Mərkəzdə
quraşdırılmış texnologiya videokonfranslar
keçirməyə imkan verəcək, konfrans zalından Azərbaycan
Təhsil Şəbəkəsinə qoşulmuş məktəblərə
mühazirə və ya açıq dərslər keçirməyə
şərait yaradacaqdır.
Mərkəzin serverində,
həmçinin Azərbaycan məktəblərinin elektron xəritəsi
də yerləşdirilmişdir. İnternet vasitəsilə
ictimaiyyət üçün açıq olan bu resursdan məktəblər
haqqında bütün zəruri məlumatlar əldə etmək
mümkündür.
Mərkəzdə Şəbəkə
İdarəetmə və Kompüter şəbəkələrinin
təhlükəsizlik mərkəzləri (CERT/CSIRT) də fəaliyyət
göstərir.
"Azedunet" təşkilatı
tərəfindən vahid "Zəng" mərkəzi də
yaradılır.
Müvafiq Dövlət
Proqramı çərçivəsində təhsil
portalının yaradılması üzrə işlərin
birinci mərhələsi başa çatmışdır. Təhsil
Portalının yaradılması üzrə işlər
"Ultra" şirkəti tərəfindən
aparılmışdır. Portalın hazır funksionalları
Təhsil Nazirliyi tərəfindən testləşdirilmişdir.
Onun funksionallarından 4 istifadəçi qrupu yararlana bilər:
müəllim, şagird, tələbə və valideynlər.
Hər bir istifadəçi qrupu üçün xüsusi
interfeys və funksionallar nəzərdə tutulmuşdur. Təhsil
portalında müxtəlif elektron tədris resursları da yerləşdiriləcəkdir.
Ölkəmizdə indiyədək
20 minə yaxın müəllim təhsildə
informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi
üzrə treninqlərdə iştirak etmişdir. Bu treninqlər
müvafiq dövlət proqramları çərçivəsində
təşkil olunmuşdur.
"Mədəd"
humanitar təşkilatı tərəfindən təşkil
olunmuş treninqlər dünyada qəbul olunmuş metodlar əsasında
yaradılmış "Skulz Onlayn" - "Müəllimlərin
peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi"
və "İntel" - "Gələcək
üçün Təhsil" təlim vəsaitləri əsasında
keçirilir.
Qeyd edilən Dövlət
Proqramı çərçivəsində "Elektron məktəb"
pilot layihəsi də həyata keçirilir. Bu layihə
ölkəmizdə Milli Təhsil Modelinin
formalaşdırılmasına xidmət edəcəkdir.
"Elektron məktəb" layihəsində Bakının
Heydər Əliyev adına liseyi, Akademik Zərifə Əliyeva
adına orta məktəb, Bakı Avropa liseyi və digər təhsil
müəssisələri iştirak edir.
Konfransda Prezident
Administrasiyasının humanitar siyasət məsələləri
şöbəsinin müdiri Fatma Abdullazadə
çıxış edərək bildirmişdir ki, 2003-cü
ildə Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti
üzrə Dünya sammitində Azərbaycan Prezidenti İlham
Əliyevin ölkəmizdə informasiya cəmiyyətinin
qurulması ilə bağlı bəyan etdiyi strategiya artıq
respublikamızda reallığa çevrilir.
F.Abdullazadə
müvafiq Dövlət Proqramı çərçivəsində
uğurlu işlər görüldüyünü
bildirmişdir.
Azərbaycanın Avropa
təhsil məkanına - Bolonya prosesinə qoşulduğunu
xatırladan F.Abdullazadə müvafiq təhsil müəssisələrində
bu prosesin tələblərinə uyğun tədbirlərin həyata
keçirilməsinin vacibliyini söyləmişdir. O, eyni
zamanda təhsildə İKT-nin tətbiqi ilə bağlı
mövcud problemlərə toxunmuş, qarşıda duran vəzifələri
diqqətə çatdırmış, öz tövsiyələrini
vermişdir.
Təhsil naziri Misir Mərdanov
Prezident İlham Əliyevin təhsilin inkişafına daim
böyük önəm verdiyini vurğulamışdır.
Bu gün təhsil
müəssisələrində informasiya-kommunikasiya
texnologiyalarına böyük maraq göstərildiyini qeyd edən
nazir təhsildə İKT-nin tətbiqi ilə bağlı
daha geniş tədbirlər həyata keçiriləcəyini
nəzərə çarpdırmışdır.
Rabitə və
informasiya texnologiyaları naziri Əli Abbasov ölkəmizdə
İKT üzrə böyük nailiyyətlər
qazanıldığını söyləmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 13 iyun.- S. 2.