Milli qurtuluş: Azərbaycanın
təminatlı uğur
faktoru
Hər bir xalqın
taleyində böyük əhəmiyyət daşıyan elə
günlər var ki, onun gələcək həyatını
müəyyən edən böyük başlanğıcların
əsası məhz həmin günlərdə qoyulur. Müxtəlif
tarixi hadisələrlə əlamətdar olan belə günlərdən
Azərbaycan xalqı üçün ən önəmlisi
1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli
Qurtuluş Günü kimi daxil olmuş və bu il rəsmən
12-ci dəfə qeyd olunacaq 15 iyun sadəcə təqvim
bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə
malik bir gündür. Vətənini, xalqını sevən,
müstəqilliyin ilk illərinin çətin,
ağrılı günlərinin dəhşətlərini
yaşayan, həmin hadisələri gözləri ilə
görən insanlar üçün 15 iyun əsl qurtuluş
tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsi
tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın
inkişafında, müstəqilliyində, gələcəyində
müstəsna rol oynayan, daim xalqına arxalanan və
xalqına arxa, dayaq olan bir insan - ulu öndər Heydər Əliyevdir.
Bu gün biz
hamımız böyük iftixar hissi ilə qeyd edirik ki, Azərbaycan
Respublikasının siyasi tarixinin son 40 ili ulu öndər Heydər
Əliyevin adı ilə, onun Azərbaycan xalqının
bugününə və gələcəyinə yönəlmiş
uğur siyasəti ilə bağlıdır. Sovet hakimiyyəti
illərində Heydər Əliyev təxminən 14 il
respublikaya rəhbərlik etmiş və həmin dövrdə
onun fəaliyyətinin mühüm istiqamətlərindən
birini iqtisadiyyatın səmərəli şəkildə təşkili
və idarə olunması əsasında respublika əhalisinin
maddi və mədəni həyat səviyyəsinin getdikcə
yüksəldilməsi problemi təşkil etmişdir. Məlum
olduğu kimi, bu mühüm həyati problemin həlli naminə
hər bir tarixi dövrdə müəyyən işlər
görülsə də, XX əsrin 70-ci illərinin əvvəllərinədək
Azərbaycanın iqtisadi və sosial inkişafında
lazımi dönüş yaradılmamış,
respublikanın malik olduğu iqtisadi, elmi-texniki və humanitar
potensialdan tam dolğun və səmərəli şəkildə
istifadə edilməmiş, bu isə istər-istəməz
sosial-iqtisadi inkişafın ümumi səviyyəsinin o
vaxtkı orta İttifaq göstəricilərindən
aşağı olması ilə nəticələnmişdir. Ağır
iqtisadi və sosial şəraitdə respublikada rəhbərliyə
gələn Heydər Əliyev həmin vaxt üçün
mövcud olan vəziyyəti siyasi uzaqgörənliklə
düzgün qiymətləndirmiş, iqtisadiyyatda, sosial-mədəni
və mənəvi sahələrdə əsaslı dəyişikliklərin
həyata keçirilməsini, iqtisadiyyatın təşkili və
inkişafı sahəsində dönüş
yaradılmasını başlıca vəzifə kimi müəyyənləşdirərək
çox qısa zaman kəsiyində bütün əsas
göstəricilər üzrə Azərbaycanın
keçmiş SSRİ-də öncül mövqelərə
çıxmasını təmin etmişdir. O cümlədən
respublika iqtisadiyyatında ənənəvi geriliyin qısa
müddətdə aradan qaldırılması, iqtisadiyyatın
maddi-texniki bazasının və maliyyə təminatının
möhkəmləndirilməsi, bunun da əsasında iqtisadi
proseslərin dinamik inkişafının təmin edilməsi
son dərəcə gərgin və ardıcıl işin,
düzgün və səmərəli idarəetmənin nəticəsi
kimi meydana çıxmışdır.
