Dövlət Sosial Müdafiə
Fondunun əməkdaşları
Heydər Əliyev Fondunda olmuşlar
Dövlət Sosial
Müdafiə Fondunun bir qrup əməkdaşı 15 iyun -
Milli Qurtuluş Günü ərəfəsində Heydər Əliyev
Fondunda olmuşdur.
Qonaqlar ulu öndərin
ömür yolu və fəaliyyəti ilə bir daha
yaxından tanış oldular. Onlara ümummilli liderimizin
arxivindən götürülmüş və onun fəaliyyətinin
bir çox dövrlərini əhatə edən fotoşəkillər
barədə ətraflı məlumat verildi. Bu məlumatları
qayğıkeşliklə toplayan, qoruyub saxlayan Fondun prezidenti,
Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın xidmətlərindən
söhbət açıldı.
Qonaqlar dahi şəxsiyyət
Heydər Əliyevin həyatının müxtəlif məqamlarını
əks etdirən, dünyanın tanınmış siyasi xadimlərinin
ona bəxş etdikləri hədiyyələrə, ulu öndərimiz
haqqında kitablara, onun müxtəlif ölkələrin
liderləri, elm, mədəniyyət və incəsənət
xadimləri ilə çəkilmiş şəkillərinə
maraqla baxdılar. Onlar xalqımızın tarixinin həm
çətin, həm də şərəfli dövrü -
1990-cı illərin əvvəlləri ilə bağlı
materiallarla tanış oldular.
Bildirildi ki, Fond müstəqil
Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin zəngin
elmi-nəzəri, siyasi irsinin öyrənilməsi, təbliği,
görkəmli dövlət xadiminin ideyalarının həyata
keçirilməsinə dəstək verilməsi məqsədi
ilə yaradılmışdır.
Ziyarətçilər
Fondla tanışlıqdan zəngin təəssüratlarla
ayrıldılar.
AzərTAc
Azərbaycan.- 2009.- 13 iyun.- S. 2.