Tələbə gəncliyin həyatında
yeni mərhələ
Məlum olduğu kimi,
Azərbaycanda ilk tələbə gənclər hərəkatının
formalaşması XIX əsrin sonu, XX əsrin əvvəllərinə
təsadüf edir. Həmin dövrdə Avropada və Rusiyada təhsil
alan azərbaycanlı tələbə gənclər Azərbaycanda
təşəkkül tapan demokratik hərəkatın əsas
hərəkətverici qüvvəsinə, mütərəqqi
ictimai-siyasi fikrin başlıca daşıyıcılarına
çevrilmişdilər. XX əsrin əvvəllərində
Azərbaycanda ictimai fikrin, elmin, təhsilin, mətbuatın, ədəbiyyatın
yeni yüksəlişində, teatr, incəsənət, musiqi
mədəniyyətinin təşəkkül tapmasında da tələbə
gənclərin böyük xidmətləri olmuşdur.
Lakin 1920-ci ilin aprel
işğalından sonra Azərbaycanda sovet rejiminin formalaşması
tələbə gənclər hərəkatının hakim
ideologiyanın siyasi məqsədlərinə tabe etdirilməsi
ilə nəticələnmişdir. Bununla belə, keçən
əsrdə Azərbaycanda millətçi tələbə gəncləri
birləşdirən onlarca gizli qrup və cəmiyyət
yaradılmış, azərbaycançılıq uğrunda
mübarizə aparan tələbə hərəkatı
mövcud olmuşdur. XX əsrin 70-80-ci illərində,
görkəmli dövlət xadimi Heydər Əliyevin ölkəmizə
rəhbərliyinin birinci dövründə Azərbaycanda tələbə
gənclərin inkişafında yeni mərhələ
başlamış, ölkəmizdə vətənpərvər,
fəal mövqeyə malik gənclik cəmiyyət həyatının
ön mövqeyinə çıxmışdır. Azərbaycanlı
gənclərin keçmiş SSRİ məkanında fəaliyyət
göstərən ən nüfuzlu elm ocaqlarına təhsil
almağa göndərilməsi sayəsində respublikada
yüksək ixtisaslı kadrların yeni nəsli
formalaşdırılmışdır. 1980-ci illərin
sonundan sovet imperiyasına qarşı mübarizənin, o
cümlədən Qarabağ hadisələri ilə
bağlı təşəkkül tapmış xalq hərəkatının
ön sıralarında da tələbə gənclər getdilər.
Təəssüf ki,
1991-1993-cü illərdə respublikada hökm sürən hərc-mərclik
şəraitində təşəkkül tapmış tələbə
gənclər təşkilatları dərnəkçilikdən
uzağa gedə bilmədi. Bu boşluq yalnız 1993-cü ildə
xalqımızın böyük oğlu, görkəmli
dövlət xadimi Heydər Əliyevin ikinci dəfə siyasi
hakimiyyətə gəlişindən sonra aradan qalxdı. Belə
ki, 1994-cü il iyulun 26-da Gənclər və İdman
Nazirliyinin yaradılması, gənclərin 1996-cı il
fevralın 2-də birinci, 1999-cu il martın 2-3-də ikinci
forumlarının keçirilməsi, "Dövlət gənclər
siyasəti haqqında" fərmanın imzalanması tələbə
gənclərin cəmiyyət həyatında fəal
mövqeyə malik olmasına böyük təkan
vermişdir. Həmin düşünülmüş gənclər
siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev tərəfindən uğurla inkişaf
etdirilir. Prezident İlham Əliyevin Azərbaycanda gənclər
siyasətinin məqsədyönlü şəkildə həyata
keçirilməsi məqsədilə 30 avqust 2005-ci il tarixdə
imzaladığı sərəncam Azərbaycan tələbə
gəncliyinə dövlət səviyyəsində göstərilən
qayğı və diqqətin bariz nümunəsidir.
Gənclərlə
bağlı həyata keçirilən uğurlu dövlət
siyasətinin nəticəsi olaraq Azərbaycanda tələbə
gənclər hərəkatı daha da inkişaf etmiş, gənclərin
sosial-siyasi fəallığı artmış, onların
ölkənin idarə olunmasında, ictimai həyatda
iştirakı genişlənmişdir. Möhtərəm
Prezident İlham Əliyev bütövlükdə Azərbaycan
xalqının, o cümlədən də tələbə gəncliyin
qüdrətli lideridir. Biz tələbə gənclik ölkəmizin
başçısının ardıcıl şəkildə
həyata keçirdiyi azərbaycançılıq prinsiplərinə
əsaslanan mükəmməl dövlət siyasətini ürəkdən
dəstəkləyir və müdafiə edirik.
