"Əfsanənin əks üzü" seriyasından sənədli
film
Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin
tədris teatrında Rusiya Federasiyasının "Studiya
kinoprodukt" şirkətinin istehsal etdiyi "Əfsanənin
əks üzü" seriyasında "26 Bakı
komissarı" sənədli filminin təqdimatı
keçirildi. Əvvəlcə universitetin prorektoru, professor
Rafiq Sadıqov film haqqında qonaqlara məlumat verərək
bildirdi ki, filmin aparıcısı Rusiyanın məşhur
kino ulduzu Aleksandr Noisk, redaktoru Olqa Dmitrik, quruluşçu
rejissoru Roman Otriba və quruluşçu operatoru İvan
Rozovdur. Filmin çəkilişində iştirak edən yeganə
azərbaycanlı filologiya elmləri namizədi Asif Rüstəmlidir
ki, o, tarixi həqiqətlərin aşkarlanmasına
böyük əmək sərf etmişdir.
Sonra filmə
baxış keçirildi. Moskva şəhərində,
Türkmənistanda, Bakıda - dənizkənarı bulvarda,
İçərişəhərdə, Şirvanşahlar
sarayında, Bibiheybətdə, Yanardağda və digər yerlərdə
çəkilişi aparılan bu film bolşevik cildinə girmiş
erməni qatillərinin, başda S.Şaumyan olmaqla, azərbaycanlıları
qəddarlıqla qətlə yetirmələri ifşa olunur. Filmə
ürəkağrısız baxmaq mümkün deyil. Azərbaycan
tarixində xalqımızın başına gətirilmiş
dəhşətlərdən hələ nə qədər
belə faciələrin açılmasına ehtiyac
olduğunu söyləyən qonaqlar filmin təsirindən
çıxa bilmirdilər.
Təqdimat mərasiminin
sonunda Asif Rüstəmli bildirdi ki, film tarixi həqiqətlərimizi
açan, xalqımızın başına gətirilən əzablı
oyunları çılpaqlığı ilə göstərən
epopeyadır.
Məlumat
üçün bildirək ki, sözügedən sənədli
film Moskvanın "Zvezda" telekanalında dörd dəfə,
onlarca regional kanalda, yüzlərcə kabel televiziyası ilə
Rusiya Federasiyasında nümayiş etdirilib. Bu isə əslində
azərbaycanlılara qarşı soyqırımı törədənlərin
iç üzünün açılması deməkdir.
Zəkurə QULİYEVA
Azərbaycan.- 2009.- 13 iyun.- S. 6.