Xilaskarlıq missiyası

 

Qədim yunan filosofu Aristotel "Politika" əsərində yazırdı ki, ictimai inam siyasətdə uğuru təmin edən ən mühüm amildir. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin cidd-cəhdlə can atdığı yeganə meyar məhz ictimai inamı qazanmaqdır. Üaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı da gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmişdir.

Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir. Bu gün 1991-1993-cü illlərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə şəxsiyyəti Heydər Əliyevin simasında gördülər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndər Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

Dövlətçiliyin taleyi baxımından ən ağrılı, çətin günlərdə xalq öz gələcəyini məhz inandığı, müdrikliyinə, idarəçilik səriştəsinə, siyasi fəhminə qəlbən güvəndiyi liderə - Heydər Əliyevə etibar etmiş, onun rəhbərliyi altında üzləşdiyi fəlakətdən xilas olacağına böyük ümid bəsləmişdir. Ulu öndər malik olduğu yüksək dövlətçilik və idarəçilik səriştəsi ilə çiyinlərini son dərəcə ağır bir yükün altına vermiş, məsuliyyətdən çəkinməmiş, əsl liderlərə xas bir şəkildə dövlətinin üzləşdiyi faciələrə biganə qalmamışdır.

Ümummilli lider Heydər Əliyevin iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilməsi respublikanın çağdaş tarixində dönüş mərhələsi kimi dəyərləndirilir. Azərbaycan Milli Məclisinin 1997-ci il 27 iyun tarixli qərarı ilə 15 iyunun hər il Milli Qurtuluş Günü kimi qeyd edilməsi də obyektiv reallığa əsaslanır. "Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin, müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin, şərəfli missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. Bu, sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib meydana atılan böyük ürəkli vətən oğlunun öz xalqı, öz vətəni qarşısında misilsiz fədakarlığı idi", - deyə Milli Məclisin qərarında vurğulanır.

Böyük strateqin müdrikliklə irəli sürdüyü demokratikləşmə konsepsiyası xalqın təkamülə əsaslanan demokratiya yolu ilə irəliləməsi, vətəndaş cəmiyyəti institutlarının iqtisadi nailiyyətlərə adekvat olaraq inkişaf etməsi, insan hüquq və azadlıqlarına etibarlı təminat mexanizmlərinin formalaşdırılması, habelə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi məsələlərini özündə ehtiva etmişdir. 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarmışdır. Konstitusiyada hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmış, zamanın tələbilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmışdır. Konstitusiyanın keçid müddəalarında, Azərbaycan dövlətinin demokratik cəmiyyətə inteqrasiyası ilə əlaqədar olaraq bir sıra demokratik-hüquqi islahatların həyata keçirilməsi öhdəlik kimi qəbul edilmiş və bu öhdəliyin yerinə yetirilməsi yönündə bir sıra mühüm addımlar atılmışdır.

Avropa ölkələrində hamılıqla qəbul edilmiş standart və normalara uyğunluq baxımından Azərbaycan Respublikasında cinayət, cinayət-prosessual, mülki və mülki-prosessual məcəllələrin, habelə məhkəmə-hüquqi sistemlə bağlı yeni qanunların hazırlanmasının əsası qoyulmuşdur. Ulu öndərin 21 fevral 1996-cı il tarixli fərmanı ilə yaradılmış Hüquq İslahat Komissiyası bu və digər qanunların təkmil beynəlxalq təcrübə əsasında, demokratik ideallara uyğun formada hazırlanmasını təmin etmişdir. Komissiya tərəfindən hazırlanmış "Məhkəmələr və hakimlər haqqında" 10 iyun 1997-ci il tarixli, "Konstitusiya Məhkəməsi haqqında" 21 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası qanunları, həmçinin, Azərbaycan Respublikası Prezidentinin 18 iyul 1998-ci il tarixli "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin təmin edilməsi haqqında" və 1 dekabr 1998-ci il tarixli "Məhkəmələr və hakimlər haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının həyata keçirilməsinə dair tədbirlər barədə" fərmanları insan hüquq və azadlıqlarının etibarlı təminatına xidmət edən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsində yeni səhifə açmışdır.

