Milli Qurtuluş Günü münasibətilə

 

Dünən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Dövlət Miqrasiya Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, xidmət rəisi Arzu Rəhimov çıxış edərək, 1993-cü ildə Azərbaycanın parçalanma və məhv olma təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Naxçıvandan başlanmış qurtuluş mübarizəsindən, ümummilli liderin ilk növbədə, ölkədə hökm sürən özbaşınalığa son qoymasından, gələcək inkişafın bünövrəsini təşkil edən sabitliyi bərqərar etməsindən, ölkəni bürümüş ağır böhran vəziyyətini aradan qaldırmasından və paralel olaraq yeni dövrün tələblərinə uyğun köklü islahatlar həyata keçirməsindən danışmışdır. Qeyd etmişdir ki, belə bir dövrdə doğma xalqının önündə gedən dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı tarixin ən qanlı burulğanından çıxara bilmiş, vətənin qurtuluş savaşına başçılıq etməklə Azərbaycan tarixinə Qurtuluş mübarizəsinin qalibi kimi daxil olmuşdur. Siyasi varlığımızı yox olmaq təhlükəsindən xilas etməklə Heydər Əliyevin tariximizdə Azərbaycan dövlətçiliyinin xilaskarı kimi çox şərəfli bir ad qazandığını vurğulayan A.Rəhimov ulu öndərin bu şanlı tarixi missiyanı son dərəcə çətin, mürəkkəb və ziddiyyətli siyasi şəraitdə yerinə yetirdiyini, müdrik siyasətçinin qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdığını iştirakçıların nəzərinə çatdırmışdır.

Qurtuluş gününün ən böyük önəmi kimi xalqın azadlığa, əbədi müstəqilliyə qovuşduğunu diqqətə çatdıran A.Rəhimov, məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın intibah dövrünə qədəm qoyduğunu, 1994-cü ildə dünyanın nüfuzlu neft şirkətləri ilə "Əsrin müqaviləsi"nin imzalanmasından sonra milli iqtisadiyyata xarici investisiya qoyuluşlarının həcminin artdığını, müxtəlif sahələrdə infrastruktur və biznes layihələrinin həyata keçirildiyini, bütün bunların nəticəsində əcnəbilərin ölkəyə axını prosesinin sürətləndiyini vurğulamışdır.

Xidmət rəisi bütün sahələrdə olduğu kimi, son illər miqrasiya sahəsində də əldə edilən nailiyyətlərin məhz 15 iyun 1993-cü ildə öz dahiliyini bir daha tarixin sınağına çıxarmış ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu siyasəti və ölkəmizin Prezidenti İlham Əliyevin davamlı fəaliyyəti nəticəsində mümkün olduğunu qürur hissi ilə qeyd etmişdir.

 

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 4.