Davamlı tərəqqi və yüksəlişə
aparan yol
Azərbaycan ötən
əsrin 90-cı illərinin əvvəllərində dövlət
müstəqilliyini qazandıqdan sonra ölkədə cərəyan
edən mürəkkəb siyasi hadisələr göstərdi
ki, liderin idarəçilik keyfiyyətləri dövlətin
taleyi baxımından müstəsna əhəmiyyət kəsb
edir. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev
siyasi müdrikliyi, polad iradəsi, dövləti idarə etmək
bacarığı sayəsində qarşıya çıxan
bütün maneələri dəf etdi, ölkədə
ictimai-siyasi sabitlik təmin olundu, hakimiyyət böhranı
aradan qaldırıldı.
1993-cü ildən bəri
cəmiyyətdə yeniləşmə, azadfikirlilik, iqtisadi
sahədə yeni təsərrüfatçılıq
forması, bazar iqtisadiyyatı təşəkkül tapdı.
Bütün bunlar dövlətə uğurla rəhbərlik
edən, onu siyasi oyunlardan, çəkişmələrdən,
xarici düşmənlərdən böyük məharətlə,
müdrikcəsinə qoruyan ümummilli lider Heydər Əliyevin
sayəsində mümkün oldu.
Ulu öndər Heydər
Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanda
yeni tarixi mərhələnin əsasını qoydu, ölkədə
ictimai-siyasi sabitliyin təmin edilməsi istiqamətində əhəmiyyətli
addımlar atıldı. Bu dövrdə ictimai münasibətlər
sistemi təkmil strategiya əsasında inkişaf etməyə
başladı, iqtisadi tənəzzülə son qoyuldu. Bütün
bunlar müstəqil Azərbaycan dövlətinin sosial və
siyasi dayaqlarını möhkəmləndirdi, respublikanın
ümumi inkişafını təmin etdi. Ulu öndər
keçid dövründə dünyanın qabaqcıl dövlətlərinin
təcrübəsində sınaqdan uğurla
çıxmış, müsbət nəticələri
sübut olunmuş inkişaf kursunun Azərbaycan gerçəkliyinə
adekvat modelini yaratdı.
Sahibkarlığın,
fermer təsərrüfatlarının inkişafı, yerli
istehsalın stimullaşdırılması, daxili bazarın
qorunması, xarici investisiyaların ölkəyə cəlb
olunması istiqamətində mühüm addımlar
atıldı.
Böyük strateq Heydər
Əliyevin böyüklüyü həm də onun
özündən sonra Azərbaycanı layiqincə idarə edəcək
alternativsiz lider yetişdirməsidir. Ulu öndərin əsasını
qoyduğu iqtisadi siyasəti inamla davam etdirən dövlət
başçısı cənab İlham Əliyev son beş
ildə Azərbaycanı sürətli sosial-iqtisadi inkişaf
yoluna çıxardı, ictimai həyatın bütün sahələrində
intibah və yüksəlişi təmin etdi. Təkcə bir
faktı demək kifayətdir ki, hazırda dünya dövlətləri
qlobal böhrandan ciddi zərər çəkdiyi halda, Azərbaycan
iqtisadiyyatı dinamik inkişaf yolundadır. Şübhəsiz,
bu dövlət başçısı İlham Əliyevin
qeyri-neft sektorunun inkişafına göstərdiyi yüksək
diqqət və qayğının bariz təcəssümüdür.
İqtisadiyyatın yalnız neftdən asılı
olmasını yolverilməz hesab edən Azərbaycan Prezidenti
son beş ildə regionlarda yeni istehsal və emal müəssisələrinin
fəaliyyətə başlamasına diqqət yönəltdi.
Bu günlərdə
Bakıda təşkil olunmuş XVI Beynəlxalq Xəzər
neft-qaz sərgi və konfransında çıxış edən
dövlət başçısı İlham Əliyev neft sektorunun
digər sahələr üçün təkanverici vasitə
olduğunu bir daha vurğulamışdır: "Mən həmişə
demişəm, bu gün də demək istəyirəm ki, bizim
üçün neft amili bir məqsəd deyil, bir vasitədir.