Ölkəmizin
bütün gəncləri kimi, Naxçıvanın tələbə
gəncliyi də yeni dövrün böyük siyasi lideri
İlham Əliyevin sınaqlardan uğurla
çıxmış Heydər Əliyevin dövlətçilik
təliminin həyata keçirilməsinin fəal
iştirakçıları olmağı özünə
şərəfli borc hesab edir. Naxçıvan Muxtar
Respublikasında da ölkə gəncliyinin yeni nəslinin
formalaşması və daha da inkişaf etdirilməsi ulu
öndər Heydər Əliyevin adı ilə
bağlıdır. Taleyin hökmü ilə görkəmli
dövlət xadimi Heydər Əliyevin yaşadığı
və böyük xilaskarlıq missiyasını qətiyyətlə
həyata keçirdiyi illərdə muxtar respublikanın gəncləri
də onun ətrafında sıx birləşmiş, ərazi
bütövlüyümüzün qorunub saxlanılması və
möhkəmləndirilməsində yaxından iştirak
etmişlər.
O zamankı çətin
şəraitdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri vəzifəsində işləyən Heydər Əliyevin
1992-ci il noyabrın 12-də Naxçıvan Dövlət
Universitetinin 25 illik yubileyi mərasimində iştirakı və
dərin məzmunlu nitqi Azərbaycanın yeni dövr gəncliyinə
göstərilən yüksək qayğının parlaq ifadəsi
idi. Ulu öndərin Azərbaycan Respublikasının Prezidenti
kimi 1999-cu il oktyabrın 11-də Naxçıvan Dövlət
Universitetinin yeni tədris korpusunun açılışı
zamanı söylədiyi fikirlər bu gün də ölkəmizin
tələbə gəncliyinin aydın fəaliyyət
proqramı səviyyəsində səslənir: "Biz XXI əsrə
qədəm qoyuruq. XXI əsr gənclərin əsridir. Biz
yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan
dövlətini, müstəqil Azərbaycanı gənclərə
tapşırırıq. Bizim işimizi gənclər davam
etdirməlidirlər. Gənclərin vəzifəsi Azərbaycanın
dövlət müstəqilliyini qorumaq, Azərbaycanda
hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu
prosesində fəal iştirak etmək, ölkəmizin
iqtisadiyyatını, mədəniyyətini, elmini inkişaf
etdirməkdir. Ümidvaram ki, Azərbaycanın bugünkü gəncləri,
o cümlədən Naxçıvan Dövlət Universitetinin
tələbələri bunların hamısına qadirdir və
biz gələcəkdə onların işlərinin nəticələrinin
şahidi olacağıq".
Hazırda muxtar
respublikada fəaliyyət göstərən Naxçıvan
Dövlət Universiteti, Naxçıvan Müəllimlər
İnstitutu və Özəl Universitetdə təhsil alan tələbə
gəncliyin milli dövlətçilik, azərbaycançılıq,
vətənpərvərlik ruhunda yetişib formalaşması
üçün genişmiqyaslı tədbirlər həyata
keçirilir. Prezident İlham Əliyevin 2004-cü ildə
açılış mərasimində iştirak etdiyi
Naxçıvan Dövlət Universitetinin Elektron
kitabxanası, 2007-ci ildə universitet gəncliyinə ərməğan
etdiyi Avropa standartlarına cavab verən Konservatoriya korpusu
regionda tələbə gəncliyə göstərilən
dövlət qayğısını əyani şəkildə
nümayiş etdirir. Son illərdə Naxçıvan Dövlət
Universitetinin 108 hektarlıq ərazisində salınan Avropa
tipli universitet şəhərciyi, müasir gəncliyin
inkişafına xidmət edən yeni tipli ali məktəb
komplekslərinin yaradılması genişmiqyaslı işlərə
daha bir örnəkdir. Naxçıvan Dövlət
Universitetində mövcud olan 9 tədris korpusu, elektron
kitabxana, konservatoriya, universitet klinikası, internet mərkəzləri,
Olimpiya tipli idman mərkəzi, Botanika bağı regionda
müstəqil Azərbaycanın yeni nəslinin
inkişafına uğurla xidmət edir. Universitetimizin geniş
miqyas alan beynəlxalq əlaqələri tələbələrin
millilik amilini əsas kimi qəbul etməklə yanaşı,
Avropa dəyərlərinə yiyələnmələrinə
də şərait yaradır.