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, hər bir ölkədə aparılan hüquqi islahatların səmərəli nəticələr verməsi məhkəmələrlə yanaşı, məhkəmə sisteminin fəaliyyətinin müasirləşdirilməsindən və təkmil mexanizmlər üzərində qurulmasından bilavasitə asılıdır. Ümummilli lider hələ 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra məhkəmə sistemində aparılan islahatları hüquqi dövlət quruculuğunun mühüm şərti saymışdır. Azərbaycan Konstitusiyasında məhkəmə hakimiyyəti ilə bağlı geniş əksini tapmış prinsiplər beynəlxalq standartlara tam cavab verməklə yanaşı, respublikamızda tamamilə azad, şəffaf və müstəqil məhkəmə hakimiyyətinin formalaşmasına hüquqi zəmin yaratmışdır. Əsas Qanunda təsbit olunmuş məsələlər bir daha təsdiqləyir ki, respublikada məhkəmə hakimiyyəti insan və vətəndaş hüquq və azadlıqlarını müdafiə edən, hüquq qaydasını cinayət və digər hüquqpozmalardan müdafiə edən, dövlət orqanlarının fəaliyyətinin hüquqi çərçivədən kənara çıxmamasına nəzarət edən müstəqil dövlət hakimiyyəti qoludur.

İnsan haqlarına dair Deklarasiyanın 8-11-ci maddələrində, habelə BMT-nin 1985-ci il 29 noyabr tarixli qətnaməsi ilə bəyənilmiş "Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsipləri"ndə və başqa beynəlxalq sənədlərdə təsbit olunmuş normaları hüquqi baxımdan özündə əks etdirən "Məhkəmələr və hakimlər haqqında" qanunda hakim vəzifəsinə seçkilərin test üsulu ilə, tamamilə açıq, şəffaf, obyektiv və ədalətli prosedur əsasında keçirilməsi xüsusi təsbit olunmuşdur. Məhkəmə-Hüquq Şurası qanunamüvafiq olaraq hakimliyə namizədlərin şəffaf prosedur əsasında, beynəlxalq tələblərə uyğun seçilməsi məqsədilə ilk dəfə 2000-ci ildə test üsulu ilə imtahan və müsabiqənin keçirilməsini təmin etmişdir. Bu məqsədlə bir sıra zəruri tədbirlər görülmüş, müstəqil və demokratik məhkəmə hakimiyyətinin formalaşdırılması sahəsində zəngin ənənələri olan dövlətlərin qabaqcıl təcrübəsi öyrənilmiş, Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları təsdiq edilmişdir.

2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsində (referendumda) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş mütərəqqi ruhlu dəyişikliklərin mühüm bir qismi də məhkəmə hakimiyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.

Həmin referendumla təsbit edilmiş digər yenilik isə bütün məhkəmələrə, vətəndaşlara və Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinə (ombudsmana) Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququnun verilməşidir. Dəyişikliyin məzmununa görə hər kəs, onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından qanunla müəyyən edilmiş qaydada pozulmuş insan hüquq və azadlıqlarını bərpa etmək məqsədilə Konstitusiya Məhkəməsinə şikayət verə bilər. Bu şikayətlər məhkəmə qərarlarından verilən apellyasiya və kassasiya şikayətlərindən fərqli olaraq, konkret işlər üzrə qərarların ləğv edilməsi və ya dəyişdirilməsi məqsədilə deyil, yalnız insan hüquq və azadlıqlarını pozan aktların Konstitusiya və qanunlara zidd hesab olunması məqsədilə verilir.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları son illərdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək əzmlə, yeni dövrün gerçəkliklərinə uyğun davam etdirilmiş, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi məsələləri ön plana çəkilmişdir. Həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində insan hüquqlarının müdafiəsi ilə bağlı məsələlərin müstəsna olaraq məhkəmələrin səlahiyyətinə aid edilməsi, cəmiyyətin sürətli inkişafı və ölkənin beynəlxalq qurumlara daha sıx inteqrasiya etməsi Azərbaycanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi zərurətini doğurmuşdur. Bu baxımdan son illərdə ədalət mühakiməsini həyata keçirən məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının təminatında bu müstəqil hakimiyyət institutunun rolunun artırılmasına xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, hazırda respublikada ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, qərəzsiz, ədalətlə və qanunlara uyğun həyata keçirilir.

Məhkəmələrin işinin təkmilləşdirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması baxımından 2004-cü ilin dekabrında "Məhkəmə-Hüquq Şurası haqqında" yeni qanunun qəbulu, habelə "Məhkəmələr və hakimlər haqqında" qanuna dəyişikliklərin edilməsi xüsusi vurğulanmalıdır. Beynəlxalq norma və prinsiplərə uyğun olan həmin qanunlara əsasən, Məhkəmə-Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin, Respublika Prokurorluğunun, Vəkillər Kollegiyasının nümayəndələrindən və digər şəxslərdən formalaşdırılmışdır. Eyni zamanda, hakimlərin immunitetinə və səlahiyyət müddətinə yenidən baxılmış, hakim vəzifəsinə ömürlük təyinat təsbit olunmuş, onların intizam məsuliyyəti məsələləri təkmilləşdirilmiş və Məhkəmə-Hüquq Şurasının müstəsna səlahiyyətinə aid edilmiş, hakimliyə namizədin seçilməsinin yeni qaydaları müəyyən olunmuş, müstəqil qurum - Hakimlərin Seçki Komitəsi yaradılmışdır.