Maddi istehsalın
bütün sahələrində, xüsusən sənayedə,
kənd təsərrüfatında, tikintidə və digər
sahələrdə aparılan dərin struktur-keyfiyyət dəyişiklikləri
təkcə iqtisadiyyatda deyil, sosial sferada da nəzərəçarpacaq
yüksəlişin əldə olunmasına zəmin
yaratmışdır. Nəticədə 1970-ci illə
müqayisədə 1982-ci ildə məcmu ictimai məhsul 2,32
dəfə, milli gəlir 2,3 dəfə, bütün sənaye
məhsulları 2,2 dəfə, ümumi kənd təsərrüfatı
məhsulları 2,25 dəfə, o cümlədən
bitkiçilik məhsulları 2,66 dəfə və
heyvandarlıq məhsulları 1,62 dəfə, əsaslı vəsait
qoyuluşu 1,86 dəfə, xalq təsərrüfatı
üzrə mənfəət, müqayisəli qiymətlərlə,
2,74 dəfə, adambaşına real gəlir 1,51 dəfə,
fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı
1,41 dəfə artmışdır. 1970-1982-ci illər ərzində
adambaşına milli gəlirin artım sürəti
1961-1970-ci illərdəkinə nisbətən 2,7 dəfə,
sosial sığorta və sosial təminat 2 dəfədən də
çox, pərakəndə ticarət dövriyyəsi 79 faiz,
mənzil tikintisinin həcmi şəhər yerlərində
13,4 milyon kvadratmetr artmış, kənd yerlərində
ümumi sahəsi 4,8 milyon kvadratmetr olan yaşayış evləri,
çoxlu məktəb, məktəbəqədər uşaq
tərbiyə müəssisəsi, bütün respublikada isə
220-dən çox yeni sənaye müəssisəsi tikilib
istifadəyə verilmişdir. Respublikada ümumi ticarət sahəsi
2 dəfə genişlənmiş, əhaliyə göstərilən
xidmətlərin həcmi 1975-ci ildəki 72,2 milyon manatdan
1982-ci ildə 133,3 milyon manata çatmışdır.
Bütövlükdə
1970-1982-ci illər Azərbaycan Respublikası üçün
böyük quruculuq illəri, iqtisadi inkişafla
yanaşı, sosial sferanın da inkişafına böyük
qayğı illəri olmuşdur.
Lakin ulu öndər
SSRİ rəhbərliyinə irəli çəkiləndən
sonra Azərbaycanın sosial-iqtisadi inkişafında əldə
edilmiş yüksək mövqelər nəinki möhkəmləndirilmiş,
əksinə, tədricən itirilmiş, 1989-cu ildən etibarən
isə iqtisadiyyatda istehsal həcmi sürətlə
aşağı düşməyə
başlamışdı. 1991-ci ilin oktyabrında
özünün dövlət müstəqilliyini elan edərkən
respublikamız əslində siyasi-hərbi böhranla
yanaşı, həm də dərin sosial-iqtisadi böhranla
üz-üzə qalmışdı. Ölkənin ictimai-siyasi
həyatında baş verən mürəkkəb proseslər,
iqtisadiyyatda idarəetmə və istehsal intizamının
pozulması, Azərbaycanın məcburi cəlb olunduğu
müharibə və bunun nəticəsində ayrı-ayrı
bölgələrin bir-birinin ardınca Ermənistanın
silahlı qüvvələri tərəfindən zəbt edilməsi,
qaçqın və məcburi köçkünlər
ordusunun gündən-günə artması, müxtəlif
şəxslərə və siyasi qruplaşmalara tabe olan
silahlı dəstələrin hakimiyyət uğrunda
mübarizəyə cəlb edilməsi,
separatçılıq meyillərinin güclənməsi,
dövlət çevrilişinə cəhdlərin bir-birini əvəzləməsi
iqtisadi inkişafa ciddi zərbə vurmuş, məhsul
istehsalını kəskin surətdə azaltmış, əhalinin
rifahının nəzərəçarpacaq dərəcədə
pisləşməsinə səbəb olmuşdu. Nəticədə
1993-cü ildə ÜDM-in həcmi həmin göstəricinin
1988-ci ildəki səviyyəsinin cəmi 60 faizini təşkil
etmişdi. 1992-1994-cü illər ərzində real daxili məcmu
məhsul ildə orta hesabla 20 faiz, milli gəlir 50 faiz
azalmışdı. 1991-ci ildən etibarən hər il
dövlət büdcəsi böyük kəsirlə formalaşdığından,
yalnız Mərkəzi Bankın yeni kreditləri hesabına
maliyyələşdirilirdi. Elə 1993-cü ildə büdcə
kəsiri 23,8 milyon manat təşkil etmişdi ki, bu da
ÜDM-in 14,4 faizinə bərabər idi. Həmin il idxal və
ixracın həcmi 50 faizdən çox azalmış, tədiyə
balansında mənfi saldo 23 milyon dollar təşkil
etmişdi. 1990-cı illə müqayisədə isə
üç ildə ÜDM-in real həcmi iki dəfə
azalmış, sənaye istehsalı 63 faiz, kənd təsərrüfatı
istehsalı 47 faiz aşağı düşmüş,
sürətli inflyasiya prosesi nəticəsində əhalinin həyat
səviyyəsi 3,6 dəfə aşağı enmişdi.
