Azərbaycan Ordusunun dünəni, bu günü gələcəyi müzakirə olunmuşdur

 

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyində (TOHGMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolunun artırılması" layihəsi çərçivəsində növbəti görüş olmuşdur.

TOHGMİB-in sədri Emin Həsənli layihə çərçivəsində idarəetmə qrupu ilə bərabər bir sıra mətbuat nümayəndələri, gənclər və QHT təmsilçiləri ilə də bu kimi görüşlər təşkil olunduğunu bildirmişdir.

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Ordunun dostları Klubu"nun və TOHGMİB-in həyata keçirdiyi yeni layihənin mühüm uğurlar əldə edəcəyinə əminliyini ifadə etmişdir. O, "İki sahil" qəzetinin də hərbi vətənpərvərlik mövzusunda yazıların dərc olunmasında daim dəstək göstərəcəyini bildirmişdir.

Görüşdə Azərbaycan Ordusunun dünəni, bu günü və gələcəyi, Azərbaycan Silahlı Qüvvələrinin suverenliyimizi, ərazi bütövlüyümüzü, sərhədlərimizin toxunulmazlığını təmin etmək qüdrətinə malik olması barədə məlumatların ictimaiyyətə çatdırılmasında, gənclərdə vətənpərvərlik hissinin aşılanmasında mətbuatın rolu geniş müzakirə olunmuşdur.

Aparılan fikir mübadiləsi zamanı bildirilmişdir ki, cəmiyyət həyatında böyük rola malik olan mətbuat orqanları vətənpərvərlik mövzusuna tez-tez müraciət etməklə bu hissi daha da gücləndirəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 iyun.- S. 4.