Ona çox vaxt "Səhnəmizin
Hökumə Qurbanovası" deyirlər. Hələ tələbəlik
illərində Milli Dram Teatrında yaratdığı ilk rolu
görən unudulmaz İlyas Əfəndiyev gənc
qızın uğurlarını yüksək qiymətləndirib.
Ona xeyir-dua verərək deyib: "Sən ustadsan". Bu ifadələrə
münasibətini öyrənmək istəyəndə xalq
artisti Bəsti Cəfərova gülümsəyərək
söylədi: "İlk əvvəl mən
özüm-özümə oxşamaq istəmişəm. Hökumə
Qurbanova böyük sənətkar idi. Onun fəth etdiyi sənət
zirvəsinin ətəyinə çatmaq özü xoşbəxtlikdir.
Ömrüm boyu İlyas müəllimin dediyi sözün məsuliyyətindən
çıxa bilməmişəm".
19 yaşından
böyük səhnədə olan, yaratdığı obrazlar
qalereyasına görə tamaşaçı məhəbbəti
qazanan, sənət ulduzlarının
sayrışdığı kəhkəşana məhz öz
istedadı ilə ucalan, heç vaxt tapdanmış
cığırlarla getməyən, kimisə təkrarlamayan Bəsti
Cəfərova əsl aktrisa ömrü yaşayıb. O,
Bakıda doğulub. Şəhərdəki 82 saylı orta məktəbi
bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət
İnstitutunun dram və kino aktyorluğu fakültəsinə
daxil olaraq böyük sənətkar Adil İsgəndərovdan
dərs alıb. Tələbə ikən rejissor Tofiq
Kazımovun hazırladığı "Quşu uçan
budaqlar" tamaşasında Səltənət rolunu
yaradıb. Debüt uğurlu olub. Elə o gündən də
böyük sənətə gedən yolun ən ləyaqətli,
istedadlı, məsuliyyətli yolçularından biri olub.
Bəsti xanım
danışır ki, ailədə dörd bacı olublar. Bəlkə
də valideynləri oğlan uşağı arzuladıqlarından
köhnə ənənədən gələn bir istək
kimi körpə qızlarının adına Bəsti deyiblər.
Amma heç vaxt ağıllarına gətirməyiblər ki,
dünyaya gəlişinə o qədər də ürəkdən
sevinmədikləri bu qızcığaz gələcəyin məşhur
sənətkarlarından olacaq, tanınacaq, seviləcək,
şöhrətlənəcək. Onun uğurlarından ailəyə
də pay düşəcək.
Kiçik
yaşlarında bacılarından çox fərqlənirdi. Tez-tez
qızların paltarlarını geyinərək
özünü onlara oxşadırdı. Hələ
arzularının ünvanını tapmamışdı. Bəlkə
də buna görə üç ay Əfsər Cavanşirovun
rəhbərlik etdiyi uşaq xoruna gedib. Burada oxumaq xoşuna gəlməyib.
Sonra altı il rəqs dərnəyinin üzvü olub. Yenə
də ürəyincə olmayıb. İçindəki
qaynarlığı ifadə etmək üçün
başqa sənət növü haqqında
düşünüb. Nəhayət, rejissor Lütfü Məmmədbəyovun
rəhbərlik etdiyi xalq teatrına gedib. Məhz bu teatrda
ürəyində qurduğu sənət dünyasının
bünövrə daşlarını düzən Bəsti Cəfərova
fikrini dəqiqləşdirib. Aktrisa olmalıdır. Sənətə
bəslədiyi sönməz sevgi, Tanrının ona
bağışladığı istedad, zahiri gözəllik
çox köməyinə gəlib. Üstəgəl Bəsti
Cəfərova cəfakeş, zəhmətsevər, savadlı,
öyrənməyə meyilli olduğundan nailiyyətlər
qazanıb. Bu, hər kəsə qismət olan xoşbəxtlik
deyil ki, tələbəlikdən arzusunda olduğun sənətinə
qovuşasan, onun ən parlaq nümayəndələrindən
birinə çevriləsən.