Keçmiş SSRİ
respublikaları arasında əvvəllər mövcud
olmuş iqtisadi əlaqələrin qırılması, bunun
ucbatından da xammal və komplektləyici məmulatlarla təchizatda
yaranan ciddi problemlər, ənənəvi satış
bazarlarının əldən çıxması, idarəetmədə
yol verilən naşılıq və məsuliyyətsizlik, sahədaxili
zəruri struktur dəyişikliklərinin aparılmaması sənayenin
də acınacaqlı hala düşməsinə gətirib
çıxarmış, sənaye məhsullarının
istehsal həcmi nəzərəçarpacaq dərəcədə
azalmışdı. Belə ki, 1988-ci ilə nisbətən
1993-cü ildə metallurgiyada polad 32,5 faiz, polad borular 24,2 faiz,
maşınqayırmada neftçıxarma avadanlığı
30,6 faiz, nasos qurğuları 21,6 faiz, elektrik motorları 19,1
faiz, transformatorlar 11 faiz, tikinti materialları sənayesində
dəmir-beton məmulatları 30 faiz, kərpic 50,4 faiz, kirəmid
55,4 faiz, kimya sənayesində gübrə 10 faiz, kaustik soda
20,8 faiz, sulfanol 16,3 faiz, məişətdə işlədilən
cihaz və məmulatlardan kondisionerlər 42,5 faiz, yuyucu vasitələr
47,6 faiz, emal üçün yararlı ağac 8,1 faiz az
istehsal edilmişdi.
Respublika əhalisinin məşğulluğunda
və ərzaq məhsulları ilə təchizatında illər
boyu aparıcı sahələrdən biri olmuş kənd təsərrüfatı
tənəzzül girdabında boğulurdu. 1988-1993-cü illərdə
xalis maddi məhsulun tərkibində kənd təsərrüfatı
bölməsinin payı 30 faizdən 17 faizə qədər
azalmış, mühüm kənd təsərrüfatı
bitkilərinin istehsalı xeyli aşağı
düşmüşdü. O cümlədən 1988-ci ilə
nisbətən 1993-cü ildə taxıl istehsalı 1.417 min
tondan 1.143 min tona, pambıq istehsalı 616 min tondan 283 min tona,
tütün istehsalı 57 min tondan 47 min tona, üzüm
istehsalı 1.254 min tondan 410 min tona, yaşıl çay
yarpağı istehsalı 35 min tondan 24 min tona enmişdi. Heyvandarlıqda
vəziyyət daha dözülməz idi: bütövlükdə
respublika üzrə 1992-ci ildə ət istehsalı 26 faiz,
süd və yumurta istehsalı 20 faizə qədər,
1993-cü ildə isə ət və süd istehsalı daha 30
faiz, yumurta istehsalı 56 faiz azalmışdı.
1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə respublikada siyasi rəhbərliyə
qayıdan Heydər Əliyev yeni tarixi şəraitdə iki
mühüm vəzifənin - Azərbaycan dövlətçiliyinin
məhv olmaq təhlükəsinin aradan qaldırılması,
dövlət müstəqilliyimizin qorunub saxlanması, dönməz
və əbədi edilməsi, habelə dünyəvi,
demokratik dövlət quruculuğunun həyata keçirilməsi
vəzifələrinin həlli istiqamətində
cahanşümul işlərə başladı. Müdrik rəhbərin
gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq
qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində
qısa zaman kəsiyində dövlət müstəqilliyimizin
dönməz xarakter alması təmin olundu, demokratik hüquqi
dövlət quruculuğunun möhkəm təməli qoyuldu,
siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar
olundu.