19 yanvar 2006-cı il tarixli Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" qanunun tətbiq edilməsi barədə fərman isə dövlətin məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül tapmasında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir. Dövlət başçısının bununla bağlı imzaladığı fərman məhkəmələrin fəaliyyətində narahatlıq doğuran bəzi məqamların aradan qaldırılması baxımından əlahiddə əhəmiyyətli sənəd olmaqla, həm də regionların hazırkı sosial-iqtisadi inkişaf tempi ilə şərtlənmişdir. Son 3 il yarımda Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda apellyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, Sumqayıt və Şəkidə yerli iqtisad məhkəmələri yaradılmışdır. Dövlət başçısının 17 avqust 2006-cı il tarixli sərəncamı əsasında hakimlərin sayı 153 ştat vahidi artırılmış, bu addım ədalət mühakiməsinin səmərəliliyini artırmaq məqsədinə xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 fevral tarixli "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" isə milli ədliyyə sistemi ilə yanaşı, həm də məhkəmə orqanlarının müasirləşdirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət proqramının imzalanması ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi məqsədi daşıyır. Dövlət proqramının 6-cı hissəsində məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun yaxşılaşdırılması sahəsində bir sıra tədbirlər nəzərdə tutulmuşdur. 2009-2013-cü illərdə məhkəmələrin fəaliyyətini tənzimləyən normativ-hüquqi aktlar külliyyatının və onların şərhinə dair vəsaitlərin hazırlanması, "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən işlərin qeydiyyatı və hərəkətində, məhkəmə proseslərinin aparılmasında yeni texnologiyaların tətbiqi, habelə məhkəmələrin maddi-texniki bazasının yaxşılaşdırılması və onlar üçün lazımi iş şəraitinin təmin edilməsi, yeni yaradılmış Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki apellyasiya məhkəmələrinin inzibati binalarla təmin edilməsi nəzərdə tutulur. Ümumilikdə dövlət proqramı ədliyyə orqanları ilə yanaşı, məhkəmələrin də fəaliyyətinin müasirləşdirilməsinə və təkmilləşdirilməsinə yeni imkanlar açır.

Xüsusi vurğulamaq lazımdır ki, 2009-cu ilin 18 mart referendumunun nəticəsi kimi Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir qismi məhkəmələrin fəaliyyəti ilə bağlı olmaqla, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsinə, vətəndaşların qanuni mənafeyinin məhkəmələrdə daha etibarlı müdafiəsinə xidmət edir. 125-ci maddəyə edilən əlavəyə görə isə, "məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir". Yəni həqiqətin müəyyən edilməsi bir konstitusion öhdəlik kimi məhkəmələrin üzərinə qoyulur. 129-cu maddənin (Məhkəmə qərarları və onların icrası) II hissəsinə edilən əlavədə isə qeyd olunur ki, "Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur". Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində məhkəmənin qəbul etdiyi qərarların dövlət adından çıxarılması və məcburi olması təsbit edilmişdir. Təcrübə göstərir ki, insan hüquq və azadlıqlarının etibarlı təmini baxımından məhkəmələrin çıxardığı qərar və qətnamələrin qanunvericilikdə nəzərdə tutulmuş vaxtda və qaydada icrası vacib məsələlərdən biridir.

Qanunvericiliyə əsasən, məhkəmə icraçılarının və ya məhkəmə nəzarətçilərinin səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. Təklif olunan əlavə isə məhkəmə qərarlarının icrasının məcburiliyi ilə bağlı müddəaya konstitusion təminatı gücləndirir.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların mənafeyinə hesablanmış çoxşaxəli hüquqi, iqtisadi-siyasi islahatların uğurla davam etdirildiyi bir şəraitdə məhkəmələrin fəaliyyətində müşahidə olunan çatışmazlıqların, süründürməçilik hallarının və bununla əlaqədar əsaslı ictimai narazılıqların tamamilə aradan qaldırılmasına çalışır. Azərbaycan Respublikasında məhkəmə sistemi günü-gündən müasirləşdirilir, möhkəmləndirilir, təkmilləşdirilir və dünya standartları səviyyəsinə uyğunlaşdırılır. Bu isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmə yolu ilə qorunmasına daha yüksək səviyyədə təminat verilməsi deməkdir.

 

 

Elməddin İBRAHİMOV,

Neftçala Rayon Məhkəməsinin sədri

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 3.