Bəsti Cəfərova
bir qərinədən artıqdır ki, Akademik Milli Dram
Teatrında çalışır. Özü
danışır ki, mən əslində İlyas Əfəndiyevin
dramaturgiyasında pərvəriş tapdım. Xalq artisti
Amaliya Pənahovadan sonra bu dramaturqun əsərlərində
baş rolların ifaçısı məhz Bəsti Cəfərova
olub. Onun yaratdığı obrazlar qalereyası çox rəngarəng
və əlvandır. Klassik dramaturqlardan tutmuş dünya ədəbiyyatının
nümayəndələrinin əsərlərinə kimi Milli
Dram Teatrında səhnələşdirilmiş
tamaşaların, demək olar ki, əksəriyyətinin
baş rollarını Bəsti Cəfərova yaradıb. Hüseyn
Cavid, Cəfər Cabbarlı, Sabit Rəhman, İlyas Əfəndiyev,
Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Rəhman Əlizadə,
Elçin, Anar, Çingiz Aytmatov, Şekspir kimi müəlliflərin
əsərlərində can verdiyi obrazlar öz ciddiliyi, təsirliliyi
ilə seçilib. Ümumiyyətlə, Bəsti Cəfərovanın
özü teatr aləmində dəyişməz bir
obrazdır. Hər hansı bir tamaşanın proqramında bu
sənətkarın adı varsa, deməli, təqdim edəcəyi
rol çox mürəkkəb, daxili ziddiyyətlərlə
döyüşən, mənəvi cəhətdən zəngin,
bəzən də əzablarla üz-üzə dayanan möhkəm
xarakterli, inadkar, mübariz bir surətdir.
Yaratdığı rolların adlarına
fikir verək. Solmaz
("Od gəlini"), Afət ("Afət"), Nazlı
("Əliqulu evlənir"), Ağabəyim ağa
("Hökmdar və qızı"), Natəvan
("Xurşud Banu Natavan"), Gülruh ("Şeyx Xiyabani"),
Lalə ("Büllur sarayda"), Adilə ("Poçt
şöbəsində xəyal"), Əsmər
("Günah") və başqaları. Dünya ədəbiyyatının
görkəmli nümayəndəsi olan J.Rassinin "Fedra"
əsərində Bəsti Cəfərovanın
yaradığı Fedra surəti tamaşaçıların
yaddaşında yaşamaqdadır. Bu qadının
keçirdiyi psixoloji gərginlikləri, duyğu və
düşüncələrini, savaşlarını,
mübarizəsini, ziddiyyətlərini, həyat eşqini,
yaşamaq uğrunda hamıya üstün gəlmək
üçün başladığı mürəkkəb
çarpışmaları Bəsti Cəfərova çox təsirli
yaradıb. Rolunun daxili aləminə o qədər təbii
yaxınlaşa bilib ki, tamaşaçı ilk baxışda
inanmırdı ki, səhnədə gördüyü
obrazdır. Fedranın əl-əlvan qadın paltarına
bürünməsinə baxmayaraq, bu libasın içində
sanki bir ilan qıvrılırdı. Ümumiyyətlə, Bəsti
Cəfərova çox plastik, səhnənin tələblərinə
cavab verən sənətkardır. Yaratdığı hər
bir obrazın daxili aləmini məharətlə
açmağı bacarır. Bu səbəbdən də onun
rolları bir-birinə bənzəmir. Yadımdadır ki,
"Fedra" əsərinin tamaşası zamanı pərdə
ensə də, salonda qəribə bir sükut var idi. Heç
kəs yerindən tərpənmək istəmirdi. Səhnədəki
vahimə sanki tamaşaçıların varlığına
hopmuşdu. Bəsti inanılmaz dərəcədə öz
obrazını təbii və təsirli təqdim edə
bilmişdi.
"Mən teatrda öz
mövzumu tapmışam" söyləyən Bəsti Cəfərova
bildirir ki, o heç vaxt komik əsərlərdə rol
yaratmağa meyilli olmayıb. Bəzən fikirləşirsən
ki, görəsən "Hökmdar və qızı" əsərindəki
Ağabəyim ağanı başqa bir aktrisa yaratsa, necə
alınardı? Göz yaddaşı qəribədir. Fikirləşirsən
ki, sanki bu rolun taleyi ancaq Bəsti Cəfərova
üçün yazılıb. Bu, faktdır ki, əvvəllər
dramaturqlar teatr üçün pyes yazanda mütləq
obrazlarını yaradacaq aktyorların potensialını,
istedadını nəzərə alırdılar.
Təbiətən ciddi
və sadə olan Bəsti xanım söyləyir ki, mənim
uğur qazanmağıma əsas səbəblərdən biri əgər
ustad müəllimlərdən dərs almağımdırsa,
digər amil də tərəf-müqabillərimin çox
böyük aktyorlar olmasıdır. Hərdən ötənlərə
boylananda aktrisa heyrətə gəlir ki, gör kimlərlə
işləyib: Həsən ağa Turabov, Mirvari Novruzova, Səməndər
Rzayev, Hamlet Xanızadə, Sofiya Bəsirzadə, Mikayıl
Mirzə, Yaşar Nuri, Şükufə Yusifova... Bu şəxsiyyətlərin
hər birinin Azərbaycan teatr sənətinin
inkişafında böyük xidməti var.