Heydər Əliyev
ümumxalq dəstəyinə arxalanaraq, özünün
yenilməz siyasi iradəsi, rəhbər qətiyyəti və
zəngin idarəetmə təcrübəsi sayəsində:
Azərbaycanda vətəndaş
müharibəsi alovlarını söndürdü;
baş qaldırmaqda olan
separatçılıq meyillərinin kökünü kəsdi
və dövləti keçmiş zamanlarda olduğu kimi,
xanlıqlara parçalanmaq təhlükəsindən xilas
etdi;
nizami ordu quruculuğuna
başladı, Ermənistanın Azərbaycana qarşı hərbi
ekspansiyasını dayandırdı və 1994-cü ildə atəşkəsin
əldə edilməsinə nail oldu;
böhran və tənəzzül
içərisində olan milli iqtisadiyyatın maddi
bünövrəsini yaratmaq üçün Azərbaycanın
yeni neft strategiyasını formalaşdırdı və 1994-cü
il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin
imzalanması ilə xarici investisiyaların ölkəmizə
axını üçün möhkəm zəmin yaratdı;
iqtisadiyyatın bazar
münasibətləri prinsipləri əsasında
inkişafını təmin etmək üçün dövlət
mülkiyyətinin özəlləşdirilməsinə və
MDB-də misli-bərabəri olmayan radikal aqrar islahatlara
başladı;
Azərbaycan dövlətinin
müstəqilliyini, suverenliyini və ərazi
bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində
demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin
bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin
ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi,
dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və
sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini
təmin etmək, ümumbəşəri dəyərlərə
sadiq olaraq bütün dünya xalqları ilə dostluq,
sülh və əmin-amanlıq şəraitində yaşamaq
və bu məqsədlə qarşılıqlı fəaliyyət
göstərmək kimi ülvi niyyətlərlə Azərbaycan
Respublikasının yeni Konstitusiya layihəsinin
hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə
qəbul edilməsinə nail oldu;
bazar
infrastrukturlarının formalaşması və azad
sahibkarlığın hərtərəfli inkişafı
üçün müvafiq qanunvericilik bazası yaratdı;
dövlət idarəetmə
sistemində geniş islahatlar həyata keçirdi;
Azərbaycanın beynəlxalq
birliyə intensiv inteqrasiyasını təmin etdi və son nəticə
etibarilə Azərbaycan Respublikasını Cənubi Qafqaz və
Mərkəzi Asiya regionunda dünya siyasətinin
başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən
daim yüksəlişdə olan bir diyara çevirdi.
Azərbaycanda Heydər Əliyevin
rəhbərliyi ilə həyata keçirilən qətiyyətli
və məqsədyönlü tədbirlər əvvəllər
baş alıb gedən özbaşınalıqlara və xaosa
son qoydu, ictimai-siyasi sabitliyi təmin etdi, ölkənin hərtərəfli
sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə
inteqrasiyası üçün əlverişli şərait
yaratdı. 1995-ci ildən başlayaraq ardıcıl surətdə
aparılan düşünülmüş, bir sıra məqamlarda
isə hətta radikal xarakterli islahatlar nəticəsində
iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə
edildi, əksər sahələrdə, xüsusilə
makroiqtisadi göstəricilərin artımında yüksək
nəticələrə nail olundu. Bazar münasibətlərinin
dərinləşməsində və iqtisadi potensialın
formalaşmasında həlledici rol oynayan azad
sahibkarlığın təməli qoyuldu və özəl
bölmənin, vətəndaş təşəbbüskarlığının
inkişafında əhəmiyyətli uğurlar
qazanıldı. Əhalinin rifah halının
yaxşılaşdırılması, cəmiyyətin sosial
müdafiəyə ehtiyacı olan üzvlərinə dövlət
qayğısının artırılması istiqamətində
mühüm addımlar atıldı. Bütün bunlar,
mövcud imkanlardan daha səmərəli istifadə etməklə,
Azərbaycanın iqtisadi cəhətdən güclü
dövlətə çevrilməsi, onun dünya təsərrüfat
sisteminə inteqrasiyası və bu sistemdə özünə
layiq olan yeri tutması, ölkədə sosial problemlərin həlli
və əhalinin güzəranının daha da
yaxşılaşdırılması üçün
etibarlı zəmin yaratdı.
"Azərbaycan
dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst
iqtisadiyyat və sahibkarlıq yoludur" deyən ulu öndərin
iqtisadi siyasət strategiyası sabitləşdirmə,
islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına
qoşulma, sosial-iqtisadi inkişaf və xalqın
rifahının yüksəldilməsi kimi başlıca istiqamətləri
əhatə etmiş, cəmiyyət həyatının
bütün sahələrinə dair
düşünülmüş, genişmiqyaslı radikal
islahatların müvəffəqiyyətlə həyata
keçirilməsi sayəsində artıq 1996-cı ildən
etibarən yeni Azərbaycan quruculuğunun, o cümlədən
milli iqtisadiyyatın sürətli inkişaf və yüksəliş
dövrü başlanmışdır.
Bir sözlə, Heydər
Əliyev tarix üçün çox qısa olan zaman kəsiyində
özünün şah əsərini - demokratik dünya dəyərlərinə
tam uyğun olan YENİ AZƏRBAYCANı qurmağa müvəffəq
olmuşdur.
