Surqutda Azərbaycan gənclərinin milli forumu keçirilmişdir
Regionun neft paytaxtında
keçirilmiş tədbirə Ural federal dairəsinə daxil
olan şəhərlərdən həmvətənlərimiz
toplaşmışlar. Tədbirdə Azərbaycanın
Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, Heydər Əliyev
Fondunun RF-dəki nümayəndəliyinin əməkdaşları,
RAGT-nin təmsilçiləri, Surqutdakı Azərbaycan Gənclər
Klubunun, habelə "Birlik" Azərbaycan Cəmiyyətinin
üzvləri iştirak etmişlər. Forum başlanmazdan əvvəl
Surqut şəhərindəki Puşkin adına kitabxanaya Heydər
Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi
adından rus və Azərbaycan dillərində Azərbaycanın
ədəbiyyatı, tarixi, incəsənəti haqqında
kitablar hədiyyə edilmişdir. Heydər Əliyev Fondunun
RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın
kitabxana kollektivinə ünvanladığı təbrik məktubunda
deyilir: "Xalqlarımız arasında
qarşılıqlı münasibətlərin
yaxşılaşdırılması və Rusiyada yaşayan
azərbaycanlıların öz köklərini yaddan
çıxarmaması naminə fond özünün ən
mühüm missiyasını yerinə yetirir - Azərbaycanı,
Azərbaycan xalqının zəngin tarixi-mədəni irsini təbliğ
edir".
Sonra şəhər
kitabxanasının konfrans zalında Ural federal dairəsində
yaşayan Azərbaycan gənclərinin forumu açıq elan
edilmişdir. Təbrik sözü ilə
çıxış edən Surqut şəhər
qubernatorunun milli məsələlər üzrə köməkçisi
Qalina Vıdrina bildirmişdir ki, Azərbaycan gəncləri həm
Xantı-Mansı Muxtar dairəsində və həm də
Surqut şəhərində çox fəaldırlar. Qalina
Vıdrina demişdir: "Bu, əsasən adət-ənənələrin,
mədəniyyətin təbliğində, azərbaycanlı gənclərin
fəaliyyətində xüsusilə özünü büruzə
verir. Bu gənclər Surqut şəhərində anadan
olmuş və böyümüşlər. İstərdik ki,
onlar Surqutu öz vətəni hesab etsinlər və bu şəhəri
doğma Azərbaycan qədər sevsinlər".
Azərbaycan
Respublikasının Sankt-Peterburqdakı baş konsulu Qüdsi
Osmanov bu il təsis edilmiş RAGT-nin məqsədləri və
fəaliyyət dairəsi barədə forum
iştirakçılarına ətraflı məlumat
vermişdir. O, bu təşkilatın saytı vasitəsilə
əlaqələr yaratmağı, tədbirlərdə fəal
iştirak etməyi, habelə Rusiyanın qonşu
regionlarından gəncləri həmin tədbirlərə cəlb
etməyi gənclərə tövsiyə etmişdir.
Surqutdakı Azərbaycan
Gənclər Klubunun rəhbəri Xəyalə Quliyeva və
digər fəallar onların təşkilatının gördüyü
işlərdən bəhs etmişlər. Təkcə
Moskvanın deyil, Rusiyanın bütün regionlarının gənclərinin
birləşdirilməsində fəal mövqe tutduğuna və
bu mühüm işə böyük dəstək verdiyinə
görə RAGT-nin rəhbəri Leyla Əliyevaya dərin minnətdarlıq
ifadə olunmuşdur. Forum iştirakçıları
bildirmişlər ki, son illər özlərinin mahnı və
rəqs ansamblını yaratmışlar. Onların sözlərinə
görə, milli bayramlar və digər əlamətdar hadisələr
şəhərdə yüksək səviyyədə qeyd
olunur. Gənc fəallara vəd edilmişdir ki, keçirdikləri
bütün tədbirlərdə onlar RAGT-nin yardım və dəstəyinə
tam ümid bəsləyə bilərlər.
Forum
iştirakçıları, həmçinin onları narahat
edən problemlərə, xüsusən miqrasiya məsələlərinə
də toxunmuşlar. Qüdsi Osmanov gəncləri əmin
etmişdir ki, onların qaldırdıqları bütün
problemlər şəhər rəhbərliyi ilə müzakirə
ediləcəkdir. Elə həmin gün Qüdsi Osmanov Surqutun
DİN və Federal Miqrasiya Xidməti rəhbərliyi ilə
görüşmüşdür.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Azərbaycan.- 2009.- 13 iyun.- S. 4.