Bəsti Cəfərova
2004-cü ildən pedaqoji fəaliyyətlə məşğul
olur. O, Azərbaycan Mədəniyyət və İncəsənət
Universitetinin dosentidir. Bu təhsil ocağında gələcək
ardıcıllarına aktyor sənətindən dərs deyir.
Televiziya filmlərində yaddaqalan obrazlar yaradan Bəsti Cəfərova
2007-ci ildə Oqtay Mirqasımov tərəfindən kinoya dəvət
edildi. "Gün aydın, mələyim" bədii filmində
bir aktrisanın həyatını yaşadan Bəsti Cəfərova
bir daha sübut etdi ki, o, filmlərdə də əsl sənətkar
kimi öz qabiliyyətini, istedadını göstərə
bilər. Əslində teatrdan ayrılmağı bacarmayan,
tamaşaçı rəğbətinə,
alqışına, həyəcanına, baxışlarına
və nəhayət, gül-çiçəklərinə
çox bağlanan Bəsti Cəfərova heç vaxt kinoya
çəkilmək istəməyib. Ona elə gəlib ki, bu,
teatrdan uzaq düşməkdir. Amma illər keçdikcə,
yaş ötdükcə bir məsələ
aydınlaşır ki, aktyor sənəti tamaşa vaxtı
yaşanır. Elə ki pərdə salınır,
alqışlar bitir, o əsərin də xoş sorağı
ancaq yaddaşlarda qalır. Kino isə tamam başqa sənət
növüdür. Həmişə var, yaşayır və dəfələrlə
ona baxmaq mümkündür. Bu səbəbdən də Bəsti
Cəfərova kimi müqtədir sənətkarların bədii
filmlərə çəkilməsi məqbuldur. Yaxşı
haldır ki, son illər Bəsti xanım bir neçə
rejissordan filmə çəkilmək barədə dəvət
alıb. İnanırıq ki, Azərbaycan teatrının səhnəsində
sözün əsl mənasında cəfakeşlik göstərən,
müxtəlif obrazlar yaradan Bəsti Cəfərova milli
kinomuzun da tarixinə öz imzasını atacaqdır.
Səhnədə məlahətli
ana obrazları yaradan Bəsti Cəfərova özü də
həyatda bu munis adın sahibidir. Ailədə Fidan adlı
qız balası böyüyür. Hələ orta məktəbdə
oxuyan bu qızın gələcəkdə hansı peşəni
seçəcəyi dəqiq məlum olmasa da, Bəsti
xanım söyləyir ki, onun bütün jestlərində
öz uşaqlığını görür.
Milli mədəniyyətin
inkişafında göstərdiyi xidmətlərə görə
əməyi dövlətimiz tərəfindən də
yüksək qiymətləndirilən Azərbaycan səhnəsinin
bu parlaq ulduzu 28 yaşında əməkdar, 38 yaşında
xalq artisti fəxri adlarına layiq görülüb. Prezident
mükafatçısıdır.
...Yadıma 1988-ci ilin
mart ayı düşür. O fırtınalı günlərdə,
baxmayaraq ki, Novruz bayramının rəsmi surətdə
keçirilməsi qadağan edilmişdi, amma Bəsti xanım
həmin vaxt Bahar qızı olaraq yurdumuza yazın müjdəsini
gətirən həmişəbahar çiçəyi kimi
televiziya ekranlarından evlərimizə xoş hisslər
paylayırdı. O vaxtdan illər keçib. Yurdumuzun başına nələr gəlmədi?!
Amma qazancımız
budur ki, müstəqilliyimizə çatdıq. İndi hər
il Novruz bayramını böyük təntənə ilə
qeyd edirik. Bir vaxt yasaq edilmiş əsərlər də
teatrlara qayıdır. Həmişə müstəqil,
demokratik ruhlu sənətkarlar nəhayət arzularına
qovuşublar. Niyyətləri hasil olan sənətkarlardan biri
də Bəsti xanım Cəfərovadır. Səhnədə
yaratdığı Xurşudbanu Natəvanın dili ilə
söyləyirdi: "Mən Azərbaycanın müstəqil
olacağına inanıram". Nə gözəl fikir ki, xalq
artisti Bəsti Cəfərova həmişə öz qiyafəsində
olan sənətkar ömrü yaşayır.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2009.- 13 iyun.- S. 6.