İqtisadiyyatdakı
uğurları möhkəmləndirmək və daha da
inkişaf etdirmək, sosial sahədə qarşıda duran
problemlərin həllini sürətləndirmək dövlət
səviyyəsində yeni səylər göstərilməsini,
dövlətin tənzimləyici rolunun gücləndirilməsini
və sosial-iqtisadi inkişaf tədbirlərinə hərtərəfli
dövlət himayəsinin artırılmasını tələb
edirdi ki, bütün bunlar da Heydər Əliyev siyasətinin
ardıcıl və uğurlu davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin tale qisməti
olmuşdur.
Çox sonralar - 2005-ci
il iyunun 15-də Milli Qurtuluş Günü münasibətilə
Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə
çıxış edərkən cənab İlham Əliyev
deyirdi: "Gəlin 1993-cü ildəki Azərbaycanı və
bugünkü Azərbaycanı müqayisə edək. O vaxt Azərbaycanda
xaos hökm sürürdü. Bu gün Azərbaycanda
sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu
gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O
vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə
uğrayırdı. Bu gün Azərbaycan dünyada ən
dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt
Azərbaycan vətəndaş müharibəsi ilə
üz-üzə qalmışdı. Bu gün Azərbaycanda
milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda
total böhran hökm sürürdü. Bu gün
dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan
ən qüdrətli ölkəyə çevrilməkdədir.
Bütün bunları edən, bütün bunları yaradan
xalqın dəstəyinə arxalanan xalqımızın lideri
Heydər Əliyev olmuşdur. Onun zəhmətidir, onun əməyidir
və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da
inamla, daha da sürətlə inkişaf etdiririk".
Bəli, bu gün Azərbaycanda
iqtisadiyyatın intensiv inkişafının təmin edilməsi,
dövlət büdcəsi mədaxilinin neft sektorundan
asılılığının azaldılması, sənayenin,
kənd təsərrüfatının, iqtisadiyyatın digər
sahələrinin sistemli inkişafı, xalq təsərrüfatının
bütün sahələrində sahibkarlıq fəaliyyətinin
genişləndirilməsi və vətəndaş təşəbbüskarlığına
hərtərəfli stimullar yaradılması üçün
ardıcıl tədbirlər görülür.
Dünya tarixinə
maliyyə və iqtisadi böhran ili kimi düşən 2008-ci
il Azərbaycan üçün növbəti uğurlu il
olmuş, nəzərdə tutulmuş bütün proqramlar
uğurla icra edilmişdir.
İqtisadiyyatımız
il ərzində təxminən 11 faiz, əhalinin pul gəlirləri
36 faiz artmışdır; yoxsulluğun səviyyəsi
2003-cü ildəki 49 faizdən 13,2 faizə
düşmüşdür. Son beş ilin başlıca
sosial-iqtisadi inkişaf proqramı - regionların
inkişafına dair dövlət proqramı uğurla yerinə
yetirilmişdir. Son beş ildə ölkədə 766 min yeni
iş yeri açılmışdır ki, bunların da 548
mini daimi iş yeridir, o cümlədən 2008-ci ildə 120
mindən çox yeni iş yeri açılmışdır;
Azərbaycanın valyuta ehtiyatları 18 milyard dollardan artıq
olmuşdur; Heydər Əliyevin neft strategiyası uğurla həyata
keçirilir. Bu gün Azərbaycan neftini və qazını
dünya bazarına çıxaran 7 kəmər işləyir,
bölgədə enerji siyasəti baxımından Azərbaycan
misilsiz əhəmiyyət kəsb edir.
Dünya Bankı 2008-ci
ilin yekunlarına görə Azərbaycanı ilin bir nömrəli
islahatçı ölkəsi kimi tanımışdır:
"Doing Business-2009" hesabatında Azərbaycan 181 ölkə
arasında əvvəlki ildəki 97-ci yerdən 33-cü yerə
qalxaraq biznes mühitinin əlverişliyi üzrə reytinqdə
bu hesabatın bütün tarixi ərzində görünməmiş
sıçrayışa nail olmuşdur. Bu cür ciddi irəliləyiş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
möhkəm siyasi iradəsinin, ölkədə biznes
mühitinin əhəmiyyətli dərəcədə
yaxşılaşdırılması üzrə hökumət
qarşısında qoyduğu vəzifələrin uğurla həyata
keçirilməsinin məntiqi nəticəsi olaraq meydana gəlmişdir.
