Azərbaycanlı iki tibb
bacısı "Florens
Naytingeyl" medalına
layıq görülmüşdür
Bu münasibətlə
iyunun 12-də Beynəlxalq Qızıl Xaç Komitəsinin
(BQXK) Azərbaycan nümayəndəliyinin ofisində
medalların təqdimat mərasimi keçirilmişdir.
Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı
nümayəndəliyinin və Azərbaycan Qızıl Aypara
Cəmiyyətinin birgə təşkil etdiyi tədbirdə
çıxış edən Prezident Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev bildirmişdir ki,
AzQAC-ın üzvlərinin nəcib fəaliyyəti beynəlxalq
miqyasda yüksək qiymətləndirilir. Bu cəmiyyət
çox gözəl, xoş bir məram, məqsəd naminə
fəaliyyət göstərir və onun üzvləri də
bu işin öhdəsindən ləyaqətlə gəlirlər.
Ərəstun Mehdiyev
qeyd etmişdir ki, hər bir cəmiyyətdə, o cümlədən
ölkəmizdə də qayğıya, diqqətə, köməyə
ehtiyacı olan insanlar vardır. Həmin insanlara xidmət edən,
bu sahədə çalışan insanların əməyi, fəaliyyəti
xüsusi diqqətə və hörmətə layiqdir. Çox
xoşdur ki, Azərbaycanı təmsil edən cəmiyyətin
üzvlərinin belə bir nəcib fəaliyyəti yüksək
mükafata layiq görülmüşdür. Bu münasibətlə
Azərbaycan Qızıl Aypara Cəmiyyətini təbrik edirəm.
Bu fəaliyyət gələcəkdə də ardıcıl
olaraq davam edəcək, insanlarımızda xoş ovqat
yaradacaqdır.
Beynəlxalq
Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Tun Vandenhuv, AzQAC-ın
prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov
çıxış edərək bildirmişlər ki, medal
müstəsna cəsarət nümayiş etdirmiş,
münaqişə, yaxud fəlakət qurbanlarının
xilasına, ictimai səhiyyə və maarifləndirmə
işinə yaradıcı və nümunəvi xidmət
göstərmiş tibb bacısı və könüllü
köməkçilər üçün ən yüksək
beynəlxalq fərqləndirmə mükafatıdır.
Bildirilmişdir ki, milli
cəmiyyətlər tərəfindən təqdim olunan namizədlərin
əsaslı müzakirəsindən sonra medalın 42-ci dəfə
təqdimatına 15 ölkədən 28 nəfər
seçilmişdir. Onların arasında iki azərbaycanlı
- ictimai səhiyyə maarifi sahəsində və
münaqişə vəziyyətində fəallıq göstərmiş,
AzQAC-nin sağlamlıq və qayğı şöbəsinin
baş tibb bacısı işləmiş mərhum Gültəkin
Qafarova və AzQAC-nin Binəqədi rayon komitəsində
çalışan könüllü tibb bacısı, ictimai
səhiyyə fəalı Umleyla Aslanova bu medala layiq
görülmüşlər.
Sonda üzərində
Florens Naytingeylin fotoqravürü olan medallar və diplomlar
Umleyla Aslanovaya, dünyasını dəyişmiş Gültəkin
Qafarovanın bacısına təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.- 13 iyun.- S. 2.