Biz bu vasitədən çox uğurla istifadə etdik. Bu
gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli
iqtisadiyyatdır. Bu gün iqtisadiyyatın qeyri-neft sektorunun
inkişafı neft sektorundan daha da sürətlə irəli
gedir. Bu ilin, bütün dünya üçün
böhranlı ilin ilk rübündə iqtisadi inkişaf 4,3
faiz, qeyri-neft sektorunun artımı isə 13,7 faiz təşkil
etmişdir. Biz buna məhz neft siyasətinin uğurlu icrası
nəticəsində, neftdən əldə edilmiş gəlirlərin
səmərəli şəkildə digər sektorlara
investisiya kimi qoyuluşu nəticəsində nail ola
bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı
dayanıqlı iqtisadiyyatdır və əminəm ki,
bütün son illər ərzində əldə edilmiş
iqtisadi uğurlar növbəti illərdə davam etdiriləcəkdir".
Azərbaycanın qlobal
böhrandan ciddi ziyan çəkməməsi həm də
özəl sektorun, sahibkarlığın dinamik
inkişafına göstərilən yüksək diqqət və
qayğının nəticəsidir. Bu gün respublikamızda
ümumi daxili məhsul istehsalının 85 faizi məhz bu sahənin
üzərinə düşür. Ötən beş ildə
kiçik və orta sahibkarların güzəştli kreditlərlə
təmin olunması, sahibkarların fəaliyyətinə yersiz
müdaxilələrin qarşısının alınması,
özəl sektorda inkişafa mane olan süni problemlərin həlli
istiqamətində bir sıra mühüm addımlar
atılmışdır. Sahibkarlarla görüşən
dövlət başçısı onları narahat edən məsələləri
daim diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini,
iş adamlarına gələcəkdə də lazımi
köməyi göstərəcəyini bəyan etmişdir. Dövlət
rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin
yaradılması, hüquq-mühafizə və vergi
orqanlarının iş adamlarının fəaliyyətinə
qeyri-qanuni müdaxiləsi hallarını pisləmiş, bu
münasibət konkret qərarlarla müşayiət
olunmuşdur. Xüsusi vurğulamaq istərdim ki, dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il
tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"
regionların tarazlı və davamlı inkişafı,
sahibkarlığa qayğı sayəsində ötən
beş ildə əldə olunmuş nəticələrin
uğurla davam etdirilməsi baxımından vacib əhəmiyyət
kəsb edir.
Azərbaycan Prezidentinin
sahibkarlara diqqət və qayğısı məsuliyyətimizi
birə-beş artırır, bizi daha əzmlə
çalışmağa, ölkə
qarşısındakı strateji hədəflərin
reallaşmasına yardımçı olmağa sövq edir. Rəhbəri
olduğum "Mərkəzi Univermaq" Açıq Səhmdar
Cəmiyyəti cənab İlham Əliyevin orta
sahibkarlığın dəstəklənməsi sahəsindəki
siyasətinə daim töhfə verməyə, yeni iş yerlərinin
açılmasına, müvafiq vergilərin vaxtında ödənməsinə
çalışır.
İndi çoxları
razılaşar ki, tarixən paytaxt Bakı sakinlərinin əsas
ticarət və satış mərkəzi olan "Mərkəzi
Univermaq" öz sanbalını, müştəri
kontingentini qoruyub saxlayır. Hazırda dünyanın bir
çox nüfuzlu şirkətlərinin yüksək səviyyəli
mallarını məhz burada əldə etmək
mümkündür. Eyni zamanda səhmdar cəmiyyət beynəlxalq
əməkdaşlığını genişləndirərək
bir sıra "brend"ləri Bakıya gətirməyə
nail olub. Yüksək səviyyəli ticarət və xidmətə
görə dəfələrlə dünyanın bir çox
şirkətlərinin qızıl medallarına layiq
görülüb. Eyni zamanda bir müddət əvvəl
İstanbulda keçirilən biznes toplantısında səhmdar
cəmiyyətin fəaliyyəti yüksək qiymətləndirilib.
Təbii ki, hər bir
iş adamı ölkədə əlverişli biznes və investisiya
mühitinin mövcudluğunu ciddi şəkildə hiss edir, fəaliyyət
dairəsini genişləndirir, eyni zamanda bütün
bunların müqabilində üzərinə düşən
sosial məsuliyyəti də unutmur. Dövlət
başçısı İlham Əliyevin dəfələrlə
qeyd etdiyi kimi, dövlətlə iş adamlarının
qarşılıqlı faydalı əməkdaşlığı
Azərbaycanın daha sürətli tərəqqisinə,
davamlı inkişafına xidmət edir.
Sabir ABDULLAYEV,
"Mərkəzi Univermaq"
Açıq Səhmdar
Cəmiyyətinin sədri
Azərbaycan.- 2009.- 13 iyun.- S. 3.