Görülmüş ardıcıl və məqsədyönlü
tədbirlər nəticəsində sahibkarlıq fəaliyyətində
mühüm inkişaf müşahidə olunmuş,
iqtisadiyyatın liberallaşmasının dərinləşdirilməsi
istiqamətində ciddi nailiyyətlər
qazanılmışdır. Eyni zamanda, iqtisadi artım əhalinin
rifah səviyyəsinin yüksəlməsi üçün
görülən konkret tədbirlər, struktur-texnoloji
müasirləşmənin həyata keçirilməsi və
ölkənin rəqabət üstünlükləri sayəsində
təmin edilmişdir. Sosial-iqtisadi inkişafda yeni nailiyyətlərin
əldə edilməsi həm də islahatların
düşünülmüş şəkildə
aparılması, şəffaflığın təmin
olunması, iqtisadiyyatın müasirləşməsi, sosial dəyişikliklərin
keçirilməsinə kompleks yanaşma zəminində
baş vermişdir.
Son beş ildəki
uğurlar Azərbaycanda həyata keçirilən məqsədyönlü
islahatların, iqtisadi strategiyanın, qəbul olunmuş
ümummilli proqramların uğurla
reallaşdırılmasının məntiqi nəticəsidir.
Təkcə onu demək kifayətdir ki, 2004-2008-ci illərdə
ölkə həyatının bir çox sahələrinin
inkişafını əhatə edən 70-dən artıq
dövlət proqramı qəbul edilmiş, onların bir
çoxu çevik şəkildə icra olunmuş, digərləri
isə tamamlanmaq üzrədir. Məhz bütün bunların
nəticəsidir ki, 2006-2007-ci illərdə Azərbaycanda
iqtisadi artım, müvafiq olaraq, 34,5 və 25 faiz təşkil
etmişdir.
Ümummilli lider Heydər
Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış yeni neft strategiyasının uğurla həyata
keçirilməsi Azərbaycanın iqtisadi qüdrətini və
beynəlxalq nüfuzunu xeyli artırmışdır. Artıq
qlobal enerji layihələrinin mərkəzinə çevrilmiş
Azərbaycan təkcə özünün deyil, həm də
Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına
mühüm töhfələr verir. Son illərdə istifadəyə
verilmiş, böyük tarixi əhəmiyyət kəsb edən,
transmilli infrastruktur layihələri olan Bakı-Tbilisi-Ceyhan
neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri
dövlətimizin iqtisadi qüdrətini artırmış,
geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.
Neft gəlirlərinin əhəmiyyətli
dərəcədə artması Azərbaycanda qeyri-neft
sektorunun inkişaf etdirilməsi üçün çox
yaxşı zəmin yaratmışdır. Elə son dövrlərdə
ölkəmizdə qeyri-neft sektorunun inkişaf sürətinin
16 faizə çataraq neft sektorunu (7 faiz) üstələməsi
də bunun bariz nümunəsidir. Hazırda Azərbaycanın
valyuta ehtiyatlarının 18 milyard dolları ötməsi və
bu məbləğin getdikcə artması belə deməyə
əsas verir ki, ölkəmizin sosial-iqtisadi inkişafı,
rifahlı cəmiyyətin möhkəmlənməsi
tendensiyası qarşıdakı illərdə də davam edəcəkdir.
Son illər ölkəmizdə
ardıcıl və sistemli şəkildə atılan
bütün addımlar güclü iqtisadi potensialın
yaradılmasına, dövlətin möhkəmlənməsinə
və xalqın ictimai təhlükəsizlik və sabitlik
şəraitində yaşamasına müsbət təsir
göstərmişdir. Regionların tarazlı inkişafı,
yoxsulluğun azaldılması, işsizliyin aradan
qaldırılması istiqamətində mühüm
uğurlar qazanılmışdır. Son beş ildə
dünyada analoqu olmayan nəticələr əldə
edilmiş, iqtisadiyyatın əsas makroiqtisadi göstəricisi
olan ümumi daxili məhsul 2,6 dəfə artmışdır.
2008-ci ildə ümumi
daxili məhsulun həcmi 38 milyard manat olmuş, əvvəlki
ilə nisbətən real artım 10,8 faiz təşkil
etmişdir. Qeyri-neft sektorundakı 15,7 faiz artım isə
ölkə iqtisadiyyatının inkişafının və
onun neft sektorundan asılılığının
azaldılmasının nəticəsidir. Əsas kapitala 9,1
milyard manat investisiya yönəldilərək əvvəlki
illə müqayisədə 34,3 faiz artım əldə
olunmuşdur. Burada diqqət çəkən ən əsas məqamlardan
biri odur ki, əsas kapitala istiqamətlənmiş vəsaitin
75,5 faizini daxili investisiyalar təşkil etmişdir.