Ali məktəblərin,
o cümlədən Naxçıvan Dövlət Universitetinin
həyatında tələbə təşkilatlarının
böyük rolu var. Universitetimizdə 1968-ci ildən fəaliyyət
göstərən Tələbə Elmi Cəmiyyəti bu
gün də öz işini uğurla davam etdirərək ilkin
elmi axtarışlar məktəbinə çevrilmişdir. Ali
təhsil ocağımızda, həmçinin 1967-ci ildən
Tələbə Həmkarlar Təşkilatı, 1998-ci ildən
Yeni Azərbaycan Partiyası Ərazi Gənclər Birliyi,
1999-cu ildən tələbə gənclər təşkilatı,
2000-ci ildən Tələbə İdman Şurası, 2001-ci
ildən Tələbə informasiya bölməsi kimi birlik və
təşkilatların fəaliyyət göstərməsi gənclərin
ictimai fəallığının artırılmasına, asudə
vaxtının daha səmərəli təşkilinə, azərbaycançılıq
ruhunda formalaşmalarına uğurla xidmət edir. Universitetimizdə
1997-ci ilin aprel ayından fəaliyyətə başlayan
"Heydər Əliyev Universiteti" tələbə gənclərin
ideya tərbiyəsi və dövlətçilik məktəbi
funksiyasını müvəffəqiyyətlə həyata
keçirir. İndiyədək həmin universitetdə
keçirilmiş 124 məşğələdə dinlənilən
məruzələr tələbə gəncliyin görkəmli
dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin
milli dövlətçilik, vətənə sədaqət
ruhunda tərbiyə olunmasında mühüm rol
oynamışdır. 1998-ci ilin noyabrında
yaradılmış İctimai Təşkilatlar Mərkəzi
universitetdə gənclər təşkilatlarının normal
fəaliyyətinin təmin edilməsinə münbit şərait
yaradır. Tələbə gənclər təşkilatlarının
hər birinin ayrıca iş otağının olması, bu təşkilatlara
xidmət edən müasir texnologiya ilə təhciz edilmiş
akt zalının fəaliyyət göstərməsi
İctimai Təşkilatlar Mərkəzi korpusunun gənclik mərkəzinə
çevrilməsi ilə nəticələnmişdir.
Naxçıvan Dövlət
Universitetinin incəsənət fakültəsi nəzdində
fəaliyyət göstərən Tələbə opera
studiyası, Tələbə teatr studiyası, Şən və
hazırcavablar klubu, müxtəlif vokal və rəqs
qrupları səmərəli işləyir. 1999-cu ilin dekabr
ayından fəaliyyət göstərən Şən və
hazırcavablar klubu müxtəlif vaxtlarda Bakıda,
Naxçıvanda, Türkiyədə maraqlı proqramlarla
çıxış etmişdir.
2000-ci ildən fəaliyyətə
başlayan Tələbə opera studiyası üzvlərinin
hazırladıqları "Arşın mal alan"
operettası Türkiyə Cümhuriyyətinin Trabzon Texniki
Universitetində, Qars Qafqaz Universitetində, İqdır vilayətində,
Novosibirsk Mədəniyyət sarayında, Bakıda Səməd
Vurğun adına Rus Dram Teatrının səhnəsində
böyük uğurla nümayiş etdirilmişdir. Universitetdə
1999-cu ilin mart ayından fəaliyyət göstərən Tələbə
teatr studiyası tələbələrin azərbaycançılıq
ideologiyası, milli-mənəvi dəyərlər ruhunda
formalaşdırılması sahəsində mühüm
nailiyyətlər qazanmışdır. Tələbə teatr
studiyası fəaliyyət göstərdiyi illər ərzində
"Heydər baba, yüz yaşa" kompozisiyasına, Kamal
Abdullayevin "Beyrəyin taleyi", Turan Oflazoğlunun
"Türklərin Atatürkü" tamaşalarına
uğurlu səhnə həyatı bəxş etmişdir. Tələbə
aktyorların hazırladıqları böyük demokrat, ədib
Cəlil Məmmədquluzadənin "Anamın
kitabı", və "Ölülər"
tamaşaları 140 illiyi dövlət səviyyəsində
qeyd edilən görkəmli sənətkarın yubileyinə
Naxçıvan Dövlət Universiteti gəncliyinin töhfəsidir.
Artıq ölkəmizin
tələbə gəncləri tükənməz potensiala
malik, yüksək səviyyəli, vətənpərvər,
işgüzar, çevik qüvvə kimi formalaşır. Bütün
bunlar tələbə gənclərin həyatında yeni mərhələnin
başlandığını nümayiş etdirir. Fikrimizcə,
ölkə miqyasında tələbələrin səylərinin
və təşəbbüslərinin əlaqələndirilməsi,
gəncliyin intellektual inkişafının və ideya-tərbiyə
işinin ardıcıl və sistemli şəkildə
qurulması baxımından respublika üzrə tələbə
gənclər təşkilatının
yaradılmasının da zamanı çatıb. Belə olsa,
ölkə miqyaslı bu gənclik təşkilatı müstəqil
Azərbaycan dövlətinin qabaqcıl dəstəsi olan tələbə
gənclərin baş qərargahına çevrilər, tələbə
gənclərin azərbaycançılıq ruhunda
formalaşmasına daha çox töhfə verər.
Arzu ABDULLAYEV,
Naxçıvan Dövlət Universitetinin
tələbə gənclər təşkilatının
sədri, tarix-filologiya
fakültəsinin III kurs tələbəsi
Azərbaycan.- 2009.- 13 iyun.- S. 4.