Azərbaycan ilə ABŞ arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iyunun 11-də nazir Elmar Məmmədyarov ABŞ dövlət katibinin Avropa məsələləri üzrə köməkçisi Filip Qordon ilə görüşmüşdür.

Azərbaycana ilk dəfə gəldiyini deyən F.Qordon ölkələrimiz arasında mövcud əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə etmiş və əməkdaşlığın müxtəlif sahələrdə inkişafı üçün böyük potensial olduğunu bildirmişdir.

F.Qordon vurğulamışdır ki, ABŞ regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olunmasına töhfə verməyə hazırdır.

Amerikalı diplomat Azərbaycana gəlməzdən əvvəl Ermənistan və Gürcüstanda keçirdiyi görüşlər barədə məlumat vermişdir.

Nazir E.Məmmədyarov F.Qordonu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir. Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini vurğulayan E.Məmmədyarov Vaşinqtona son səfəri çərçivəsində aparılmış müzakirələrin faydalı olduğunu demiş, Barak Obama administrasiyası dövründə bu əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində nizamlanması ilə bağlı mövqeyin ölkəmizin xarici siyasətinin əsas prioriteti olduğunu vurğulayan nazir E.Məmmədyarov bu istiqamətdə rəsmi Vaşinqtonun dəstəyinin əhəmiyyətini qeyd etmişdir.

Münaqişənin göstərilən prinsiplər əsasında həllinin regionda sülhün və sabitliyin bərqərar olmasında mühüm rol oynayacağını deyən E.Məmmədyarov, buna tezliklə nail olunmasının vacibliyini diqqətə çatdırmışdır.

Görüşdə Azərbaycan ilə ABŞ arasında enerji sahəsində əməkdaşlıq barədə də fikir mübadiləsi aparılmış, bu əlaqələrin səviyyəsindən məmnunluq ifadə edilmişdir.

Tərəflər arasında birgə maraq doğuran ikitərəfli, regional, qlobal məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 2.