Ölkədə sosial məsələlərin
həlli istiqamətində də mühüm göstəricilər
əldə olunmuşdur. Belə ki, orta aylıq əməkhaqqı
268 manata, əmək pensiyalarının orta aylıq məbləği
isə 96 manata çatdırılmışdır. Son beş
il ərzində minimum pensiya 3,8 dəfə, minimum əməkhaqqı
8 dəfə, orta aylıq əməkhaqqı isə 3,5 dəfə
artmışdır. Əhalinin sosial müdafiəsinin təmin
olunması, büdcə təşkilatlarında
çalışan işçilərin əmək
haqlarının artırılması üçün Prezident
İlham Əliyev tərəfindən silsilə sərəncamlar
imzalanmışdır.
Ölkə Prezidentinin
xüsusi diqqəti və qayğısı nəticəsində
dövlət büdcəsi investisiyayönümlü büdcəyə,
inkişaf və quruculuq büdcəsinə
çevrilmişdir. Büdcənin gəlir və xərclərinin
səmərəli və şəffaf şəkildə
icrasında əhəmiyyətli irəliləyiş əldə
olunmuşdur. Belə ki, son beş ildə dövlət
büdcəsi on dəfədən çox
artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın
dövlət büdcəsi 1,2 milyard dollar təşkil edirdisə,
2008-ci ildə 13 milyard dollar olmuşdur. Dövlət büdcəsinin
xərclərində böyük əhəmiyyət kəsb
edən səhiyyə xərcləri 6,3 dəfə, kənd təsərrüfatı
və meşə təsərrüfatı xərcləri 5,2 dəfə,
təhsil xərcləri 4,8 dəfə, sosial müdafiə və
sosial təminat xərcləri 3,9 dəfə, müdafiə xərcləri
isə 9,7 dəfə artmışdır.
2008-ci ildə ölkə
iqtisadiyyatının ən mühüm sahələrindən
olan yanacaq-energetika kompleksinin inkişafı da davamlı
xarakter almışdır. Bütövlükdə isə son
beş ildə Azərbaycanda neft hasilatı 2,9 dəfə, qaz
hasilatı isə 3 dəfədən çox
artmışdır. Qaz hasilatındakı belə yüksək
artım Azərbaycanı qaz ixrac edən dövlətə
çevirməklə yanaşı, daxili tələbatın
ödənilməsini də xeyli
yaxşılaşdırmışdır. Təsadüfi deyil
ki, indi ölkəmizdə qazlaşdırmanın səviyyəsi
86 faizə çatdırılmış, bütün rayon mərkəzləri
"mavi yanacaq"la təmin olunmuşdur.
Son beş ildə Azərbaycanın
elektroenergetika sənayesi də xeyli inkişaf etmiş, ölkəmizin
elektrik enerjisi idxalından asılılığı tam aradan
qaldırılmışdır. Bu sahədə infrastruktur
imkanları xeyli yaxşılaşdırılmış,
ümumi gücü 750 meqavat olan 6 yeni elektrik stansiyası
tikilmiş, istismar gücü 24,3 faiz
artırılmışdır.
Bütün bunlar
dövlətimizin iqtisadi və hərbi qüdrətinin
artmasına, müstəqilliyimizin qorunub saxlanmasına, ölkəmizin
iqtisadi təhlükəsizliyinin təmin edilməsinə zəmin
yaradan və ona xidmət edən ən mühüm vasitələrdən
biri olub, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
iqtisadi inkişaf strategiyasının və onun həyata
keçirilməsinə yönəlmiş taktiki gedişlərin
düzgünlüyünün müsbət nəticəsi kimi
qiymətləndirilməlidir. İdarəetmə sistemində
aparılan köklü islahatlar, o cümlədən dövlət
nəzarəti sisteminin təkmilləşdirilməsi, yeni
bazar infrastrukturlarının yaradılması, azad
sahibkarlığın hər vasitə ilə genişləndirilməsi,
onun sürətli inkişafını ləngidən süni
maneələrin qətiyyətlə aradan
qaldırılmasına yönəldilmiş səmərəli
tədbirlərin ardıcıllıqla həyata keçirilməsi
mahiyyət etibarilə cəmiyyətdə iqtisadi
demokratiyanın genişlənməsinə, maliyyə şəffaflığının
bərqərar olmasına xidmət edir. Bu isə iqtisadiyyatda
bazar münasibətlərinin dərinləşməsində əhəmiyyətli
rol oynayır.
