BMT İnsan Hüquqları Şurasının sessiyası çərçivəsində Azərbaycan hökumətinin məruzəsinə dair yekun sənəd qəbul olunmuşdur

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilmiş 11-ci sessiyası çərçivəsində iyunun 11-də təşkilatın Baş Məclisinin 2006-cı il 15 mart tarixli qətnaməsinə müvafiq olaraq, İnsan Hüquqları Şurasının Universal Dövri İcmal mexanizmi üzrə Azərbaycan Respublikası Hökumətinin məruzəsinə dair yekun sənəd qəbul olunmuşdur.

Sessiyanın müvafiq iclasında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə Azərbaycanın BMT-nin Cenevredəki bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı daimi nümayəndəliyinin rəhbəri Elçin Əmirbəyov və Xarici İşlər Nazirliyinin beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi Murad Nəcəfbəylidən ibarət nümayəndə heyəti iştirak etmişdir.

Nazir müavini X.Xələfov cari il fevralın 4-də BMT-nin İnsan Hüquqları Şurasına təqdim olunmuş Azərbaycan Respublikası Hökumətinin Universal Dövri İcmal mexanizmi üzrə məruzəsinə dair tövsiyələrə cavab olaraq Azərbaycan tərəfinin şərhlərini təqdim etmişdir.

X.Xələfov Azərbaycanda insan hüquq və əsas azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, onların təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat vermişdir.

Nazir müavini bu il martın 18-də keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş düzəlişlərin insan hüquqları və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini xüsusi vurğulamışdır.

Həmçinin Azərbaycan nümayəndə heyətinin rəhbəri qanunvericiliyin təkmilləşdirilməsi və implementasiyası, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılan islahatlar, Azərbaycanda qadın və uşaqların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının, gender bərabərliyinin, dözümlülüyün təşviq və təmin edilməsi, ölkəmizdə insan alverinə qarşı mübarizədə görülən tədbirlər barədə məlumat vermiş, Heydər Əliyev Fondu tərəfindən müxtəlif sahələrdə həyata keçirilən proqram və layihələrdən danışmışdır.

X.Xələfov Azərbaycanın sosial-iqtisadi inkişaf göstəricilərinə, eləcə də ölkəmizdə iqtisadi və sosial hüquqların qorunması məsələlərinə toxunmuşdur.

Nazir müavini Azərbaycan Respublikası hökuməti tərəfindən qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirləri də xüsusi vurğulamışdır.

İclasda dövlətlərin nümayəndələri Azərbaycan Respublikası Hökumətinin universal dövri icmal məruzəsinə dair tövsiyələrə cavab olaraq, Azərbaycanın təqdim etdiyi şərhləri və ölkəmizdə insan hüquqları və əsas azadlıqlarının təmin olunması istiqamətində əldə olunmuş nailiyyətləri, xüsusilə gender bərabərliyi, insan alverinə və zorakılığa qarşı mübarizə, penitensiar və iqtisadi-sosial sahələrdə aparılan uğurlu islahatları yüksək qiymətləndirmişlər.

Azərbaycanın insan hüquqlarını müdafiəsi üzrə beynəlxalq əməkdaşlığa yüksək diqqət ayırması iştirakçılar tərəfindən xüsusilə alqışlanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 2.