Ölkədə bazar
infrastrukturlarının, o cümlədən bütün
dünyada maliyyə nəzarətinin sivil forması kimi qəbul
edilən auditor xidmətinin inkişafı üçün də
yeni-yeni imkanlar açılmışdır. Azərbaycan
Respublikası Auditorlar Palatası da ölkə
iqtisadiyyatının mühüm infrastruktur sahəsi olan
auditin inkişafı və onun beynəlxalq standartlara uyğun
qurulması istiqamətində Azərbaycan Respublikası
Prezidentinin imzaladığı fərman və sərəncamlarda
icrası tələb olunan məsələlərin auditor xidməti
sahəsində həllinə nail olmaq, bu xidmət
növünün tənzimlənməsini təkmilləşdirmək,
ölkədə auditor xidməti bazarının mövcud vəziyyətini
öyrənmək, bu sahədə gedən prosesləri təhlil
etmək, xidmətin inkişaf problemlərini müəyyənləşdirmək
və auditor xidmətinin inkişafı üzrə kompleks tədbirlərin
hazırlanmasını təmin etmək üçün
2008-ci il ərzində müəyyən işlər həyata
keçirmiş və bu işləri daha böyük əzmkarlıqla
davam etdirəcəkdir.
Avropa Yenidənqurma və
İnkişaf Bankının proqnozuna əsasən, 2009-cu ildə
Azərbaycan iqtisadiyyatında artım 8 faiz olacaqdır. Bu da o
deməkdir ki, ölkəmiz dünyanı
bürümüş maliyyə böhranından daha az zərərlə
çıxmaqla yanaşı, iqtisadiyyatını da
inkişaf etdirəcəkdir.
Əldə edilmiş
nailiyyətlərin möhkəmlənməsi və dinamik
iqtisadi inkişafın təmin olunması üçün
görülməli işlər də az deyildir. Qarşıda
duran vəzifələrin tam həcmdə həllinə nail
olmaq, cəmiyyət həyatının bütün sahələrində,
o cümlədən sosial-iqtisadi inkişafda əldə
edilmiş möhtəşəm uğurları davam etdirmək
və artırmaq missiyası bu gün Azərbaycan
xalqının inam və ümid yeri olan cənab İlham Əliyevin
öhdəsinə düşmüşdür. Azərbaycanın
siyasi dühası, dünya miqyaslı siyasətçi və
müdrik dövlət xadimi Heydər Əliyevin siyasi və mənəvi
varisi olmaq etibarilə cənab İlham Əliyevin
topladığı zəngin həyat təcrübəsi, malik
olduğu biliklər, idarəetmə-təşkilatçılıq
qabiliyyəti, indiyədək nümayiş etdirdiyi və hər
bir dövlət adamına örnək ola biləsi iş
keyfiyyətləri belə düşünmək
üçün tam əsas verir ki, 40 il əvvəl Heydər
Əliyevin Azərbaycana birinci dəfə rəhbər
seçilərkən bəyan etdiyi, Azərbaycan
Respublikasının və xalqının tərəqqisinə
və daha xoş gələcəyinə yönəlmiş,
yeni tarixi şəraitdə də uğurla davam etdirilmiş və
Azərbaycanı dünya birliyinin tamhüquqlu üzvləri
sırasına daxil etməyə imkan yaratmış əzəmətli
quruculuq proqramı cənab İlham Əliyevin parlaq zəkası,
siyasi bacarığı və dövlət idarəçiliyi
məharəti sayəsində yeni keyfiyyət səviyyəsinə
qaldırılacaq, dövlətimizin və xalqımızın
ümidli sabahına etibarlı təminat olacaqdır.
Bir neçə gün əvvəl,
28 May Respublika Günü münasibətilə təşkil
olunmuş rəsmi qəbulda çıxış edərkən
cənab İlham Əliyev demişdir: "Azərbaycan öz
tarixinə, milli irsinə bağlı olan, ancaq müasir,
dünyəvi ölkədir və belə də inkişaf edəcəkdir.
Mən Azərbaycanın gələcəyini çox gözəl
görürəm, çox nikbin görürəm. Bizim
uzunmüddətli inkişaf strategiyamız var və biz fəaliyyətimizi
bu strategiya əsasında qururuq. Mən şübhə etmirəm
ki, ölkəmiz növbəti illərdə də sürətlə
inkişaf edəcək, Azərbaycan xalqının rifah
halı daha da yaxşılaşacaq, Azərbaycanın
dünyadakı mövqeləri daha da möhkəmlənəcəkdir".
Dövlət
başçısının bu nikbinliyinə hər bir azərbaycanlı
qəlbən şərik çıxır.
Vahid NOVRUZOV,
Azərbaycan Respublikası
Auditorlar Palatasının
sədri,
iqtisad elmləri doktoru, professor
Azərbaycan.- 2009.- 14 iyun.-
S. 2.